Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Ümid edirik ki, bu, hele son deyil” –Prezidentin kömekçisi

22 Temmuz 2016

1:20 pm


22/07/2016 [17:19]: xeber –
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə keçirilmiş fərdi jurnalist yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb.  Bu münasibətlə təşkil olunan mərasimi giriş sözü ilə KİVDF-nin icraçı direktoru Vüqar Səfərli açıb.Sonra söz Azərbaycan prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova verilib. O, Azərbaycan milli mətbuatının 141 yaşının tamam olması münasibətilə bütün media nümayəndələrini, jurnalistləri təbrik edib.Azərbaycan mediasının tarixinə ekskurs edən Ə. Həsənov xatırladıb ki, 1875-ci il iyulun 22-də görkəmli ziyalı, təbiətşünas-alim, maarifçi və publisist Həsən bəy Zərdabi “Əkinçi” qəzetinin ilk nömrəsini nəşr etdirməklə Azərbaycan milli mətbuatının əsasını qoyub: “İki ilə yaxın fəaliyyət göstərən və cəmi 56 nömrəsi işıq üzü görən bu qəzet Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Firudin bəy Köçərli, Nəcəf bəy Vəzirov, Əsgər ağa Gorani, Ələkbər Heydəri, Səid və Cəlal Ünsüzadə qardaşları, Məhəmməd Kəngərli kimi demokratik fikirli, saf əqidəli ziyalıları öz ətrafında birləşdirərək elm, maarif, mədəniyyət, ədəbiyyat, incəsənətin inkişafına mühüm töhfə verdi, Azərbaycanda dini mövhumata, xurafata və cəhalətə qarşı kəskin çıxışlar etdi, xalqın mədəni tərəqqisi, azərbaycançılıq ideyasının təşəkkülü uğrunda ciddi mübarizə apardı. XlX əsrin ikinci yarısı – XX əsrin əvvəllərində Azərbaycan ictimai fikrinə inqilabi yeniliklər gətirən, insanların dünyagörüşünü dəyişərək xalqı yeni tarix yaratmağa istiqamətləndirən Azərbaycan milli mətbuatı Əli bəy Hüseynzadə, Mirzəbala Məhmədzadə, Əhməd bəy Ağayev, Məmməd Əmin Rəsulzadə, Fətəli Xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Üzeyir və Ceyhun Hacıbəyov qardaşları kimi görkəmli ziyalıların tribunasına çevrilərək həm də xalqımızın azadlıq arzularının gerçəkləşməsində böyük rol oynadı”.Müasir dövr jurnalistikasından bəhs edən Ə. Həsənovun sözlərinə görə, böyük strateq kimi Heydər Əliyev hesab edirdi ki, qloballaşan dünyada, informasiya əsrində azad və güclü media olduqca böyük təsir imkanlarına malikdir və dövlətçiliyin formalaşması və inkişafına əvəzedilməz töhfələr verə bilər: “Buna görə də ümummilli lider Heydər Əliyev “Əkinçi” qəzetinin nəşr olunmağa başladığı 22 iyul gününü Azərbaycanda Milli Mətbuat Günü elan etdi və 70 illik sovet idarəçiliyi dövründə kölgədə qalmış ənənələr, mətbuatımızın şanlı tarixi özünə qaytarıldı. Heydər Əliyev söz və məlumat azadlığını, fikir plüralizmini Azərbaycanda Konstitusiya normasına çevirdi, 1992-ci ildə tətbiq olunmuş və milli mətbuatın inkişafı yolunda ciddi maneəyə çevrilmiş senzuranı 1998-ci ildə aradan qaldırdı. 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyi ləğv olundu və Azərbaycan dövləti mətbuat üzərində dövlət nəzarətindən imtina etdi”.Ə. Həsənov qeyd edib ki, bu gün Azərbaycanda əsası Heydər Əliyevin tərəfindən qoyulmuş media siyasəti və ənənələri prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “2008-ci ildə imzalanmış “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq etməklə, Azərbaycan prezidenti medianın problemlərinin həllini konseptual çərçivəyə saldı və bu istiqamətdə həyata keçirilən dövlət siyasətinin sistemliliyini və ardıcıllığını təmin etdi. Azərbaycanda milli mətbuatın yubileylərinin dövlət səviyyəsində keçirilməsi, milli mətbuatın inkişafında xidmətləri olan KİV nümayəndələrinin dövlət mükafatları və fəxri adlarla təltif olunması, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlərin reallaşdırılması, redaksiyalara birdəfəlik maliyyə yardımlarının ayrılması, yeni medianın inkişafının stimullaşdırılması və digər çoxsaylı tədbirlər ardıcıl xarakter alıb.2009-cu ildən ötən dövr ərzində Azərbaycan dövlət büdcəsindən KİV layihələrinin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 40 milyon manata yaxın vəsait ayrılıb. Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, jurnalistlər dövlət hesabına mənzillərlə təmin edilir. Bilirsiniz ki, 2013-cü ildə jurnalistlərə 156 mənzil verilib, cari ilin sonuna isə daha 256 mənzilin jurnalistlər arasında bölüşdürülməsi məsələsinə baxılacaqdır.  Ümid edirik ki, bu, hələ son deyil”.Ə. Həsənov deyib ki, regionda və dünyada baş verən hadisələrə və proseslərə nəzər salarkən olduqca ziyanlı təzahürlərin daha geniş vüsət aldığını görməmək mümkün deyil:“Ayrı-ayrı ölkələrdə sabitliyin pozulması, vətəndaş qarşıdurmaları, sosial fəlakət və bu kimi digər neqativ hallar artıq günümüzün reallığına çevrilib. Qlobal informasiya məkanına nəzarət meylləri güclənir, müxtəlif xarici dairələr transmilli media resursları vasitəsilə bütün dünyaya öz baxışlarını təlqin etməyə, insanları müəyyən maraqlar çərçivəsində istiqamətləndirməyə çalışırlar və əfsus ki, müəyyən mənada buna nail olurlar. Bu gün biz özlərini demokratiya nümunəsi kimi təqdim edən ölkələrdə ayrı-ayrı irqlərin, xalqların və dinlərin nümayəndələrinə qarşı dözümsüzlüyün  geniş vüsət aldığını, multikultural dəyərlərdən, tolerantlıqdan geriyə dönüşü müşahidə edirik. Transmilli media isə ayrı-ayrı dairələrin maraq savaşına dəstək verir, müxtəlif ölkələrin daxili işlərinə müdaxilə, hakimiyyət çevrilişləri, vətəndaş qarşıdurmasını stimullaşdırır.Lakin biz fəxrlə deyə bilərik ki, əsrlərə tolerantlığın hökm sürdüyü Azərbaycan cəmiyyəti bu mənfi meylləri inkar edir. Bir çox ölkələrdən fərqli olaraq, Azərbaycan ayrı-ayrı xalqların, etnik qrupların, dinlərin qarşılıqlı dözümlülük deyil, qarşılıqlı ehtiram və hörmətin qorunduğu məkandır. Azərbaycan multikultural dəyərləri təşviq etməklə bütün dünyaya bir daha göstərir ki, dinindən və milli mənsubiyyətindən asılı olmayaraq bütün insanlar bir ölkədə, eyni torpaqda firavan, dostluq və qardaşlıq mühitində yaşaya bilərlər.Əlbəttə, burada Azərbaycan mediasının oynadığı rolu, cəmiyyətimizdə harmoniyanın güclənməsi üçün verdiyi töhfələri qeyd etməmək mümkün deyil. Hesab edirəm ki, bu da Azərbaycan mediasının prezidentin çağırışına cavabı, “Əkinçi” ənənələrinə sadiqliyinin təzahürüdür. Düşünürəm ki, Azərbaycan jurnalistikası daim bu yolla getməli və öz ənənəsinə, tarixinə sadiq qalmalıdır”.Sonda müsabiqə qaliblərinə mükafatlar təqdim olunub. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler