Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Türk-İslam dünyasına çağırışlar ve cavablar…

01 Temmuz 2016

7:12 pm


01/07/2016 [23:09]: xeber –
Zaman zaman yeni ideyaların doğuluşu normaldır. Adətən yeni fikirlər, yeni ideyalar o zaman ortaya çıxır ki, demək o toplumlarda problemlər var. Artıq iki əsrə yaxındır Türk-İslam dünyasında da yeni çağrışlar səslənməkdədir. Bu çağrışlara səbəb bir tərəfdən İslamlıq və Türklüyün bütövlüyünü, eyni zamanda təməl prinsiplərini qoruyub saxlaya bilməməyimiz, digər tərəfdən Qərbin dini məzhəbçilik və milliyyətçilik oyunlarına düşməmiz olmuşdur. Hər halda Osmanlının İslam xəlifəliyini, Səfəvilərin isə şiəliyi öz üzərinə götürməsindən sonra türk müsəlman xalqlarında İslamlıq və Türklük öz təməl prinsiplərindən uzaqlaşmağa başlamış, bununla da Türk-İslam dünyasında yaranan problemlər yeni çağrışları özüylə bərabər getirmişdi. Ancaq yeni çağrışlara cavab verməyə çalışan müsəlman türk aydınları İslamlıq və Türklüyün təməl prinsiplərini yenidən dəyərləndirmək, onları zamanın şərtlərini uyğun hala gətirmək əvəzinə, İslam dünyasının zülm və köləlikdən xilas yolunu Qərbin texnologiyasına və elmi yeniliklərinə yiyələnməkdə görməsi məsələni daha da mürəkkəbləşdirmişdir. Bu isə o demək oldu ki, türk müsəlman aydınları Osmanlının İslam xəlifəliyi və Səfəvilərin şiəliyindən qaynaqlanan problemləri həll etmək istədiyi bir zamanda, Qərbin “beynəlmiləlçi” ideyalarının təsiri altına düşdü. Bununla da, türk müsəlman aydınları ona aid olan çağrışları öz düşüncələrindən daha çox Avropanın elm adamlarının nəzriyyələriylə cavablandırmağı məntiqli, məqsədəuyğun gördülər. Şübhəsiz, geniş anlamda bu doğru deyildi, doğru olmadığı üçün də iki əsrə yaxındır Türk-İslam dünyası olaraq problemlərimizi həll etməkdə çətinlik çəkirik. Çünki “xəstə”nin problemlərini bilib diaqnozu özümüz qoymuşuqsa, “xəstə”nin müalicəsini də özümüz etməliyik. Əks təqdirdə ki, başqalarının müalicə üsulundan istifadə edirik, o zaman “xəstə” daima nə sağlam kimi sağlam, nə də xəstə kimi xəstə olacaqdır. Hesab edirik ki, bunu indiki Türk-İslam dünyasına, bütövlükdə isə İslam dünyasına aid etmək olar. Təxminən 120-130 il bundan öncə Cəmaləddin Əfqani adlı bir müsəlman aydını (kimlərinə görə o türk, ya da əfqan mənşəlidir) da “xəstə” adlandırdığı İslam dünyasının müalicəsini kənarda deyil, içdə axtarmağı uyğun görmüşdür. Hətta, Əfqani “xəstə”yi sağaltmağın müalicə üsullarından biri kimi müsəlman xalqlarının milliyyətçilik duygularını yenidən ortaya atmağı məqsədəuyğun görmüşdü. O zaman Əfqaninin müsəlman xalqları arasında milliyyətçilik məsələsini ortaya atmasını İslam dininin əleyhinə yozanlar, nəticədə onun ölümünə də rəvac vermişdilər.Biz, burada “xəstə” İslam dünyası və Əfqani məsələsinə təsadüfi olaraq toxunmadıq. Əslində Əfqanidən öncə də “xəstə” İslam dünyası və onun həlli yollarını gündəmə gətirən A.A.Bakıxanov, M.F.Axunzadə, Münif Paşa, İ.Şinasi, Ə.Suavi, S.Ə.Şirvani, N.Kemal, H.Zərdabi və başqa türk müsəlman aydınları  olmuşdur. Ancaq onların arasında da “xəstə” İslam dünyası məsələsində fərqli yollar tutulmuşdur. Məsələ Bakıxanov, Şinasi, Şirvani daha çox inanırdılar ki, İslam dünyasının xilası üçün Qərbin-Avropanın möcüzəsi olan elm texnologiyası, qanunlardan faydalanmaq lazımdır. Qərb mədəniyyətinin ortaya qoyduqları isə İslamiyyətin ana xəttinə uyğun olduğu üçün, müsəlman dövlətlərinə zərər verməyəcəkdir. Çünki İslamlıq özü də  Qərb mədəniyyətinin əsas fəlsəfəsi olan İnsanlıq fəlsəfəsi üzərində qurulmuş, sadəcə sonralar yanlış inanclar özüylə bərabər zülüm və köləlik gətirmişdir. Bu anlamda onlar Qərbin mədəniyyətini heç də yeni hesab etmir, bu mədəniyyətə aid olan yeniliklərin hər birinin vaxtilə İslamlıqda öz əksinin tapdığına, bu anlamda Qərb mədəniyyətilə İslamiyyət arasında ahəng olduğuna inanırdılar. Ancaq Bakıxanov, Şinasi, Münif Paşa, S.Ə.Şirvanidən dən fərqli olaraq Axundzadə, Suavi, Əfqani və başqaları “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində daha sərt mövqe ortaya qoymuşlar. Başqa sözlə, sonuncular İslamlıq Qərbçilik məsələsində bir tərəfdən İslamlığın parlaq keçmişinə br qədər kölgə salmış, digər tərəfdən Qərb mədəniyyətini çox idelaşdırmışlar. Özəlliklə, Osmanlıda Əli Suavi və Midhət Paşayla Çarlıq Rusiyasının müstəmləksi olan Şimali Azərbaycanda M.F.Axundzadə İslamlıqla Qərbçilik məsələsində bərabərliyi pozmuşlar. Hər üçünün dünyagörüşündə  “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində Qərbçilik qırımızı xəttlə keçir. Yəni onlar İslam dünyasına olan çağrışlara cavab olaraq İslamlıqda nə isə axtarmaqdansa əsas üstünlüyü Qərb mədəniyyətinə, müəyyən qədər də əski milli mədəniyyətə verirdilər. Əslində əski milli mədəniyyətə müraciətin kökündə də Qərb mədəniyyətindən, o cümlədən fransız milliyyətçiliyindən irəli gələn millliyyətçilik dayanırdı. Məsələn, M.F.Axundzadə “İran”ın xilasını bir tərəfdən bütünlükdə Qərb mədəniyyətini mənimsəməkdə, digər tərəfdən fars zərdüştülüyünü dirçəltməkdə görürdü. Yəni Axundzadə üçün Qərb mədəniyyəti ideal idi, bu ideala uyğun olaraq da o, din və millət məsələsini həll etməyə çalışmışdır. Bu anlamda o, müsəlman xalqlarının nicatını Qərb-Avropa aydınlarının getdiyi yolu geməklə, yəni ilhaiyyatın tənqidi (əslində isə tamamilə inkarı) və qərbsayağı milli-konstitusiyalı dövlətin qurulmasında görmüşdü.Bizcə, C.Əfqani “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində Suavi, Midhət Paşa, Axundzadəyə yaxın olsa da, ancaq bəzi prinsipial məsələlərdə onlardan fərqli yol tutmuşdur. Həmin prinsipial məsələlərə görə, Əfqanini həm islamçılığa, həm də qərbçiliyə meylli türk müsəlman aydınlardan fərqləndirmək lazım gəlir. Hesab edirik ki, Əfqani Bakıxanovun İslamlıq heyranlığından uzaq olduğu qədər, Axundzadənin də aşırı qərbçiliyini və antiislamlıq mövqeyini qəbul etməmişdir. Əfqani daha çox milliyyətçilik və İslamlıq bütünlüyü ya da “İslam milliyyətçiliyi” ideyasından çıxış etmişdir. Əslində bu yeni bir ideya deyil, yeni bir dini qəbul edən millətin başlanğıc dövrünün təbii təzahürüdür. Belə ki, yeni bir dini qəbul edən millət həmin dinə aid ayinləri, qayda qanunları icra etməklə yanaşı, eyni zamanda uzun müddət milli kimliyini, milli adət-ənənələrini də onunla bərabər yaşadır. Yəni dini dəyərlər və milli dəyərlər əsasən birbirlərinə toxunmadan yanaşı yaşayırlar. Məsələn, millətin milli dili, milli törələri, milli adət-ənənələri dinin təsirinə məruz qalmadığı zamana qədər, ulus öz milli varlığını tapındığı din inancıyla qarışıq salmır. Bir sözlə, milli varlıq bir sütun, dini varlıq isə digər sütundur. Milli varlığın sütunu dildirsə, dini varlığın sütunu etiqaddır. Öncəliklə, Əfqaninin milli varlıq məsələsində dil məsələsinə önəm verməsi daha çox millətin özünü mühafizəsiylə bağlı olmuşdur. Çünki bir millət zaman içində müxtəlif inanclara, dinlərə tapınmaqla milli varlığın itirməsə də, ancaq dil assimliyasiyası onun varlığına son qoya bilər. Necə ki, Qacarlarla Osmanlılar çöküşlərinin son dönəmlərində dindən ya da dini məzhəbçilikdən daha möhkəm yapışdıqları yaxud yapışmağa məcbur olduqları zamanda Türk dili anlaşılmaz hala gəlmiş, birinin Türk dili farslaşmış, digərinin Türk dili isə ərəbləşmişdir. Belə olduğu təqdirdə, həmin dövlələrin əsil qurucuları olan türk xalqları onların çöküşlərinə ya biganə qalmış, ya da zor-xoş bu çöküşləri sürətləndirmək prosesinə qoşulmuşlar.Hesab edirik ki, Əfqani digər çağdaşlarından fərqli olaraq mükəmməl olmasa da, ancaq müəyyən qədər hər hansı millətin həyatında milli varlıq və dini varlıq məsələsini daha aydın görə bilmişdir. Başqa sözlə, milli varlığı inkar edərək hər şeyi dini varlıq ya da ümmətçilik əsasında quran millətin ya da dövlətin aqibətinin yaxşı olmayacağını, gec-tez onun sonunu gətirəcəyini anlamışdır. Bu anlamda Əfqani Osmanlıyla Qacarları da yaxşı bir gələcək gözləmədiyini, ona görə də xilas yolunun ayrı-ayrılıqda İslamlıq ya da milliyyətçilik olmadığını, bəlkə də hər ikisini birbirini inkar edən deyil, birbirini tamamlayan ideyalar kimi yanaşı yaşamasında görmüşdür. Bizcə, Əfqaninin əsasən istədiyi də nə İslamlıq üçün Milliətdən, nə də Milliət üçün İslamlıqdan vaz keçmək olmamışdır. Ancaq indidən o zamana baxanda görürük ki, Osmanlı sultanı Əbdülhəmid xan ya da Qacarlar hökmdarı Nəsraddin şah C.Əfqaninin milli varlıqla dini varlığı yanaşı yaşatması deyil, milli hissləri qabardaraq ümmətçiliyi parçalamasından ehtiyat etmişlərdir. Ola bilsin ki, Osmanlı sultanı da, Qacarlar hökmdarı da o zamanın şərtlərinə görə, eyni zamanda dövləti-imperiyanı qoruyub mühafizə etmək adına haqli idilər. Ancaq Əfqani də Qərbdə baş verənləri yaxşı dərk etdiyi üçün, artıq ümmətçilyin ya da İslamlığın təkbaşına yürüyə bilməyəcəyini, bu anlamda müsəlman xalqları arasında da milliyyətçiliyin yenidən dirçəldilməsini vacib görmüşdür.Ümumiyyətlə, Əfqaninin dinə və milliyyətçiliyə baxışında müəyyən qədər Qərb fəlsəfəsinin təsiri olsa da, bütövlükdə o, millət və din məsələsini şərqli, müsəlman, türk kimi dəyərləndirməyə çalışmışdır. Bu anlamda Əfqaninin davamçıları arasında Ə.Ağaoğlu, M.E.Yurdakul, M.Ə.Rəsulzadə, Ziyaəddin Fəxrəddin kimi müsəlman türk aydınlarının olması təsadüfi olmamışdır. Bu türk müsəlman aydınları Əfqani kimi İslamlığın üstündən xətt çəkərək hər şeyi Qərbləşməkdə görməkdənsə, İslamlıqla Türklük, İslamlıqla Qərbçilik arasında ortaq nöqtələrin tapılmasına çalışmışılar. Ona görə də hesab edirik ki, 19-cu əsrdə “xəstə” İslam dünyası və onun həlli yolları məsələsində nisbətən həqiqətə yaxınlaşan C.Əfqani olmuşdur. Əlbəttə, bu heç də Əfqanini idellaşdırmaq və digər türk müsəlman aydınlarının əməklərini danmaq anlamına gəlməməlidir. Ancaq istər öz mahiyyətindən gəlmiş olsun, istərsə də Qərbin təsiri altında olsun Əfqani 19-cu əsrdə İslamlıq və Türklük məsələsində onların qarşı qarşıya qoyulması deyil, daha çox bütünləşdirici yönündən yanaşmaqla doğru yol tutmuşdur. Bizcə, onun İslamlığı Milliyyətçiliyi, Milliyyətçiliyi isə İslamlığı tamamlamışdır.Faiq Qəzənfəroğlu




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler