Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Zeng edib soruşurlar ki, çime bilerem?” – Hacı Surxay

24 Haziran 2016

12:04 pm


24/06/2016 [16:03]: xeber –
sayt Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi, İçərişəhər “Cümə” məscidinin axundu Hacı Surxay Məmmədli ilə müsahibəni təqdim  edir:- Ramazan ayının başlanma və bitmə tarixi haqda hər il QMİ olaraq siz açıqlayırsınız, biz də yayımlayırıq. Amma hər il də bu tarixlər mübahisə doğurur. Rəsədxana bir tarix deyir, QMİ başqa. Bir rayon sakinləri deyir Türkiyədə filan gündü, digəri deyir yox, İranda filan gündü. Bunun səbəbi nədir?- Bu məsələnin bariz nümunəsi 5 ildir özünü göstərir. Qafqaz Müsəlmanları İdarəsi, başda Şeyx həzrətləri olmaqla Şamaxı Rəsədxanası ilə birgə qərar qəbul ediblər. Bundan 10 il əvvəl bizim bu barədə problemlərimiz var idi. Rəsədxanadan bizə məlumatların düzgün gəlməməsi, eyni zamanda insanlar arasında maarifçiliyin zəif olması ayın başlanması və bitməsi haqda tarixlərdə uyğunsuzluq olurdu. Artıq bu problem öz həllini tapıb. Digər məsələ, vətəndaşlarımızın başqa ölkələrin təqviminə üstünlük verməsi həm İslam, həm etik, həm də Azərbaycançılıq baxımından düzgün deyil. Şeyx həzrətləri dəfələrlə insanlara mesaj göndərib ki, azərbaycanlılar məzhəbindən asılı olmayaraq vahid vaxtda bir araya gəlsinlər. Ramazan ayı 29 gün də, 30 gün də, 31 gün də ola bilər. Bu Allahın əmridir, heç kim öncədən bilə bilməz. İqlimin, havanın dəyişməsi insanları çaşdırmamalıdır. Çünki bu ayın görünməsinə də təsir edir. İndi texnologiya inşikaf edib, amma 30 il bundan öncə teleskopun nə olduğunu bilmirdilər, Şamaxı Rəsədxanasının məlumatı yox idi, belə olanda görün nə edirdilər. İnsanlar hündür bir yerə çıxıb ayın formasını təyin edərdilər.- Həm saytlarda, həm TV-də Dini Komitə rəsmiləri QMİ nümayəndələrindən daha aktivdir. Razılaşırsınızmı?- Mən belə deməzdim. Özüm QMİ-nin səlahiyyətli nümayəndəsi kimi həftədə 5 gün efirdə oluram. Onlar dövlət qurumu olduğu üçün bizdən daha aktiv olmalıdırlar. Biz Dini Komitədən geri qalmırıq, əksinə, biz daha qabaqdayıq.- Ramazanla bağlı əsrlərdi eyni suallar verilir. Tüpürcəyimi udsam orucum pozularmı və s. Niyə bu suallara bir cavab tapılmır?- Bu cavablar var, risalələrdə təsdiq olunub. İnsan tüpürcəyini uda bilər. Kənardan su içilsə, bu orucu batil edər. Bu gün maariflənmə zəifdir, insanlar eşitmə yolu ilə yox görmə yolu ilə İslamı öyrənməlidir. Bunun kökü savadsızlıqdadır.- Bəs bunun günahkarı kimdir?- İnsanın özü.- Məsuliyyət daşıyan qurumlar necə?- Qurumlar bu məsələdə məsuliyyət daşımır. Mən 10 ilə yaxındır telekanallarda çıxış edirəm. Efirdə deyirəm ki, başınızı tamamilə suya salmaq orucu batil edər, amma çimib duş qəbul edə bilərsən, boğazına su getməmək şərti ilə dişlərini fırçalaya bilərsən. Efirdən sonra zəng edib soruşurlar ki, Hacı, yuyuna bilərəm? Deyirəm efirdə dedim axı. Cavab verir ki, baxdıq, amma dedik birdən siz həmin adam olmazsınız. Biz müsəlman olaraq həmişə özümüzü zora salırıq.- Sizə təəccübləndiyiniz hansı suallar verilib?- Namazqılanların savadsızlarından biri məndən soruşub ki, “Hacı, mən namaz qılarkən başım qaşınsa, əlimi başıma aparıb oranı qaşıya bilərəm ya yox?” Başqası soruşur ki, “mən namaz qılarkən başım gicəllənsə, halım pisləşsə, namazı saxlaya bilərəm ya yox?” Belə lazımsız suallar çox olub. Orucluqla bağlı soruşublar ki, “ola bilər ki, mən iftar etmədən 2 gün oruc tutum?” Allah deyir ki, iftar et, insan deyir etməsəm olar? Allah deyir 22,5 km-dən çox məsafəyə səfər etdiyinizdə orucunuzu yeyin. Amma adam gəlib deyir ki, indi texnologiya inkişaf edib, daha tez getmək olur. Buna görə də mən orucumu pozmaya bilərəm. Həm də deyirlər ki, bu qayda o vaxt üçün imiş. Mən də deyirəm ki, Allah deyir poz. Bunlar savadsızlıqdan irəli gəlir.- Avropada müsəlmanların xristianlığı qəbul etməsinə İslam necə yanaşır?- İslam dini buna çox pis yanaşır. Müsəlman müsəlman kimi qalmalıdır. İslamdan çıxanlardan bunun səbəbini soruşmuşam, deyiblər ki, İslam dini mənim qarnımı doyuzdurmur. Xristian olanlara ayda müəyyən qədər maaş kimi pul verirlər. Bir əqidə pul üzərində qurulursa, o həqiqətdən kənar və iflasdır.- Restoranların Ramazan ayı üçün menyu tərtib etməsi dini baxımdan necə qiymətləndirilir?- Çox pis, bu israfdır. Restoranlar sadəcə orucluqdan istifadə edib özlərini reklam edirlər.- İndoneziyada insanlar 22 saat, Omanda isə 3 saat oruc tuturlur. Kim daha çox savab qazanır?- Oruc tutmaq insan üçündür. İnsan ildə bir dəfə “check-up” olunmalıdır, Ramazan da bizim illik “check-up”ımızdır. Saat önəmli deyil, Allah yanında oruc tutmağın dərəcəsi eynidir. İyirmi iki saat da olsa, 3 saat da olsa savabı eynidir.- Bəs bu ədalətlidirmi?- Allah nə edibsə, ədalətli edib. Bizim bilmədiyimiz şeylər var. Ədalət mexanizmi, ədalətin simvolu Allahdır.- Oruc tutmağa arıqlamaq vasitəsi kimi yanaşanların savabları nə qədərdir?- Bir insan bu niyyətlə oruc tutarsa, Ramazan ayı müddətində məsələn 3 kiloqram arıqlasa, Qiyamət günü Allah deyəcək “al bu da sənin 2 kiloqramın”, qaytaracaq onun özünə.- Bəs 22 saat ac-susuz qalmaq insana tibbi baxımdan ziyanlı deyil?- Tibbin bilmədiyi xəstəlikləri Ramazan sağaldır. İnsanda elə xəstəliklər var ki, tibb hələ indi yavaş-yavaş ona cavab verə bilir. Sən demə, Ramazanda ac qalmağın nə qədər böyük əhəmiyyəti var imiş. 17-18 saat oruc tutan insan imsakda elə qidalanmalıdır ki, gün boyu bədəni zəifləməsin. Belə etsə, Ramazanın sonunda gedib özünü yoxlatdırsın, görəcək ki, xəstəliklərinin çoxu gedib. Ən böyük həkim Allahdır.- Sizin qardaşlarınızın Ukraynada iş adamının qətlində sifarişçi kimi adı hallandı. Onların saxlanılması, səfirliyin müdaxiləsindən sonra buraxılması da yazıldı. Siz bu barədə nə bilirsiniz?- Boş şeylərdi, sadəcə iftiradır. Bu cür də yazın. Mənə qarşı bu hərəkəti edəni Allaha tapşırdım. İftira atanları məhkəməyə də verə bilərdim, onlar Allah qarşısında cavab verəcəklər. Nə qədər ki, ölməyiblər, gəlib məndən hallallıq alsınlar. Mən onlara halallıq vermirəm. Qardaşlarım hamısı ibadət əhlidir. Rusiyada və Ukraynada yaşayırlar və ora vətəndaşıdırlar. Onlar cinayət ediblərsə, niyə həmin dövlətin istintaqına cəlb olunmayıblar? Cinayət törədən şəxs azadlıqda qala bilərmi? Deməli, burada mənim şəxsiyyətimə toxunmaq üçün maraqlı olanlar şəxslər var. Sadəcə pul alıb bu məlumatı yaymışdılar. Həm də, qanunvericilikdə qardaş qardaşa görə məsuliyyət daşımır. Bunu yayanlar vicdansız adamlar idi. Mən son illər Azərbaycanda populyarlaşmışam, buna xələl gətirmək üçün bu ittihamı atdılar. Bu məsələnin qardaşlarıma bir aidiyyatı yox idi, sadəcə mənə görə idi. İnşallah, qiyamətdə ədalət məhkəməsi olanda, o adama deyəcəm ki, “ar olsun”.- İslam dini deyir ki, insanlar öz əməllərinə görə qiyamətdə cavab verəcəklər. Cənnətə, ya cəhənnəmə düşəcəklər. Hökm Allaha məxsusdursa, insanın insanı mühakimə edib hökm vermək ixtiyarı varmı?- Azərbaycan məhkəmələri ədalətlidir. Bu gün hakimlər olmasa, insanlar yırtııcı heyvana dönər. Peyğəmbərin dövründə də insanlar cəzalandırılıb, şallaqlanıb, zina edənlər edam olunub, daş-qalaq edilib. İndi hələ şükür olsun ki, Azərbaycan məhkəmələri bu cəzaları yüngülləşdirib. Allah qiyamətdə hökm edəcək, yerdə də hakimlər olmalıdır.- Dini Komitənin yaslar və baş daşları ilə bağlı qadağalarını necə qiymətləndirirsiniz? İllərin ənənəsini dəyişmək cəhdi cəmiyyətdə necə qarşılanacaq?- Ənənə din demək deyil, onlar qorunur və qorunacaq. Ehsanlarla bağlı qadağa qoyulanda, Şeyx həzrətləri də, biz də çıxış edərək bunun əleyhinə çıxdıq. Bildirdik ki, ehsanların verilməsi qadağan oluna bilməz. İsrafa yol verməmək şərti ilə ehsan verilməlidir. Bizim yas mərasimlərində, “Fanta”, “Cola”, banan verirdilər. Şeyx həmişə israfın əleyhinə olub. Öz yaxınlarının yas mərasimlərində də sadə bir yemək verib, hətta orda banan da olmayıb. Qəbir daşları isə təmtəraqlı olmamalıdır. Rəhbərlərin qəbir daşları, büstləri isə fərqlənməlidir. Baxın, imamların başları necə hündür, necə təmtəraqlıdır. Bu Allah tərəfindən də bəyənilir. Məsələn, mənim köynəyim çirkli olsa, baxıb deyərlər bu nə gündədi?- Peyğəmbər zamanında dövlət nikahını kəbin əvəz edirdi, çünki elə İslam dövləti idi. Hazırda, dövlətin verdiyi nikah vərəqəsi olduğu halda, kəbinə ehtiyac qalırmı?- Kəbin mənəvi məsələdir. İnsanın rahatlığını təmin etmək üçün kəbinə ehtiyac var.- Azərbaycanda mollaların nüfuzu niyə alim səviyyəsində deyil?- Sovet dönəmində hər başına papaq qoyan molla sayılırdı. Bu gün də kim rahat yaşamaq istəyir, 1 həftə üzünü qırxmır, saqqalı çıxır, gedib dükandan papaq alıb qoyur başına, olur molla. Qafqaz Müsəlmanları İdarəsi bu məsələni diqqətlə saxlayır və bu cür mollaların qarşısını alır. Artıq mollanın nüfuzunu qaldırmaq üçün onlara uniforma hazırlamışıq. Zahiri görkəmlərini dəyişdirəndən sonra beyinlərini də dəyişəcəyik.- Mollalar meyiti pulla yuyurlar, Quranı, Yasini pulla oxuyurlar. Bunun üçün İslamda bir rüsum varmı?- Bəzi şeylər var ki, muzdlu olmalıdır. İslama görə valideynlər vəfat etdikdə övladı yumalıdır. Azərbaycanda mən çox görmüşəm ki, altında “CİP” olan oğlanlar atasını gətirib meyitxanaya atıb, deyib kimsə gəlib bunu yusun. Sonra da onu təmizləyənlərin zəhmətinin haqqını vermədən “bu sizin vəzifənizdir” deyib gedirlər. Harda yazılıb ki, havayı yuyulmalıdır? İslama görə havayı övlad özü yumalıdır. Amma bunlar deyir ki, atamda xəstəlik vardı, birdən yusam mənə keçər. Mən 3 gün gözümün nurunu verib Quran oxuyuram. Əgər onun muzdunu vermirsə, bu düzgün deyil.- Bəs rəhmətə gedən şəxsə Quran, Yasin oxumağın ona bir xeyri varmı?- Bəli, bəli. Biz cismən ölürük, ruhən Allah məqamında yaşayırıq.- Mollar həm də Quran açmaq deyimi ilə falçılıq edirlər. İslamda “Quran açmaq” varmı?- Falçılıq bəyənilmir, amma istixarə deyilən bir şey var. Bir adam qız ərə verəndə, oğlan evləndirəndə baxır ki, görüm yaxşıdı ya yox. Bunun da öz vaxtı və saatı var, öz şərtləri var. Hər vaxt istixarə edə bilməzsən. “Quran açmaq” dediyiniz İstixarə İslamda var, bu bir elmdir. İmam Hüseyn öz əmisioğlu Müslümü Kufəyə göndərəndə istixarə etdi, dedi ölüm qaçılmazdır.- Quranın dəyişdirilməsi, yenidən tərcümə olunması, günümüzə uyğunlaşdırılması məsələsinə fikriniz nədir? Lazımdırmı?- Quran keçmişin, indinin və gələcəyin kitabıdır. Orada 21-ci əsrdən, qalaktialardan xəbər verilib. Quranı tərcümə edəcək şəxs ən azı 15 elmə sahib olmalıdır. Quranı müasir zamana uyğun tərcümə etmək cinayətdir. Vasim Məmmədəliyev və Ziya Bünyadov birgə tərcüməsi kifayətdi, amma Nəriman Qasımovun tərcüməsi tam səhvdir.- Elşad Miri müasir formada tərcümə edəcəyini açıqlayıb…- Elşad Miri deyir ki, qızlar lüt əççə-bala dənizin qırağında Quran oxuya bilər. Ümumiyyətlə, onun təfəkküründə nə məscid var, nə Quran var, nə namaz var.(qafqazinfo)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler