Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Tarın ürek çırpıntıları

09 Eylül 2016

11:28 am


09/09/2016 [15:27]: xeber –
Söz düşündürməklə bərabər, həm də reaksiya, cavab tələb edir. Hətta düşüncədə olsa, belə. Musiqi isə insanı ən gərgin, narahat anında da onu halından çıxarıb öz aləminə aparır. Ovqatını dəyişir. Ovsunlayır. Daxili, ruhi bir oxşarlıq yaranır. Sanki özün o məqamı gözləyirmiş kimi, axtardığını tapıb onun arxasınca gedirsən.Şərqdə musiqi alətləri ilə müalicədən danışarkən tarda çalınan musiqinin ətirli zəfəran təsiri bağışladığını, baş ağrısını, yuxusuzluğu, mеlanxoliyanı aradan qaldırdığını söyləyirlər. Tarda ifa еdilən mеlodiyalar insanda sakit, fəlsəfi əhval-ruhiyyə yaradır, həyat barədə düşünməyə vadar еdir. Təntənəli musiqi sakit və gümrah əhval-ruhiyyə əmələ gətirirsə, minorda səslənən musiqi insanı passivləşdirir və yuxuya aparır.                                                             Gülağa müəllimin çalğısında (ifasında) qəribə bir yanğı vardı. Ağrının. Həsrətin. Sevginin yanğısı. O tarı sinəsinə sıxanda adama elə gəlirdi ki, musiqi sona çatmamış ya tarın, ya onun, ya da musiqinin öz aləminə alıb apardığı adamın simləri qırılacaq. Çünki buna qulaq asmağa əlavə bir ürək lazımdı. Buna bir ürək tab gətirə bilməz. Bütün bu ağrını, yanğını içindən keçirən tarın dözümünə də məəttəl qalırsan. Gülağa müəllimin tarı da canlı idı. Cansız belə səs çıxara bilməzdi.Tardan qopan, süzülən ağrı Gülağa müəllimin düz ürəyinə tökülürdü. O da bu dərdi, yanğını tar qarışıq sinəsinə sıxırdı. Əzizləyirdi. Bala dərdi kimi. Bu həsrət qarışıq yanğının səsi onu dinləyənə bu qədər təsir edirdisə, gör Gülağa müəllimin özü nələr çəkirdi. Tar onun iç dünyasındakı dərdin, həsrətin səsini çıxarırdı. O, hər dəfə tarı qabına qoyub, əl dəyməz bir yerdə yerləşdirəndə həsrət havanın soyuğu onu vururdu. Uçulmuş, sökülmüş evlərin niğaran pıçıltıları ürəyini göynədirdi. O tarla Şuşanı məhəllə-məhəllə gəzirdi. Öz könlünü ovuda bilməsə də sinəsinə basdığı tarın könlünü almaq, çalxalayıb yatırtmaq istəyirdi. Çünki tarın da ayrılıqdan nələr çəkdiyinin fərqindəydi.İlk baxışdan bu iri, enlikürək adamın belə kövrək olmasına adamın inanmağı gəlmirdi. Yanaşmasında bəzən doğmalıqdan doğan sərt qınaq vardı bu gözəl, etibarlı dostda. Adama da musiqiyə olan həssaslığı ilə yanaşırdı. O özüylə Bakıya Şuşanın səmimiliyini, doğmalığını, saflığını gətirmişdi. Bir də özündə daşıdığı Şuşanın həyatını, musiqisini. Əsl Şuşalıydı. Sona qədər də Şuşalı olaraq qaldı. Musiqi onun həyatıydı. Musiqiçi ailəsində doğulmuşdu. Konservatoriya təhsili almışdı. Şuşalıydı.Musiqidə səhvi bağışlamazdı. Musiqi onunçün müqəddəs idi. Toxunulmaz idı.Tələbələrinə musiqini, tarın sirlərini sevə-sevə öyrədirdi. Tələbələrinin sevimlisi idi. Hər dəfə Gülağa müəllimin ifasını dinlədikcə, musiqinin sehrinə düşüb Qarabağa gedirsən. Mizrabın zərbindən titrəyən, coşan döyüntülərin səsi səni Cıdır düzünə qalxan yolun son pilləkənlərində saxlayır. Sanki o məqamda mizrab simə dəydikcə addımlarını möhkəm-möhkəm eyni yerə döyürsən. Pillələri qalxa bilmirsən. Ürəyin çırpınır. Dözə bilmirsən. Əgər dözürsənsə bu sənin gücünün müqabilində deyil; bu başqa bir gücdü. Bu səni yaşatmaq, xoş günləri təzədən görmək istəyi ilə səni ovudan ümidin, gümanın gücüdü. Ona da dözməyə ürək lazımdı. Bu həssas qəlblərin, kövrək ürəklərin işi deyil. Gülağa Zeynalovun böyük ürəklə, şövqlə ifa etdiyi muğamları, mahnıları dinlədikcə, tara sevgilisi kimi sarılmış iri cüssəli, uşaq qədər kövrək, həssas adamın bu yanğıya sonacan necə tab gətirəsəyi haqda düşünürsən. Gülağa müəllim tarın simlərində danışırdı. Çağırış edirdi. Oxudurdu tarı.Onun “Bu gecə”si adamı gecənin içində azdırır. Bilmirsən qaranlığın sonsuzluğudumu, ya musiqinin sehridirmi səni alıb aparan. Hər şey biri-birinə qarışır. Həyatla ölüm kimi. Sən də Gülağa müəllim kimi gözlərini yumub öz içində pərdə-pərdə gəzirsən. Gəzişirsən. Musiqi qurtaranda sanki cazibə ipləri üzülür. Göydən – başqa bir aləmdən ayrılıb, qopub yerə düşürsən.  Mədəniyyət və İncəsənət Universitetində “İnstrumental ifaçılıq” kafedrasının müdiri, dosent, tarzən Gülağa Zeynalov, eyni zamanda yaxşı təşkilatçı idi. Musiqili-ədəbi gecələr təşkil edirdi. Onun təşəbbüsü ilə keçirilən sonuncu “Sevgi alacaq səni, atacaq səni… “  Musiqili-ədəbi gecə orda iştirak edənlərin yaddaşına əbədi həkk olundu. Heç kəs tədbirin qurtarmasını, sonunclanmasını istəmirdi. Sözlə musiqinin vəhdətindən yaranan əfsanəvi bir gecə idi. Üç dostun, üç həmkarın: bədii qiraət ustaları, gözəl sənətkarlar – Məleykə Alıqızı, Azad Şükürovun sözünün sehri ilə Gülağa Zeynalovun tarının ifası salonu dənizə çevirmişdi. Musiqi öz həzin dalğasıyla sözü salon boyu aparıb gətirirdi. Sükutun içindən gələn səs adamı sehrli bir aləmə aparırdı; Sən, Aylı gecə, sözlə musiqinin yaratdığı sakit dənizin könül oxşayan həzin pıçıltıları… Çox heyflər ki, Gülağa müəllim o yaşamalı gecələri özüylə apardı. Narahat gedənləri əbədi yatırtmaq, gecələri cənnətə çevirmək üçün.Yuxularındakı Şuşanın “nə vaxtadək məni ovutmağa çalışacaqsan. Gəlib çıxmaq bilmirsən. Daha bu ayrılığa, əzaba, yoxluğa gözə bilmirəm” sözlərinə tab gətirə bilmədi. Bu acıdan, tənədən yoruldu. Gecələr onu rahat buraxmayan xatirələr onu öz qoynuna alıb apardı. Hər gecə onu Şuşaya aparan yuxu bu dəfə geri qayıtmadı. Şuşanın dolanbaclarında qaldı. Qalaya girib bir daha ordan çıxmaq istəmədi. Bu da bir həqiqətdir ki, Gülağa müəllimin özü də Şuşasız yaşamaq istəmirdi.O gecə ağlaşma səsinə ayılan tar o barmaqların daha ona toxunmayacağını, kimsənin onu o istədiyi kimi səsləndirməyəcəyini, danışdırmayacağını duyub öz qabına bu dəfə tabutuna sığınan kimi çığındı. Əvvəlcə mizrab sürüşüb düşdü. Sonra tar özü kökdən düşdü. Soyuqladı tar. Səsi tutuldu. Özünü bir az da içəri yığdı. Tarın da ruhu sahibinki kimi Şuşaya köçdü. Uzaqdan, Cıdır düzündən bir segah səsi gəlir. Şuşanın, Qarabağın həsrəti, yanğısı qarışıq.Tarının ondan ayrı düşməsini duyurmuş kimi ona bu dəfə həmişəkindən daha yanğılı bir layla çalıb, onu son kərə yırğalayıb, sinəsinə basıb yatırtdı. Elə özünü də…Gülağa müəllim hər dəfə tarı sinəsinə sıxanda gözlərini yumub öz aləminə qapılırdı. Musiqi bitirdi. Hamı o gözlərin açılmasını gözləyirdi. Heç kəs onu aləmindən ayırmaq istəmirdi. Gözlər açılırdı. Və alqış sədaları salonu bürüyürdü. Indi də musiqisevərlər, dostlar yatmış sənətkarın gözlərinin açılmasını, ayılmasını gözləyir. Göz yaşlarını silib, onu öz sehrinə salmış gözəl tarzəni alqışlamaq üçün…  Böyük sənətkar. Gözəl insan. Sənin ifaların indi də canlıdı. Sənin kimi.Sənsizlik notlarında…                  Rəfail Tağızadə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler