Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Siyavuş Novruzov: “Azerbaycan keçmiş postsovet ve Şerqi Avropa mekanında en azad ölkedir”

23 Eylül 2016

11:16 am


23/09/2016 [15:14]: xeber –
Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin
müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov APA-ya müsahibə verib. sayt həmin ümsahibəni oxuculara təqdim edir. 

– Azərbaycanda
referendumun keçirilməsinə bir neçə gün qalıb. Ölkədə
referendumqabağı vəziyyəti necə dəyərləndirirsiniz?

– Vəziyyəti çox yüksək dəyərləndiririk. İlk növbədə
qanunvericilik bazamız var və buna uyğun olaraq, referendumun keçirilməsi üçün
tam şərait yaradılıb. Dünyanın az ölkəsində bizim kimi dairə seçki məntəqələrinə
hər yerdə xüsusi binalar tikilib. O cümlədən, məntəqələrin hər biri tam
hazırdır. Yerlərdə xeyli görüş keçirilib. İndiyədək  YAP təşviqat qrupu
1100-dən artıq görüş keçirib və bu, qanunvericiliyin icazə verdiyi müddətə qədər
davam edir. Bu görüşlər, internet, proşürlar vasitəsi ilə əhali məlumatlandırılıb.
Eyni zamanda Mərkəzi Seçki Komissiyası da məlumatlandırma sahəsində tədbirlər
görür. Səsverməyə çıxarılacaq hər bir maddə və dəyişiklik barədə əhali artıq xəbərdardır.
Referendumla bağlı insanlar arasında xeyli ruh yüksəkliyi var. Çünki orda
qoyulan məsələlər insanların xeyrinədir. Bu məsələlər insan hüquq və
azadlıqlarının qorunmasının daha da möhkəmləndirilməsi, dövlət strukturunun
daha da təkmilləşdirilməsi, vətəndaşların müraciətlərinə baxılması və digər bu
kimi sahələri əhatə edir.


Referendumla bağlı müxalif düşərgədən heç bir təşviqat qrupunun qeydə
alınmaması fərqli fikirlərə səbəb oldu. Bu barədə nə deyə
bilərsiniz?


Təşviqat qruplarının yaranması üçün həm Seçki Məcəlləsində və MSK tərəfindən qəbul
olunmuş təlimatlarda göstərilən müddəalara uyğun olaraq, bir dairə ərazisində təşviqat
aparmaq istəyən hər hansı təşkilat və ya partiya təxminən 500 nəfəri
toplamalıdır. Ölkə üzrə isə təxminən 2000-dən çox toplanmalıdır ki,
belə bir təşəbbüs qrupu yaratsın. Bundan sonra təşəbbüs qrupu müvafiq sənədləri
MSK-ya təqdim edir və oradan onlara imza vərəqələri verilir. Bu imza vərəqələri
ümumrespublika miqyasında təşviqat qrupu yaratmaq üçün 40000-dən çox imza tələb
olunur. Azərbaycanda 5 milyona yaxın seçici var. 40 min seçici 5 milyon
seçicinin heç 0,1 faizi etmir. Bu qədər az imzanı belə toplaya bilməyən təşkilatın
cəmiyyətdə sosial bazasının olmaması açıq görünür.
Bəzən görürsən ki, “Facebook”da, ümumiyyətlə internetdə bir yazını
izləyənlərin sayı 200 minə çatır. Məsələn, hansısa müğənni haqqında yazılan xəbəri
azı 40 min nəfər izləyir. Amma müxalifətin bir liderini bundan dəfələrlə az izləyirlər,
bəzən heç izləyən yoxdur. Yəni müxalifətin hər hansı fikri müğənni ilə bağlı xəbər
qədər belə cəmiyyətə maraqlı deyil. Onlar imza toplaya bilmirlərsə, bu, onların
problemidir. Buna görə iqtidarda, cəmiyyətdə problem axtarmaq lazım deyil. Heç
bir müxalif partiyada bu gün buna yetəcək elektorat yoxdur.
Müxtəlif bəhanələr gətirirlər. Guya yerlərdə onlara imkan verilməyib, şərait
yaradılmayıb və sair. Bakıda nə qədər böyük binalar var və burda icra başçısı,
yaxud kimsə gəlib binanın qapısında durmayıb ki, buna mane olsun. Bütün
bunların hamısı bəhanədir. Vətəndaşlar bu insanları qəbul etmir, imza vermir.
Xalq görür ki, bunlar xarici təşkilatlara qulluq edirlər, Azərbaycanın dövlət
müstəqilliyinin əleyhinə gedirlər, ordu quruculuğuna zidd gedirlər, ölkədə
ictimai-siyasi sabitliyi pozmaq istəyirlər və sair. Bu gün dünyada ən önəmli şərtlərdən
biri ictimai-siyasi sabitlikdir. Ətrafımızda nələrin baş verdiyini görürük.
Qardaş Türkiyədə hər gün ya əsgər şəhid olur, ya terror hadisəsi baş verir.
Türkiyə 80 milyonluq ölkədir və min ildən artıq tarixi var. 500 il də imperiya
olub.  Yaxud xalq görür ki, bu gün yollar çəkilir, məktəblər tikilir, xəstəxanalar
istifadəyə verilir və sair. Bu baxımdan da artıq xalq sözə yox, görülən əmələ dəstək
verir. Məsələn, o gün mitinqdə “Azadlıq!” qışqırırlar. Biz azad deyilik? 90-cı
illərin havası bunların başında qalıb. Bu gün Azərbaycan keçmiş postsovet ölkələri
arasında, şərqi Avropa ölkələri arasında ən azad ölkədir. Ən müstəqil siyasət
yürüdən ölkələrdən biriyik. Baxmayaraq ki, ərazisi və əhalisi o böyük dövlətlərdən
azdır, onların hamısı ilə bərabər və qarşılıqlı münasibətlər yaradıb. Məsələn,
bu yaxınlarda MDB-nin tədbirində cənab prezidentin Ermənistan prezidentinə
verdiyi cavabı götürək. Görün, dövlətlərin qarşısında Azərbaycanın maraqlarını
necə təmsil etdi. Amma görək, müxalifətdəkilərdən hansısa biri adi bir erməniyə
qarşı bu cür çıxış edib? Xeyr. Yaxud, bu günlərdə Avropa
Parlamenti nümayəndə heyətinə cənab prezidentin verdiyi cavabları götürək.
Bütün bunların hamısının altından xalq xətt çəkir və dəstəkləyir. Fəxr edir ki,
Azərbaycanın bu cür lideri var. Bilirsiniz, bir var prezident, bir də var eyni zamanda lider olmaq.
Prezident İlham Əliyev bu gün həm də Azərbaycan xalqının lideridir.
Azərbaycanı irəli aparır. Bütün bunlarla müqayisəyə görə həmən müxalifətin xalq
arasında heç bir sosial bazası yoxdur və imza toplaya bilmir.


Milli Şura və Müsavat Partiyası mitinqlər keçirdi. Mitinqlə bağlı
açıqlamanızda bunların qanunsuz olduğunu bildirdiniz. Halbuki aksiyalar Bakı Şəhər
İcra Hakimiyyətinin razılığı ilə keçirilib. Belə çıxır ki, BŞİH qanunsuzluğa
yol verib?


Xeyr. Burada məsələ nədən ibarətdir. Referendumla bağlı hər hansı bir aksiya
keçirmək istəyirlərsə bu, Seçki Məcəlləsinin tələblərinə uyğun olmalıdır. Yəni,
öncə təşviqat qrupu yaradılmalıdır. Bundan sonra istər lehinə, istərsə, əleyhinə
təbliğat apara bilərlər. Bu gün isə 3 təşviqat qrupu MSK tərəfindən qeydə
alınıb: “Yeni Azərbaycan”, Bələdiyyələr və bir də vətəndaş cəmiyyəti. Qalan təşkilatların
təbliğat-təşviqat kampaniyası dövründə (3-24 sentyabr) referendumla bağlı hər
hansı fikir irəli sürməyə ixtiyarı yoxdur. Bu, Seçki Məcəlləsinin tələbidir.
İstəyirdilərsə, təşviqat qrupu yaradıb, bunu edəydilər. Bunlar nəinki yarada
bilmədilər, heç yaratmağa cəhd də göstərmədilər. Çünki anlayırdılar ki, bunun
üçün elektorat yoxdur.
Digər bir məsələ var ki, “Sərbəst toplaşmaq azadlığı haqqında” qanuna əsasən,
istənilən partiya, təşkilat, dərnək, şura sərbəst toplaşmaq hüquqlarından
istifadə edə bilər. Bunlar keçirə bilərlər. Amma bunun şərtləri var. Birincisi,
orada referendumla bağlı bir kəlmə söyləyə bilməzlər, çünki təşviqat qrupu
deyil. İkincisi, orada milli, irqi, dini ayrı-seçkilik salıblarsa, şəxsiyyətin
şərəf və ləyaqətini təhqir ediblərsə, onda mitinq qanunsuzdur və dərhal
dayandırılmalıdır. Bu, qanunun tələbidir. Bizim “Sərbəst toplaşmaq azadlığı
haqqında” qanunumuz Venesiya Komissiyasının əsas sənədlərindən biridir və digər
ölkələrə də tövsiyə olunub.
Təşkilatçılar mitinqlə bağlı BŞİH-ə müraciət ediblər ki, sərbəst toplaşma
azadlığı ilə bağlı tədbir keçirirlər. BŞİH də bunları nəzərə alır, yer ayırır və
hüquq-mühafizə orqanlarından onların təhlükəsizliyini təmin etməyi xahiş edir.
Lakin bunlar vəziyyətdən sui-istifadə edərək, iki qanunu da pozublar – Həm
Seçki Məcəlləsi, həm də “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu. Mitinqlərdə
bütün çıxışlarda həm referendumla bağlı fikirlər söylənildi, referendum əleyhinə
çağırışlar oldu, həm də dini, milli ayrı-seçkilik salındı və dövlət nümayəndələrinə
qarşı təhqirlər səsləndirildi. Buna görə də mütləq hüquq-mühafizə orqanları
mitinqə imza ataraq cavabdeh olan şəxsləri məsuliyyətə cəlb etməlidir. Bunu etməlidirlər,
çünki qanunun tələbidir.
Bundan başqa, mitinqlərdə bunlar qarşı durma yaratmaq istəyirdilər. Yəni bu cür
qadağan olunmuş ifadələri işlədəndə hüquq mühafizə orqanları gərək mitinqi
dağıdaydı. Amma hüquq mühafizə orqanları çox böyük səbir nümayiş etdirdi.
Dağıtmadılar. Çünki müdaxilə etsəydi qarşı durma yaranacaqdı və mitinqin təşkilatçılarının
da istəyi elə bu idi. Avropaya, ayrı-ayrı təşkilatlara müraciət etsinlər ki, Azərbaycanda
sərbəst toplaşmaq azadlığı pozulur. Hətta onlar çalışırdılar ki, orada ölüm
hadisəsi də olsun. Bunlara belə daha çox sərf edir. Nə qədər çox qan tökülsə
bunlar üçün bir o qədər uğurdur. Amma hüquq mühafizə orqanları çox səbir nümayiş
etdirərək buna imkan vermədilər. Amma onların o mitinqdəki çağırışları bir başa
qanun pozuntusu idi və cinayət məsuliyyəti yaradır.


Milli Şuranın mitinqində dindarların da iştirakı müşahidə olundu və bu, birmənalı
qarşılanmadı. Bu barədə nə deyə bilərsiniz ?

– Bu
barədə Qafqaz Müsəlmanları İdarəsi (QMİ), Dini Komitə ilə birgə bu
sahə üzrə MM-in komitəsi kimi biz də bəyan edirik ki, dinlə bağlı heç bir
problem yoxdur. Bütün din icmaların azad fəaliyyət göstərməsi üçün “Dini etiqad
azadlığı haqqında” qanun var. Qanunun tələblərinə uyğun olaraq, rəsmi
qeydiyyatdan keçmiş bütün dini icmalar fəaliyyət göstərə bilər. Azərbaycanda
qeydiyyatdan keçmiş 3 minə qədər dini icma var. 2 mindən çox məscid fəaliyyət
göstərir. İstər, ulu öndər Heydər Əliyev tərəfindən, istər hazırda cənab
prezident İlham Əliyev tərəfindən, istərsə də Heydər Əliyev Fondunun
prezidenti Mehriban xanım tərəfindən bütün ibadətgahlar, ziyarətgahlar, dini
abidələr qorunur, təmir olunur, saxlanılır. Qafqazın ən böyük məscidi – Heydər
məscidi məhz Azərbaycandadır. Məsələn, dindarlar qəsəbəsi kimi götürsək, təkcə
Nardarana prezidentin ehtiyat fondundan 20 milyon manatdan çox pul ayrılıb. Bu,
bir rayonun büdcəsi deməkdir. Yəni dinə diqqət böyükdür.
Bir də var dini ekstremizm. Bu nədir? Bununla bağlı “Dini ekstremizmə qarşı
mübarizə haqqında” qanunumuz da var. Bunlar müxtəlif ölkələrin təsirinə düşən,
din adı altında Azərbaycanın dövlət quruluşunu, Konstitusiyanı dəyişməyə və
yeni dini quruluş yaratmağa cəhd edən qüvvələrdir. Məhz o mitinqdə də o cür düşünən
və cinayət məsuliyyətinə cəlb olunan insanların qohum-əqrəbası iştirak edirdi.
Azərbaycanın dövlət quruluşu Konstitusiyamız ilə müəyyənləşib, unitar, dünyəvi
dövlətdir. Dövlətdən ayrı olmağına baxmayaraq, həmişə dinə ciddi şəkildə diqqət
və qayğı göstərilib.
Xaricdə təhsil alanlar, oranın kəşfiyyat orqanları ilə təmasda olanlar, təsir
altına düşənlər və bir də ayrı-ayrı silahlı birləşmələrdə din adı altında
vuruşanlar var. Oraya da toplaşanlar bunların ətrafı idi. Mitinqə kənardan bir
də baxaq: bu tərəfdə şüar yazır ki, Avropa Birliyi ilə müqavilə imzalanmalıdır,
Avropaya girməliyik, o biri tərəfdə də “Allahu əkbər!” qışqırırlar, şüar
qaldırırlar. Deməli bunlarda məqsəd odur ki, kim olur olsun, ora
toplamalıdırlar, təki dövlətin əleyhinə olsun. Yəni əqidə birliyindən, partiya
silahdaşlığından söhbət gedə bilməz.

– Müsavat
Partiyası və Milli Şura birgə mitinq keçirməyə qərar versə də, bu baş
tutmadı…

– Bu
dəqiqə bir-birlərinə qarşı təhqir yağıdır, bir-birlərini bəyənmir. Aralarında
yarış gedir. Yarış nədən ibarətdir? Xarici təşkilatlara göstərmək istəyirlər
ki, daha çox müxalifətdir. Bu da sadə məsələ deyil. Bunun hamısının arxasında
pul dayanır. Yəni hansı təşkilatdan kim daha çox pul alacaq. Dava yorğan
davasıdır.
Erməni lobbisi,  xaricdən dəstəklənən dini ekstremistlər, FETÖ-cülər və
digərləri Azərbaycanda ictimai sabitliyi pozmaq üçün vəsait ayırır. Bunlar bu vəsaitin
üstündə dalaşırlar. İndi də görünür ki, pulu bölmək üçün razılaşa bilmədilər və
birlikləri alınmadı.
Ümumiyyətlə, Müsavat ilə AXCP arasında heç vaxt birlik olmayıb və
olmayacaq. Vaxtı ilə Əbülfəz Elçibəy xahiş elədi ki, onu vahid namizəd kimi qəbul
eləsinlər, Müsavatın o vaxtki başqanı İsa Qəmbər imtina elədi. Amma indi deyirlər,
“Elçibəy atamızdı, Elçibəy liderimizdir, yolumuz ELçibəy yoludur” və sair. Yəni
bunlarda daxili iddia, hakimiyyət hərisliyi, vəzifə hərisliyi o qədər çoxdur
ki, bunlar heç vaxt birgə ola bilməyəcək.
Çünki onları maliyyələşdirənlərin ayırdığı pulu bölə bilmirlər.


Konkret kimlərdir və yaxud hansı ölkələrdir onları maliyyələşdirənlər?


Əsasən ölkələrdir. Ad çəkməyəcəyəm, ona görə ki, o ölkələr ilə rəsmi münasibətlərə
hörmət etməliyəm. Amma biləsiniz ki, digər yerlərdə dini ekstremistlərdən
istifadə edənlər burda da maliyyələşdirirlər.


YAP referendumla bağlı mitinqlər keçirməməsinin səbəbi nədir?


YAP referendumla bağlı görüşlər, açıq və qapalı tədbirlər keçirir. Bizim ən
xırda görüşlərimizdə belə müxalifətin toplaşıb bir yerdə yığdıqları adamlardan
iki dəfə çox adam olur. Adi bir rayonda, hətta onların ölkə üzrə yığdığından
daha çox adam yığırıq. Bakının rayonlarında, Gəncədə mütəmadi tədbirlər
keçirilir. Hazırda şimal bölgəsində davam edir. Hər bölgədə belə görüşlər olur.
Bölgələrdən o insanları yığıb toplamaqdansa, biz onların yanına gedirik, izah
edirik. Məsələn, müxalifətin mitinq keçirdiyi yer Yasamal rayonu ərazisindədir.
Orda 24 min üzvümüz var. Ailə üzvlərini saysaq, onların ölkə üzrə yığdığından
10 dəfə çox edər.


Yasamal demişkən, partiyanızın o rayon üzrə təşkilat sədri, Bakı
Metropoliteninin sabiq sədri Tağı Əhmədovun adı mətbuatda “keçmiş MTN işi”
istintaqı ilə bağlı hallandı. T. Əhmədova qarşı hazırda həbsdə olan keçmiş MTN
generalı Akif Çovdarov tərəfindən ittihamlar səsləndirilir.


Bu, hüquq-mühafizə orqanlarının işidir. Hüquq-mühafizə orqanları bunu sübuta
yetirsə və ittihamlarla bağlı məsuliyyətə cəlb etmə olsa, o zaman partiya həmin
şəxslə bağlı addım atacaq. Çox adam haqqında çox ittiham səsləndirirlər.
Konkret qərar olsa, buna  uyğun olaraq, Tağı Əhmədovla bağlı qərar verəcəyik.

– Azərbaycan
prezidentinin Bakıda səfərdə olan Avropa Parlamentinin nümayəndə heyəti ilə
görüşündə dedikləri ictimaiyyətdə geniş maraqla qarşılandı. Sizcə, bundan sonra
Avropa Parlamentinin Azərbaycana münasibətində hansı dəyişikliklər olacaq?


Hesab edirəm ki, addımları artıq Avropa parlamenti atmalıdır. Cənab
prezident o qədər konkret, dəqiq, düzgün danışdı və onların ədalətsiz addımları
nümayəndə heyətini elə fakt qarşısında qoydu ki, yer ayrılmalı idi, xəcalətdən
yerə girsinlər. Çünki bu qədər ədalətsizlik, Azərbaycana qarşı bu qədər kin
olmaz.
Məsələn, bütün Azərbaycan şahiddir ki, jurnalist Rasim Əliyevin öldürülməsi
hadisəsinə dövlət necə diqqətlə yanaşdı. Bu hadisəyə görə 7 nəfərə 70 ildən çox
həbs cəzası verilib. Məhkəmə də çox açıq keçdi. Yaxud Azərbaycanda ATƏT-in
ofisinin bağlanması ilə əlaqədar baş verənlər. Bütün bunları cənab prezident
bir-bir onlara sadaladı. İndi onlar bu sadalanan faktlara görə etdikləri ədalətsizlikdən
nəticə çıxarmalıdırlar. 20 ildən çoxdur ki, Freedom House və digər bu qəbildən
olanlar Azərbaycanla bağlı eyni şeyi deyirlər. Çevir tatı, vur tatı. O tərəfdə
bəyan edir ki, Əfqanıstanda demokratik seçkilər keçirilib. Əfqanıstanda
parlamentin 90 faizi heç yazıb oxumağı bacarmır. Amma Azərbaycana əksini deyirlər.
Baxmayaraq ki, Azərbaycan nəinki indi, 100 il əvvəl şərqdə ilk respublikanı,
operanı yaradıb. Azərbaycanda hazırda əhalinin tam əksəriyyəti təhsilli, ali təhsillidir.
Bu qədər ədalətsiz müqayisə olmaz ki, onlar edirlər. Təbii ki, Azərbaycanın sərvətlərini
mənimsəmək, nəsə əldə etmək istəyirlər.
Ötən il bizdə Avropa oyunları, bu il Braziliyada Olimpiada keçirildi. Bizdəki təşkilatlanma,
oyunlar zamanı təhlükəsizliyə fikir verin, bu il Braziliyada baş verənlərə
baxın. Braziliyada küçədə soyulmayan, döyülməyən turist qalmadı. Hətta bizdə
keçirilən Avropa Oyunlarının təşkilatçılıq səviyyəsi dünyada nümunə kimi
götürüldü. Amma Avropa Parlamenti belə bir oyunları keçirdiyimiz
zaman götürüb bir qərar qəbul elədi ki, Azərbaycana heç kim getməsin.
Birincisi, BMT-nin müvafiq qətnaməsi var ki, idman siyasətdən ayrıdır.
İkincisi, gəlin iştirak edin, baxın, görün. Axı bu, idmandır. İdman sülh
yaradır, ayrı-seçkilik yox.
Xatırlayırsınızsa, Böyük Vətən müharibəsi zamanı Ukrayna SSR-nin “Dinamo –
Kiyev”  futbol klubunun üzvlərini almanlar əsir götürmüşdü. Almanlar öz
klublarının onlarla yoldaşlıq görüşünü təşkil edib, oyun zamanı müharibəni bir
kənara qoydular. O hara, Azərbaycana oyunlar zamanı göstərilən münasibət hara?
Ötən il Avropa Parlamentində də bu qərarın verilməsinə kim rəhbərlik etdi?
Milliyyətcə alman olan Şults! Buna deyən lazımdır ki, sən get öz dövlətçilik
tarixinə bax, sonra gəl bizlə ədalətdən dəm vur. Sənin dövlətin Almaniya bəşəriyyətinə
başına iki dünya müharibəsini gətirib. Holokost kimi soyqırımına “imza atıb”.
40 milyondan çox insanın qanı onların əlinə bulaşıb. Onlardan biri də elə mənim
babamdır. Öldürdülər, qəbrini də tapa bilmədik ki, gedib bir gül qoyam. Buna
görə almanlardan çox yanıqlıyam! Və yaxud, Türkiyəni 1915-ci ildə guya ermənilərə
qarşı soyqırımı törətməkdə ittiham edirlər. Bunlar unudurlar ki, həmin vaxt
Almaniya Türkiyə ilə müttəfiq idi və əgər elə soyqırımı olubsa, deməli burada
Almaniyanın da əli var. İndi bu dövlət bizə haqq-ədalətdən dərs keçir.
Bilirsiniz, hər şeyə ədalətli yanaşmaq lazımdır.


Milli Məclisdə rəhbərlik etdiyiniz komitənin gündəmində ötən sessiya dini
etiqadla bağlı qanuna edilən dəyişiklikdən irəli gələrək dini ekstremizmə qarşı
mübarizə, ictimai yerlərdə dini təbliğat və əcnəbilərin dini təbliğatı ilə
bağlı Cinayət və İnzibati Xətalar məcəllələrinə sanksiyaların əlavə edilməsi
var. Bu, nə vaxt müzakirəyə çıxarılacaq? Bəzi hallarda bunun əleyhinə fikirlər
səslənir…


Payız sessiyasında bunu müzakirəyə çıxarıb, qəbul edəcəyik. Bu, olmalıdır,
çünki ötən il qanuna dəyişiklik edilib və ondan irəli gələrək sanksiyalar müəyyənləşməlidir.
Bir məsələyə aydınlıq gətirim ki, qanun geriyə şamil olunmur. Çoxu qorxur ki,
xaricdə təhsil alıb gəlib və qanun qüvvəyə minib deyə, problem yaranacaq. Xeyr.
Bu sanksiyalar qüvvəyə minəndən sonra gələcəkdə kim xaricdə təhsil alacaqsa və
yaxud digər əməlləri edəcəksə, ona tətbiq olunacaq. Bu dəyişikliyi niyə etdik,
çünki xeyli səbəb yaranmışdı.
Əvvəla, xaricdə dini təhsil alanlar orada 7-8 il qalırlar. Din mövzusunun həssaslığını
nəzərə alsaq, bu müddətdə həmin şəxsin dünyagörüşü, düşüncəsi tamam dəyişir, həmin
ölkənin baxışlarına uyğun formalaşır. İkincisi, illərdir Azərbaycanda
formalaşmış dini etiqada haradansa gəlmiş yeni yanaşmalar tətbiq olunmur, tətbiq
etmək alınmır. Üçüncüsü, dünyada biri demokratiya adı altında, biri din adı
altında öz agenturasını yaradır, yerləşdirir. İstəmirik ki, bu cür hallar Azərbaycanda
kök atsın. İstəmirik ki, Azərbaycanda ümummilli lider Heydər Əliyev tərəfindən əsası
qoyulmuş ictimai siyasi sabitlik pozulsun. Məsələn, qardaş Türkiyədə iyulun
15-də bunun nümunəsini gördük. Həmin FETÖ-çülər din adı altında hansı addımları
atdılar. Başqa ölkələrdə dini zəmində baş verən qarşıdurmaları misal göstərmək
olar. Məsələn, vaxtı ilə dünyanın harada qulduru, oğrusu vardı din adı altında
Rusiyada Şimali Qafqaz bölgəsinə yığışıb, silahlı dəstələr yaratmışdı. Nəyə görə
vətəndaşımız Azərbaycanda təhsil almasın, haradasa təhsil alıb gəlsin, oranın
psixologiyasını tətbiq etsin. Elə özümüz o təhsili verək də…

– Azərbaycanda
dini təhsili tam olaraq verə biləcək baza var?


Deyərdim ki, var. Bakı İslam Universiteti var, Bakı Dövlət Universitetində
ilahiyyat fakültəsi var. Bundan başqa, şərqşünaslıq fakültəsini bitirən də bu tədrisi
apara bilər. Adi orta məktəb müəlliminin dini biliklərini bir az artırsaq, o da
bu ritualı həyata keçirə bilər. Baza var.


Ümumiyyətlə, Azərbaycanda dini kəsimlə bağlı narahatlıq nədən ibarətdir ?


Narahatlıq tək Azərbaycanda deyil. Daha doğrusu, kənardan, müxtəlif yerlərdən
qidalanır. Məsələn, günün günorta çağı ən müasir silahlarla 60 minlik İŞİD
ordusu ortaya çıxdı. İŞİD-i araşdırsaq, bu ordunun cəmi 20 faizi müsəlmandır.
Ordunun düz 10 min nəfəri təkcə Avropa Birliyinə daxil olan ölkələrdəndir.
Xeyli hissəsi Amerika qitəsi  ölkələrindən gəlib. Bir hissəsi də vaxtı ilə
Yaxın Şərqdə əməliyyat aparan ABŞ ordusunun keçmiş hərbçiləridir. Amma adını
“İslam ordusu” qoyublar. Azərbaycanda təxminən 750-1100 arası adam orada
ayrı-ayrı silahlı birləşmələrə qoşulub. Ya Əsəd, ya əks tərəfdən vuruşur, ya da
İŞİD-in tərkibindədir. Onlar Azərbaycana qayıdanda həmin psixologiyanı özləri
ilə gətirirlər. Burda həmin qruplaşmanı yaratmağa cəhd edirlər. Mən müharibə
veteranıyam. Bilirəm, döyüş nə deməkdir. Araşdırma aparmışam. Ora gedənlərin
heç biri əsgərlikdə olmayıb, silah görməyib. O zaman bunu aparan səbəb nədir? Məlum
oldu ki, səbəb pula şirnikləndirmə, talan edilmiş qənimətlər və sair. Bəziləri
də kölə edilmiş qadınların fikri ilə gedib. Bunlar hansı psixologiya ilə
qayıdırlar? Fəaliyyətlərini davam etdirib, ətrafına adamlar yığacaqlar. Təhlilləri
aparıb gördük ki, nə qədər qorxulu tendensiya ilə üz-üzəyik. Ona görə də bunun
qarşısını almaq üçün qanunvericilikdə məlum dəyişikliyi edirik, hətta vətəndaşlıqda
çıxarmaya qədər gedirik.

– Azərbaycandan
bu il Həcc ziyarətinə 1050 nəfər zəvvarın getdiyi açıqlanıb. Bu ziyarətlər
bağlı fərqli fikirlər səslənir. Bunların içərisində daha çox ziyarətin təşkilinə
yalnız QMİ-nin nəzarət etməsi və sərbəst təşkilatlanma mexanizminin olmaması,
qiymətlərin bahalığı, imkanlı və tanınmış şəxslərin təkrar ziyarətə getməsi və
sair məsələlər var. Sizcə bu missiyada yeni mexanizmin tətbiq olunması
lazımdırmı?


Birincisi bunun mexanizmi elə dinin özündə var. Həccə o insan getməlidir ki,
buna tam hazır olsun. Amma hazırda ora turist kimi gedən də var, kiminsə pul
verib göndərdikləri də. Həcc hər bir müsəlmanın istəyidir. Müsəlmanın iki vətəni
var. Bir doğulduğu yer, bir də Məkkədir. Təəssüf ki, Həclə bağlı qaydalar bizdə
düzgün yerinə yetirilmir. Çünki hər şeydən əvvəl Həccə hər kəs öz vəsaiti
hesabına getməlidir. Amma bizdə biri bankdan pul oğurlayır və onunla Həccə
gedir, yaxud o pulla kimisə Həccə göndərir. Kiminsə boğazından kəsib, kimisə Həccə
göndərir. Bu, nə dərəcədə düzgündür? Çox adam tanıyıram ki, Həcdən qayıdandan
sonra heç bir əməli yerinə yetirmir.
Mən xatırlayıram, o vaxt ümummilli lider Heydər Əliyevə Səudiyyə Ərəbistanı
Kralı 300 yer vermişdi. Ondan 30 yer partiyamıza ayırdı. Bizə tapşırdı ki,
partiyadan mömin olan, imkanı olmayanı göndərək. Onu o vaxt partiyada mən müəyyənləşdirirdim.
Həmin vaxt o qədər adam mömin çıxdı ki, seçim etmək çətin oldu. Amma biz
axtardıq, seçdik, elə adamları göndərdik ki, həm imkanı yoxdur, həm də həqiqi
mömin kimi gedir və gələndən sonra ritualları yerinə yetirəcək.
Mən düşünürəm ki, bu işin təşkili ilə elə QMİ məşğul olmalıdır. Çünki başqa cür
olsa, hərc-mərclik yaranacaq. Qiymətlərə gəldikdə bu insanların özündən
asılıdır. Yaxşı şərait seçmək istəyəndə, onun öz qiyməti olur.


Siz özünüz Həccə getmək barədə düşünürsünüz?

– Həccə
getmək mənim ən böyük arzumdur. Amma hələ buna hazır deyiləm. Oruc tuturam,
başqa müəyyən dini ritualları yerinə yetirirəm. Amma Həccə
getməyə hələ hazır deyiləm…

 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler