Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Yeddi ermenini vurub ve yaralı ermeni de Ravilin boğazından vurub” – Şehid gizirimizin atası…

09 Kasım 2016

5:32 pm


09/11/2016 [21:28]: xeber –
Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən biri də gizir Ravil Novruzovdu. Biz sayt olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə şəhid gizirimiz Ravil Novruzovun ailəsi ilə görüşmək üçün doğulub boya-başa çatdığı Xızı rayonunun Giləzi qəsəbəsinə yola düşdük. Giləzi qəsəbəsində Şəhid Ravil Novruzovun ata evini soruşan kimi qəsəbə sakinləri bizi şəhidin ata evinə aparır. Bizi şəhidimizin qardaşı Mirzə qarşılayır. Evə dəvət olunub şəhid gizirin qardaşı ilə söhbətimizə başlayırıq. Məlum olur ki, şəhidin atası Elman müəllim işiylə bağlı evdə yoxdu. Şəhidin anası Nargilə ana isə Ravilin məzarını ziyarət etmək üçün yaxınlıqdakı kənd qəbristanlığındadı.Şəhidin qardaşı Mirzə:“Onun hərbiyə çox böyük həvəsi var idi…”“Ravil ortancıl qardaşımdı. Bir bacı, üç qardaşıq. Ravil Giləzi qəsəbəsindəki Mikayıl Müşfiq adına orta məktəbdə orta təhsilini başa vurdu. 2005-ci ildə hərbi xidmətə yollandı. Hərbi xidmətə Ağcabədi rayonunda ermənilərlə cəbhə xəttində başladı. Hərbi xidmətini başa vurduqdan sonra ordudan tərxis olundu. İki il şirkətdə mühafizə xidmətində işlədi. Sonra yenidən ordu sıralarına qayıtmaq üçün sənədlərini təqdim etdi. Onun hərbiyə çox böyük həvəsi var idi. İlk olaraq MAXİ kimi xidmətə başladı, sonra isə gizirlik kursunu bitirdi. O vaxtdan Xüsusi Təyinatlı dəstədə xidmət edirdi. Martın 28-də Ravil evdən getdi. Aprelin 3-də bizə xəbər gəldi ki, Ravil şəhid olub. Aprelin 4-də səhərə yaxın Ravilin cənazəsini gətirdilər”.Şəhid gizirimizin atası Elman kişi evə gəlir. Bizimlə görüşüb stol arxasına keçir. Ravil haqda yazı hazırlayacağımızı bildikdə sevinir: “Nə yaxşı ki, sizlər gəlib Ravil kimi şəhidlərimizi yad edirsiniz”. Söhbətimizə Şəhidimizin atası ilə davam edirik:Şəhid atası Elman ata:Biz onu evdə sakit, təmkinli biri kimi tanımışıq…”“Ravil uşaqlıqdam idmanla məşğul olurdu. İdmanın cüdo, sambo növləri ilə məşğul olurdu. Uşaqlıqda Ravil çox zəif uşaq idi, onu idman inkişaf etdirdi. Mən özüm də onunla məşğul olurdum. Dənizə aparırdım, qumda idman etdirirdim. Ravil aprel döyüşlərində çox qəhrəmanlıq göstərib. Biz onu evdə sakit, təmkinli biri kimi tanımışıq. Amma, döyüş yoldaşları deyir ki, Ravil həmin vaxt ermənilərə qan uddururdu. Ravil üçüncü postda şəhid olub. Döyüşçü yoldaşları ona deyib ki, gəl blindaja limonka ataq, Ravil qoymayıb deyib ki, özüm girəcəm. Birinci komandiri girməli imiş, amma komandirinə deyib ki, sən gözlə, sənin üç uşağın var, mən isə subayam. Yeddi erməni əsgərini vurub və axırıncı erməni yaralı vəziyyətdə tətiyi çəkərək Ravilin boğazından vurub. Ravil yıxılaraq erməni əsgərinin üstünə düşüb və şəhid olub. Ravil evdə işiylə bağlı heç vaxt, heç nə danışmırdı. Biz indi onun elədiklərindən xəbər tuturuq”.Biz birlikdə Ravilin məzarını ziyarət etmək üçün kənd qəbristanlğına yollanırıq. Şəhid anası Nargilə ana Ravilin məzarı başında oturub onunla söhbət edir. Görüşüb başsağlığı veririk. Şəhid anası deyir ki, hər gün Ravili ziyarətə gəlməsə darıxır: “Hər gün bura gəlib Ravilin məzarını ziyarət edəndən sonra bir az sakitləşirəm. İndi elə öyrəşmişəm ki, axşam da istəyəndə gəlib Ravilə baş çəkirəm”. Birlikdə qəbir üstündən evə qayıdırıq. Şəhidimizin anası söhbətimizə qoşulur.Şəhid anası Nargilə ana:“Mən bilmirdim bunun axırı belə olacaq…”“Ravil idmançı idi, dörd il idi ki, idmanla məşğul olurdu. Bir gün evə gələndə dedi ki, ata, elektron saat çıxıb, ondan alarsan mənə. Atası dedi ki, Ravil, mən almayacam. Zəhmət çək yarışda birinci yeri tut və elektron saatı özün al. Bir gün gördük ki, Ravil yarışdan evə gəlib dedi ki, ata, mən yarışda birinci yeri tutub saatı uddum. Elə sevinirdi ki. (Ağlayır) Ravil öz istəyinə çatmağa can atan uşaq idi. Onun bizə çox köməyi olub. İşlədiyi vaxtlarda bizə və qohumlara kömək edirdi. O, qazandığı puldan özü üçün heç nə etmədi. O, sənədlərini Xüsusi Təyinatlı dəstəyə verdikdə sevinirdim. Deyirdim ki, oğlum Xüsusi Təyinatlı dəstənin zabitidi. Qurban da kəsmişdim kursa qəbul olunanda. Mən bilmirdim bunun axırı belə olacaq. (Ağlayır) İşdən gələndə özünü elə aparırdı ki, elə bil o, işdən yox, gəzməkdən gəlib.“Dedi ki, ev alım, maşın alım, sonra evlənərəm…”Martın 28-də səhər tezdən yuxudan durdu. Tez durub ona səhər yeməyi hazırladım. Kimsə onu çağırırdı. Tələsə-tələsə evdən çıxdı. Qapının ağzında dönüb mənə baxıb dedi ki, ana, bir-iki gün burda olmayacam, təlimə gedirik, al bu maaş kartımı səndə qalsın. İş yoldaşı ilə maşına minib çıxıb getdi. Aprelin 2-də televizorda bir əsgərimizin şəhid olduğunu görüb ağladım. Dedim ki, yazıq bala, anan nə çəkir indi sənin, heyif sənin cavan yaşından. Axşamüstü Ravilin iş yoldaşının atası bizə gəlib dedi ki, oğlum Xalid yaralanıb, Ravilgil döyüşdədi. Biz o vaxta kimi Ravilin təlimdə olduğunu bilirdik. Xalidin dediyinə görə onu yaralı halda hospitala gətiriblər. Ravil isə şəhid gizirimiz Elimdar Səfərovu vuran erməni snayperini vurararaq erməni snayperin silahını komandirinə təhvil verib. Ondan sonra Ravilin köməkliyi nəticəsində 30 nəfər hərbi qulluqçumuz mühasirədən xilas olub. Bunu mənə bu gün bizə gələn döyüşçü yoldaşları danışır. Həyətimizə adamlar toplaşanda bildim ki, Ravilə nəsə olub. Gördüm Ravilin şəkillərini istəyirlər. (Ağlayır) Arzularımız var idi, dedik evlən, dedi ki, yox, evlənmirəm. Dedi ki, ev alım, maşın alım, sonra evlənərəm. İndi fikirləşirəm ki, işinin belə olduğuna görə bəlkə istəmirmiş evlənsin”.Şəhid Ravil Novruzovun ailəsi onun məzarını abidəyə çevirib. İndi məktəb şagirdləri, qəsəbə sakinləri və digər rayonlardan gələn insanlar Şəhid Ravilin məzarını ziyarət edir, ruhuna dualar oxuyurlar. Yaşadığı küçə də onun adına verilib. Ali Baş Komandan İlham Əliyev tərəfindən Şəhid gizir Ravil Novruzov ölümündən sonra üçüncü dərəcəli medalla təltif edilib. Bizim gəlişimizə də çox sevinən şəhid anası yenə yolumuzu gözləyəcəyini deyir. Biz də şəhidimizin ailəsinə Allahdan səbr, Şəhid gizirimiz Ravil Novruzova isə Allahdan rəhmət diləyib Giləzi qəsəbəsindən Bakıya yola düşürük.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler