Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

YAP-çı deputatdan siyasi mehbus siyahısı hazırlayanlara -Sert ittiham

04 Kasım 2016

9:28 am


04/11/2016 [13:27]: xeber –
Siyasi məhbuslarla bağlı hazırlanan 94 və 166 nəfərlik siyahı ətrafında yaranan narazılıq bitmək bilmir. Hər keçən gün qalmaqal nəinki böyüyür, səslənən ittihamların sayı sürətlə artır. Mətbuat və sosial şəbəkələr səviyyəsində təhqir və tənqidlər havada uçuşur.Siyasət meydanında illərin dostları olan şəxslər məhz bu siyahılara görə qısa müddətdə düşmənə çevriliblər. Araşdırmaçı jurnalist Xədicə İsmayılın başçılığı ilə hazırlanan 94 nəfərlik siyahının tərəfdarları qarşı tərəfi geniş siyahı hazırlamaqla Avropadan gələn qrantların məbləğini artırmaq istəyində ittiham edirlər. Öz növbəsində hüquq müdafiəçisi Leyla Yunusun hazırladığı 166 nəfərlik siyahını müdafiə edənlər isə əks tərəfi hakimiyyətə işləməkdə və bunun üçün hakimiyyətin marağına xidmət edən siyahı hazırlamaqda suçlayırlar. İqtidar düşərgəsinin isə siyahılara münasibəti birmənalıdır. Hakimiyyət nəinki hər iki siyahını qəbul edir, Azərbaycanda, ümumiyyətlə, siyasi məhbusların olmadığını bildirir. “Azərbaycan” qəzetinin baş redaktoru, YAP-çı deputat Bəxtiyar Sadıqov  siyahı hazırlayanları sərt şəkildə tənqid etdi: ““Bəxt üzüyü” adında məşhur film var. Orada şair Moşunun qələmi əlindən düşür, Söylüyə deyir ki, qələm hanı, qələm düşdü. Söylü deyir ki, qələm demə, çörək ağacı de. Azərbaycanda adını hüquq müdafiəçisi qoyan şəxslər, siyasi partiyalar var ki, siyasi məhbus siyahısı onlar üçün Moşunun çörək ağacı kimi bir şeydir. Əvvəla, bilmək lazımdır ki, siyasi məhbus kimdir? Onun kriteriyaları nədir? Beynəlxalq qurumlar konkret müəyyən etməyiblər ki, hansı əlamətləri olanlara siyasi məhbus deyilir, yaxud hansı əlamətlərdən məhrum olanlar adi məhbuslardır. Bu bir faktdır ki, beynəlxalq qurumlar, xarici ölkələr siyasi məhbus anlayışından digər dövlətlərə, xüsusilə yeni müstəqillik qazanmış ölkələrə qarşı təzyiq vasitəsi kimi istifadə edirlər. Əslində siyasi məhbus anlayışı ikili standartların ən parlaq nümunələrindən biridir. Bir ölkədə eyni halla tutulanlar siyasi məhbus sayılır, digər ölkələrdə isə cinayətkar. Dini radikalizmlə bağlı terrorçuluqda, Azərbaycanda mövcud quruluşu dəyişmək istiqamətində fəaliyyət göstərməkdə ittiham olunan şəxslər bizim ölkədə siyasi məhbus kimi qələmə verilir. Ölkə daxilində bu şəxslərin siyasi məhbus siyahılarına adlarını salmağa dəfələrlə cəhdlər olub. Necə ki, son məhbus siyahılarında bununla bağlı yaranan qalmaqal bunu açıq şəkildə göstərdi. Amma digər ölkələrdə bu insanlar birbaşa terrorçu kimi qiymətləndirilir. Hətta daha ağır cinayət hesab olunur. Bütün dünya terrordan əl çəkir. Ona görə də terrorizm ən ağır cinayət sayılır. İki siyahı var ki, onun biri Leyla Yunusundur. Onu çox yaxşı tanıyırıq. Ömrü boyu Azərbaycanın milli maraqlarına qarşı çıxış edib, ermənilərlə əməkdaşlığı olub. Sonuncu dəfə o, bizim yadımızda qanun nümayəndəsi olan polisi təhqir edən, papağını götürüb yerə atan, prezidentimizin təbirincə desək, ünsür kimi qalıb. Sonradan o çox zarıdı, xəstəyəm filan dedi. Azərbaycan dövləti buna rəhm elədi. Ona hətta imkan verildi ki, xaricdə müalicə olunsun. Ora çatan kimi yenidən əvvəlki ənənələrinə qayıdıb. O, antiazərbaycançı şəbəkənin əlində oyuncağa çevrilən insandır. Siyasi məhbus siyahısı onun üçün çörək ağacıdır. Eyni zamanda AXCP sədri Əli Kərimli və daxil olduğu qurum daim bundan çörək ağacı kimi istifadə ediblər. Bu siyahıları tərtib edənlərə yaxşı qrantlar verirlər. Bu qrantları antiazərbaycançı şəbəkə verir”.İqtidaryönlü deputat hazırlanan siyahıların Azərbaycanın əleyhinə yönəldiyini də qeyd etdi: “Siyahılarda siyasi məhbus kriteriyaları, ümumiyyətlə, nəzərə alınmayıb. Siyahıda hazırda məhkəmələri gedən şəxslər də var. Biz konkret bilirik ki, siyahıda adı olanlar hansı cinayətləri törədiblər. Bu dəqiqə  hüquq müdafiəçisi adını almaq çox asandır. Bir dənə QHT yarat, adını qoy, sonra ol hüquq müdafiəçisi. Bundan sonra olursan toxunulmaz şəxs. Cinayət də törətsən, sənə heç kim toxunmalı deyil, bu, mətbuat və söz azadlığına qəsddir. Açığı, mənə təəccüblü deyil ki, bu siyahılar üstündə dava düşüb. İki siyahı var, üçüncü mövqe də var. Əslində bu, siyahı davası deyil. Bu, Azərbaycana xəyanət edib, antiazərbaycançı qüvvələrin ölkəmizə təzyiq etmək üçün hazırlanan siyahıdır. Özləri bununla pul qazanacaq, o şəbəkə də hesab edir ki, bununla Azərbaycana təsir göstərəcək. Amma Azərbaycan müstəqil dövlətdir. Müstəqilliyimizin 25 illiyini qeyd etmişik. Sonuncu dəfə Avropa İttifaqında məlum ədalətsiz qərar oldu. Azərbaycan özünün çox doğru və kəskin addımını atdı. Nəticə ortadadır. Nə iki standartlardan, nə siyasi məhbus siyahısı ilə, nə də başqa vasitələrdən Azərbaycana nəinki təsir, heç təzyiq də göstərmək mümkün deyil. Azərbaycanın özünün yolu var. Bu yol milli maraqlara söykənir. Bu yolla ölkəmiz qətiyyətlə gedir. O insan ki cinayətkardır, məhkəmənin qərarı ilə cəzasını çəkməlidir. O insanlar ki, Azərbaycana xidmət edirlər, öz yolları ilə gedirlər.  O insanlar Azərbaycanın rəsmən vətəndaşı olsalar da, qəlbən vətəndaşı deyillər. Bu yolla meydana atılanların özləri gülüş gündədirlər. Azərbaycana xidmət davası deyil, Azərbaycan adından istifadə edib özlərinə qrantlar qazanmaq davasıdır. Bu insanda təəssüf hissi yaradır ki, heyf ki belələri də azərbaycanlıdır”.(“Yeni Müsavat”)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler