Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vezife xesteliyi çox köpekoğlu şeydir” – Anara üsyan…

30 Haziran 2016

7:32 pm


30/06/2016 [23:31]: xeber –
sayt-ın suallarını şair, yazıçı Vaqif Nəsib cavablandırır. Qeyd edək ki, olduqca sərt ifadələr yer alan müsahibədə xeyli redaktə etmək zorunda qalmışıq. Üstəlik, müsahibədə adıçəkilən ittiham hədəfi olan hər kəsdən bəri başdan üzr istəyirik və onların da fikirlərini işıqlandırmağa hazır olduğumuzu bildiririk:- Vaqif müəllim, sizin adınız gələndə ilk yadıma düşən “Omaroğlunun qayıtması” hekayəsi olur…- Bu hekayənin adı əvvəlcə “Cəfəroğlunun qayıtması” olub. O vaxt Türkiyədə əslən azərbaycanlı olan Əhməd Cəfəroğlu yaşayırdı. KQB-də Səfər Əliyev vardı, məni çağırdı ki, sən onu nəzərdə tutmusan. Cəfəroğlu Gəncədə ruslara qarşı vuruşmuşdu. Türkiyədə onu “elmin vicdanı” adlandırırlar. Çox qəribədir ki, Köçərli soyadlı bir filosof o vaxt Cəfəroğlu haqqında “Kommunist” qəzetində felyeton yazmışdı. Cəfəroğlu o Cəfəroğludur ki, Qaşqarlının “Divanu lüğəti-t-türk”ü türk dilinə çevrilməmişdən öncə onun türklər üçün geniş şərhini vermişdi. Türklər dövlət dəstəyi ilə onun kitabını buraxıblar. Qaşqarlıdan söz düşmüşkən bir şey deyim: bildiyiniz kimi iki türk axını var, biri bolqar türklərinin axınıdır. Sibir tərəfdən başlayır. Oğuz-səlcuq türklərinin axını Çindən başlayır və Çin səddi də əslində türklərə qarşı çəkilib. Türklər də Çindən çəkiləndən sonra Himalay dağları ətrafında Qaşıqar şəhəri yaradıblar. O çox inkişaf etmiş şəhər olub. Gəncləlilər Qaşıqar şəhərinin Gəncək məhəlləsindən gəlib də dağlarının adını da gətirdilər. Bir neçə dəfə demişəm ki, bu Qoşqar nədir axı, onu Qaşıqar yazın da. Qaşında qar olan dağ deməkdir. Yenə də xeyri yoxdur, yalandan elə tariximizi saxtalaşdırırlar. Dəvəçi ən yaxşı türk adıdır, Dəvəçinin adını Şabran ediblər. Halbuki Şabran Şamaxı ilə Quba arasında şəhər olub. Xaqani də orda neçə il türmədə yatıb. Adları saxtlaşdıra-saxtalaşdıra gedirlər. Bir kənara çıxdım…- Eybi yox… – Sizin sualınıza qayıdaq. Mənim fikrim budur ki, ədəbiyyat ilk növbədə istedada söykənməlidir. İkinci növbədə ədəbiyyat insanşünaslıqdır. Ədəbiyyat insanşünaslığın keşiyində durmalı, insanların bəşəriyyətə yarıyanlarını ümumiləşdirməlidir. Təəssüflər olsun ki, bizdə nə insana, nə insanlığa, nə də onun yaratdığı ədəbiyyata vaxtında qiymət vermirlər. Sağ olanda həmin insanlar böyük şair Nazim Hikmet demiş, qatarların üçüncü qatında gedir. Çox təəssüflər olsun ki, ədəbiyyatımızın, incəsənətimizin durumu belə acınacaqlı vəziyyətdə olub. Qayıdaq Cəfəroğluna… Mənə təzyiq elədilər, guya mən pantürklük eləmişəm. Mən də məcbur oldum, əsərin adını dəyişib “Omaroğlunun qayıtması” qoyum. – Əsərlərinizdə dialekt sözlərindən geniş istifadə edirsiniz. Və buna görə mən bilən dəfələrlə tənqid də edilmisiniz…- Mən bir ara Türkiyədə çalışası oldum, gördüm ki, onlar bu cür məsələlərdə daha doğru mövqe tuturlar. Bəli, dialekt sözlərindən çox istifadə etməyinin Azərbaycanda tərifini yox, tənbehini almışam. Bir dəfə bizi universitetə görüşə çağırmışdılar. Orda mənə sual verdilər ki, əsərlərinizi sadə oxucunun tam başa düşməyi üçün lüğət tutmaq fikriniz varmı? Belə hadisələr olurdu. Mən bu sözləri əsərlərimi ona görə salırdım ki, unudulmasın, yaddan çıxmasın, hətta ola bilsin, vətəndaşlıq da qazandı. Amma Türkiyədə münasibət fərqli idi. “Yeni Günaydın” qəzetində köşə yazırdım. Yeganə xarici müəllif idim ki, köşə yazırdım.  Köşlərimi “Qafqazlarda nələr olur” rubrukası ilə verirdilər. Onda mənə deyirdilər, mümkün qədər  öz ləhcənizdə yazın ki, ortaq türk dili yarada bilək. Vaxtilə osmanlının dili əslində elə ortaq türk dili idi. Atatürkün də səhvlərindən biri o oldu ki, ərəb-fars sözlərini lüğətdən çıxatdırdı. Bizdə də Stalin yalançı qürur yaratdı ki, sən özbəksən, mütləq sənin öz dilin olmalıdır. O vaxt məsələn “Molla Nəsrəddin” jurnalını Orta Asiyada da başa düşürdülər. Amma xaqları bir-birindən uzaqlaşıdırb, yazıq vəziyyətə saldılar. Məni kənd nəsrinin nümayəndəsi adlandırırlar, olsun, mən də o sözləri qəsdən əsərlərimə salıram ki, bəlkə insafa gəlib həmin sözlərə vətəndaşlıq verələr.- Belə çıxır ki, kənd nəsrinin nümayəndəsi kimi təqdim olunmağınıza etirazınız yoxdur.  – Ədəbiyyatın predimeti insandır, onun dərdidir. Bunu verə biliriksə, deməli yazıçıyıq. Yazıçı insanı tanımalı, onu kəşf etməlidir, insanları bir-birindən fərqləndirməyi bacarmalıdır. Bunlar varsa nə kənd, nə şəhər ədəbiyyatı. Dediklərim varsa, ədəbiyyatda iştirak hüququ qazanırsan, yoxdursa apar qaytar. Nə kənd, nə şəhər. Mən kənddə çox olmuşam, kənddən çıxmışam, bildiyim şeydən yazmışam. Peyğəmbərimiz özü də deyir ki, mən düşmənlərim mənim bilmədiklərimdir. İndi mən də bildiyim cəbhədə qələm çalmışam. – Gənc yazaların böyük əksəriyyəti dil məsələsinə elə də həssas yanaşmır… – Sovet dövründə ədəbiyyata təbliğatın bir hissəsi kimi baxırdılar. Bunun mənfi cəhətləri ilə yanaşı bir müsbət cəhəti də vardı. Yazıçılara yüksək səviyyədə qonorar verirdilər. Bir kitaba az qala bir maşının pulu verilirdi. Yazıçılar dolana bilirdilər. Rusiya yazıçılarının 70-80 faizi yəhudilər idi, onlar özlərinə şərait yaradanda damlalardan biz də faydalanırdıq. İndi cavan yazıçılar küçə uşaqları, küçə yazıçıları kimi yazıq vəziyyətdədirlər. Nə qonorar ala, nə də hardasa işləyə bilirlər. Yazıçı öz əsərini çap etdirməli, dəhşətli də orasıdır ki, özü də satışla məşğul olmalıdır. Anara nə var ki, imza günü keçirir, hamı da yaltaqlanıb kitabını alır. Qızı ilə bərabər imza günü keçirir. Qızının da əsərini Anara görə alırlar. Amma yazıq Əlisəmid nə yazırsa-yazsın alan yoxdur. Məsələn, Qabilin yubileyi qabağı icra başçılarına zəng elədilər ki, Qabil gələcək. Xalq şairi idi, kitablarının üç-dördünü dəyərli qiymətə sata bildi. Amma gənc yazaların belə imkanları yoxdur axı. Bazar iqtisadiyyatı yaranandan Azərbaycan ədəbiyyatının bazarı itib. Hər hansı dahi gəlib Azərbaycanda kitab buraxsın, yuxarılardan deyilməyənə qədər heç kim onun kitabını almayacaq. Əhalinin alıcıq imkanı yoxdur. Bir də ədəbiyyata, kitaba həvəsi öldürüblər. Gənclərin qarşısında isə o qədər problemlər durur ki… Yaxşı ki gənclərin öz adları yaddlarından çıxmır. Mən özüm “Yazıçı” nəşriyyatında baş redaktor əvəzi işləmişəm. Özündən deyən gənclərin də hamısının kitablarının çıxmağında xidmətim olub, bunu hamısı da etiraf edir. Əvvəllər kitablar ən aşağısı 10 min tirajla nəşr olunurdu. Onun da 5 minini “Kəndkitab” götürürdü, 5 minini “Azərkitab”. Yazıçılar da dolanırdı. İndi 300-500 tirajla kitab çap olunur, qalır müəllifin üstündə.  –  Sizcə Azərbaycan Yazıçılar Birliyi bu məsələlərin nizamlanması üçün hansısa işlər görə bilərmi?- Anar vəzifə xəstəsidir. Onun vəzifədən yapışan əlləri artıq caynaqlara çevrilib. Biz kənddən gəlib Bakıya yerləşənə, öz evimizin işığını yandırana kimi ömrümüzün yarısı keçib. Orda-burda kirayələrdə… Amma Anar Rəsul Rzanın ailəsində böyüyüb, instituta girmək problemi olmayıb. Oxumağında, işə düzəlməyində problem olmayıb. Əvvəl nə qazanıbsa Rəsul Rzanın hesabına olub. İkinci hissədə də nə qazanıbsa, vəzifəsinin hesabına qazanıb. Heç olmasa indi çıx, vəzifəsiz adam kimi yaşamağı da öyrən də. Yazıçılar Birliyi Anarların, Fikrət Qocaların, Çingiz Abdullayevlərin təsərrüfatyanı sahəsidir. İstədikləri adama iş verirlər, istədikləri adamların kitabların çap etdirirlər. Xaricə getmək lazım olanda da başda özləri gedir. Özləri getməyəndə də qulbeçələrini göndərirlər. Yazıçılar Birliyində biabırçı işçilər var. İxtisasca geoloq olan, işi ancaq zavodunun qızıllarını eşləyib-çıxartmaq olan, yazıçı düşməni Nazim İbrahimov Yazıçılar Birliyinin katibidir. Rusdilli yazıçı Çingiz Abdullayev Yazıçılar Birliyinin katiblərindən biridir. İldə 10 gün işə gəlsə böyük şeydir. Rəşad Məcid redaktordur. Nə şair kimi şairdir, nə yazıçı kimi yazıçı. Şeir oxuyurdu, hüceyrələrim, hüceyrələrim, ayıb bir şey. Nə matahdır ki, elə bir adamı gətirib Yazıçılar Birliyinin katibi qoyublar. Üstəlik, Fikrət Sadıx. Doğrudur, onların içərisində ən istedadlısı odur. Amma əsə-əsə gəlir Yazıçılar Birliyinə, həm maaş alır, həm də təqaüd. Balaş Azəroğlu da əsə-əsə gəlirdi. İki nəfər düşürdü aşağı onu qaldırırdılar yuxarı, axşam da düşürdülər aşağı. Nə vacibdir axı onların bu vəziyyətdə işləməyi? Cavan yazıçılar işsiz-gücsüz qalıblar. Anar ayaqüstə ölən yazıçılara bu münasibəti humanistliklə əlaqələndirir, ancaq bu humanistliyin hansı dərəcəsi, hansı çalarıdır, mən bilmirəm. Bu necə humanistilikdir, deyir, mən bu adamları ölənə qədər işdən çıxarmayacam. Yazıçılar İttifaqının Əlibala adlı katibi var. Sonra Şeyxov var, hansısa idarənin rəsidir. Yazıçı, şair olmayan adamlar…. Hələ Anarın bir köməkçisi var, Rauf, ev bölgüsünü də o edir. Bunların yerinə yazıçılar işləyə bilərdi. Bir məqama toxunmaq istəyirəm…- Buyurun…- Yazıçılar Birliyinin laqeydliyi, qayğısızlığı nəticəsində nə qədər yazıçı dünyasını dəyişib. Məsələn Vidadi Paşayev vardı, istedadına görə əvvəllər “Gənclik” nəşriyyatında baş redaktor işləmişdi. Özü də Anarın atası onu baş redaktor qoydurmuşdu. Anarla aram niyə dəydi? Bir dəfə qatarda Vidadi ilə qarşılaşdım. Astma xəstəliyi vardı, gördüm daha da şiddətlənib, vəziyyəti çox pisdir. Əlacsız vəziyyətdə idi. Yazıçılar Birliyinə təzə bir katib ştatı verilmişdi. Onu da deyim ki, Vidadi “Qobustan”da da Anarla bir yerdə işləmişdi. Anar dedim, Vidadinin vəziyyəti ağırdır, o, katib olsun. Anar da razılaşdı bu təkliflə, digərləri də… Sonra kimi gətirib qoysalar yaxşıdır? Çingiz Abdullayevi. Vidadiyə iş vermədilər, Anarın qayğısızlığından ölüb-getdi. Tofiq Bayram qayğısızlıqdan öldü, Anar bir dəfə ona baş çəkmədi. Vilayət Rüstəmzadə istedadlı adam idi, qayğısızlıqdan öldü. Rafiq Tağıdan bir sitat gətirmək istəyirəm: Deyirdi, Rafiq Tağıdan yaxşı yazanlar da olacaq, pis yazanlar da. Amma mənim ağrılarım özünəməxsusdur. Elə Rafiq Tağının ölümündə də Anarı günahkar bilirəm. O Rafiqi Yazıçılar Birliyindən uzaqlaşdırmaqla, Rafiqi öldürmək istəyənlərin əl-qolunu bir az da açdı. Anarın nə ixtiyarı var ki, onunla eyni hüquqda olan insanları birlikdən çıxarır. Vorzakon qanunları ilə işləyirlər. Sabir Əhmədovu “Ədəbiyyat” qəzetinin baş redaktorluğundan çıxarıb Ayaz Vəfalını qoydular.  – Anar özü çıxarmır ki… İdarə Heyəti qərar verir. – Qurultaya da öz nümayəndələrini seçir də. İdarə Heyəti də öz adamlarıdır. Bu gün Hüseyn Cavid, Səməd Vurğun qəbirdən dirilib gəlsə və sədrliyə namizədliyini versə, yenə Anar seçiləcək. Xahiş edirəm, təqaüd siyahısını tapıb görün kimlərə verilib. Fətəli Sahib. Tanıyırsan belə bir adam? Xanımana Əlibəyli. Bir də poema yazıb: “Dovşanın ad günü”. Ona üç-dörd dənə dovşan yemi satılan mağaza vermək lazımdır. Xeyrəddin Qocaya verilib təqaüd. Xeyrəddin Qocanı nəinki ədəbiyyat kursuna, savad kursuna göndərmək lazımdır. Elələri var kitabı yoxdur, təqaüd olur. Rus dilində yazanlar, bu ölkənin vətəndaşı olmayanlar təqaüd alır. Azərbaycan vətəndaşları qalıb burda, Alla Axundovaya təqaüd verilir. Mən başa düşmürəm, Anar Ramiz Rövşənin, Seyran Səxavətin, elə mənim üzümə necə baxır? Onlar təqaüd almır, başqaları alır. – Adama elə gəlir ki, Anarın paxıllığını çəkir, ona qısqanclıqla yanaşırsınız.  – Qətiyyən. Anarla ən çox bir yerdə işləyən mən olmuşam. Vidadidən sonra “Qobustan” jurnalında Anarla səkkiz il bir yerdə işləmişik. Doğrudur, Anar o səkkiz ilin iki ilini rejissorluq kursunda oxuyub, iki ilini ssenari kursunda… O gedəndən sonra hər şey mənim adıma idi, ancaq heç onun adını da çıxarmadım. Səkkiz bir yerdə işləmişik, niyə qısqanıram ki? Mən heç vaxt vəzifə hərisi olmamışam. Dəvət ediblər, heç getməmişəm də. – Hara dəvət etmişdilər ki?  – “Qobustan” jurnalında baş redaktor olmalı idim. – Olmalı idim deyəndə, Anar sizə söz vermişdi? – Baş redaktorun müavini idim. Anar gedəndən sonra da gərək baş redaktor mən olaydım. Anar Moskvada oxuyanda fəhlə kimi jurnalın kağızlarını da biz daşıyırdıq, çox əziyyət olmuşdu o jurnalda. Mən Pribaltikaya istirahətə gedib-gələndən sonra gördüm, o vəzifəyə Fikrət Qocanı qoyublar. Anar mənə dedi ki, Fikrət Qocanın yerinə şeir şöbəsinin müdiri ol. Sonra sənə vəzifə verəcəyik. Mən də getmədim. Mənim ən böyük vəzifəm yaradıcılığımdır. Anarla sadəcə intriqalarımız var. Bu intriqalar da ondan başladı ki, “Dədə Qorqud”u yazandan sonra ilk dəfə mənə verdi oxumağa. Mən də oxudum, gəldim ki, Anar düzünü deyim, yoxsa tərifləyim? Dedi, düzünü de. Dedim, bu iki imza ilə çıxmalıdır: Azərbaycan xalqı və Anar. Sən bura yaradıcı heç nə əlavə etməmisən. Dedim ki, heç olmasa Təpəgözü-filanı müasirləşdirərdin də. Yeyib-içəcəkdik. Anar durdu stoldan getdi və əsəbi şəkildə dedi ki, kaş hamıya qarşı belə obyektiv olasan. Münaqişəmiz burdan başlayıb. Amma mən heç vaxt vəzifə hərisi olmamışam. Vəzifə xəstəliyi çox köpəkoğlu şeydir. Ona ki, yoluxdun qurtara bilmirsən. Özü də çox qəribədir ki, vəzifə xəstələri işdən çıxarılandan sonra adi insan həyatı yaşaya bilmirlər. Sevinirəm ki, məndə heç vaxt belə şey olmayıb və işdən həmişə maddələrlə çıxarılmışam. Heç vaxt yaxşı işçi olmamışam. Bəzən komandirovkaya göndərirdilər, elə olurdu 15 gündən, bir aydan sonra gəlirdim. Elə Anarın dədəsinin yanında işləyirdik. Vaqif Səmədoğlu ilə birgə. Ensklopediyada işləyirdik. Rəsul Rza da bizi orda ancaq istedadımıza görə saxlayırdı. Dəqiqədə bir gedib işin yanındakı içki yerlərində vururduq. İçib gələndən sonra Rəsul Rza qabağımıza çıxırdı. Hirslənib deyirdi ki, milisoner qoyacam qapıya siz qaçanda tutsun. Rəsul Rza özü məni “Qobustan”a göndərmişdi ki, bura sənin yerin deyil, get ora, bəlkə orda işləyə biləsən. Məni öz oğluna sırıdı. – Rəsul Rza arada qonaqlıq-zad vermirdi?- Yox e, Rəsul Rza çox sərt adam, zəhmli idi. Onun kimi türkpərəst, millətçi adam yox idi. Kinematoqrafiya naziri olanda kinoteatrların adı çox biədəb vəziyyətdə idi, onun hamısını azərbaycanlaşdırmışdı. Böyük türk oğlu türk idi. Ensklopediya hazırlamışdı, ora o vaxt xalq düşməni sayılan adamların da adını salmışdı. Məsələn, Fətəli bəy Düdənginskinin. O ensklopediyanı yandırdılar təəssüf ki. Rəsul Rzanı da büronun qərarı ilə töhmətlə çıxartdılar. O vaxt Rəsul Rzanı Abbas Zamanov xilas elədi. Halbuki Rəsul Rza Azərbaycanın ən yaxşı ensklopediyasını buraxacaqdı. O boyda xərclər də batdı. Nəsə.. Yenə də deyirəm mənim vəzifə hərisliyim yoxdur. Sadəcə Anar öz yaxın adamlarını tanıyır, bir də düşməni kimi bizləri. Başqa kimi tanıyır ki?  Babullaoğlunu da gətirib qoyub vəzifəyə. Bilinmir, o da şairdir, yoxsa nədir? Qoyduğu adamlar heç bilmirsən nəçidirlər. – Müəllim, axırıncı iş yeriniz hara olub? – Axırıncı iş yerim “Kinostudiya” olub. Əsərim çəkilirdi orda. Ədil İsgəndərov “Oğul çiyni” adlı əsərim əsasında film çəkirdi. Orda da özünə xırda bir rol götürmüşdü. Birdən-birə Ədil İsgəndərovdan “İzvestiya”da felyeton yazdılar. Ədil İsgəndərovu çıxartdılar, yerinə Cəmil Əlibəyov gəldi, kinodan xəbəri olmayan adam. O da gəldi “Oğul çiynini” anti-sovet əsər kimi təqdim elədi. Bədii şurada ssenarini İsi Məlikzadə də tərifləmişdi, Fərman Kərimzadə də. Cəmil Əlibəyov onların üstünə qışqırdı ki, sizə il boyu Marksın, Leninin əsərlərini oxutduracam. Mən də səsimi çıxarıb deyə bilmədim ki, anti-sovet sən ola bilərsən, atan at üstündə İrana qaçıb. Deyə bilmədim, ona görə ki, ssenarinin pulunu-6 mini alıb xərcləmişdim. Qalmışdı tiraj pulu, 14 min də sonra alacaqdım, imkan vermədilər.   – Siz Anarın ünvaına ittihamlar səsləndirir, onu qeyri-demoratiklikdə ittiham edirsiniz, düşməniniz sayırsınız. – Xahiş edirəm, bunlara ittiham deməyin, mən doğruları səsləndirirəm. Anarı da düşmənim saymıram. Adamın xeyirxahı olur, Anar da şərxah deyə bilərəm ancaq. Düşmən demərəm. O özü məni düşmən sayır. – Anarı qeyri-demokratik sayırsınız, eyni zamanda Yazıçılar Birliyinin mətbu orqanlarından birində-“Azərbaycan” jurnalında romanlarınız çap olunur… Necə olur bəs bu? –   Son romanımı sadəcə oxuması üçün Məmməd Oruca vermişəm. Məmməd Oruc orada qalmış yeganə insaflı adamdır. Məmməd Oruc bir səhifəlik müqəddimə yazıb. Qeyd edib ki, inanmıram, bundan sonra Azərbaycan ədəbiyyatında bu dildə, bu üslubda roman yazıla. Bir dəfə Məmməd mənə zəng elədi ki, romana görə səni öpürəm. Dedim, ola bilsin, öpüşün mənə çatmaz. Çünki İntiqamla da aram yox idi. Yazmışdım ki, “Azərbaycan” jurnalının baş redaktoru İntiqam Qasımzadə Hüseynbala Mirələmovdan (….) alıb onun romanlarını tirajlamaqla məşğuldur. Məmməd Oruca dedim, sən bir İntiqamdan da soruş, dedi, razılaşıb o. Anar da deyibmiş ki, yaxşı əsərdirsə, verin getsin. Sonra “Ulduz” jurnalında povestlərimi verdilər. Tənqidçilər məni çox tərifləyən yazılar yazdılar. Məhz bundan sonra da yazılarımı verməyi dayandırdılar. Sonuncu romanımı yaxşı olduğuna görə, məcbur qalıb vermişdilər. İndi təzə “Allaha doğru” adlı bir roman yazıram. Üç respublikanın “vorzakon”un həyatından bəhs edən romandır. Erməni hissəsini qurtarmışam, indi gürcü hissəsini yazıram. Bunlar hamısı dahi ola biləcək adamlardır, həyatın bu tərəfinə yuvarlanıblar.   – İyirmiyə qədər kitabınız çıxıb. Amma kitab mağazalarında kitablarınıza heç rast gəlmək olmur.  – Mənim kitablarım Sovet dövründə çıxıb. 40-50 min tirajla, hamısı da satılıb-qurtarıb. Bir dəfə Milli Bankın rəhbəri Elman Rüstəmov bir nəfər vasitəsilə “Uzundərə” kitabımı  istəmişdi. Sən demə ən yaxşı oxucum Elman Rüstəmov imiş. Tapdım göndərdim.  – Son dövrdə yazılan əsərləri oxuya bilirsizmi?- Çox oxumağa imkan olmur. Amma bu yaxınlarda Elçinin “Baş” romanını oxudum. Qeyrət romanı kimi çox xoşuma gəldi. “Ədəbiyyat” qəzetində bu haqda yazmışam: Baş qeyrət romanımız-“Baş”.  Əsər mənə çox ləzzət verdi. Oxuduqca üəryimdən tikan çıxdı. Səməd Vurğun “Aslan qayası” əsərində qorxa-qorxa Rusiyanın işğalçılıq siyasətinə işarələr vurmuşdu. Ancaq Elçin kişi kimi hamısını açıq şəkildə yazıb. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler