Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Vaqif Semedoğlu dedi ki, menimle evlenersen…?”

03 Eylül 2016

8:52 am


03/09/2016 [12:51]: xeber –
sayt “Teleqraf Holdinq”in rəhbəri Aynur Camalqızının AzNews.az-a müsahibəsini təqdim edir:– Aynur xanım, ənənəvi bir suala məhz sizin cavabınız mənim üçün maraqlıdır. Həyatınızdan razısınızmı?– Bütövlükdə götürəndə əlbəttə ki, narazılığım yoxdur. Allah mənə sağlamlıq, sağlam övladlar, normal həyat bəxş edib. Təbii, hamı kimi bizim də hansısa problemlərimiz, çətinliklərimiz olur, biz isə onu həll etməyə, yoluna qoymağa çalışırıq. Deyəsən, cavabım çox şablon oldu… (gülür) – Bizdə adətən uğur qazanan xanımların arxasında ayrı bir qüvvə axtarırlar. Görəsən, cəmiyyətdə qadınlara qarşı bu inamsızlıq nədən irəli gəlir? – Bu, təkcə Azərbaycanda deyil. Mən bunu əvvəllər mentalitetimizlə əlaqələndirirdim. Amma dünyanı daha çox tanıdıqca gördüm ki, bu, bütün ölkələrdə belədir. Əslində, mahiyyət nədən ibarətdir? Diqqət etmisinizsə, bütün dünyanın düşünən beyinləri “Hər bir uğurlu kişinin arxasında bir qadın dayanır” fikrinin həqiqət olduğunu deyir. Bu fikrin arxasında qadının kişiyə verdiyi mənəvi dəstək dayanır. Yeri gəlmişkən, Şeyx Şamil haqda bir rəvayəti xatırladım. Rəvayətə görə Şeyx Şamildən soruşurlar ki, niyə səni bu qədər sevib, bu qədər hörmət edirlər? Şamil bu suala yalnız xanımının cavab verə biləcəyini bildirir. Xanımı da cavab verir ki, hələ gənclikdə Şamilin yolunu gözləyərdim, gəldiyini görən kimi qabağına yüyürüb, atının üzəngisini tutur, təzim edib, “Xoş gəldin, Şeyx” deyirdim, evə keçənə qədər ona göstərdiyim sayğını hər gün artırırdım və bunu bütün oba görürdü. Getdikcə Şamili yolda görənlər də ona təzim edib, “Xoş gördük, Şeyx” deməyə başladılar və bu, bütün mahala yayıldı…Bu bir rəvayətdir və tarixi həqiqət olub-olmadığı müzakirəsini bir kənara qoyub, mahiyyətə varaq. Bu rəvayətlə xalq onu demək istəyib ki, Rusiya kimi böyük bir imperiyaya qarşı kiçik bir dəstə ilə 25 il mübarizə aparan qəhrəmanın arxasında bir qadın dayanır…Bu baxımdan əlbəttə ki, hər bir uğurlu qadının da arxasında mənəvi baxımdan bir kişi – ata, qardaş, həyat yoldaşı, dost – dayanır. Ancaq məsələ burasındadır ki, buna cəmiyyət hansı niyyətlə yanaşır? Nigar Koroğlunun ordusu ilə birlikdə yaşayırdı, hər kəs ona izzətlə, ehtiramla yanaşırdı. Və yaxud Qaçaq Nəbi. Siz xalqın işlətdiyi ifadəyə baxın: “Həcəri özündən ay qoçaq,Nəbi”. Sizcə, Həcər Nəbidən daha qoçaq idi? Əlbəttə yox, burda Nəbinin arxasında Həcərin olmasından söhbət gedir. Uzun Həsəni götürün, anası Sara Xatun bütün diplomatiyanı aparırdı. “Dədə Qorqud”da da biz bunun şahidi oluruq.Və yaxud Janna Dark. Elə bilirsiniz xalqı ardınca aparmağı bacaran 19 yaşlı kəndçi qız Janna döyüş taktikasını bilirdi? Janna bir cəsarət, məğlubedilməzlik simvolu idi, amma döyüş taktikasını Jannanın yanındakı fransız generalları qururdu, onlar döyüşürdü…Dediyim kimi, hər bir uğurlu kişinin arxasında bir qadın, hər bir uğurlu qadının arxasında bir kişi dayanır; sadəcə, hər kəs bu uğura da, onun arxasındakı qüvvəyə də öz əxlaqından yanaşır… – Siz danışa-danışa məndə belə bir sual yarandı. Bir hamilə qadın Milli Məclisin tribunasında çıxış etsə, ona necə baxarsınız?– Çox normal. Çünki mən özüm Milli Məclisin deputatı olanda hamilə idim və bu, kifayət qədər normal qarşılanırdı. Həmin 9 ayda Milli Məclisdə çıxışlar edirdim, hətta xaricə işgüzar səfərlərdə olurdum. Qadının nə qədər ictimai-siyasi statusu, fəaliyyəti olur-olsun, onu gözəlləşdirən məhz analıqdır. Türklər “Ana haqqı Tanrı haqqıdır”, islam “Cənnət anaların ayaqları altındadır” deyir. Vətəni qoruyacaq əsgər, dövlətin taleyini tapşıracağımız övlad dünyaya gətirəcək xanıma cəmiyyətimiz hər zaman sayğılı yanaşıb və yanaşmalıdır da. – Yeri gəlmişkən, Milli Məclis yadınıza düşəndə hansı hissləri keçirirsiniz?– Parlamenti həmişə xoş hisslərlə xatırlayıram. Milli Məclis mənim üçün müqəddəs bir məkandır. Azərbaycanın dövlətçilik ənənələri məhz parlamentdə formalaşdırılıb. Siyasi mədəniyyətin oturuşması baxımından da onun rolu Azərbaycan üçün əvəzsizdir. Mən Milli Məclisi yalnız ali qanunverici orqan kimi nəzərdə tutmuram, həm də düşünürəm ki, mənəvi anlamda da xalqımızın həyatında və taleyində parlamentin çox böyük rolu və məsuliyyəti var.Parlament eyni zamanda mənim üçün insanları ilə əvəzolunmazdır. Orda elə dəyərli, qiymətli adamlar var ki, mən onların hər birini Azərbaycan hesab edirəm. Biz mücərrəd olaraq “ana torpaq”, “vətən” anlayışlarından danışırıq, amma azərbaycanlılar, bu xalqın dəyərə çevrilən ayrı-ayrı fərdləri olmasa, Azərbaycan sadəcə, bir coğrafi məkan, adicə torpaq parçası olar. Azərbaycanı Azərbaycan edən onun insanları, ziyalıları, aydınlarıdır…– Konkret deyə bilərsinizmi söhbət Milli Məclisin hansı deputatlarından gedir? Hər birini Azərbaycan hesab etdiyiniz insanlar kimlərdir?– Milli Məclisdə Mehriban xanım Əliyeva var. Düşünürəm ki, Heydər Əliyevin gəlininin, Mir Cəlal Paşayevin nəvəsinin orada əyləşməsi, deputat mandatı daşıması Milli Məclisə sözün əsl mənasında, daha bir üstün status verir. Azərbaycanda çox hörmətli bir nəslin davamçısının, Prezident İlham Əliyevin xanımının, ölkənin birinci ledisinin Azərbaycan parlamentini təmsil etməsi bu ali qanunverici orqanın nüfuzuna nüfuz qatır. Təsadüfi deyil ki, hansısa çətinliyə düşən, xəstəsi olan, yardıma ehtiyac duyan insanlar məhz Heydər Əliyev Fonduna üz tuturlar. Çünki Mehriban Əliyevaya inanırlar. Bilirsiz, əslində prezidentlər tutduqları posta görə dövlətin simvoluna, atributuna çevrilirlər. Bayraq, himn, gerb nə qədər önəmlidirsə, dövlət başçıları da o qədər önəm daşıyır. Mehriban xanım isə öz fəaliyyəti ilə simvola çevrilib, o, Azərbaycan üçün, Azərbaycan insanı üçün bir ilkdir. Bir Dəyərdir. Ona qədər Azərbaycanda Birinci xanım institutu faktiki olmayıb. Bu institut Mehriban xanımın adı ilə bağlıdır və o, bütün insanpərvərliyi, vətənsevərliyi ilə nümunədir. Düşünürəm ki, Milli Məclisin digər deputatları necə bir insanla bir yerdə olduqlarının fərqinə varmalıdırlar.– Deyirsiniz ki, Mili Məclis sizin üçün müqəddəs bir yerdir. Adətən Həcc ziyarətgahı, məscid haqqında danışanda “müqəddəs” sözünü işlədirlər. Sizə elə gəlmirmi ki, parlamentə sevginizi çox aşırı bir şəkildə ifadə etdiniz? – Niyə axı bu sözü yalnız dinlə bağlayırsınız? Çox nüfuzlu alimlərimiz, ziyalılarımız elm ocaqları və yaxud muzeylərimiz, dəyərli hesab etdikləri qurumlar haqda “müqəddəs ocaq” ifadəsini işlədiblər və bu söz leksikonumuzda var… Yeri gəlmişkən, mən ateist deyiləm. Amma heç vaxt dini yerlərə, ziyarətgahlara getməyə həvəsli olmamışam, bu yerlər qətiyyən məni özünəçəkmir. Məni çəkən muzeylərdir. Onların çox qəribə enerjisi, aurası var. Mən muzeylərdə çox inanılmaz hisslər yaşayıram. Ona görə də düşünmürəm ki, “müqəddəs yer” dedikdə mütləq dini yerlər nəzərdə tutulmalıdır…Bir daha bütün səmimiyyətimlə təkrar edirəm: parlament mənim üçün o qədər müqəddəs yerdir ki, layiq olmayan bir adamı orada görəndə əzab çəkirəm. Çünki orada öncə qeyd etdiyim kimi, bizim çox dəyərli ziyalılarımız var. Onlarla bir atmosferdə hansısa uyğun olmayan birisini görəndə elə bilirəm, evimə ayaqqabıları palçıqlı adam girir…– Maraqlıdır, palçıqlı ayaqqabılarla evinizə girən adamlardan bir-ikisinin adını çəkə bilərsinizmi? – Yox, ad çəkməyəcəm… (gülür) – Bəs sizcə, necə olub ki, o müqəddəs yerə o cür adamlar da ayaq aça bilirlər?– Parlament seçkiləri digər seçkilərdən tamamilə fərqlənir. Qəribə özəllikləri var. Hətta heç kəsin tanımadığı, sadəcə, bir bölgədə, belə demək mümkünsə, bir tayfanın hörmətini qazanmış kimsə rahatca səs toplayıb parlamentə düşə bilər. Amma bütün dünyada öz kəşfləri ilə ad çıxarmış bir akademik ucqar bir rayonda səs yığmaya bilər. Ona görə də bəzən bizim üçün sürpriz sayıla biləcək nəticələr olur. Bu, gözləniləndir.– Görəsən, sizin yolunuz necə oldu ki, gəlib parlamentdən keçdi? Belə demək mümkünsə, siz hansı tayfanın səsi ilə deputat seçildiniz? – Bu barədə çox danışmışam. Madam ki, sualı verdiniz, bir daha qısaca xatırlamağa çalışacağam. Bilirsiniz ki, mən əvvəllər Müsavat Partiyasında Məclis üzvü idim. Elə bir məqam gəldi ki, artıq müxalifətin yanlış yolda olduğunu anladım. Fərqinə vardım ki, inandığım dəyərlər, əslində, mənim bildiyim, təsəvvür etdiyim kimi deyil. Həmin vaxtlar ölkəni tərk etmək barədə düşünürdüm. Bu o ərəfə idi ki, 2005-ci il parlament seçkiləri olacaqdı. Mən mühacirət barədə dostlarıma danışanda onlar mənə seçkidə öz gücümü sınamağı məsləhət gördülər. Mən də parlament seçkilərinə qatılmağa qərar verdim. Yəni bu, mənim uzun illər arzusunda olduğum bir şey deyildi. İdeya xoşuma gəldi. O vaxtlar mən “Yeni Müsavat” qəzetində köşə yazarı idim və deyilənə görə yazılarım ölkədə ciddi rezonans doğururdu. Çoxlu oxucu məktubları və telefon zəngləri alırdım.– Onda neçə yaşınız vardı?– 29. İctimaiyyətdə mənə rəğbət bəslənildiyini bilirdim. Fikirləşdim ki, özümü sınayım. Beləliklə, seçkilərə qatıldım. Və heyrətamiz üstün nəticələr əldə elədim.Düşünürəm ki, deputat seçilməyimin səbəblərindən biri də gənc olmağım idi. O dairənin əvvəlki deputatları ilə müqayisədə mənim xeyli gənc olmağım insanlara maraqlı və cazibədar görünürdü yəqin. O vaxtlar təbliğat-təşviqat kampaniyası iki aya yaxın davam edirdi. İki ay ərzində mənim seçicilərimlə çox gözəl ünsiyyətim yarandı. Onlar mənə həvəslə səs verdilər.– Deyirsiniz ki, müxalif ruhlu yazılarınıza görə insanların böyük sevgisini qazanmışdınız. Belə çıxırmı ki, siz müxalif düşərgənin səsi ilə deputat seçilmisiniz? – Yox! İnsanlar səmimiliyi qeyri-səmimilikdən ayıra bilirlər. Hətta səhv deyilən səmimi fikir doğru deyilən qeyri-səmimi sözdən daha çox qəbul edilir. Bu baxımdan, o iki ayda seçicilərlə səmimi ünsiyyətimiz öz sözünü dedi.– Aynur xanım, bəs köşə yazılarınızı niyə davam etdirmədiniz? Təbii, bu gün də yazırsınız, oxuyuruq. Sadəcə, əvvəlki şövq, əvvəlki eşq görünmür. Niyə yazılarınız əvvəlki kimi sevilmir, oxunmur, rezonans doğurmur?– Əslində, mən indi də yazıram, amma az-az! Hər gün oturub yazı yazmağa vaxt yoxdur… Gənclikdə bütün insanlar hisslə yazır, yaş ötdükcə, dünyagörüş genişləndikcə, ağı qaradan daha aydın seçməyə başladıqca, artıq ağıl hissləri üstələyir. Diqqət etsəniz, görərsiniz ki, bizim nəslin bütün yazarları indi fərqli üslubda, daha geniş təhlillərlə və daha aydın düşüncə ilə yazırlar. Yazılarımın sevilmədiyinə gəlincə, bu, kimin qənaətidir? Axar.az-da dərc olunan son yazımın oxunma sayı 30 mindən çoxdur və ona gələn şərhlərlə tanış olsanız, belə sual verməzsiniz.– Sizi tənqid edirlər ki, siyasi mövqeyini dəyişib, əvvəl yazdıqlarının əksini yazır. Bir şey mənim üçün maraqlıdır. Bu ölkədə çox adam mövqeyini dəyişib, hamısını da bircə-bircə tanıyırıq. Amma sanki siz daha çox nəzərə çarpırsınız. Bu nə ilə bağlı ola bilər? Niyə siz daim hədəfə tuş gəlirsiniz?– Açığı, bunun səbəbləri mənə də aydın deyil. Görünür, burada da səmimiyyətlə qeyri-səmimiliyin üzə-üzə olduğu bir məqam var. Mən seçimimdə səmimiyəm, dəyərlərimə sadiqəm, Dövlətimin və Prezidentimin əsgəriyəm, bəziləri kimi qeyri-səmimilik göstərmirəm, üzdə hansısa bir söz deyib, arxada kimlərəsə ismarıc göndərmirəm. Ola bilsin, bu səmimilik bəzi riyakarları qıcıqlandırır və “ortaq mövqe” tutmaqla hər yerdə tənqiddən yayınmağı bacaran “ustalar” qeyri-səmimiliklərini mənə hücumlarla ört-basdır etməyə çalışırlar. Olsun, mən bu qeyri-səmimi hücumlardan narahat deyiləm.Əksinə, bu hücumları gördükcə gənclik illərimdə nə qədər saxta, yalançı insanlarla bir sırada olduğumu bir daha görürəm: demə, yalanlara inanmışammış və bunu sonralar anladım. Anlayan kimi də yönümü çevirib getdim…– İstərdim bir az da 29 yaşınızdan o üzdəki həyatınızdan danışasınız. Kənddəmi, yoxsa şəhərdəmi böyümüsünüz?– Ucqar bir kənddə böyümüşəm. Uşaqlığım Qarabağın ən gözəl yerlərində keçib. Mən bir yandan da öz uşaqlığımı ona görə xoşbəxt hesab edirəm ki, indiki gənc nəsildən fərqli olaraq Xankəndinin, Şuşanın, Kəlbəcərin, Laçının ağılalmaz füsunkar gözəlliyini görmüşəm. O yerlərin misilsiz gözəlliklərinə öz gözlərimlə baxmışam. O xatirələr hələ də mənim yaddaşımdadır. – Kənddə toyuq-cücə saxlamısınızmı? Əlinizdə çubuq hinduşka otarmısınızmı? – Təbii, bizim də həyətimizdə toyuq-cücəmiz, mal-heyvanımız olub. Baxmayaraq ki, atam orta məktəbdə müəllim işləyirdi, amma bizim özümüzün şəxsi təsərrüfatımız vardı və mən həmişə valideynlərimə kömək edirdim. Orta məktəbi yaxşı oxumuşam, qiymətlərim əla olub. Özümü anlayan yaşımdan jurnalist olmaq istəmişəm. 1993-cü ildə isə ali məktəbə qəbul olmuşam. O vaxtdan da Bakıdayam.– Bakı Dövlət Universitetində oxumusunuz?– Yox, çox təəssüf ki, jurnalistikaya düşə bilmədim, Bakı Sosial İdarəetmə və Politologiya İnsitutunu bitirmişəm. – Kənddən bir az da danışaqmı?– Mən toyuq-cücəsi, mal-qarası olan həyətdə böyüsəm də mahiyyət etibarilə heç vaxt kənd adamı olmamışam. Şəhər həyatı mənimçün həmişə cazibədar olub. Sivilizasiyadan kənar, hələ də atla gedib-gəlinən kəndləri yox, qlamur yerləri sevirəm, orada istirahət etməyi, dincəlməyi xoşlayıram. Mən kənddə özümü rahat və xoşbəxt hiss edə bilmirəm. Bizdə elədir ki, ali məktəbi bitirəndən sonra qızlar ata evinə qayıtmalı olurlar. Allahıma çox minnətdaram ki, məni belə bir məcburiyyətlə üz-üzə qoymadı. Kəndə qayıtsaydım, ən yaxşı halda, orta məktəbdə tarix müəlliməsi işləyəcəkdim. Elə oldu ki, şəhərdə qaldım, tale üzümə güldü və jurnalistikada, belə demək mümkünsə, öz sözümü deyə bildim. – Ailədə neçə uşaq olmusunuz?– Dörd uşaq idik. İki qardaş, iki bacı. Həyat elə gətirdi ki, mənim qardaşlarım gənc yaşlarında həyatdan köçdülər. Kiçik qardaşım Azər 30 yaşında Sankt-Peterburqda avtomobil qəzasında, böyük qardaşım Mübariz isə 44 yaşında ağır xəstəlikdən – xərçəngdən vəfat etdi. Bir göz qırpımında həyatımızı tərk etdilər… Əbülfəz Elçibəyin xəstəxanadan yazdığı bir məktubu vardı, bəlkə siz də xatırlayarsınız. Demişdi ki, iki ölüm dəhşətlidir: biri avtomobil qəzası, biri də xərçəng xəstəliyi. Çünki ikisi də gözlənilmədən, qəfil baş verir…– Başınız sağ olsun…– Biz evdə ümumiyyətlə, bu mövzuda danışmamağa çalışırıq. Çünki hamımıza ağırdı. İndi bəzən bütün hikkəsilə başqalarının axırına çıxmağa çalışanları görəndə düşünürəm ki, nə qədər bədbəxtdirlər. Yəqin, doğmalarının, sevdiklərinin itkisini görməyiblər, acı nədir bilmirlər, ona görə bu qədər aqressivdirlər, ağızları isti yerdədir. Mənim atamın iki oğlundan biri tabutunun altına girə bilmədi. Dünya o qədər acımasız, o qədər fanidir ki… Bir dəqiqə, bir saat, bir gün sonra başına nə gələcəyini bilmirsən. Bir həkim rəfiqəm var. Nyu Yorkda xərçəng xəstələrinin müalicə olunduğu xəstəxanada işləyir. Deyir, mənim gördüklərimi görsəniz, hər saniyəniz üçün Allaha dua edərsiniz. Bizdən daha cavan, daha gözəl, daha ağıllı, daha var-dövlətli yüzlərlə insan torpağın altındadır. Onları heç nə xilas edə bilmədi. Sizin dərdiniz nədir? Ətrafımızda görün, nə qədər mərdiməzarımız var. Tanrının verdiyi ömrü şükranlıqla yaşamaq əvəzinə gör nəyin uğrunda həyatlarını puç edirlər. Bunu misal üçün deyirəm, birinə pislik üçün sərf etdiyiniz vaxtı ailənizə, övladınıza sərf etsəniz, bəlkə də xoşbəxt ola bilərsiz, ağrılarınız azalar, bəlkə arzularınıza da çatarsız…– Ailənizdə daha çox kimə bənzəyirsiniz?– Mən fərqliyəm. Bəlkə də inanmayacaqsınız, üçüncü sinifdən bədii ədəbiyyat oxumağa başlamışam. Ağlım kəsəndən evimizdə kitab görmüşəm. Atam tarix müəllimiydi, anam da ev işlərini bitirəndən sonra kitab oxuyurdu. Mən ilk dəfə maraq üçün kitabları əlimə aldım və cazibəsindən çıxa bilmədim. Yəni mənim xasiyyətim, xarakterim, dünyagörüşüm ailədə formalaşmayıb. Məni kitablar yaradıb.Kitabın insana təsiri qədər güclü heç bir şey yoxdur. Kitab insanların həyatını dəyişir, taleyinə təsir edir. – Aynur xanım, rəhbəri olduğunuz “Teleqraf Holdinq”də televiziya fəaliyyətə başlamalı idi, amma işlər yarımçıq qaldı. Səbəb nə oldu?– Hə… Bizim belə bir ideyamız, layihəmiz var və bu gün də gündəmdədir. Texniki təchizatımız tamamlanıb. Hazırda layihənin gerçəkləşə bilməməsi sırf maddiyyatla bağlıdır. Maddi durumumuz düzələn kimi fəaliyyətə başlayacağıq.– Maliyyə durumunun düzələcəyinə inamınız varmı?– Əlbəttə! İnamsız yaşamaq olmaz ki!– Bir məsələ də diqqət çəkir. Sizin şirkətin əməkdaşları gah işdən çıxır, sonra qayıdır, bir də çıxır, sonra yenidən qayıdır və s. Maraqlıdır, holdinqdə sabitlik yaratmaq çoxmu çətindir?– Bura jurnalistikadır. Burada insanların gəlməyi və getməyi kifayət qədər normal bir şeydir. Düşünürəm, burda qeyri-adi səbəblər axtarmaq lazım deyil. İkincisi, niyə həmişə gedənləri müzakirə edirlər, amma qalanları yox? Bizim holdinqin bu yaxınlarda beş ili tamam olacaq. Bu illər ərzində mənimlə çiyin-çiyinə çalışan əməkdaşlar var. Və onlar say etibarı ilə daha çoxdur. Amma bunu heç kəs müzakirə eləmir. Gedənlərə isə normal yanaşıram, əgər başqa şirkətdə daha yüksək maaş təklifi alırsa niyə də getməsin?Yaxşı jurnalist yaxşı futbolçu kimidir. Hansı klub daha yüksək pul versə, futbolçu ora transfer olunur. Jurnalist də eləcə. Amma bizim istedadlı işçilərimizi yüksək qonorar təklifilə şirnikləndirib öz yanına çəkən və pulunu vaxtında ödəməyib onları ortalıqda qoyan saytlar da var. Biz bunu açıb-ağartmırıq. Heç vaxt dilə gətirməmişik və sadəcə işimizə davam etmişik. Düşünürəm ki, bizim haqqımızda bu yöndə gedən söhbətlərdə ədalətsizlik var. Başqa redaksiyalarda da gedib-gələnlər var, amma onlar heç vaxt bizim kimi hallandırılmır. – Bayaq dediyim məsələ, göz önündəsiniz, hamı sizi görür…– Bilmirəm, bu dərəcədə göz önündə olmaq yaxşıdır, ya pis. Bir türk filmi var, təsadüfən baxdım, Özcan Dəniz baş roldadır. Ona ele hey irad bildirirlər və o, özünü izah edir-edir, axırda görür xeyri yoxdur. Deyir, mən bu tale ilə barışmışam, yanlış anlaşılmaq mənim alın yazımdır. Doğrudan da belə suallarla üz-üzə duranda, bu cür situasiyalarla qarşılaşanda mən də düşünürəm ki, bəlkə də bu, alın yazımdır. – Yadınızdadırsa, bir müddət əvvəl sosial şəbəkədə üzüyünüzün itməsi ilə bağlı bir status paylaşmışdınız. Qafqazinfo.az saytı həmin fikirlərinizi yaymışdı. Başlıq isə belə: “Aynur Camalqızının məşhur üzüyü oğurlandı”. Maraqlıdır, həmkarınız Elbrus Ərudla münasibətləriniz niyə belə gərgindir, səbəb nədir? – Feysbuk sadəcə siyasi bəyanatların verildiyi bir yer deyil axı, siz də bilirsiniz. Mənim üçün isə loru dildə desək, Feysbuk çayxana rolunu oynayır, insan bəzən dostları ilə zarafatlaşır, stressdən azad olur, əhvalı yaxşılaşır. Amma mənim pis əhvalda olduğum vaxtda yazdığım statusu manşetləmək kəmfürsətlik bir yana, həm də qanunsuzluq idi. Əvvəla, mənim statusumun xəbərə çevrilməsi üçün icazə alınmalıdır. Alınmayıbsa, mən zəng edib çıxarılmasını tələb edirəmsə, jurnalist prinsiplərinə, qanunlara, əxlaqi dəyərlərə söykənən istənilən şəxs bu tələbi icra etməlidir. Təəssüflər olsun ki, Azərbaycanda jurnalist savadı, yazı-pozu qabiliyyəti, təcrübəsi, peşəkarlığı olmayanların, təsadüfən jurnalistikaya gələnlərin qısqanclığı bəzən əxlaqi dəyərləri də, qanunları da aşır. Çünki onlar qarşıdakının peşəkarlığını, özlərinin bu sahədə təsadüfi adamlar olduğunu yaxşı bilirlər və mümkün olduqca qarşı tərəfi ləkələməyə çalışırlar.Baxın, məsələn, “Musavat.com” saytında bir qısqanclıq, ya kiməsə istinad etməmək, ya istinad davası, ya jurnalist əxlaqsızlığı müşahidə etmək mümkündürmü? Çünki peşəkarlardır və jurnalist əxlaqını da, həmkar dəyərini də hər zaman qoruyub saxlayırlar. Bizim holdinqin saytlarına diqqət edin: ilk dəfə Azərbaycanda hiperlinklə istinadı Axar.az saytı tətbiq etdi, lakonik xəbər üslubu, dili, operativliyi, fərqli xəbər siyasətini, ölkədən kənarda oxunma imkanlarını bir kənara qoyuram. Amma yeni yarananda, hələ serverindən üzü belə texniki problemləri düz-əməlli həll edilməyən, oturuşmamış, kollektivin həmahəng işləmə ritmi belə yaranmayan bu sayta necə qısqanc yanaşırdılar, xatırlayırsınızmı? Bunun da səbəbi bayaq dediyimdir. Sevindirici haldır ki, o mərhələ geridə qalır və peşəkarların həmkar münasibətləri getdikcə inkişaf edir, hədəflər də, rəqabət də ölkə sınırından kənara çıxır. – Niyə axı ağlınıza gəlmirdi ki, statusunuz yozula bilər? Sizə elə gəlmirmi ki, bəzən özünüz də bilməyərəkdən fürsət yaradırsınız ki, sizə qarşı istifadə etsinlər? – Axı biz bütün günü siyasətçi ola bilmərik. Bütün günü gülümsəmək olmur. Mən depressiyadayamsa, niyə yalandan gülümsəməliyəm ki? Dərdim, problemim varsa, bunu bölüşməli deyiləmmi? Mən bu cür insanam – birüzlü, səmimi. Niyə maskalanmalıyıq? Əli Kərimin sözü olmasın, maskaradda bir dəfə maska taxan bəziləri onu üzlərində unudurlar, evlərinə, ailələrinə də o maska ilə gedirlər və bir ömür o maskada yaşayırlar. Bir ömür maskalanmağın dəhşətini onlar anlaya bilirmi?Mən o məqamda keçirdiyim hissləri paylaşıb insanların mənəvi dəstəyini almaq istədim. Həm də bilmək istəyirdim, ali təhsilli, maddi baxımdan yaxşı imkanlı bir qadının oğurluq etməsinə insanların münasibəti necədir? Bu, həm də mənim üçün sosioloji bir sorğu idi. Mən əksər vaxtlarda Feysbuka bunun üçün status yazıram. Axır vaxtlar isə ehtiyat edirəm, ümumiyyətlə, Feysbukda az-az görünürəm. Çünki bəzən şərəfsiz rəqiblər sui-istifadə üçün məni güdürlər. Mənim rəqiblərim çox şərəfsiz və ləyaqətsizdirlər… Ona görə də İnstaqramda özümü daha rahat hiss edirəm. – Aynur xanım, evdə yemək bişirirsiniz?– Deyilənə görə çox dadlı yeməklər bişirirəm. Amma təəssüf ki, buna vaxtım olmur. Nadir hallarda mətbəxə girirəm, yemək hazırlayıram. Xoşbəxtlikdən mənə kömək edən insanlar var. Anam mənimlə yaşayır, uşaqlar körpədir və onun dəstəyi olmasa, mən işləyə, fəaliyyət göstərə bilmərəm. – Üç övladınız var, eləmi?– Bəli… Oğlum 8 yaşındadır, ikinci sinifdə oxuyur. Qızımın biri 6 yaşında, o biri isə iki yaş səkkiz aylıqdır. – Uşaqların gələcəyini necə görmək istəyirsiniz?– Təbii ki, hər bir valideyn öz uşağını istedadlı bilir. Amma mənim uşaqlarım doğurdan da çox maraqlı və istedadlıdırlar. Öz seçimləri olacaq, amma istərdim yaradıcı sahəyə getsinlər. İstərdim uşaqlarımdan biri rejissor olsun. Qızlarımın birinin mütləq rəssam olmasını istəyərəm.– Yaradıcılıqla məşğul olsalar, axı kasıb olacaqlar… – Əvvəla, ruzini verən Allahdır. Çox kasıb olan biznesmen, çox varlı olan rəssamlar var, əsərləri milyonlara satılır. Bilirsinizmi, bizdə ailə təməli çox yanlış və qüsurludur. Xarici ölkələrdə milyonerlər gətirib pullarını uşaqlarına peşkəş etmirlər ki, al bunu, rahat yaşa, neynirsən işi və s. Orda atası milyonçu olan uşaq hansısa restoranda ofisiant işləyə bilər. O ölkələrdə belə dəyərlər var. Təbii ki, var-dövlət uşaqlara miras qala bilər. Məsələn, Elton Con öz uşaqlarını vərəsəlikdən azad edib ki, qoy tənbəlləşməsinlər, öz pullarını özləri qazansınlar. Əslində, bizim insanlarımız çox potensiallı, istedadlı insanlardır. Amma ailədən gələn patriarxal ənənələr insanlara öz potensiallarını sona qədər açmağa icazə vermir. Mən həmişə deyirəm ki, təbii sərvətlərimiz tükənə bilər, ancaq insan sərvətimiz tükənməzdir və nə qədər ki, bu sərvətimiz var, Azərbaycan həmişə varlı olacaq.– Söhbət hansı potensialdan gedir?– Məsələn, orta məktəbdə adını belə doğru-düzgün yaza bilməyən oğlanlar bir neçə ilin içində gedib Rusiyada milyonlara sahib olurlar. Dünyaya çıxmayan nə qədər ixtiralarımız, gözəl sənət əsərlərimiz var… Bütün bunlar insanlarımızın istedadının göstəricisidir. – Aynur xanım, maraqlıdır, yenidən o müqəddəs yerə qayıtmaq istərdinizmi?– Sizin ironiyanıza baxmayaraq, mən doğrudan da beş il ərzində Milli Məclisdə özümü çox rahat hiss etmişəm. Parlament çox maraqlı bir yerdir…– Zəlimxan Yaqubla parlament yoldaşı olmusunuz?– Yox. Mən 2005-2010-cu illərdə deputat idim. – Bəs sizin vaxtınızda şair və yazıçılardan Milli Məclisdə kimlər olub? – Rəfael Hüseynov, Əkrəm Əylisli və gözəl şairimiz Vaqif Səmədoğlu! – Çox istəyirsiniz Vaqif müəllimi?– Əlbəttə! Allah onun yerini behişt eləsin. Bilmirəm mənə uşaq kimi baxırdı, yoxsa necə, həmişə mənimlə qəribə zarafatlar edirdi. Biz axı həm də Mədəniyyət Komitəsində birgə idik. Bir dəfə Vaqif müəllimin yubileyini Komitədə qeyd edirdik. Məndən soruşdu ki, sənin neçə yaşın var? Səhv etmirəmsə, yaşım 34 idi. Soruşdu ki, 30 ildən sonra mənə ərə gələrsən? – Nə cavab verdiniz? – Dedim, Vaqif müəlim, məmnuniyyətlə və sevə-sevə, təki siz 30 ildən sonra bu sözü təkrar edin…– Həyat yoldaşınız İlqar bəy gördüyünüz işlərdə sizə kömək edirmi?– İlqarla mən həm bir ailə, həm də yaxın dostuq, problemlərimizi bir-birimizə danışıb rahatca həll edə bilirik, məsləhətləşirik. Birinci növbədə problemdən çıxış yolunu İlqardan öyrənirəm, ondan tövsiyə və böyük dəstək alıram. Hətta bu şirkətin qurulmasında, kollektivin təşkilində belə onun çox böyük əməyi var. Əgər qadın uğur qazanırsa…– Deyəsən, söhbətimizin əvvəlinə qayıdırıq: uğur qazanan qadının arxasında mütləq ayrı bir qüvvə dayanır. – Bəli, hər bir uğurlu qadının arxasında bir kişi dayanır… İlqar həmişə məni qoruyur, var gücü ilə dəstək olur. Mənim menecer kimi tərbiyə olunmağımda İlqarın əvəzsiz rolu var. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler