Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Vasif Talıbovun vitse-prezidentlik şansları müzakirede

31 Ağustos 2016

7:04 am


31/08/2016 [11:01]: xeber –
Sentyabrın 26-da Azərbaycanda keçiriləcək referendum ətrafında müzakirə olunan əsas məsələlərdən biri də ölkəmizdə vitse-prezidentlər postunun yaradılması ilə bağlıdır. Konstitusiyada nəzərdə tutulan əsas dəyişikliklərdən biri də bu olacaq.Ölkənin idarəçilik sistemində ciddi dəyişikliklərə səbəb olacaq vitse-prezident postları ilə bağlı mövqelər birmənalı deyil. Hazırda dünyanın 67 ölkəsində vitse-prezident postu var. Bunu nəzərə alan iqtidar təmsilçiləri Azərbaycanda da bu sistemin tətbiqinin gələcəkdə idarəçilik sahəsində müsbət dəyişikliklərə səbəb olacağını bildirirlər. Bu post ətrafında müzakirə edilən məsələlərdən biri də vitse-prezidentlərin seçki yolu ilə seçilib-seçilməməsi ilə bağlıdır. Dünyanın əsas güc mərkəzi olan ABŞ-da bu postun sahibi prezident tərəfindən təyin olunur. Ölkə rəhbərliyinə iddiaçı olan şəxs seçki kampaniyası dövründə seçiləcəyi təqdirdə vitse-prezident təyin edəcəyi şəxsin kimliyini açıqlayır. Ölkəmizdə də belə bir ənənənin əsasının qoyulmasını gündəmə gətirənlər var. Bununla belə, apardığımız araşdırmalara əsasən qeyd edə bilərik ki, vitse-prezidentlər əksər ölkələrdə təyinat yolu ilə müəyyənləşir. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Eldar Namazov verdiyi son müsahibəsində bildirib ki, Azərbaycanda vitse-prezident vəzifəsinə seçkilər keçirilməlidir: “Həmin vəzifəyə şəxs sərəncamla yox, xalqın səs verməsi yolu seçilməlidir. Azərbaycanda keçiriləcək referendumda isə vitse-prezident vəzifəsinə təyinat məsələsi qoyulur…”Politoloqun bu fikirlərindən sonra vitse-prezidentlik postu ətrafındakı müzakirələr daha da qızışıb. Ümid Partiyasının sədri İqbal Ağazadə vitse-prezidentin ölkə rəhbəri tərəfindən təyin olunacağını bildirdi: “Məndən olsa, bu postların yaradılmasına ehtiyac yoxdur. Paralel strukturların nə mənası var? Dünyada nə vəzifələr varsa, hamısı bizdə olmalı deyil ki… Vitse-prezident ancaq təyinatla olar. Çünki bu postun ölkə başçısından asılılıq prinsipləri var. Əgər prezident xalq tərəfindən seçilirsə, bu postun rəhbəri necə xalq tərəfindən müəyyən edilə bilər? Hazırda əsas müzakirə mövzusu vitse-prezidentlik postu olmalıdır, ya yox, bu istiqamətdə müzakirələr aparılmalıdır”.İqtidaryönlü deputat Fəzail Ağamalı bildirdi ki,  E.Namazovun fikirləri onun subyektiv mövqeyidir: “Bu yenilik Azərbaycana öz töhfəsini verəcək, bu şübhəsizdir.  Eldar Namazovun  mövqeyini oxudum. Bu onun yanaşmasıdır. Amma bu yanaşma bir həqiqət kimi qəbul edilməli deyil. Sadəcə, yanaşma subyektiv fikir kimi qəbul olunsa daha yaxşı olar. Amerikada prezident seçilir və sonra vitse-prezidenti təyin edir. Yəni vitse-prezident seçkilərdən keçmir. Nə üçün belədir? Çünki vitse-prezident ölkə rəhbərinin komandasının üzvlərindən biridir. Əgər başqa prizmadan məsələyə yanaşsaq, o zaman ölkədəki nazirlər gərək seçki yolu ilə müəyyən olunsun. Burada söhbət ölkə başçısının idarəçilik sisteminin konkretləşməsi və təkmilləşdirilməsindən gedir. Azərbaycanda isə bir vitse-prezident deyil, bir neçə belə post yaradılacaq. Bu postların sahibləri ölkə prezidentinin komandasına daxil olan şəxslər olacaqlar. Belə olan halda vitse-prezidentləri təyin etmək səlahiyyəti ölkə başçısına verilməlidir. Cənab prezident də layiq bildiyi şəxsləri bu vəzifələrə təyin edəcək”.F.Ağamalı Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri Vasif Talıbovun vitse-prezidentlərdən biri olacağının anonsunu da verdi: “Vitse-prezidentlərdən birinin Vasif Talıbov olacağını güman edirəm. İndiyə qədər Naxçıvanı çox yüksək səviyyədə idarə edən, böyük dəyişikliklərə imza atan Vasif Talıbov Ali Məclisin sədridir. Azərbaycan prezidentli respublika olduğuna görə Naxçıvan Muxtar Respublikası idarəçilik sistemində birbaşa prezidentlə bağlı olmalıdır. Amma Ali Məclisin sədri kimi o, Naxçıvan Muxtar Respublikasının rəhbəri kimi fəaliyyət göstərir. Konstitusiyaya görə, Milli Məclis və Ali Məclis hakimiyyətin iki qolu hesab olunur. Bizdə isə prezidentli respublikadır. Bu səbəbdən Vasıf Talıbov vitse-prezident təyin oluna bilər ki, bu boşluq aradan qalxsın. Yenə təkrar edirəm ki, vitse-prezidentlərin seçki yolu ilə müəyyənləşməsinin heç bir perspektivi yoxdur. Bu baxımdan, bu postların təyinatlı olması daha məntiqi və düzgündür”.(“Yeni Müsavat”)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler