Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tehsilimiz: Yene de ürekaçmayan statistika…

01 Ekim 2016

9:00 am


01/10/2016 [12:56]: xeber –
Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının növbəti iclasında M.Abbaszadə bildirib ki, buraxılış sinif şagirdlərinin dərsə davamiyyəti ilə bağlı aparılan statistik təhlilin nəticələri göstərir ki, müvafiq ildə I sinfə gedən şagirdlərin təxminən 9 faizinin adları bu il IX siniflərin məlumat bazalarında aşkar edilməyib, yəni onlar icbari təhsildən yayınıblar: “Bu, sosioloji problemdir və onun aradan qaldırılması məqsədilə məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılmalıdır”.Təhsil nazirinin müavini C.Bayramov isə başqa bir statistik təhlilin nəticələrinə diqqət çəkərək deyib ki, bu il məktəbə 1 il və daha artıq gec gedənlərin sayı 10 faiz təşkil edib ki, bu da ürəkaçan rəqəm deyil. Təhsil Nazirliyi bununla bağlı hər hansı təsir mexanizminə təbii ki, malik deyil. Lakin məsələyə ötən illərlə müqayisə prizmasından yanaşsaq görərik ki, müsbət dinamika mövcuddur, yəni belə uşaqların sayı ildən ilə azalır. Ümumiyyətlə, Nazirliyin yanaşması ondan ibarətdir ki, hər hansı bir problem barədə danışdıqda onun dinamikasını müşahidə etmək daha məqsədəuyğundur.Beynəlxalq Müəllimlər Günü ərəfəsində problemi dramatikləşdirmək istəməzdim. Ancaq gəlin görək bu, sosioloji hesab etdiyimiz problemin aradan qaldırılması üçün məktəblərdə, eləcə də valideynlərlə ciddi iş aparılırmı? 10 faiz təşkil edən bu ürəkaçmayan rəqəmə qarşı Təhsil Nazirliyi hər hansı təsir mexanizminə malik deyil deməklə bu işin həllini kimin ödəsinə buraxmaq fikrindəyik?Hər şeydən əvvəl onu qeyd edim ki, icbari təhsildən yayınan uşaqların sayı ilə bağlı statistikaya istər Statistika Komitəsi, istərsə də Təhsil Nazirliyi tərəfindən həmişə qısqanclıqla yanaşılıb. Üzə çıxarılan rəqəm və faizlərdə isə daim ziddiyyətli və fərqli rəqəmlərin şahidi olmuşuq. Dərindən və obyektiv təhlil aparılsa, bu rəqəm daha da yüksək ola bilər. Bununla belə əgər nəzərə alsaq ki, 2008-ci ildə 1-ci sinfə təqribən 140 min uşaq gedib, deməli açıqlanan 9 faiz hesabı ilə götürsək belə onlardan 12 mindən çoxunun 9-cu sinfə çatmadan məktəbdən uzaqlaşdığının şahidi oluruq. Bunu, orta hesabla ayrı-ayrı ilərə vursaq təkcə son illərdə icbari təhsildən yayınan uşaqların sayını müəyyənləşdirmək o qədər da çətin olmaz. Hələ 9-cuların 11sinfə gedib çatmalarına qədər olan iki illik yolda baş verə biləcək itkilər də istisna olunmur.Bir müddət əvvəl Nazir Milayıl Cabbarov belə bir fikir səsləndirmişdi ki, bir çox dövlətlərdə uşaqların təhsilə vaxtında cəlb olunmamasına və təhsildən yayınmaya görə cəzalar nəzərdə tutulur ki, bu cəzalar həm inzibati, bəzi ölkələrdə isə cinayət məcəlləsinin müvafiq maddələrinin pozuntusu kimi hesab edilir.Bununla belə Nazir hesab edir ki, Azərbaycanda tədbirlər belə formada həyata keçirilməli deyil: “Bu məsələdə inzibati tədbirlərə əl atmaqdansa “şüur”un üzərində çalışmaq lazımdır. Başqa sözlə, təhsilin dəyəri olmalı və ölkəmizin hər bir övladının, vətəndaşının təhsil hüququnun müqəddəs konstutision hüququnun olması, onun gələcəyi üçün təhsilin çox mühüm amil olmasını nəzərə almalıyıq. Bu işi istənilən bir məmurun, dövlət qurumunun işi kimi deyil, ümümmilli iş kimi qəbul etməyimiz daha düzgün olardı”.Razılaşaq ki, son dərəcə humanist və ağlabatan mövqedir.Ancaq gəlin görək, “müqəddəslik”, “ümummillilik”, “şüur”un üzərində çalışmaq kimi dəyərlər, digər bu kimi humanist prinsiplər təkcə təhsil üçünmü düşünülüb? Vergi, gömrük, SES, DYP və sadalamağa ehtiyac olmayan digər sistemlərdə inzibati tədbirlərə əl atmaq olar, təhsildə yox? Belə bir faktın adi tərzdə, artıq alışdığımız və elə də ciddiyə almadığımız digər nöqsanlar fonunda, bir növ heç nə baş verməmiş kimi bəyan edilməsi çox maraqlı görünür.Bir vaxtlar indi sakitliklə üstündən keçdiyimiz belə faktlara görə nə qədər məktəb rəhbərlər tutduqları postlardan kənarlaşdırılmışdılar. ÜMH deyilən məktəb hesabatlarında məktəbə gələnlərin və gedənlərin uçotuna arayışlar əsasında ciddi nəzarət olunurdu .İş o həddə çatmışdı ki, müəllimlər hansısa bir uşağın təhsildən kəharda qalması ehtimalından ehtiyatlanaraq JEK adlanan müəssisənin işçiləri ilə bərabər qapı-qapı düşüb məktəbə uşaq cəlb edirdilər. Elə isə nə baş verdi?70 illiyi dünən qeyd olunan şanlı təhsil nazirimiz M.Mərdanovun təhsilin humanistləşdirilməsinə “layiqli töhfələrindən” biri də ondan ibarət oldu ki, Təhsil Nazirliyinin ən aparıcı şobələrindən biri olan “Baş inspeksiya” ləğv olundu, məktəb inspektorlarının statusunda “yenilik” edilərək, onlar “məsləhətçi”yə çevrildi. Yoxlamaya alışan və uyğunlaşan inspektorlar isə özlərini məsləhətçi imicində o qədər də komfortlu hesab etmədilər. Beləliklə, təhsilimiz həm Əli aşından, həm də Vəli aşından məhrum oldu.Bu hələ heç də hamısı deyil. Təhsilə dair normativ aktlarda idarəetmənin tənzimləmə, əlaqələndirmə ilə yanaşı dörd əsas funksiyası vurğulanır: planlaşdırma, təşkiletmə, rəhbərlik və nəzarət. Sabiq nazirimiz “Baş inspeksiya”nı ləğv etməklə həm də təhsilimizi nəzarət funksiyasından məhrum etmiş oldu, Buna görə də nə qədər ki, faktiki olaraq obyektiv nəzarət mexanizmi yaradılmayacaq, təhsilimizdə cəzasızlıq sindromu hökm sürəcək. Nə qədər ki, sadəcə olaraq faktları sadalamaqla kifayənlənəcəyik, belə halların bir daha baş verməyəcəyindən sığortalanmaq mümkün olmayacaq.İndi I sinfə qəbul qaydalarını elə sərtləşdirmişik ki, sanki 6 yaşlı bu uşaq ali məktəbə imtahan verir. Əlbəttə burada maddi təminatsızlıq amilləri də az əhəmiyyətli rol oynamır. Xeyli çoxuşaqlı ailələrin bir neçə övladına eyni zamanda məktəbli geyimi, əlavə tədris vəsaiti almaqda çətinliklərlə üzləşməsi heç kəsə gizli deyil.. Bu və digər səbəblərdən istər ibtidai təhsildən, istərsə də orta təhsildən yayınma halları labüdləşdiyindən ciddi təhlil aparmaqla, konkret əməli tədbirlərin həyata keçirilməsi üzərində düşünmək vaxtı çatıb.Məsələyə münasibət bildirərkən, Nazir MikayılCabbarovun YUNESKO-nun Baş Konfransının 38-ci sessiyası çərçivəsində, təhsil nazirlərinin yüksək səviyyəli görüşündə təhsilin nə dərəcədə əhəmiyyət kəsb etdiyini, bəşəriyyətin üzləşdiyi bir çox problemlərin həlli üçün açar olduğunu diqqətə çatdıran “Təhsilsiz uşaq itirilmış uşaqdır, uşağı itirmək isə gələcəyi itirməkdir“ fikrini bir daha xatırlatmağı özümə borc bildim. Gəlin, gələcəyimiz hesab etdiyimiz uşaqlarımızın heç olmasa bundan sonra da olsa itirilməməsi üçün təhsildən yaynma hallarına qarşı münasibətimizi dəyişək, bu ciddi sosioloji problemə qarşı barışmazlıq mövqeyi nümayiş etdirək.Nadir İsrafilov, təhsil eksperti


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler