Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Teatra tamaşaçı gelmirse, günahım nedir ?” – Xalq artisti Vaqif Şerifov

09 Ağustos 2016

3:00 pm


09/08/2016 [18:45]: xeber –

Demək olar ki, onunla hər gün görüşürəm. Hər gün də
üzündə çox maraqlı bir sevinc duyuram. O, hər zaman zarafatları sevir. Duzlu,
məzəli söhbətlərilə teatrda hər kəsin diqqətini özünə cəlb edə bilir. O,
sənətkardır, sözün əsl mənasında sənət fədaisidir. Böyük bir sənət məktəbi
keçən və həm də özünün sənət məktəbini yarada bilən istedadlı bir rejissordur, Xalq artisti Vaqif Şərifov.Qısa arayış: Vaqif Abdulla oğlu Şərifov 1960-cı ildən teatrda
əmək fəaliyyətinə başlamış, 1967-ci ildə 
Azərbaycan İncəsənət İnstitutunun rejissorluq fakültəsini bitirmişdir.
1967-1974-cü illərdə Gəncə Dövlət Dram Teatrında rejissor, 1974-1977-ci illərdə
Sumqayıt Dövlət Dram Teatrında baş rejissor, 1977-1981-ci illərdə Ağdam Dövlət
Dram Teatrında baş rejissor, 1981-1984-cü illərdə Gəncə Dövlət Dram Teatrında
quruluşçu rejissor, 1984-1998-ci illərdə həmin teatrda direktor və bədii rəhbər
vəzifəsində çalışmışdır. Müxtəlif illərdə Nazim Hikmətin “Demoklsın qılıncı”,
Hüseyn Cavidin “Maral”, Cəfər Cabbarlının “Almaz”, “Yaşar”, A.Baranqanın “İctimai
rəy”, Y.Saloviçin “Qəribə dilənçi”, Altay Məmmədovun “Dəli Domrul”,  Anarın “Şəhərin yay günləri”, Mirzə
Fətəli Axundzadənin “Qanun dəllalı”, H.Mirəlimovun “Vicdanın hökmü”, Elçinin
“Qatil”,  Süleyman Sani Axundovun “Eşq və
intiqam”, İsmayıl Şıxlının “Dəli Kür”, Orxan Kamalın “Yad qızı”, Nüşabə
Məmmədlinin “Unutmaq istəyirəm”, Fəridə Əlyarbəylinin “Xan qızı” və s.
pyeslərinə quruluşlar vermişdir. Azərbaycan teatrlarında 120-dən artıq
tamaşalara səhnə həyatı bəxş etmişdir. Azərbaycan Teatr Xadimləri İttifaqının
üzvüdür. “Qanun dəllalı” tamaşasının quruluşuna görə “Qızıl Dərviş” mükafatına
layiq görülmüşdür. 25 iyun  2013-cü ildə
“Tərəqqi” medalı ilə təltif edilmiş, 13 fevral 2014-cü ildə isə xalq artisti
fəxri adına layiq görülmüşdür. – Vaqif müəllim xoş gördük. Necəsiz ?- Babat.- Uzun illərdir bu sənətdəsiniz, teatr aləmindəsiniz və rejissor kimi
çalışırsınız. Teatrda Vaqif Şərifov bir sənətkar rejissor olaraq özünü tapa
bildimi ?   – Mən
artıq 56 ildir teatrda işləyirəm. Özünü tapmaq deyəndə bu sənət elədir ki,
istər-istəməz ömrünün axırına kimi axtarışda olursan. Yəni bu axtarışda bir
sonsuzluğa gedir, tamamlanması mümkün deyil. Ona görə də bir az özünü tapmaq
söhbəti çətin məsələdir. Əgər sənət yolundasansa, axtarışdasansa özünü tapa
bilməzsən. Axtarırsan, maneələrə, çətinliklərə rast gəlirsən, daş-kəsəkli
yollar keçirsən, yaxşı işində olur, bərbat işində. Baxmayaraq ki, dövlət
teatrlarında 120-yə yaxın tamaşaya quruluş vermişəm. Bu o demək deyil ki,
haması yüksək səviyyədə qurulan tamaşalar olub. Əlbəttə yenə də bu tamaşaların
hər birində axtarışda olmuşam. Hələ də mən özümü tapmamışam. Deyə bilmərəm ki,
özümü tapmışam və yüksək səviyyədə zirvəyə qalxmışam. Mənə belə gəlir ki, bu
sözü heç kəs belə deyə bilməz. Bu baxımdan axtarışdayam və ömrümün sonunadək də
yəqin ki, axtarışda olacam.- Vaqif müəllim bir çox teatrlarda tamaşalara quruluşlar vermisiz. Xüsusi
olaraq Ağdam, Sumqayıt və Gəncə Dövlət Dram teatrlarının adlarını qeyd etmək
istəyirəm. Ümumiyyətlə bir rejissor olaraq tamaşalarımızın bu günki səviyyəsi
müasir teatrımızda tamaşaçı auditoriyasını qane edə bilirmi ?-  Bilirsiz, çətin yoldayıq bu saat. İlk sualınızın davamı olaraq demək
istəyirəm ki, yaradıcı insanların hamısı bu dəqiqə axtarışdadır. O cümlədən
müasir gənclik. Güclü bir rejissor nəsli yetişməkdədir və bizim davamçılarımız
var. Çox maraqlı bir rejissor ifa forması meydana çıxır. Deyim ki, 60-cı
illərdə bir qrup rejissor nəsli  bu sənət
aləminə gəldi. Vəli Babayev, Zülfüqar Abbasov, Ziyafət Abbasov, Namiq Quliyev,
Lauza Rəsulova, Aişə Dibirova, Rafik Atakişiyev və başqaları. Əlbəttə o
zamanlar Azərbaycan səhnəsində Mehdi Məmmədov, Nəsir Sadıqzadə, Tofik Kazımov
kimi korifey sənətkarlarımız, novator rejissorlarımız var idi. Ancaq o dövrdə
biz gəldik və teatrda müəyyən dəyişikliklər etdik. Nə idi bu dəyişikliklər ?
1965-67-ci illərdə mövcud olan teatrın ön pərdəsini ləğv etdik, tamamilə
götürdük. Səhnə tərtibatında isə qapı və pəncərə anlayışını aradan qaldırdıq.
Buna görə də hər zaman yaşlı nəslin nümayəndələri olan aktyorlarımız tərəfindən
qınanılırdıq. Məsələn, mənim ən sevdiyim aktyor, xalq artisti Ələddin Abbasov
bu yeniliklərlə heç vəclə barışa bilmirdi, bunları qəbul etmirdi. Deyirdi ki;
“Görmüşük teatrın pərdəsi olar. Pərdə acılanda tərtibata tamaşaçı əl çalar.
İndi pərdəni aradan götürmüsünüz, tərtibat verirsiniz evin də nə pəncərəsi var,
nə də ki, qapısı. Bu necə olan bir işdir?!” O dövrdə qocaman aktyorlarımız bu
baxımdan bir qədər narahat idilər. İndi artıq elə bir dövr gəlib ki, biz
yaşlanmışıq. Bu gün davamçılarımız olan gənc rejissorların səhnə
traktofkalarına, rəssamlarla birgə işlərinə baxıram, inanın mənə səhnəyə və
bütün tərtibata yaxşı mənada paxıllığım tutur. Deyim ki, sizə bu rejissor
yozumu məni inandırır. Yəni bu yeni bir axtarışdır. Ancaq bu harada
tamamlanacaq bilinmir. Bu günkü müasir rejissor işi sözün əsl mənasında məni
özünə cəlb edir, inandırır. Gənc rejissorların işi və tapıntısından da
məmnunam. Bu gün sizə deyə bilərəm ki, teatrımızda baş rejissor kimi fəaliyyət
göstərən İradə Gözəlova düşündürücü, maraqlı səhnə traktofkaları ilə tamaşalar
hazırlayır. Məni qane edir, mən bu tamaşalardan zövq alıram. Onun bu teatrın
səhnəsində ilk quruluşu olan İlyas Əfəndiyevin “Qəribə oğlan” pyesinin
tamaşasını açığı bəyənməmişdim. Ancaq sonradan digər tamaşalarına baxdıqda
gördüm ki, yox İradə qeyri-adi bir rejissordur. Əlbəttə, bu gün rejissor kimi
gələnlərin hamısı da belə deyil, ancaq əksəriyyəti istedadlı gənclərdir.- Vaqif
müəllim, bu gün dövrümüz tamamilə başqalaşıbdır. Yəni texnika əsri, internetin
geniş bir vüsət aldığı zamanda yaşayırıq. Bəlkə də deyərdim ki, canlı olan bir
teatr bu günün tələbləri qarşısında acizdir. Bütün bunlara rəğmən tamaşaçı
duyumunu özündə saxlamaqla teatrlarımız repertuarını necə təşkil etməlidir ?- Bu
bir reallıqdır və bilirsiz ki, əvvəlki dövrlərdə olduğu kimi tamaşaçını heç
cürə teatra qaytara bilmirik. Sözsüz ki, 20-25 il bundan qabaqkı tamaşaçı axını
yoxdur. Bunun da səbəbini hamımız çox yaxşı bilirik. Təəssüf ki, bu gün
televiziyalarda bayağı və yüngül formada tamaşalar göstərilir və tamaşaçılar
buna baxır. Bu gün Coşqun və Rəfaelin səhnədəki ifasına mən də maraqla baxıram,
qardaş. Tamaşaçı təlabatı bu gün nədənsə bu səpgili oyunlaradır. Ancaq vaxt və
dövr olub ki, bu teatra axın olubdur. Təbii ki, burada həm də televiziyaların
böyük rolu var. Çünki evimdə artıq 300-400 kanala baxmaq imkanım var və teatr
mənim evimə gəlib. Bütün bunların çox böyük təsiri var. Bu gün məcburuq
tamaşaçının dalınca qaçmağa. Müxtəlif yollarla tamaşaçını teatrlarımız üçün
bərpa etməliyik. Vaxtı ilə Gəncə Dövlət Dram teatrının elə müharibənin qızğın
vaxtında belə tamaşaçısı olub. Küsülülər gəlib bu foedə barışıblar.
Xatırlayıram ki, hətta atlılar dayanırdı teatrın qabağında tamaşalarımız üçün
növbələr saxlayırdı. Bu cür axın vardı. Biz tamaşa hazırlamışdıq, Orxan Kamalın
“Yad qızı” pyesini. Hər tamaşaya böyük axın vardı. Hətta evdə tamaşaçı
zənglərindən otura bilmirdik. Bu gün teatrlara tamaşaçı axınının olmaması bütün
hər yerdə mövcuddur. Xatırlayıram ki, Moskvada hətta mən təkmilləşmə kursuna
getməzdən bir ay qabaq orada olan müxtəlif teatrlara bilet sifarişi edirdim.
Ancaq bu gün elə getsək çox rahat şəkildə orada da istənilən teatrın tamaşasına
bileti tapa biləcik. Yəni bilirsiz dövr və zaman, təlabat dəyişib. Məgər bu gün
bizim pis tamaşalarımız var? Çox gözəl tamaşalarımız var. İradə Gözəlova kimi
bir rejissorun tamaşalarına baxırsan ləzzət alırsan. Ancaq zala baxırsan
tamaşaçı yoxdur. Çox böyük bir dərdimizdir.- Vaqif müəllim, necə bilirsiz bu gün qapalı teatrlardan daha çox meydan
teatrlarına, meydan tamaşalarına ehtiyac varmı ?- Bu
ənənə Gəncədə davam edir. Bilirsiz, şəhər tədbirlərinin quruluşçu rejissoru
adətən mən oluram. Bu gün meydan tamaşaları dedikdə belədir ki, yolla bir nəfər
keçir və baxır ki, tədbir var, məcburən dayanıb baxır. Ancaq yadınıza gəlirsə,
1988-1990-cı illərdə meydanlarda mitinqlər gedirdi. O zamanlar sanki teatrın
bir qismi meydana köçmüşdü. Bir dənə cəsarətli söz o dövr üçün kifayət idi. O
dövrlərdə senzura vardı. Məsələn, xatırlayıram, Fəridə Əlyarbəylinin “Qonşular”
pyesini oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlnmişdi. Pyesdə fikir
səslənirdi ki, uşaqlıqda oğurluq üstə yatıb indi polis rəisidir və ya rüşvət
alan təhsil şöbəsinin müdiridir. Bu kimi fikirlərə görə o dövrlərdə senzura
bizə qan uddururdu. Ancaq sonradan artıq bu kimi fikirlər başladı meydan
hərakatında açıq-aşkar söylənilməyə. Artıq bu gün müstəqil məmləkətimizdə
senzura yox, nə istəyirsənsə yazıb səhnəyə gətirmək mümkündür. Mövzu qıtlığı
tamamilə yoxdur. Niyə mövzu qıtlığı olsun ki? Bu boyda Qarabağımız əldən gedib.
Bəyəm qıtlıqdır? Mövzudur da. Özü də lazımlı, kifayət qədər orjinal bir mövzu.
Bu mövzu bəsit mövzudur bəyəm? Yazın da, qardaş. Sadəcə olaraq nə tutarlı bir
formada yazan var, nə də ki, bu barədə düşünən. Bilirsiz ki, Gəncə teatrı hər
zaman yerli dramaturqlarla mütəmadi olaraq işləyib. Bu teatrın öz dramaturq
yetişdirmələri olub. Altay Məmmədov, Qərib Mehdiyev, Fəridə Əlyarbəyli, Nüşabə
Məmmədli, Xəzangül, Sahib İbrahimli, Aydın Murovdağlı və.s. Ancaq təəssüf olsun
ki, bu gün yazar da azdır.- Vaqif müəllim, meydan tamaşalarından söhbət düşmüşkən istərdim ki,
bir az da ötən 80-ci illərdə Gəncə Dövlət Dram teatrının bir parçası olan
Nizami Poeziya teatrından danışaq. Gəncəmiz üçün çox böyük önəm daşıyırdı bu
teatr. Hətta bu teatrın yaranmasında, formalaşmasında mərhum Altay Məmmədovun
çox böyük rolu vardı. Bu gün Nizami Poeziya teatrının Gəncədə fəaliyyətsiz
qalması nə dərəcədə doğrudur ?  – Mən
qorxmadan, cəsarətlə demək istəyirəm ki, bu bizim səhvimizdir. Nizami Poeziya
teatrı bu gün Gəncə Dövlət Dram teatrının nəzdində fəaliyyət göstərir. Sadəcə
olaraq biz o teatrı bu gün tam şəkildə işlədə bilmirik. Çox əfsuslar olsun. Bu
teatr Gəncədə işləməlidir. Nizami Poeziya teatrı Gəncəyə deyərdim ki, hava-su
kimi gərəklidir. Nəyinki Gəncəyə bütün respublikamıza lazımdır. Unikal, əvəzsiz
bir teatr formasıdır. Belə bir teatr dünyanın heç bir yerində yoxdur. Bu
teatrın repertuarı hətta imkan verir ki, dünyanın istənilən nöqtəsində tamaşa
göstərmək imkanından yararlana biləsən. Yəni istənilən bir xarici ölkənin
tarixi bir binasının qarşısında, açıq havada tamaşaları nümayiş etdirmək
mümkündür. Bu yeni bir tapıntı, yeni bir forma idi. Bilirsiz ki, bu teatrın tamaşaları
fonaqramma ilə oynanılırdı. O zamanlar da bu teatra böyük maraq vardı. Hətta
gələn qonaqlar belə bu tamaşalara həsədlə baxırdılar. Burada bir maraqlı
cəhətdə vardı ki, Poeziya teatrının hər gecə tamaşaçısı vardı. Yenə də açıq
hava altında orada tamaşa hazırlasaq tamaşaçı olacaq. Bu gün buna yenə də
ehtiyac duyuram. İndi şəhər rəhbərliyinin göstərişi ilə Aydın Murovdağlı
Gəncənin tarixini özündə əks etdirən, böyük bir səlnamə, maraqlı bir meydan
tamaşası üçün pyes yazır. Bu ilin sentyabr ayına mən yenə də onu
hazırlamalıyam. Çox ağır bir işdir. Bildirmək istəyirəm ki, şəhərimizin bütün
mədəniyyət ocaqları bu işə cəlb edilməklə müştərək bir maraqlı meydan tamaşası
hazırlanacaq. 300-400 nəfərə yaxın iştirakçının olacağı planlaşdırılır. Son
tamamlanma işləri gedir və güman edirəm ki, maraqlı bir iş ərsəyə gətirə
biləcəyik.- Adətən rejissorların bir dəsti-xətti olur. Bir qrup rejissorlar dram
janrında işləməyi, bir qrupu komediya janrında və bir qrupu da ancaq faciə
janrında işləməyə daha çox üstünlük verirlər. Vaqif Şərifov isə bu janrların
hər birində rejissor olaraq özünü göstərə bilib və səhnə traktofkası
bir-birinin sanki davamı kimi təqdim olunub. Bu quruluşlar bir-birinin təkrarı
deyil, əksinə hər zaman yeni bir fikir görünməkdədir. Bu gün hansı səpgidə daha
çox tamaşaların hazırlanmasına ehtiyac var ki, tamaşaçını teatra cəlb etmək
mümkün olsun ?- Ümumiyyətlə mən psixoloji hisslərə təsir edən pyeslərə müraciət etməyi
daha çox sevirəm. Daxilimdə də buna daha çox ehtiyac duyuram. Bununla yanaşı
pyeslərdə daha çox obrazların sayının daha az olmasını istəyirəm. Səbəbdə budur
ki, personajları çox olan psixoloji pyeslərə tamaşaçılar çətin baxır. Ancaq az
personajlı pyeslər maraqla izlənilir. Bilirsiz, psixoloji pyeslər, insan taleyi
ilə bağlı olan əsərlər hər zaman baxılır. Deyim ki, bu gün Gəncə teatrında bu
səpgidə işləmək istəyən həm də aktyorlarımız çoxluq təşkil edir. Bu səpgidə
pyeslərin işlənməsinə daha çox üstünlük verirəm.- Vaqif müəllim, bu gün yox ki, respublikamızda ixtisaslı kadrlar
yetişmir, kifayət qədər yetişir. Sadəcə olaraq təəssüflər olsun ki, regionlara
kadrların gəlişi böyük bir problemə çevrilib. Demək olar ki, yox
səviyyəsindədir. Bu gün region teatrlarında olan teatr studiyalarına gəncləri
cəlb etməklə yeni kadr potensialının yetişməsinə çalışılır. Vaxtı ilə qocaman
sənətkarlarımız gənclərin əlindən tutub səhnəyə, sənətə gətirirdi. Bu gün
gənclərin də teatra gəlişi çox böyük sual altındadır. Min bir əziyyətlə cəlb
olunan gənclər isə təəssüf ki, burada bir çox çətinlikləri, əsas da maddi
çətinlikləri görüb bir müddətdən sonra səhnədən uzaqlaşmalı olurlar. Bu gün
kadr potensialının çatışmazlığı fonunda teatrlarımızın sonu necə görünür ?- Bilirsiz, necədir? Əvvəllər bizim İncəsənət Universiteti ildə iyirmiyə
yaxın aktyor ixtisası üzrə kadr yetişdiridi. Bu kadrlar da məcburi olaraq
təyinatla gedirdilər respublikamızda fəaliyyət göstərən bütün teatrlara. Bu
təyinatla da bu gənc heyyət bütün təminatlarla təmin olunurdular. Bu gün
təəssüf olsun ki, məcburi təyinat məsələsi ləğv olunub. Bu gün İncəsənət
Universiteti yenə də həmin kadr potensialını kifayət qədər yetişdirir. Təəssüf
olsun ki, universiteti bitirən gənc kadrların biri də regionlara qayıtmır. Bu
həm də elə Gəncəyə də aiddir. Mənim bu teatrda yetişdirdiyim neçə-neçə belə
gənc aktyorlarımız vardı ki, universitet illərindən sonra Gəncəyə qayıtmadılar.
Sadəcə olaraq paytaxt teatrlarına üz tutmağın da bir məqsədi var. Burada təbii
ki, daha tez tanınmaq və sözün həqiqi mənasında daha yaxşı pul qazanmaq imkanı
əsas amildir. Ancaq bir sual yaranır. Bu ixtisasa yiyələnən hər kəs paytaxt
teatrlarında çalışa bilirmi? Əsla yox. Hər kəs də bu paytaxt teatrlarının
səhnəsini görə bilmir. Bəs nə edirlər? Sadəcə olaraq el şənliklərində kloun və
ya müəyyən əyləncəli proqramlarda iştirak etməklə gündəlik maddi təlabatlarını
ödəməklə məşğul olurlar. Bununla da əsl sənət qalır kənarda. İndi bu problemin
həllini hər bir region teatrı öz gücü hesabına yaratmış olduğu teatr
studiyaları hesabına həll etməyə çalışır. Hər halda bu studiyalara hər mövsümdə
15-20 nəfər gənc yığılır və onların içərisindən 2-3 nəfər yetişə bilir. Bu gün
faktiki olaraq region teatrlarında olan gənc aktyor heyyətinin əksəriyyəti məhz
bu cür cəlb olunan gənclərdir. Əlbəttə ki, 
bu hal təqdirə layiqdir. Ancaq deyim ki, bu da bizim üçün bir dəqiq yol
deyil ki, bununla kifayətlənə bilək. Sözsüz ki, taetrlarımız üçün hər zaman ali
təhsilli kadr potensiyalına böyük ehtiyac var və lazımdır.- Vaqif müəllim, olubmu ki, istədiyiniz bir pyesi hazırlaya bilməmisiniz
?  Obyektiv və ya subyektiv səbəblərdən.- Bilirsiz, insanda həvəs ölür. Mən bu gün görürəm ki, premyera verirəm,
aktyor oynayır, ancaq zalda tamaşaçı yoxdur. Biz dayanıb tamaşaçı gözləyiriksə,
aktyor və ya rejissor nə etməlidir? Mənim üçün bu çox ağırdır. Günahım nədir
ki? İstəyirəm ki, zal tamaşaçı ilə dolu olsun. Əfsuslar olsun ki, yoxdur. Bu
təkcə Gəncə ilə bağlı deyil. Bu bütün regionlarda belədir. Bu halda nə aktyor,
nə də ki, rejissor günahkar deyil. Bu gün görürəm ki, zal boşdur, tamaşaçı
yoxdur təbii ki, bunların hamısı mənə təsir edir. Tamaşaçı gülüşündən və
alqışından məhrum olmuşuq. Ona görə də həvəs ölür. Mən bəyəm bir premyera üçün
tamaşa hazırlamalıyam? Ya da ki, bir və ya iki tamaşa üçünmü? Sözsüz ki, bu
kimi hal teatr rəhbərliyinin və ya yaradıcı kollektivin günahı üzündən deyil.
Bu ümumi bir bəladır. Bu axında hara qədər gedirik bilinmir. Biz bu sənətin
fədailəriyik. Tamaşaçısız teatrı təssəvvür belə edə bilmirəm. Buna baxmayaraq
yenə də yeni tamaşaların hazırlanmasına maraqlıyam. İndi yeni bir pyes üzərində
Əli Əmirlinin “ 20 ildən sonra ” pyesinin məşqlərinə başlamışam.sayt Anar Bürcəliyev, teatrşünas

        


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler