Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Siyavuş Novruzov: “Azerbaycana heç bir dövlet sanksiya tetbiq ede bilmez”

20 Ağustos 2016

6:56 am


20/08/2016 [10:52]: xeber –
Azərbaycandakı son həbslərdən sonra ABŞ və Böyük Britaniyadan müxtəlif reaksiyalar gəldi. Xeyli müddətdir sükuta dalmış Qərb paytaxtlarının mövqeyində baş verənlərdən narahatlıq ifadə olundu. Elə YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovdan gündəmi əhatə edən söhbətimizdə əvvəlcə bu barədə soruşduq.- Siyavuş bəy, Azərbaycandakı həbslər və sentyabrdakı referendum arasında əlaqənin olduğu barədə iddialara sizin münasibətiniz necədir?- Qəti şəkildə belə bir əlaqə yoxdur. Onların bəyanatında da göstərilir ki, guya referendum ərəfəsində belə bir addımın atılması məqsədəuyğun deyil. Yenə də bəzi dairələr, Azərbaycanda ictimai-siyasi vəziyyəti qarışdırmağa çalışan, erməni lobbisinə xidmət edən qüvvələr var, onların vasitəsilə qrant alanlar, o qrantları müxtəlif siyasi partiyalara çatdıranlar var. Yəni məqsəd həmin partiyalara maliyyə dəstəyinin verilməsi və onların mətbuat orqanlarının çapına kömək etməkdir. Buna görə də QHT-lər yaradılır və onların vasitəsilə qrantlar verilir. Həbslərə gəldikdə, ortada vergidən yayınma faktı var. ABŞ-ın özündə ən böyük cinayət vergidən yayınmadır, təxminən elə adam öldürməklə eyni səviyyədə ölçülür. Çünki bununla vətəndaşın sosial təminatına qəsd edirsən. Azərbaycanda 3 mindən artıq QHT fəaliyyət göstərir, dövlət dəstəyi var. Amma onlardan şəffaflıq tələb olunur. Şəffaflığın tələb olunması da ordan irəli gəlir ki, hər hansı dairənin, xarici kəşfiyyat orqanının marağı bu ölkədə həyata keçirilməsin. Qardaş Türkiyədəki 15 iyul hadisələri zamanı şahidi olduq ki, başqa maraqlı dairələr orada dövlətin sütunlarına zərbə endirməyə, hətta dövlət çevrilişi həyata keçirməyə yönəlik addım atdılar. Bu kimi məsələlərin qarşısının alınması üçün əlbəttə ki, dövlət həmişə şəffaflığın tərəfdarıdır. Dövlət müəyyənləşdirməlidir ki, hansı təşkilat haradan qrant alır və əvəzində hansı proqramı yerinə yetirir. Bu, birinci ordan irəli gəlir ki, o qrant verən təşkilat ilk növbədə özü korrupsiyaya uğrayıb və verilən qrantın böyük hissəsini özü mənimsəyib. Bu yaxınlarda elə sizin qəzetdə müsahibəsi də getdi, İsveçrəyə qaçan, arvad paltarında səfirliyə girən şəxs özü utanmadan özü dedi ki, elə bəzənmişdim, hətta anam da məni tanımazdı…240 min dolları vergidən yayındırmışdı. Çox sevincək halda da deyir ki, mənim böyük dostlarım 140 mini ödədilər və mən bunu Azərbaycan dövlətindən mütləq alacağam. Yəni Avropa Məhkəməsi vasitəsilə bunu Azərbaycan qaçqınından, köçkünündən alıb dostlarına qaytarmaq istəyir. Söhbət ondan gedir ki, ayrılan qrantların böyük hissəsinə sadəcə qol çəkdirirlər, pulların böyük hissəsi həmin təşkilatlar tərəfindən korrupsiya mənbəyidir.- REAL-ın sədr müavini Natiq Cəfərli vergidən yayınma ittihamı ilə həbs olunub. Amma həbs olunan gənc fəallar da var və hesab edilir ki, bu addımlar referendum öncəsi aktivliyin qarşısının alınması üçündür…- Qəti şəkildə belə bir şey yoxdur. Elə bu yaxınlarda iki nəfər narkotik istifadəçisi olduğu üçün həbs olundu. Onlar da adlarını hansısa təşkilata yazdırıb. Narkotikin təsiri altında hansısa addım atılırsa, qanun qarşısında cavab verməlidirlər. Digərləri də davranışlarına, fəaliyyətinə nəzarət etməli, hüququ pozmamalıdır. Əks təqdirdə qanunların aliliyi tətbiq olunacaq. O ki qaldı referenduma, biz Avropa Şurasının üzvüyük və istənilən məsələ ilə bağlı müzakirələr aparırıq. Referenduma çıxarılan məsələlər Azərbaycan xalqının həyat şəraiti, beynəlxalq konvensiyalara qoşulması və digər məsələlərlə əlaqədardır.- ABŞ rəsmisi Bakıya xatırlatmışdı ki, referenduma çıxarılan məsələlər Venesiya Komissiyasını ilə müzakirə edilsin. Deməli, komissiyanın rəyi yoxdur…“Parlamentdə Gülənçilər olsa da…”- Yox, yoxdur. ABŞ, Fransa, Almaniya, Böyük Britaniya hər hansı bir qanun qəbul edəndə, yaxud dəyişiklik həyata keçirəndə Venesiya Komissiyası ilə razılaşırmı, ona göndərirmi? Biz müstəqil ölkəyik, müstəqil şəkildə qanunlarımıza əlavə və dəyişikliklər edirik. Bununla bağlı ağıllı bir tövsiyə verərdilərsə, buna etirazımız olmazdı, bu günə qədər verməyiblərsə, biz onlara deməli deyilik ki, hər hansı məsələdə müəllimlik elə. Hər ölkənin qanunları var. Biz bütün dünya ölkələrinin qanunlarına, konstitusiyasına baxırıq, ordan da istifadə edir, Azərbaycanın dəyərlərinə xələl gətirməmək şərtilə qanunlara dəyişiklikləri həyata keçiririk. Yoxsa get hansısa komissiya ilə razılaşdır… Biz Afrika ölkəsiyik, yoxsa “banan” ölkələrindən biriyik? Biz müstəqil, demokratik dövlətik. Hələ ötən əsrin əvvəlində demokratik respublikamız, qanunlarımız olub. Onlar gəlsinlər, bizdən öyrənsinlər.- Amma dünyada Amerika faktoru var. Bu mənada Azərbaycan yenidən sanksiya təhdidləri ilə üz-üzə qala bilərmi?- Dünyanın balansı və mizan-tərəzisi itib. Hətta idmanı da siyasətə qarışdırırlar. Bu günlərdə keçirilən olimpiadanı da siyasiləşdirdilər. Ən sönük olimpiada məhz 2016-cı ilə olimpiadasıdır. Rusiyaya qarşı sanksiya tətbiq etməklə, Rusiya idmançılarının oradan uzaqlaşdırılması üçün min oyundan çıxdılar. Bu, hansı beynəlxalq normaya uyğun gəlir? Mənim o idmançıları müdafiə etmək fikrim yoxdur. Amma bir prinsip, yanaşma tərzi olmalıdır. Daha beş formada yanaşma tərzi olmamalıdır. Bu baxımdan Azərbaycana heç bir dövlət, heç bir beynəlxalq təşkilat hər hansı bir sanksiya tətbiq edə bilməz, bunun heç bir mənası da yoxdur. İrana 40 il embarqo tətbiq etdilər, nə oldu? İndi Avropa dövlətləri yalvara-yalvara İranın qapısını kəsdirib.- İdmandan danışmışkən, bir sual verim. Bildiyimə görə siz peşəkar idmançısınız…- Bəli, sərbəst güləş üzrə.- Azərbaycan olimpiyaçıları arasında əcnəbilərin üstünlük təşkil etməsi və hələ də qızıl medal qazana bilməməyimiz çox müzakirə olunur. Bunun səbəbi barədə nə deyə bilərsiniz? – Hələ olimpiada bitməyib. Amma Azərbaycan həm idman növünə, həm də idmançıların sayına görə digər olimpiyadalarla müqayisədə daha çox irəlidədir. Hətta hakimlərin də sayını nəzərə alsaq, Azərbaycan daha yüksək səviyyədə təmsil olunur. Amma olimpiyada idmanın pik nöqtəsidir, iştirakçıların çox dünya, Avropa, Olimpiya çempionudur. Digər tərəfdən burada ədalətsizliklər, idmanın siyasiləşdirilməsi də ortaya çıxır. Azərbaycan idmana kifayət qədər diqqət və qayğı göstərir. Mən indi bir söz deyəcəyəm, yəqin ki, bundan sonra tənqidçilər üstümə düşəcəklər. Mən builki Olimpiya Oyunlarına baxıram, görürəm ki, həm təşkilatçılıq, həm keçirilmə, həm açılış, həm ədalətlilik baxımından Azərbaycanda keçirilən Avropa Oyunları Rio Olimpiadasından daha üstün idi, bizdə yarışlar daha yüksək səviyyədə təşkil olunmuşdu. Mən bunu “Yeni Müsavat” qəzetinə deyirəm və heç bir məsuliyyətdən də çəkinmirəm. Ona görə də iri dövlətlər futbol üzrə dünya çempionatından, Olimpiadanın keçirilməsindən qaçırlar. Çünki o qədər iri və maraqlı dövlətlər ortaya ədalətsiz şərtlər qoyur ki, ölkələr bu yarışları keçirmək istəmir və bəlanı öz başından uzaqlaşdırmağa çalışır. O baxımdan da idmanı siyasiləşdirmək olmaz. Bir məsələni də deyim. Elə idman növləri var ki, azərbaycanlıların burada hansısa nailiyyət əldə etmək imkanları məhduddur. Məsələn, elə idman növləri var ki, o, sırf azərbaycanlıların məşğul olduğu idman növləridir. Azərbaycanlılar güləş, boks, taekvando üzrə daha üstündür. Rusiya kimi böyük dövlətdə güləş növündə Şimali Qafqazdan olanlar daha çoxdur. Bu, çox normal bir haldır. Yeni simalar ortaya çıxana qədər legionerlərdən istifadə etmək dünyada qəbul olunmuş normadır. Fransa futbol yığmasına diqqət etsəniz, hamısı qaradərili futbolçulardır. İspaniya yığmasında da başqa xalqların təmsilçiləri az deyil. Almaniyada neçə türk oyunçu var. Bunu qəbahət kimi ortaya qoymaq olmaz. Bütövlükdə əcnəbilərdən ibarət olsa, bu barədə nə isə demək olar. Yaxud dəfələrlə Azərbaycana mükafat qazandıran idmançı haqqında sosial şəbəkədə, ya mətbuatda aşağılayıcı fikir söyləmək doğru deyil. Biz hamımız ona dəstək olmalıyıq ki, gələcək qələbələrini təmin etsin.- Siyavuş bəy, “Rövşən Lənkəranski”nin qətlə yetirilməsi gündəmin əsas mövzusudur. Sizin bu qətl hadisəsinə münasibətiniz necədir?- Allah rəhmət eləsin! Eşitdiyimə görə, azərbaycanlılara çox böyük köməyi dəyib.-Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Gülənçilərlə yaxın olan qruplar barədə əllərində olan məlumatları lazımi qurumlara çatdırıblar və birgə fəaliyyət davam edir. Siz də parlamentin müvafiq komitəsinin sədrisiniz, yəqin məlumatınız var. Söhbət hansı qruplardan gedir?“ABŞ, Fransa, Almaniya, Böyük Britaniya hər hansı bir qanun qəbul edəndə, yaxud dəyişiklik həyata keçirəndə Venesiya Komissiyası ilə razılaşırmı?”- Ayrı-ayrı adamların adı çəkilir, o cümlədən partiya sədrləri var ki, onların adı hallandırılır. Hüquq-mühafizə orqanları bunları araşdırmalıdır. Kim qanundankənar fəaliyyət göstəribsə, onun haqqında ölçü götürülməlidir. Bizdə dini icmalar qeydiyyatdan keçib. Dini birliklər haqqında qanun var. Bununla əlaqədar hansı təşkilat qanunlara cavab vermirsə, fəaliyyətində, fundamental əsaslarında hakimiyyətə qeyri-qanuni yolla gəlmək, dövlətin quruluşunu dəyişmək və digər bu kimi motivlər varsa, bu təşkilatlar bağlanmalı və cavabdehlər məsuliyyətə cəlb olunmalıdır.- Parlamentlə bağlı da vaxtaşırı iddialar səslənir, deputatlar sırasında Fətullah Gülən tərəfdarlarının olduğu haqda yazılar tirajlanır. Azərbaycan parlamentində belələri varmı, sizin rəhbərlik etdiyiniz komitə bununla bağlı hesabat hazırlayırmı?- Parlamentdə belə adamlar olsa da, belə şeyləri büruzə vermirlər. Bilirəm ki, dindarlarımız var, düzgün istiqamətdə dini ritualları yerinə yetirirlər, oruc tutur, namaz qılır, xüms-zəkat verirlər və İslamın qarşıya qoyduğu digər tələbləri yerinə yetirirlər. Biz Dini ekstremizmə qarşı mübarizə haqqında qanun da qəbul etmişik ki, ekstremist dini cərəyanlara Azərbaycanda yer yoxdur, kim bununla məşğul olacaqsa, dərhal qanun qarşısında cavab verəcək.- Deməli, parlamentdə Gülənçi deputatın olması mümkün deyil?- Təbii ki. Son vaxtlar mən mətbuatda AXCP ilə əlaqədar oxuyuram. Çox güman ki, erməni lobbisindən pul alan bir təşkilat Fətullah Güləndən pul almaya bilməz. Yəni müxtəlif fikirlər söyləyirlər və bunu danmağa çalışırlar. O cür adamları onlar axtarıb tapırlar, bilirlər ki, belələri pula görə nə desən, edərlər. Hesab edirəm ki, bu, ciddi bir məsələdir.- Türkiyə FETÖ adlandırılan terrorçu təşkilatın xaricdə də təhlükəli planlar həyata keçirə biləcəyi barədə xəbərdarlıq edib. Azərbaycanda bu təşkilatın dayaqları ola və dövlətçiliyə təhlükə yarada bilərmi?  – Azərbaycanda insanların dinə münasibəti, ölkədə təhsilin, mənəvi dəyərlərin səviyyəsi heç zaman imkan verməz ki, o cür təşkilatlar Azərbaycan daxilində hansısa bir set yaratsınlar, yaxud dövlətə qarşı hansısa addımlar atsınlar. Ola bilər 5-10 uşaq-muşaq yoldan çıxarılsın, şirnikləndirilsin. Tək burda deyil ki, vətənə xəyanət edənlər, ordumuzun məlumatlarını yayanlar, Ermənistanın ərazisinə qeyri-qanuni keçənlər, gedib orda tədbirlərdə iştirak edənlər, qaçıb səfirlikdə gizlənənlər var. Bu cür adamlar kimdən, hansı təşkilatdan desən, onunla işləyə, yardım ala bilərlər. Amma onlar Azərbaycanda hansısa set yarada bilməzlər. Çünki müdrik xalqımız buna imkan verməz. İkincisi, hüquq-mühafizə orqanları, dövlətin qanunları və dövlətin apardığı siyasət buna imkan verməz.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler