Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Teqaüd almaq üçün 5 ay 5 günümün çatmadığını dediler”

24 Ekim 2016

4:52 am


24/10/2016 [08:50]: xeber –
Bir müddət öncə ləğv edilmiş MTN-in keçmiş şöbə rəisi, Qarabağ müharibəsi veteranı, polkovnik-leytenant İlham İsmayılın 59 yaşı tamamlandı. Əslində doğum günü həmsöhbət olmağımız üçün bir bəhanə oldu. Düzdür, çox yaxşı müsahib olaraq hər zaman dəyər verdiyimiz İlham bəylə ad günündən də danışdıq. Ancaq qeyri-ixtiyari ovqatdan ayrılıb ölkənin gündəmindəki aktual məsələlərdən də bəhs etdik, təcrübəli çekistin fikirlərini soruşduq.- İlham bəy, doğum gününüz münasibətilə bir az da şablon, həm də ənənəvi suala cavabınızı istərdim: yaşın bu çağında hansı hissləri keçirirsiniz? Ötən illərə xəyali ekskurs edəndə daha çox nələri düşünürsünüz?- 40 yaşım tamam olanda bir xanım dedi ki, narahat olma, gözəl yaşdır, hər şey hələ qabaqdadır. 19 il keçib bu ürək-dirəkdən, təsəllidən. İndi “5″ rəqəmilə xudahafizləşirəm. Bu beşlə başlayan sonuncu ad günüdür. Təbrik edənlər çox, təsəlli verən yoxdur, çünki ömrün astanasına yaxınlaşıram, bunu təbrik edənlər də bilir. Bu yaşda gələcəkdən çox, arxaya, keçmişimə baxıram. Keçmişim daha işıqlıdır. Bu günüm çətin, gələcək üçün də… xüsusi bir ümidim yoxdur. Ötən illərim enişli-yoxuşlu olub. Mən ağlım kəsəndən ”başını aşağı sal, bir tikə çörəyini qazan” prinsipindən uzaq olmuşam, bilərəkdən ki, aşağı salınmayan baş həmişə ağrıyacaq. Ramiz Rövşənin bir şeirində deyilən kimi, “Bu ölkədə əyilməyən başa daş düşər”. Düşən daşlara öyrəncəliyəm. Ona görə nə keçmişimə, nə bu günümə xüsusi təəssüfüm yoxdur. Detallara təəssüf etmək olur, amma strateji olaraq keçmişimə təəssüf etmirəm. – Amma həyatınızın bəlkə də ən enerjili onilliklərində işsiz qaldığınıza görə yəqin ki, təəssüf edirsiniz. Səhv etmirəmsə, bu “istirahət” 21 ildir davam edir. Ötən müddətdə təcrübəli çekistə geri qayıtmaq təklifi gəldimi heç?- Dediyiniz 21 ilin 11 ilini siyasi fəaliyyətlə məşğul olduğumdan, o illəri işsizlik kimi qəbul etmirəm. Qalan 10 ili işsizəm. İnsan müəyyən dövrdən sonra biliyini, təcrübəsini dövlətinə, vətəninə xidmət etməkdə görməlidir, mən də xidmət etmək istərdim… olmadı. Gözləntim də yoxdur. Təəssüf hissini buna görə keçirirəm. Mən hələ də arzuolunmaz statusundayam. Niyə? İsrail ərəblərlə müharibə ərəfəsində iqtidarda olanlar müxalifətdə olan İsrailin keçmiş baş naziri Ben-Qurionu yaxın ətrafı ilə məsləhətə çağırır, dövlətin çətin günündə bir yerdə olurlar, birgə qərar verirlər, hər kəsə uyğun səlahiyyətlər verilir və İsrail qalib gəlir. Dövlətçilik hissi şəxsi eqolardan üstün olmalıdır. Ölkəmiz zaman-zaman çətin dövrünü yaşayır, bəzən konkret sahələr üzrə problemlər yaşanır. Bax, onda istəyirsən ki, gecə-gündüz işləyəsən, xeyir verəsən. Heç indi də asan günlər yaşamır dövlətimiz, dimdiyində alova su tıkən göyərçin belə olmaq imkanı yoxdur. Mənə heç bir təklif gəlmir və açığı gözləmirəm də, o ümidlə yaşamıram da… – Sizin Gəncəbasar əməliyyatlarında iştirakınız, ərazilərimizin erməni quldurlarından təmizlənməsində göstərdiyiniz fədakarlıq faktdır. Amma bildiyimizə görə, bu vaxtda qədər təqaüd almaq hüququndan da məhrum edilmisiniz. Bu barədə nə deyə bilərsiniz? Hər halda “mükafatlandırma” belə olmamalı idi. – Gəncədə işlədiyim dövr ömrümün qızıl fəslidir. Gəncəbasarın erməni silahlı qüvvələrindən təmizlənməsində fəaliyyətim, dediyiniz kimi faktdır. Təqaüd almağım üçün nazirlik 5 ay 5 günümün çatmadığını bildirdi. Nə deyə bilərəm? Amma normal münasibətlərdə bunu həll etmək mümkündür. Təbii ki, istək olsa. Rəhmətlik Ziya Yusifzadəni 70 yaşında geri çağırdılar, təcrübəsindən istifadə etdilər, 86 yaşınadək işlədi. Yəni dediyiniz problemi həll etmək elə də çətin deyil. Dediyim kimi, əgər istək olsa… – İlham bəy, bilirik ki, sizinçün ən önəmli məsələ Qarabağın işğaldan azad olunmasıdır. İlləri onilliklər əvəz elədi və Çaykənd əməliyyatında iştirak edən 35 yaşlı İlham İsmayılın bu gün yaşı 60-a çatıb. Bu fakt sizə nələrsə deyir yəqin ki… – Aprel döyüşlərində bir anlığa fikirləşdim ki, qismətimdə hələ Qarabağ uğrunda döyüşmək var. Hətta keçmiş Qarabağ döyüşçüləri olaraq tələsik bir yerə toplaşıb ön cəbhəyə getməyi müzakirə də etdik, müraciət də hazırladıq. Bir gündən sonra bu işin görünməyən tərəfləri tədricən bəlli oldu və uzaqbaşı doğma Tərtərə gedib camaatla bir yerdə olmaqla təsəlli tapdıq. Yəni yaşın 60-a çatdığı faktdır, amma son günümdə də Qarabağdan ötrü özümdə təpər taparam. Düşmənə qarşı bu gün özümü elə 35 yaşındakı kimi hiss edirəm. Bu iş yaşa baxmaz, istəyir ön cəbhə olsun, istər arxa cəbhə. Hazıram! – Ölkə prezidenti qapalı danışıqlarda Azərbaycana göstərilən təzyiqlərdən danışandan bir müddət sonra Qarabağ ermənilərinə muxtar respublika statusunu təklif etdi. Ancaq görünən budur ki, Ermənistan bu təklifi ciddi dəyərləndirmək niyyətində deyil və Azərbaycanı “İsgəndər” raketləri ilə təhdid edir. Bundan sonrakı mərhələni necə təsəvvür edirsiniz? – Qarabağ yastığı kimin başının altına qoyulur? ABŞ dövlət katibi Con Kerri ötən günlərdə Qarabağ problemindən danışanda bildirdi ki, Qarabağ problemini yaxın vaxtlara həll etmək mümkün deyil, ona görə ki, tərəflər buna hazır deyil. Rusiya prezidentinin müşaviri Yuri Uşakov da yaxın vaxtlarda Dağlıq Qarabağ probleminin nizamlanmasında nikbinliyə heç bir əsas görmədiyini bəyan etdi. Dövlət katibinin bəyanatı Suriya krizisinin yaşandığı, Üçüncü Dünya müharibəsinin qapı ağzında dayandığı bir vaxtda ABŞ üçün Dağlıq Qarabağ probleminin prioritet olmadığını göstərsə də, unutmadıqlarına və Obama administrasiyasının deyil, növbəti prezidentin hədəfində olacağına işarə idi. Rusiyaya status-kvonun dəyişməz qalması sərf etdiyindən mövqeyini gizlətmədi. “Qərbin təzyiqi” məsələsi ermənilərə geniş təbliğat kompaniyası aparmağa imkan verib. Hər gün erməni mətbuatı beynəlxalq ictimaiyyətin, onun tərəqqipərvər hissəsi Avropanın “Dağlıq Qarabağın müstəqilliyini tanımalısız” tələblərindən və Azərbaycan rəhbərliyinin bunu etiraf etməsindən danışır. Ermənilər guya bizi mat vəziyyətə saldıqlarını bayram edirlər: “ya 4,5 min kv. kilometr Dağlıq Qarabağın müstəqilliyini tanıyın, ya da 12.000 kv.kilometr ərazinin status-kvosu ilə razılaşın” deyirlər. “İsgəndər” raketləri ilə bağlı mövqeyimi mətbuatda bildirmişəm, bu, Rusiyanın Ermənistanın apreldən sonra könlünü almaq və açıq şəkildə strateji olaraq kimi dəstəklədiyini nümayiş etdirməkdir. Bu, “İsgəndər”in ilk dəfə xarici ölkəyə satışıdır. Azərbaycan diplomatiyası çevik addımlar atmaqda, adekvat təsirli tədbirlər görməkdə ləng hərəkət edir. Əslində Azərbaycanın Ermənistana muxtar respublika təklifi ermənilərə deyil, dünya ictimaiyyətinə ünvanlanmışdı. Ermənilərin reaksiyasının necə olacağı əvvəldən məlum idi.“Hakimiyyət Azadlıq meydanında ümummilli tələb xarakterli yüzminlərin və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələrin mitinqini təşkil etməli idi”- Aprel döyüşlərindən sonra Ermənistanda Qarabağla bağlı çeşidli ssenarilər həyata keçirildi, oyunlar oynanıldı. Bununla düşmən ölkə beynəlxalq aləmə sübut etməyə çalışdı ki, ərazi güzəştinə razı deyil, hətta buna görə Rusiyaya qarşı da çıxa bilər. Amma Azərbaycan rəhbərliyi təzyiqlər haqda açıq danışandan sonra da cəmiyyətimizdən ciddi reaksiya gəlmədi. Nə baş verir, axı, biz “canımızdan keçərik, Qarabağdan keçmərik” deyən toplum olmuşuq?- Aprel döyüşləri taktiki baxımdan Ermənistana zərər vursa da, Sərkisyanın hiyləgər, bütün yay boyunca qəbul etdiyi qərarlar onun özünü də, Ermənistanı da xeyli rahatladıb. Apreldən sonra Ermənistanda anti-Rusiya əhval-ruhiyyəsi o həddə çatdı ki, etirazçılar Rusiya bayrağını yandırdılar. Müxalif bir dəstə Sərkisyanın istefası tələbi ilə 17 gün polis bölməsini zəbt edib meydan oxudu. Mətbuatda Qərbə üz tutmağın zamanı yetişdiyini açıq söylədilər. Siyasi ekspertlər Rusiyanın marionetkası olmaqdan imtina etməyi tövsiyə etdilər. Bütün bu prosesləri Rusiya müşahidə edir, Sərkisyan da xüsusi əks-tədbirlər görmürdü. Məqsəd Rusiyaya demək idi ki, bax, xalq yeri gələndə Rusiyanın əleyhinə çıxa bilir və ara qarışsa, diasporun köməyilə Qərbə üz tutula bilər. Üstəgəl, idarəetmə sistemində yeniliklər, yeni hökumətin qurulması, parlament üsul-idarəsinə keçid Sərkisyanın qabaqlayıcı qərarlar qəbul etməsi cəmiyyəti rahatlatdı. Rusiya isə “İsgəndər”i bəxş etməklə – məhz bəxş edib, satmayıb – yenə Ermənistanın strateji müttəfiqi olduğunu sübut etdi. Bizim cəmiyyətimizdən hansı reaksiyanı gözləyirsiniz? Ümumiyyətlə, reaksiya bildirməyin mexanizmi, yolları bağlıdırsa, cəmiyyət sosial şəbəkəiləmi etiraz və ya hansısa reaksiya bildirəcək? Əksinə, hakimiyyət bu reaksiyanı təşkil etməli, Azadlıq meydanında ümummilli tələb xarakterli yüzminlərin və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün qüvvələrin mitinqini təşkil etməli idi. Bunu bütün dünya, o cümlədən  Rusiya görəcəkdi, təbii ki, Ermənistan da. Biz çox passivik…- İlham bəy, keçmiş MTN ətrafında baş verən hadisələrin məntiqi sonluğunu necə görürsünüz? Proseslər eks-nazir Eldar Mahmudovun həbsi ilə bitəcək, yoxsa…- MTN-də baş verənlər kökündən yanlış olan təyinatın məntiqi sonluğu idi. Bu gündən sonra başqa bir məntiqi sonluq gözləməyə dəyməz. Bu o qədər ağır zərbə olub ki, onun düzəlməsi, yoluna qoyulması zaman tələb edir. Görüləsi işlər çoxdur. İctimaiyyətin nəzərində bəraət almaq üçün xeyli iş görmək və nümunə olmaq lazımdır. Dövlətin vacib bir strukturunun öz işi ilə məşğul olmasını hamı praktik şəkildə görməlidir. Eldar Mahmudovun həbsi barədə fikrimi bildirmişəm. Onun tutulması böyük sual altındadır. Bu həbs nəyi dəyişəcək ki? Proseslərin məntiqi sonluğu elə budur.- Son zamanlar qanunvericiliyin sərtləşdirilməsi ilə bağlı davamlı addımlar atılır. Hesab olunur ki, bu, ayrı-ayrı xarici qüvvələrin Azərbaycanda həyata keçirməyə çalışdığı təhlükəli ssenarilərin həyata keçirilməsinə qarşı tədbiridir. Bu, belədirmi? Ölkəmizə ən böyük təhlükə haradan gələ bilər? “Eldar Mahmudovun tutulması böyük sual altındadır; bu həbs nəyi dəyişəcək ki?”- Qanunların sərtliyi təhlükənin qarşısını ala bilməz. Ən ideal qanunların olduğu və o qanunlara əməl edildiyi ölkələr belə terror təhlükəsindən sığrtalanmayıb. Hesab etmirəm ki, qanunların sərtləşdirilməsi hansısa ölkənin məkrli planına qarşıdır. Əksinə, bunu iqtisadi böhranın dərinləşdiyi zamanda daxilə hesablanmış tədbirlər kimi qəbul etmək olar. Ölkəmizə təhlükə həm şimaldan, həm cənubdan var və hər birinin də təzyiq formaları müxtəlifdir.- Referendumdan sonra bir sıra addımların atılması vacib sayılır. Siz ölkədə ilkin olaraq hansı addımların atılmasını zəruri sayırsınız? Məsələn, YAP-dan deyirlər ki, dialoqa ehtiyac yoxdur. Elə isə xüsusi ehtiyac olan nədir, sizcə?- Referendum dialoq üçün keçirilməyib ki. Ona görə YAP-ın mövqeyində təəccüblü heç nə yoxdur. Dialoq vətəndaş həmrəylinin göstəricisidir, bizdə də belə həmrəylik sıfra yaxındır – Qarabağ istisna olmaqla. Amma heç Qarabağ məsələsində də indiyədək dialoq olmayıb. Ehtiyac olan o qədər işlər var ki, sadəcə, buna siyasi iradə lazımdır. Qısaca deyə bilərəm ki, perspektivdə heç bir dialoq görünmür.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler