Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Türkiye en yaxşı diplomatlarını Azerbaycana gönderir” -Sefirle vida töreni

22 Eylül 2016

9:28 am


22/09/2016 [13:25]: xeber –
Türkiyə səfiri İsmayıl Alper Coşkun Azərbaycan mediası ilə vidalaşdı: “Türkiyədə küçədə kimi saxlayıb, Azərbaycanı soruşsan, heç buranı görməyən biri də olsa, “Can Azərbaycan” deyəcək”Bu gün Mətbuat Şurasında Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkunla vida görüşü keçirildi. Diplomatik fəaliyyətinin başa çatması ilə bağlı media kapitanlarının iştirakı ilə keçirilən görüşdə giriş sözü ilə Mətbuat Şurasının sədri Əflatun Amaşov danışdı.Ə.Amaşov Türkiyə-Azərbaycan münasibətlərinin inkişafında cənab səfirin böyük rolu olduğunu dedi. İ.A.Coşkunun 2012-ci ildən bəri Azərbaycanda vəzifəyə başladığını xatırladan MŞ sədri onun gəlişi ilə ölkələr arası əlaqələrin daha da mükəmməlləşdiyini xüsusi qeyd etdi: “Xidmətiniz dövründə çoxsaylı Türkiyə jurnalistləri Azərbaycana, Azərbaycan jurnalistləri  isə Türkiyəyə dəvət olundu. Çoxsaylı beynəlxalq toplantılar oldu. Bu tədbirlərdə sizin də, səfirliyin də rolu böyükdür”.MŞ sədri Azərbaycan jurnalistikasının inkişafındakı roluna, mediaya göstərdiyi diqqətə və diplomatik fəaliyyətini uğurla başa vurmasına  görə cənab səfirə təşəkkür plaketi təqdim etdi. KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) sədri Vüqar Səfərli cənab səfirin səlahiyyət müddətini bitməsini “kədərli hadisə” adlandırdı. Onun sözlərinə görə, ölkələr arası münasibətlərin yaxınlaşmasında əsasən medianın, eyni zamanda səfirliklərin də rolu var: “Fəaliyyətiniz dönəmində Azərbaycan mediasına böyük diqqətiniz olub. Daim media nümayəndələri, rəhbərləri ilə görüşlər keçirmisiz, onlara vaxtınızı ayırmısız. Əlbəttə, bu illər ərzində xeyli səfirlər bura gəlib-gedib. Öncəki səfir Hulusi Kılıcı yad etmək istəyirəm. O da media ilə yaxın münasibətlər qurdu və böyük işlərin əsasını qoydu”.V.Səfərli xatırlatdı ki, iyul ayının 15-də Türkiyədə baş verən darbə olayları zamanı Azərbaycan mediası Türkiyə dövlətinin yanında oldu, olanları obyektiv şəkildə çatdırdı: “Bu da sizin xidmətinizdir ki, media ilə əlaqələrin genişləndirilməsində böyük rolunuz olub. Sizə can sağlığı arzu edirik. Unutmayın ki, siz hər zaman bizim dostumuzsunuz”.APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı isə tədbir başlamazdan öncə həmkarlarla onun ölkəyə gəliş zamanı barədə müzakirə apardıqlarını bildirdi. Zaman o qədər sürətlə keçir ki, bəzən illəri toparlayanda, düşünmək zorunda qalırsan, deyə, V. Mahirqızı səfirin 4 illik fəaliyyətinin sanki iki ilmiş kimi keçdiyini qeyd etdi. Qısa fəaliyyəti dönəmində səfirin böyük işlər gördüyünü xatırladan Vüsalə xanım səfirin təkcə səfir funksiyası daşımadığını dedi: “Bundan sonra olacağınız yerdə uğur arzulayırıq. İnanırıq ki, gedəcəyiniz yerdə Türkiyə ilə yanaşı, Azərbaycan elçiliyini də  edəcəksiz. Gələn böyük elçiyə də indidən uğurlar arzu edirəm. İki ölkə olaraq, strateji tərəfdaş olsaq da, cəmiyyətimizin bir-birinə daha sıx transfer olmasına ehtiyac var. Medianın tədbirlər keçirilməsi, ziyalılarımızın qarşılıqlı olaraq mediada çıxışlar etməsinə ehtiyac var”.“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu isə bu görüşü həm də cənab səfirin Azərbaycan mediası qarşısında hesabatı adlandırdı: “Azərbaycan jurnalistlərinin ümumi fikridir ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafı üçün siz böyük işlər görmüsüz. Ümid edirəm ki, Azərbaycan-Türkiyə mediası daha çox inteqrasiya edəcək”. “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu isə bütün çıxışçıların “Türkiyə səfiri bizim redaksiyada olanda”, frazasını söyləməsininin təsadüfi olmadığını vurğuladı. Onun sözlərinə görə, bu, Türkiyə elçisinin mediaya necə açıq olmasının, həm də bizi özündən biri bilməsinin nəticəsidir: “İllər sürətlə keçdi, sizə isinişdik, elə qaynaşdıq ki, indi gedişinizə təəssüflənməmək mümkün deyil. Lakin həm də sevinirik ki, Azərbaycanı dərindən bilən bir qardaşımız Türkiyənin dövlət sistemində irəliyə doğru bir addım atır, onun xarici siyasətinin müəyyənləşməsində rol alacaq. Sizə yeni işinizdə uğurlar diləyirəm. Türkiyə Azərbaycanın özüdür. Yadımdadır, sərhədlərin aşılması ilə bağlı Türkiyədə keçirilən bir sorğuda vətəndaşların 90 faizindən çoxu Azərbaycandan yana səs vermişdi. Hətta Azərbaycanda bu cür sorğu keçirilsə, bəlkə də 90 faizdən çox ölkə vətəndaşı bu məsələdə birgə səs verməz…”.   MŞ İdarə Heyətinin üzvü Umud Mirzəooğlu isə iki qardaş ölkənin arasında vasitəçi olmaqdan şərəfli heç nə olmadığını bildirdi: “Mən düşünürəm ki, ötən 4 ildə yarı-yarı bu iki xalqa xidmət etdiniz. Amma qalan hissəni daha çox Azərbaycan üçün xidmət edəcəksiz. Çünki qardaşınızı daha yaxından tanıdız, insanları gördüz”. “Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli isə Türkiyənin Azərbaycandakı səfiri olmağın asan göründüyü qədər də çətin olduğunu dedi: “Mental dəyərlər oxşardır, baryerlər yoxdur. Amma həssaslıq maksimum olmalıdır. Türkiyə ən yaxşı diplomatlarını Azərbaycana göndərir. Onlar da gedəndən sonra öz vəzifələrini layiqincə yerinə yetirirlər. Keçmiş səfir Hulusi bəyi də bütün redaktorlar xatırlayır. Media ilə əlaqələrin qurulmasında onun önəmli rolu olub. Siz də öz fəaliyyətinizlə Azərbaycan mətbuatının Türkiyə mediası ilə iç-içə olmasında rol oynamısız”.“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev isə səfirə “nə zamansa Azərbaycana qayıtsaz, öz evinə qayıdan insanın hisslərini yaşamağı arzulayıram” , dedi:  “Azərbaycanda hər iki xalq üçün gördüyünüz işlərə görə təşəkkür edirik. Təəssüf ki, indiyə qədər MŞ-da hansısa səfirə “mətbuatın dostu” mükafatı verilməyib. Belə bir təcrübə olsaydı, məmnuniyyətlə bu adı sizə təqdim edərdik. Sizin bundan sonra fəaliyyətiniz harada davam edəcək, bilmirəm. Sizin potensialınızdan Türkiyə hökuməti istifadə edəcək. Harda olsaz, biz sizi izləyəcəyik. İldə bir neçə dəfə süfrə başında görüşdüyümüz bir diplomatdan ayrılırıq. Fəaliyyətinizin müəyyən hissəsi bizə aiddir. Duyğusallığı yaradan amillərdən biri də odur”. Olaylar İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz səfirin ən yaxşı səviyyədə öz missiyasını həyata keçirdiyini dedi. O, zarafatla qeyd etdi ki, burada hamı sizi tərifləyir, sevdiyini açıqlayır: “ … bəlkə heç getməyəsiniz”. “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı cənab səfirə Azərbaycandakı uğurlarını Türk dünyası üçün  həyata keçirməyi arzuladı: “Bizim münasibətlərin qurulmasında medianın əvəzsiz rolu var. Azərbaycan mediasında elə bir sayt, qəzet yoxdur ki, gündə Türkiyə ilə bağlı 5-6 xəbər verməsin. Sizin səfirliyiniz sayəsində əlaqələrin qurulması üçün böyük işlər görüldü. Həmkarlarımın əksəriyyətinin övladları Türkiyədə təhsil alır. Arzu edirəm ki, Türkiyədə bu terror dalğası tezliklə bitsin. Terror xəbəri yox, yalnız müsbət xəbərləri verəək”.MŞ İdarə Heyətinin üzvü Tapdıq Abbas isə səfirin fəaliyyəti dövründə hər iki ölkənin taleyində ciddi hadisələr baş verdiyini xatırlatdı:  “Seçkilər, siyasi gərginliklər dövründə iki xalqın birləşərək mübarizə aparması ciddi hadisələr idi. Bu hadisələrdən fürsətçilik edənlər də az olmadı. Bütün aydınlarımızın bir yumruq kimi birləşməsi faktı oldu. Sizə bu uğurlu fəaliyyətinizi davam etdirməyi arzulayırıq”. BDU-nun jurnalistika fakültəsinin müllimi Cahangir Məmmədli Azərbaycan mediasının səfirə böyük sevgisi olduğunu dedi. Səfir İsmayıl Alper Coşkun isə media kapitanlarına və jurnalistlərə təşəkkür etdi, onlarla işləməyin böyük zövq olduğunu dedi: “Siz Azərbaycana Türkiyədən gələn hər hansı nümayəndə heyətini, o cümlədən də diplomatları  çox yaxşı qarşılayırsız. İlk günlər deyirdilər ki, Azərbaycanda işiniz asan olacaq. Amma daha sonra aksent dəyişdi və bunun çətin olduğunu dedilər… Çünki Azərbaycanda işləmək üçün bu ortamı öyrənmək, hiss etmək lazımdır. Bunu masa başında öyrənmək mümkün olmur. Bunu sizinlə görüşdə, insanlarınızla eyni ortamda hiss etmək olur. Mənə bunu yaşadan Azərbaycana minnətdarlığımı bildirirəm. Bu etibara layiq ola bilmişəm, inşallah. Türkiyə və Azərbaycanın hər yerində, hər küçəsində kimi danışdırsan, qarşılıqlı sevgisini ifadə edəcək. Rauf müəllimin də dediyi kimi, Türkiyədə küçədə kimi saxlayıb, Azərbaycanı soruşsan, heç buranı görməyən biri də olsa, “Can Azərbaycan” deyəcək. Bu, bizim sahib olacağımız ən böyük sərmayədir. Buna zərər verə biləcək olayların qarşısını almaq lazımdır. 2012-ci ildə gələndə Azərbaycanda xəfif bir buruqluq vardı. Ermənilərlə sərhədlərin aşılması mövzusunda Türkiyənin atdığı bəzi addımların yaratdığı həssaslığın izləri vardı… Əgər Türkiyənin izlədiyi bir prosesdə Azərbaycanın xoşuna gəlməyən bir məqam varsa, bilin ki, Türkiyə hər zaman Azərbaycanla eyni hədəfə yürüməkdədir, onun ziyanına ola biləcək heç bir addım atmaz. Makro ölçüdə baxsaq, Türkiyə və Azərbaycan tale ortaqlığı yaşayıb və yaşayır. Türkiyə əsla Azərbaycana narahatlıq duyğusu yaradacaq addım atmaz. Bəzən məqsədə gedən addımlar fərqli ola bilər. Belə anlarda ən açıq, dürüst şəkildə bu məqamları danışmaq lazımdır. Refleksiv addım atmadan öncə bunları müzakirə etmək lazımdır. Hədəfimizdən əsla vaz keçməməliyik. Hazırda ölkələr arası münasibətlər tarix boyunca ən gözəl mərhələsindədir. Bunun səfirliklərlə əlaqəsi yoxdur. Bu, tarixin bizlərə bir vəzifəsidir, məsuliyyətin davam etməsidir. Cənab prezidentlərin timsalında bu tarixi missiya onların üzərinə qoyulub.  Bizim kimi nümayəndələrin vəzifəsi isə tarixin və dövlət başçılarının bizə cızdığı yolda yeriməkdir”.Sonda zalda olan media təmsilçiləri ilə tək  – tək əl sıxışaraq, vidalaşan səfir, “Bir qüsurumuz oldusa, haqqınızı halal edin”, deyə, Azərbaycan mediasına vida etdi.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler