Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Zaqatalada rus fitnesi – Üsyana geden yol…

26 Haziran 2016

6:56 pm


26/06/2016 [22:52]: xeber –
Yazıçı Paşa Yaqub son vaxtlar özünün  elmi-lədun mövzusunda apardığı hesablamalarla gündəmdədir. Oxucularımız indiyədək onun məqalələrini saytımızdan  izləyiblər. 30-dan çox kitabın müəllifi olan P. Yaqub daha bir əsərini tamamlayıb.  sayt yazıçının hələ çapa getməmiş  “Məhəmməd Davudi” əsərinin bəzi hissələrini yayımlamaq qərarına gəlib:İkinci hissəni bu linkdən oxuya bilərsiniz: moderator.az/news/142181.html  Elə buna görə də 1863-cü il üsyanından sonra Zaqatala dairəsinin yeni rəisi Stoletov general Karsova məktubunda bildirirdi ki, dairədə xristianlığın normalarına cavab verəcək bir nəfər də olsa xristian yoxdur. Real vəziyyət keşişlərin raportlarında da öz əksini tapmışdı. Qorağan keşişi Nikolay Bornabov yazırdı: “Qorağan prixodunda fəaliyyətə başladığım vaxtdan bu günə qədər qorağanlıların dini-ruhani xristian həyatında mübarizə aparmaq məcburiyyətində qaldığım çoxlu sapmalar qeydə alınmışdır. … pravoslav inamının tələblərini yerinə yetirmək və ruhani atanın öyüd-nəsihətlərinə qulaq asmaq, eşitdiklərini qəbul etmək və sonra onları öz həyatına tətbiq etmək Qorağan xristianının xarakterinə xas deyil. … Kilsəyə və keşişin yanına ancaq ölünü basdırmaq, yeni doğulmuşu xaç suyuna salmaq, nikah bağlamaq üçün qaçırlar və bunu da yalnız nikahın və yeni doğulmuş uşağın qeydiyyatını rəsmiləşdirmək üçün edirlər…”. Yaranmış dözülməz şəraitdə Zaqatalanın Tasmalı və Lələpaşa kəndlərinin sakinləri bu qəddar müstəmləkə siyasətinə etiraz əlaməti olaraq hamılıqla Türkiyəyə köçürülmələri barədə ərizə ilə Qafqaz canişininə müraciət etmişlər. Lakin canişindən müsbət cavab almayacaqlarını qət edən Car-Balakən əhalisi kütləvi surətdə azadlıq hərəkatına qalxdı. 1863-cü ildə Hacı Murtuzun başçılığı altında xalq üsyanı başladı. Hacı Murtuz rus ordusunun keçmiş kapitanı olmaqla, əhali içərisində böyük nüfuza malik idi. O, Balakənin Noblevan kəndində doğulub mədrəsə təhsili almış, fars, ərəb, türk dillərini yaxşı bilən v şəriət qanunlarına ciddi əməl edən birisi idi. Rus hökuməti ondan xristianlığı qəbul etməyi tələb etmiş, tələbi yerinə yetirmədiyinə görə vəzifəsindən azad edilmişdir. Hətta çar məmuru Şalikov onu Balakəndə kilsə tikmək üçün torpaq sahəsi verməyə məcbur etmişdi. Bu hadisə onun üsyana rəhbərliyi öz üzərinə götürməsinə səbəb olur. Balakənli Bürcəli və Carlı Molla Zəngi Hacı Murtuzun ən yaxın köməkçiləri idilər. Bölgənin bütün müridləri onlarla birlikdə idi. İngiloylar, xüsusən də əliabadlılar Hacı Murtuzun rəhbərlik etdiyi üsyanın əsas təşkilatçılarından biri idilər. Bu da səbəbsiz deyildi. Belə ki, Əliabad və Tasmalı kəndlərinin əhalisinin xristianlığı qəbul etməkdən qəti şəkildə imtina etmələrinə baxmayaraq, burada Qafqazda Pravoslav Xristianlığının Bərpası Cəmiyyətinin hesabına tikiləcək kilsələrin təməli qoyulmuşdu. Bölgənin əhalisini tamamilə xristianlaşdırmaq arzusu ilə 1862-ci ildə Balakəndə də kilsə tikintisinə başlanılmışdı. Qısa müddət ərzində Əliabad üsyanın mərkəzinə çevrildi. Camaat dəfələrlə Əliabadın kənd məscidində yığışaraq üsyana hazırlıq işlərini və növbəti dəfə hansı addımın atılacağını müzakirə etmişlər. Belə yığıncaqlardan birində əliabadlılar xristianlığı qəbul etmiş ingiloy kəndlərini üsyana hazırlamaq missiyasını öz üzərlərinə götürdülər. Onlar xristianlığı qəbul etmiş ingiloyları inandırdılar ki, dövlət gec-tez onların xristianlaşdırılmasına sərf etdiyi bütün vəsaiti: altı illik güzəşt, bəylərin torpaq asılılığından azad edilmələri barədə təəhhüdü, kilsə tikintiləri ilə bağlı olaraq il ərzində kilsə tərəfindən kəsilmiş aylıq məvacibi ləğv edəcək və bunun əvəzini onlardan alacaqdır. Bütün bu izahat işlərinin nəticəsində, çox keçmədən ingiloylar zorla xristianlaşdırıldıqlarına dair şikayətlə Qafqaz canişininə müraciət edərək, yenidən İslam dininə qayıtmaq arzusunda olduqlarını bildirirlər. İyunun 5-də Əliabad məscidində üsyana hazırlığı yoxlamaq məqsədi ilə son yığıncaq keçirildi. Yığıncaqda əhalisi xristianlaşdırılmış ingiloy kəndlərinin də nümayəndələri iştirak edirdilər. Onlar da əliabadlılarla birlikdə Hacı Murtuza kömək etməyə hazır olduqlarını bildirirlər. 6 iyun 1863-cü il tarixdə üsyançılar, o cümlədən zorla xristianlaşdırılmış ingiloylar axşam Zaqatala qalasına hücuma başladılar. Üsyan zamanı Zaqatala dairəsinin rəisi Şalikov öldürüldü. Çar hökuməti üsyanın geniş vüsət almasından təşvişə düşərək onun yatırılması üçün təcili tədbirlərə əl atdı. Temirxan-Şuradan buraya 3 minlik süvari rus qoşunu da yeridildi. Üsyan iştirakçıları arasında kütləvi həbslər həyata keçirildi. Qorağan kəndindəki məscid bağlanıldı. Əmrə tabe olmayaraq həmin məscidə gələnləri və İslama etiqad edənləri kütləvi surətdə həbs etdilər.Hərbi-səhra məhkəməsinin qərarı ilə üsyanın 18 nəfər ən fəal iştirakçısı dar ağacından asıldı. Min nəfərdən çox üsyançı və onların ailə üzvləri ağır katorqa işlərinə göndərildi. Hacı Murtuz Yenisey quberniyasına  sürgün edildi və on ildən sonra orada vəfat etdi. Hökumət dairələri üsyanda iştirak etmiş kəndlilərə vəhşicəsinə divan tuturdu. Vurulan ziyan üsyançıların hesabına ödənildi. Üsyan iştirakçılarının  əmlakı dağıdıldı və talan edildi.  Üsyan nəticəsində ingiloylar kütləvi surətdə xristianlaşdırılmaqdan imtina etdilər və bnunla 7 pravoslav icması bağlandı. Yalnız Qax, Qorağan kəndlərinin əhalisinin bir qismi, həmçinin Əlibəyli kəndinin əhalisi pravoslavlıqda qaldı.1879-cu ildə Serafimoviçin Zaqatala dairəsinə rəis təyin edilməsindən sonra vəziyyət yenidən dəyişdi. O, gürcü missionerlərinin fəaliyyətinə yenidən xeyir-dua verdi.Lakin Serafimoviçin səyləri istənilən nəticəni vermədi. Belə ki, 1880-ci ildə yalnız tasmalılardan 20 ailəni xaç suyuna salmaq mümkün oldu. Lakin 1881-ci ildə Serafimoviç Balakəndə öldürülən kimi tasmalılardan 11 ailə yenidən İslama qayıtdı. Bundan sonra, Tasmalıda pravoslavlaşdırılmış ingiloylar tamamilə öz dininə qayıtdı. Artıq 1883-cü ildə Tasmalı, Zəyəm, Yengian kəndlərinin hər birində cəmi bir ailə xristianlığa etiqad edirdi. Bununla Tasmalı prixodunun da bağlanma təhlükəsi yaranır. Amma, missionerlər coğrafi mövqeyinə görə mühüm nöqtədə yerləşən Tasmalını itirmək niyyətində deyildilər. Missionerlər üçün Tasmalı onun əhatəsində yerləşən Zəyəm, Lələpaşa, Marsan, Varxian, Şotavar, Yengian, Əliabad kəndlərində missionerlik fəaliyyətini tədricən bərpa etməyə imkan verəcək mərkəz idi. 1891-ci ildə Tasmalı kilsəsinin tikintisinə başlanıldı. Missionerlər yeni kilsənin tikintisi üçün uğurlu yer seçmişdilər. Yeni kilsə yerli müsəlman əhalinin müqəddəs saydıqları alban kilsəsinin xarabalıqları üzərində tikiləcəkdi. Qafqazda Pravoslav xristianlığını bərpa edən cəmiyyət bu kilsənin tikintisi üçün 4.000 rubl ayırmışdı.  1892-ci ildə isə, Meşəbaş və Kürmük kilsələrinin tikintisinə başlanılır. Kürmük kilsəsi də həm müsəlman, həm də xristian əhalinin ziyarətgahı olan Alban məbədinin üzərində tikildi. İngiloy Ruhani İdarəsinin səyləri nəticəsində Qax sahəsinin ingiloylarının xristianlığa döndərilməsində xüsusi xidmətləri olan kapitan Merkulov Əliabad sahəsinin rəisi təyin edildi. 1892-ci ildə onun səyləri nəticəsində tasmalılardan 12 ev yenidən xristianlaşdırıldı. Artıq 1892-ci ildə Tasmalıda 16 ev, hər iki cinsdən birlikdə 75 nəfər, Zəyəmdə iki ev, 6 nəfər, Yengianda isə bir ev və 3 nəfər xristian idi. 1892-ci ilin mayında Merkulov öz vəzifəsindən istefa verən kimi tasmalılardan 12 ev yenidən İslama döndü. Qeyd etmək lazımdır ki, Zaqatala dairəsində  xristianlaşdırmadakı uğursuzluqlardan sonra, missionerlər öz fəaliyyətlərini bərpa etməyin yeni yollarını axtarırdılar. Qorağan keşişi Qvtisavarov xristianlaşdırma işini “yaxşılaşdırmaq” üçün ciddi təkliflər verdi. Onun fikrincə missionerlər öz fəaliyyətlərinə ilk növbədə müsəlman uşaqlarını rus məktəblərinə cəlb edilməsindən başlamalı idilər. Bu gənc nəslin xristian dininə istiqamətləndirilməsinə imkan verəcəkdi. Yaşlı müsəlmanlar arasında xristianlığı yaymaq üçün isə, müsəlmanlar üzərində polis nəzarəti gücləndirilməli və xristian şəxslərə qəsdən etimad göstərmədikləri halda onlar cəzalandırılmalı idilər. Xristianlara müsəlmanlarla müqaisədə açıq şəkildə üstünlük verilməsini vacib sayan keşiş, xristianlığı qəbul etməyənlərin daha az məskunlaşmış ərazilərə köçürülməsini təklif etdi. Missionerlər eyni zamanda xristianlığı qəbul edənləri müsəlmanlar və xristianlar tərəfindən xristian adları ilə çağırılmasının vacib olması (əks halda qaydanı pozanların cəzalandırılması), ölən xristianın mirasının yaxın müsəlman qohumuna verilməməsini tələb etdi. Onun fikrincə, belə məsələlərdə prinsipial mövqe göstərilsə, pravoslavlaşdırılmışların  sayı artacaqdı. Lakin, əhalinin ciddi müqaviməti nəticəsində bu tələbləri də həyata keçirmək mümkün olmadı. Artıq əhalinin kütləvi xristianlaşdırılması mümkün deyildi.  Ona görə də missionerlər heç olmasa ayrı-ayrı insanları xristianlaşdırmaq üçün kilsə qanunlarını pozmaqdan belə çəkinmirdilər. Məsələn, 1896-cı ildə Taras İvaniski adlı keşiş Balakən sakini Dibir Musayevi xristianlaşdırarkən Ruhani Konsistoriyasının 31-ci maddəsini pozmuşdu. Bu hadisə Ali Ruhani İdarəsi tərəfindən müzakirə olunsa da, nəticə uğurlu olduğu üçün T. İvaniski cəzasız qaldı . Keşişlərin özfəaliyyəti təkcə Zaqatala dairəsinə aid deyildi. Onlar imkan düşəndə digər qonşu müsəlman vilyətlərində də “öz müqəddəs borclarını” yerinə yetirirdilər. 1900-cü ildə Nuxa vilayətində Şirin bəy Əliyevin “arzusunu gözündə qoymaq” istəməyən keşişlər öz təcrübələrinə əsaslanaraq ölünü də xristianlaşdırırlar. Mərhumun adı dəyişdirilərək Aleksandr olur. Nəşi isə, müsəlman qəbiristanlığından çıxarılıb xristian qəbiristanlıında dəfn edilir.Halbuki, buna oxşar hadisə Yengian kəndində olarkən kəndin sakinlərindən biri İbrahim Hacı Məhəmməd oğluna nəinki İslam dininə dönməyə icazə verilmədi, hətta, kəndin digər sakini Nur Məmməd oğlunu müsəlman adəti ilə dəfn edən molla məsuliyyətə cəlb olundu . Beləliklə, Rusiya hökumətinin gürcü kilsəsi ilə birlikdə Car-Balakən camaatlığının və İlisu sultanlığının ərazisində həyata keçirdikləri xristianlaşdırma siyasətinin nəticələri onların tam arzuladığı kimi olmadı. Lakin, 70-80 illik fəaliyyət nəticəsiz də qalmadı. Zorla xristianlaşdırma siyasəti nəticəsində XIX əsrin əvvəllərinə qədər aralarında bir nəfər də olsun xristian olmayan ingiloylar arasında ədavət və düşmənçilik yarandı. Tasmalı keşişi Bakradzenin Gürcüstan ekzarxına yazdığı məruzədən bir parça bunu sübut edir: “Pravoslavlarla Məhəmmədilər (müsəlmanlar) arasında indi güclü bir düşmənçilik və qisasçılıq başlanıb; indi onların arasında nə qohumluq, nə qonşuluq, nə dostluq, nə tanışlıq, nə də ki, əvvəlki kimi ictimai münasibətlər var” . Beləliklə, zor gücünə və böyük maddi imtiyazlar hesabına ingiloyların bir hissəsinə pravoslavlığı qəbul etdirməklə, Rusiya imperiyasının hakim dairələri Azərbaycanın şimal-qərb torpaqlarında, o cümlədən Car-Balakən camaatlığının və İlisu sultanlığının yerli əhalisi arasında gələcəkdə uğurla istifadə edilə biləcək qarşıdurma ocağı yaratdı və bu yolla işğal olunmuş ərazilərdə öz mövqelərini möhkəmləndirdi.Ardı var…Qeyd: kitabın bu fəslinin yazılmasında AMEA Tarix İnsitutunun əməkdaşı Arzu Əşrəfqızının  tədqiqatlarından istifadə edilmişdir.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler