Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şielik ve sünnilik klassiklerimizin gözü ile…

14 Ekim 2016

4:36 pm


14/10/2016 [20:34]: xeber –
Mübarək Ramazan ( Eydül-fitrə) və Zülhiccə (Eydül-ədha) ayları müxtəlif dünyagörüşünə malik insanların dini müzakirələrə, mübahisələrə cəlb olunduğu ən əsas aylardır. Çünki bu aylarda ibadət, oruc və qurban vəsiləsilə irəli gələn ünsiyyət onlarin daha çox dini mövzu ətrafında mülahizə söyləmək imkanını artırır. Təbiidir ki, bu mövzular arasındaki fərqlər əsas söhbətlərdən birinə çevrilir. Xüsusilə Məhərrəm ayında şiəlik və sünnilik mövzusu daha da qızışmış emosional əhvalların inadkar təəsübkeşlyini ifrat həddə çatdırır. Bilən də danışır, bilməyən də. Acınacaqlı hal orasındadır ki, elə bilməyən də bilən kimi danışır. Bilən də bilməyən kimi dediklərini əhatəli şərh etmək imkanı əldə edə bilmir. Bu məsələnin indiyə qədər ciddi şəkildə araşdırılıb ictimai-kütləvi səviyyədə mahiyyəti izah olunmadığına görə yenə də ciddi mübahisə törətməkdə davam edir. Bir olan Allaha edilən ibadətlərdə müxtəlif üsullardan istifadə edilməsi Cəfərilik / İmam Əbu Abdullah Cəfər bin Muhamməd əs-Sadıq (əs) həzrətlərinin əsaslandırdığı fiqhi (hüquqi) üsul, sünnilərdə Hənəfilik / İmam Əzəm Əbu Hənifə Neman bin Sabit (əs), Malikilik / İmam Əbu Abdullah Malik bin Ənəs (əs), Safiilik / İmam Əbu Abdullah Muhamməd bin İdris (əs), Hənbəlilik / İmam Əbu Abdullah Əhməd bin Hənbəl (əs) kimi mübarək insanların, seçilmiş məqam sahiblərinin əsaslandırdığı ibadət üsulları (təfərrüatına mövzu əhatəsində toxunmuruq) mövzusunda hətta ciddi qarşıdurmalara gətirib çıxaran ideoloji mübahisə və münaqişələr indiyə qədər baş verməkdədir. Hətta bəzən bunun çox acı nəticələri olur. Ən əsası da odur ki, bu mövzu ibadət insanlarının ruhuna zədə vurur, ibadət və itaətlərini pozur, insanları bir-birindən uzaqlaşdırır. Nəticədə isə İslam dünyasının parçalanmasına xidmət edən məkrli düşmən siyasətinin uğurla həyata keçməsinə rəvac verir. Qısaca olaraq araşdırma aparaq ki, bu siyasət nədir və haradan başlayır. Məlumdur ki, məzhəb davalarının siyasi istiqamətə gətirilməsi zamana, məkana və milli xüsusiyyətlərə görə hesablanır. Şərt orda deyil ki, İslam tarixində müəyyən məlumatlar vardır. Şərt ondadır ki, bu məlumatlar niyə görə və kimin üçün şiddətli ideoloji-siyasi silaha çevrilir. Aydındır ki, bu silah məhz İslam dünyasının birləşməsinə bütün vasitələrdən istifadə edərək mane olan İslam düşmənləri tərəfindən müsəlman əhalinin bağrına tuşlanır. İctimai-sosial, iqtisadi-siyasi müstəvilərdə bir araya gələn toplumun qısa vaxt ərzində bu mövzu ilə əsaslı qarşıdurmasına gətirib çıxaran sünnilik və şiəlik mövzusu bir neçə yüz illər boyu xarakterini itirmir. Bu bir tərəfdən ciddi elmi tədqiqatların sadə və anlaşıqlı dildə kütləvi şəkildə yayılmamasından irəli gəlirsə, digər tərəfdən cahil, riyakar adamların dini öz nəfsi istəkləri üçün alət edib kütləni aldatmağa cəhd etməsindən qaynaqlanır. İbadətini görüntü edib namaza başlamasından heç iki gün keçməmiş bütün dini atributları – saqqal uzatmaq, təsbeh gəzdirmək, xüsusi geyimlər, təsək-papaq və s. götürüb məclislərdə tələsik yuxarı başa çıxan diletant vəz həvəskarlarının gizli siyasi marağından, şəxsi ambisiyasından və yaxud cəhalətindən irəli gəlir. Böyük Seyyid Əzim Şirvani (Allah ona rəhmət eləsin) bu barədə çox yerində deyir:Oxuyur hər biri beş-altı vərəq,Sonradan saqqala verir rövnəq.Lakin bu mövzunun durduğumuz məkanda geosiyası məqsədlərdən ötrü həyata keçirilməsi kifayət qədər aydındır. Bu tarixdə də eyni şəkildədir. Məlumdur ki, İslamı əsas götürən, Allahın birliyini (Tovhidi) İslam qanunları, Allah ehkamları vasitəsilə yayan Osmanlı imperiyası ilə Rusiya arasında tarixi toqquşmalarda Rusiya imperiyanı zəif salmaq üçün öncə İslamı parçalamalı idi. Çünki qarşısındakı iki böyük dövlətin – İranın və Türkiyənin əsas əhalisi (90%-dən yuxarısı) bilavasitə türk idi. Türklər isə İslam dininə mənsubdurlar. Elə bu baxımdan 1 Pyotr böyük Rus imperiyası qurmaq üçün bu iki dövlətin birləşib ümumi düşmənləri olan Rusiyaya qarşı mübarizə aparmasını zəiflətməkdən ötrü yollar axtarır. Təbiidir ki, bu ideoloji təxribatın ən aparıcı mövzularından biri sünnilik-şiəliklə bağlı idi. 1 Pyotr nəinki bu siyasəti yürüdürdü, hətta özündən sonrakı imperiya varislərinə də bu məzhəb ayrılığından siyasi-ideoloji vasitə kimi istifadə etməyi bir imperiya qanunu kimi vəsiyyət edirdi: “İstanbula sahib olan çar dünyada ən ilahi çar olacaqdır. Bu məqsədi həyata keçirmək üçün həmişə Türkiyə ilə İran arasında fitnə-fəsad salmaq, dava-dalaş yaratmaq lazımdır. Bu işdə sünni və şiə arasındakı ixtilaflar böyük kəsərli silah və basılmaz ordudur. Rusiya nüfuzunu Asiyada qaldırmaq üçün sünni-şiə ixtilafları yaxşı vasitədir. Türkiyə ilə İran arasındakı müvazinətləri fitnə-fəsadla elə pozmaq lazımdır ki, onlar bir-biri ilə dil tapa bilməsinlər”.Mənbələri diqqətlə araşdırarkən bir tarixi həqiqət də ortaya çıxır ki, rus çarizminin bu fıtnəkar siyasəti şöhrətli tarixi şəxsiyyət olan Nadir şah Əfşarın ölümünə səbəb olmuşdur. 1 Pyotrun vəfatından sonra Rusiyada daxili vəziyyətin pisləşməsi, hakimiyyətdaxili mübarizə bu ölkəni müvəqqəti olaraq öz işğalçılıq siysətindən əl çəkməyə vadar etdi. Məhz bu zaman Pyotr zamanında əldə edilən Kaspisahili vilayətlərdən çəkilməyə məcbur olan Rusiyanın İran ilə iki il danışıqlardan sonra (1732-ci il, yanvarın 21-də) bağladığı “Rəşt sülh müqaviləsi” nə əsasən Kürdən cənuba doğru işğal olunmuş, 1723-cü ildə “Peterburq sülh müqaviləsi”nə görə Rusiyanın nəzarətinə keçmiş “Kaspi sahili vilayətlər” adlandırılan ərazilər o şərtlə İrana qaytarıldı ki, bu müqavilənin şərtlərinə uyğun olaraq İran Türkiyəni ( Müqavilədə Türkiyə nəzərdə tutulur) bu vilayətlərə buraxmamağı rəsmi şəkildə öhdəsinə götürdü. Rusiyanın bu ərazilərdən çəkilməyə məcbur olarkən yenə də qayıtmaq ehtimalı üçün siyasi-diplomatik addımları cərgəsində göründüyü kimi İranla Türkiyənin yaxınlaşmasına mane olmaq cəhdləri dayanırdı. İran və Türkiyənin bir-birinə yaxınlaşması Rusiyanın bu ərazilərdən birdəfəlik əl çəkməsi demək idi. Dili bir, dini bir, mənşəyi və mədəniyyəti eyni olan bu iki ölkənin birləşməsi yeni, nəhəng bir türk imperiyasının meydana çıxmasına səbəb ola bilərdi ki, bu da işğalcılıq nəticəsində öz ərazilərini genişləndirməyə çalışan Rusiyaya və digər türk düşmənlərinə heç vəchlə sərf edə bilməzdi. Məhz bu məkrli siyasətin qarşısı almağa çalışan İran şahı Nadir şah Əfşar özünü şah elan etdikdən bir neçə ay keçməmiş ( mart-sentyabr) İran və Türkiyə arasında müqavilə bağlanmasına çalışırdı. O, bu danışıqların nəticəsi olaraq 1736-cı ilin sentyabrında Rusiyaya əhəmiyyət vermədən, onun iştirakı olmadan Türkiyə ilə sülh müqaviləsi bağlamağa nail oldu. Əlbəttə bunun bir tərəfi İran dövlətinin milli maraqlarına söykənirdisə də, digər tərəfi ümumtürk birliyinin yaradılması ideyasından irəli gəlirdi. Elə buna görə də Nadir şah iki türk dövləti arasında süni şəkildə siyasi maneə kimi qızışdırılan sünnilik və şiəlik məzhəblərini bir araya gətirməyə çalışırdı. Bu barədə N.Nərimanovun məşhur “Nadir şah” tarixi-faicəvi dramında tarixdən götürülmüş real hadisələrin bədii əksini görürük. Biz bu hadisənin klassik ədəbi örnəklərdə bədii ifadəsinin ədəbi üsul olaraq yazar təxəyyülü olmadığını tarixi əsərlərdə də müşahidə edirik. A.A.Bakıxanovun “Gülüstani-İrəm”, M.Süleymanovun “Nadir şah” kimi tarixi əsərlərində və s. tarixi ədəbiyyatda bu bilgilərə rast gəlirik.N.Nərimanovun “Nadir şah” əsərində Nadir şah iki məzhəb haqqında deyir: “Doğrusu şiə-sünni adı eşidə bilmirəm. Gərək bu iki məzhəb birləşə”.Nadir şah bu əsərdə bunu yalnız bir şəxs olaraq deyil, həmçinin həyata keçirmək istəyən böyük təfəkkür sahibi olaraq təsvir edilir. Belə ki, o, bu barədə iranlılar və osmanlılar ilə danışıqlar aparır. İran axundu və yaxud İslam rəhbərinə bu məsələ haqqında ona kömək etməsini xahiş etmək üçün ayağına minnətci göndərən Nadir şah Osmanlı sultanına da eyni səviyyədə müraciət edir: “– Mirzə, bu saat Sultana kağız yaz ki, mən xahiş edirəm, ümumi xeyirdən ötəri iki məzhəb birləşə”.Bu mütərəqqi addımları sayəsində Nadir şah fitnə qurbanı olub. Bu humanist addıma ciddi-cəhdlə mane olan qüvvələr Nadirin oğlunu böhtana salıb, onun gözlərinin çıxarılmasına səbəb olurlar. Nəticədə isə Nadir şah böyük mənəvi böhran keçirir və yalnız bundan sonra ona sui-qəsd olunur. Maraqlıdır ki, Nərimanov bu əsərdə məhz Nadirin facəsini təşkil edən drammatik süjet xəttini sünnilik və şiəlik məzhəblərini birləşdirməyə çalışan İran şahının arzu, istək və mübarizəsi üzərində qurmuşdur. Təsadüfi deyil ki, 1899-cu ildə yazılan bu böyük əsərin tamaşaya qoyulmasına çar senzurası yalniz 1906-cı icazə vermişdir. Bu ərəfədə məşhur 1905-07-ci illərin çar İstibdadına qarşı etiraz hərəkatı baş vermiş, Çar rejimi özünün saxta mütərəqqilliyini və demokratizmini göstərmək üçün qadağa qoyduğu digər hüquqlar kimi azad fikir buxovlarını müvəqqəti olaraq aradan qaldırmışdır. Bu zaman Rusiyada yaradılan ilk qanunverici orqan olan Dövlət Duması da məhz bu yalançı hümansit maska demokratiyası nəticəsində ortaya çıxmışdır. Əks halda Rusiya imperiyasının siyasi doktrinasına çevrilmiş Pyotr vəsiyyətinin əsas müddəalarından olan “sünni və şiəlik qarşıdurması”na qarşı yazılan hər hansı bir əsərə nəinki icazə verilməzdi, hətta bu ciddi təqib və təzyiqlə – rə məruz qala bilərdi. Təəssüf ki, biz N.Nərimanovun bu illərdən sonrakı siyasi fəaliyyətində bu istiqamətin məntiqi davamını deyil, rus şovinizminin Pyotr vəsiyyətinə söykənən, şəklini və rəngini dəyişmiş qırmızı siyasətinin müdafiəsini görürük.Böyük millətçi vətəndaş mütəfəkkir M.Ə.Sabir də Nadir şahın ölümünə sünni – şiəliyin aradan qaldırılmasında atdığı ciddi addımların səbəb olduğunu göstərir və “Fəxriyyə” şerində buna ürək ağrısı ilə acıyır:Nadir bu iki xəstəliyi tutdu nəzərdə,İstərdi əlac eyləyə bu qorxulu dərdə,Bu məqsəd ilə əzm edərək girdi nəbərdə,Məqtulən onun nəşini qoyduq quru yerdə,Bir şeyi əcibiz, nə bilim, bir tühəfiz biz,Öz dinimizin başına əngəlkələfiz biz.M.Ə.Sabir bu şeirdə sünni və şiəlik məzhəblərinin İslamı parçalamasını göstərməklə bu məzhəb ayrılığının düşmənçilik səviyyəsinə gəlib çıxmasına şiddətli etiraz səsini ucaldır, bunun yalnız türk millətinin bütövlüyünə xələl gətirən bir təhlükə mənbəyi kimi aradan qaldırılmasına can atır:Bir vəqt şah İsmailü- Sultani- Səlimə,Məftun olaraq eylədik İslamı dünimə.Qoyduq iki tazə adı bir dini – qədimə,Saldı bu təşəyyö, bu təsənnün bizi bimə…Qaldıqca bu halətdə səzayi – əsəfiz biz,Öz dinimizin başına əngəlkələfiz biz.Sabir təşəyyö ( şiəlik ), təsənnü ( sünnilik ) məzhəblərinin İslamdan çox sonra yarandığını bildirməklə bərabər iki türk dövlətinin məhz bu məzhəblər vasitəsilə bizim üçün İslamı ikiyə parçaladığını qeyd edərək məzhəb ayrılığının İslam dininə zidd olduğunu bəyan edir.Şiə-sünni mövzusunu daimi gündəmdə saxlayan siyasi avanturistlər və yaxud cahil boşboğazlar bu məzhəbləri az qala millət anlayışında təbliğ etməklə elə bir görüntü yaratmışlar ki, bu məzhəblərin dünyagörüşü kimi başa düşülməsindən daha çox milli mənşə, dədə-baba soyu kimi anlaşılması dolaşıqlığı bu günə qədər meydanda qalmaqdadır. Sanki nəsil şəcərəsinə görə kim şiə əcdadlarına bağlıdırsa, mütləq şiə, sünni əcdadına bağlıdırsa, sünni olmalıdır. Lakin qeyd etdiyimiz kimi ibadət qaydalarına aid olan bu davranış metodları onu qəbul edib-etməməkdən asılı olaraq kim isə bu məzhəblərin ənənəvi üsullarını mənimsəyir, ideoloji baza isə hər iki üsul üçün qəbul olunan İslam dəyərləridir. M.Ə.Sabirin bu məsələyə hələ uşaq yaşlarında aydınlıq gətirən məşhur misralarını da bu yerdə misal çəkmək məqamına düşər:Babam sünni, nənəm şiə, dürək mən,Nə farsam mən, nə hindəm mən, türək mən.Lakin onu da qeyd edək ki, şairin əsərlərinin müxtəlf nəsrlərində təkrar olunan “Babam sünni, nənəm şiə” sözü bizim qənaətimizcə, “Babam sünni, atam şiə” kimi oxunmalıdır. Düzdür, əldə olan bu misralar fikrimizin inkarına səbəb olmur, ancaq müəyyən bir vəziyyətin təsvirini azaldır. Məlumdur ki, Sabirin babası Hacı Tahir sünni mövqeyində idi. Atası Zeynalabiddin isə şiəliyi qəbul etmişdi. Hətta bəzi xatirələrdə Hacı Tahirin radikal bir sünnilik tərəfdarı olduğu da göstərilir. Ancaq Hacı Tahirin hələ övladı dünyaya gələrkən ona dördüncü şiə imamının adını qoyması bunun əksini isbat edir. Adına uyğun tale yaşayan Zeynalabiddinin şiəliyi seçməsinə işarə vuran şair babasının sünni, atasının isə şiə olduğunu deməklə bu məzhəblər arasındakı fərqin düşmənçilk səviyyəsində ola bilməməsini göstərmiş, atanın sünni, oğulun şiə, nəvənin isə hər ikisini qəbul və yaxud inkar edə biləcəyinə diqqət çəkmişdir. M.Ə.Sabir “A şirvanlılar” şeirində də eyni bir şəxsin bir üsul qaydası kimi bu məzhəbləri qəbul və yaxud inkar edə biləcəyini göstərmişdir:Şiəyəm, əmma nə bu əşkaldən,Sünniyəm, əmma nə bu əmsaldən,Sufiyəm, əmma nə bu əbdaldən,Həq sevən insanəm, a şirvanlılar!Bir qədər əvvəl Sabirin bir şeirindən nümunə verərkən böyük məzhəb çarpışması kimi dillər əzbəri olan tarixi fakta-səfəvi hökmdarı I Şah İsmayıl ilə Osmanlı Sultanı Sultan Səlim arasındakı toqquşmaya Sabirin də diqqət çəkdiyini göstərmişdik. Lakin onu da qeyd edək ki, kütləvi mübahisələrin əsas mövzusu olan bu tarixi qarşıdurma heç də bu günə qədər diqqətlə öyrənilib geniş ictimai auditoriyaya çatdırılmamışdır. Çünki iki böyük türk dövləti arasında gedən bu qarşıdurma və müharibənin yalnız sünnilik və şiəliklə bağlı olması tarixi məntiqi inkar edir. Belə ki, əgər Osmanlı Sultanı ilə Səfəvi hökmdarı arasında olan toqquşma bu səbəbdən irəli gəlirdisə, bəs onda Yıldırım Bəyazid ilə Əmir Teymur arasındakı müharibə hələ ondan yüz il əvvəl nəyə görə baş vermişdir? Bu iki hökmdar arasıda məzhəb ayrılığı yox idi ki? Elə Ağqoyunlu hökmdarı Uzun Həsən ilə yenə də Osmanlı Sultanı II Məhəmməd Fateh arasındakı müharibə də heç də məzhəb ayrılığından irəli gəlməmişdir. Məlumdur ki, Uzun Həsən də, Osmanlı sultanları kimi eyni məzhəbin fiqhi qaydalarını qəbul edirdi. Bu tarixi faktların sayını kifayət qədər atırmaq olar. Bu zaman əsl tarixi gerçəklik ortaya çıxır. Dövlət maraqları zəminində baş verən bu toqquşmalara ifrat məzhəb mövqeyindən yanaşılması o dövrün acınacaqlı mənzərəsindən daha çox sonrakı dövrlərdə mövzunu gündəmdə daimi saxlamaq istəyən qüvvələr tərəfindən həyata keçirilir. Məqsəd yenə də türk insanları, müsəlman əhalisi arasında parçalanma yaratmaq və bu bölücülük siyasətindən öz mənafeləri üçün istifadə etmək səyləridir. Təsəvvür edin ki, hələ Sultan Səlim və Şah İsmayıl arasındakı müharibədə o zaman türk qoşunları səfəviləri məblubiyyətə uğradıb Səfəvi hökmranlığının paytaxtını tutsalar da, heç iki həftə belə burada qalmamışdılar. Ondan sonrakı dövrdə I Şah İsmayıl öz hökmranlığını düz on il sürdürmüş, ondan sonra isə Səfəvi hökmdarları İran tarixində iki yüz ildən çox öz mövcudluqlarını qoruyub saxlamışdılar.Beləliklə, sünni-şiə mövzusunun qarşıdurma səviyyəsində tətbiqi yalnız türklük və müslimanlıq ideyalarına qarşı yönəli məkrli fitnəkar siyasəti aşkara çıxarır. Elə bu səbəbdən də Azərbaycan ədəbiyyatının klassik nümayəndələrinin bir çoxu bu məzhəbləri bütünlüklə inkar etmiş, ya şəriət üsulu kimi qəbul olunmasına qarşı çıxmış, yaxud da hər iki məzhəbi birləşdirmək istiqamətində mövqe nümayiş etdirmişdir. Biz bu barədə N.Nərimanovdan, M.Ə.Sabirdən misallar göstərməyə çalışdıq. Lakin digər örnəklər də yox deyildir. F.Köçərli “Azərbaycan (türklərinin) ədəbiyyatı” toplusunda göstərirdi ki, “Hacı Seyyid Əzim…cani-dildən ağlıyıb naləvü-fəryad edirdi ki, biz bir millət olduğumuz halda bir-birimiz ilə qardaş kimi dolanmağa Allahın hökmü ilə borclu ikən nə səbəbə iki firqəyə bölünüb ədavət başlayaq?”.Sonra Firudin bəy Seyyid Əzimin külliyyatdan nümunə verir:Şiəmiz sünniyə edər töhmət,Sünnimiz şiədən edən qeybət,Bizi puç etdi şiə-sunni sözü,Əhli-İslamın oldu kor gözü.Bu misralar Seyyid Əzimin “Əkinçi” qəzetinin yaradıcısı Həsən Bəy Zərdabiyə müraciətlə yazdığı şeirdəndir. Ancaq biz bu misraları düşünülmüş şəkildə Firudun Bəy Köçərlinin əsərindən örnək verməklə, onun da bu mövqedə olmasına diqqət çəkmək istədik.Ümumiyyətlə, Hacı Seyyid Əzim Şirvani dəfələrlə bu mövzuya toxunmuş, bu məsələyə geniş İslami mövqedən yanaşmış, fikir ayrılığının düşmənçilik səviyyəsinə gəlib çıxmasına öz etirazını bildirmişdir. Seyyid Əzim “Rəbiül-Ətfal” (Tifllərin baharı) əsərində oğlu “Mircəfərə xitab” edir ki:“Demirəm sünni ol və ya şiə,Tək hədəf olma tiri-təşniə”.Yəni, demirəm sünni və ya şiə ol, tək eyiblilik oxuna (tiri-təşni) özünü hədəf etmə, deyir. Şair daha sonra şiəliyin hüquqi əsaslarına toxunaraq oğluna məsləhət görür ki, şiəlik etsə də, radikal şiə təəssübü iddiasıyla ifrat mövqedə dayanıb hətta peyğəmbər səlavatullahın əshabı haqqında küfr və lənət edənlərdən özünü fərqləndirə bilsin. Buna görə də bu yerdə böyük Seyyid Əzim özünü misal göstərir:Mən özüm şiəyəm, budur sifətim,Leyk əshabə yox müxalifətim.Bu yerdə Seyyid Əzim Şirvani çox ciddi və incə bir məsələyə toxunur. Həddini aşıb azğınlaşmış ifratçı şiə və sünni tərəfdarlarının İslam tarixində adı qiyamət gününəcən əbədiləşmiş xülafeyi-ər-Rəşidiyyun (dörd xəlifə) (Həzrət Əbu Bəkr, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli) haqqında dedikləri böhtan və hədyanlar, hətta lənət oxumaq cəhaləti Seyyid Əzimi narahat edir. Ona görə də eyni yerdə oğluna “Dilini saxla lənət etməkdən” deyir, bunun İslamı parçaladığı, Allahın və onun Rəsulunun adına hörmətsizlik olduğunu diqqət mərkəzinə çəkir.Ümumiyyətlə, sünnilik və şiəlik məzhəblərinin düşmənçilik səviyyəsində gəlib çıxmasında Peyğəmbər əfəndimizdən (SƏS) sonra dövləti idarəçiliyin ali rəhbəri olaraq kimin bu vəzifəyə haqqı çatacağı, kimin haqqı çatmayacağı barədə mübahisə və münaqişələr bu xəlifələri nəinki bir-birindən ayırmaq, hətta bir-birinə qarşı qoymaq iddiası meydana çıxarmış, məhz bu məsələnin həmişə qüvvədə qalmasına çalışan qaranlıqda gizlənmiş güclər də dəfələrlə buna cavab vermişlər. Halbuki İslam tarixi zaman-zaman mübahisə mövzusu olan bu məsələnin gerçəkliyini inkar edir, qondarma bir şayiə mövzusu olmasını meydana qoyur. Belə ki, səhih qəbul edilən bir çox hədislərə əsaslanaraq Muhamməd Əleyhissəlamın əshabı haqqında dediyi kəlamlar və digər tarixi hadisələr bu mübarək şəxsiyyətlərin hər biri barəsində söylənən iftiraların yanlış mənbələrdən qaynaqlandığı, böyük günah, küfr və hətta şirk (Allaha şərik qoşmaq) olduğu qənaətini təsdiq edir. Bu şərəfli hədislərdən bir neçə nümunə göstərək:Əbu Səid Hudri həzrətlərindən rəvayət edilən bir hədisə görə mübarək peyğəmbərimiz (SƏS) buyurmuşdur: “Əshabımı pisləməyin. Sizlərdən biri Uhud dağı qədər altun sədəqə versə, əshabimdan birinin bir arpa sədəqəsinin və ya onun yarısının səvabına çata bilməz”.Abdullah ibn Mağfel həzrətlərinə istinadən rəvayət edilmişdir ki, Əziz İslam peyğəmbəri, kainatın ən şərəflisi olan Muhamməd Əleyhissəlam həzrətləri buyururlar ki, “Allahu-Təala Həzrətlərindən qorxun. Allahu-Təala Həzrətlərindən əshabım haqqında qorxun. Onları kötü sözlərinizə hədəf etməyin. Hər kim ki, onlara qəzəb edirsə, mənə qəzəb etdiyi üçün qəzəb edər. Hər kim onlara əziyyətversə, mənə əziyyət (əza) verər. Hər kim ki, mənə əza edər, Allahu-Təala həzrətlərinə əza edər. Hər kim Allahu-Təalaya əza edərsə, tezliklə əzaba düçar olar” .Abdullah ibn Zübeyrin (Allah ondan razı olsun) atasına əsasən söylədiyi bir hədisi-şərifdə Allahın Rəsulu (SƏS) söyləmişdir ki, “Qiyamət günü əshabımdan hər biri qəbirlərindən qalxarkən vəfat etdiyi məmləkətin bütün möminlərinin önlərinə düşərək və onlara nur və işıq saçaraq onları ərəsət meydanına götürəcəklər”.Diqqət çəkdiyimiz bu hadisə və hədislər Seyyid Eyyub ibn Siddiqin “Dörd xəlifənin üstünlükləri” kitabında yer almışdır. Bu dəyərli kitab 2001-ci ildə İstanbulda altıncı dəfə nəşr olunmuşdur. Müəllif şərəfli peyğəmbərimiz Mühamməd Əleyhissəlamdan sonra dörd seçilmiş İslam xəlifəsinin hər biri haqqında böyük sayğı və hörmətlə geniş məlumat vermişdir. Kitabda ibn Münzirə istinadən Həzrət Əli Əleyhissəlamın da özündən əvvəlki xəlifələr haqqında dediyi qiymətli kəlam yer almışdır: “İbn Münzir rəvayət edir ki, Həzrət Əli (Allah-Təala ondan razı olsun) buyurdu ki, bu ümmətin nəbisindən sonra ən xeyirlisi Əbu Bəkr, sonra Ömər, ondan sonra Osmandır”.Həzrət Əli (əs) bu seçilmiş xəlifələrə görünür ki, böyük bir sevgi duymuş, çiyin-çiyinə ən ağır müharibələrdə birgə keçdiyi və Allah iradəsi, peyğəmbər seçimi sayəsində ən yaxın şəxsiyyətlərdən olan bu mübarək insanların adlarını öz övladlarına belə qoymuşdur. Bu barədə böyük mövlana Məhəmməd Füzulinin ən uca şəhidlik abidəsi olan “Hədiqətus-süəda” (xoşbəxtlər baxçası) əsərində diqqət çəkən məlumat vardır. Həzrət Əli Əleyhissəlamın övladları haqqında bəhs açan müəllif əsərin sonunda yazır: “ Əmma məşhur olanlar İmam Həsən və Hüseyn, Möhsin və Yəhya, Əbdüllah və Məhəmməd Hənifə, Əbubəkr və Ömər, Osman və Əvn, Cəfər və Əbbas. Vəllahu-Ələm” ( Daha doğrusunu Allah bilir).Onu qeyd edək ki, bu addımı bir qədər əvvəl haqqında söhbət açdığımız, özünü “şiə” adlandırsa da, peyğəmbər əshablarına müxalifətdə olmadığını fəxrlə bəyan edən Seyyid Əzim Şirvani də atmışdır. Bu barədə F.B.Köçərlinin “Azərbaycan (türklərinin) ədəbiyyatı ” toplusundan oxuyuruq: “Şair özü şieyi-isna-əşəri olduğuhalda xülafeyi-güzinə (dörd seçilmiş xəlifə) artıq meylü-məhəbbəti vardı və bu məhəbbətdən öz övladına onların adlarını qoymuşdur” .Biz şeyx Nizami Gəncəvinin bu səhabələr arasında fərq qoymadan onlara bütöv sevgi nümayiş etdirməsini də əsl İslam əxlaqından irəli gələn dünyagörüşü ilə izah edirik. Belə ki, şair məşhur beşliyinin sonuncu abidəsi olan “İskəndərnamə”nin “Şərəfnamə” hissəsində bu məsələyə aydınlıq gətirir:…Əlinin eşqində hərçənd ki, möhkəməm,Ömərin eşqindən də xali deyiləm.Eyni zamanda mənim işıqlı dimağımın gözündə,Əbubəkr şamdır, Osman çıraqdır.Bu dərviş xislətli dörd sultanla,Dövlətin dörd təkbirini tamamlamışlar.Elə şair bu beşliyin birinci əsəri olan “Sirlər xəzinəsi”ndə də eyni mövqedən çıxış edir. Klassik ədəbiyyatda “nət” adlandırılan “Peyğəmbər mədhi” bəhsində böyük alim və şair sevimli peyğəmbərimizə (SƏS) müraciətlə yazır:Ya bir Əlini vuruş meydanına yolla,Ya bir Öməri şeytanın qabağına yolla.Eyni mahiyyətlə çıxış edən dərd obrazı olan Füzuli bənzəri Molla Vəli Vidadi də Molla Pənah Vaqiflə deyişməsində aşağıdakı misraları əqidə ifadəsinə çevirir:Əvvəl Əbubəkr Peyğəmbərə yar,Ömərdir İslamı eyləyən izhar.Osmani-Zinnureyn, Heydəri-Kərrar,Olarlar saqiyi-Kövsər, ağlarsan.Göründüyü kimi, şair bu misralarda Həzrət Əbu Bəkrin, Həzrət Ömərin iki nur sahibi Həzrət Osmanın və döyüşdə aslan ləqəbli Həzrət Əlinin cənnətin ən uca pilləsində olan mübarək peyğəmbərimizin sakin olduğu “Kövsər” çeşməsi yanında olacaqlarını qeyd edir və bu müqəddəs məqam sahiblərini bir-birindən ayırmağa cəhd edənlərə qarşı mövqe bildirir. Görkəmli şair burada eyni zamanda İslam tarixçiləri və ilahiyyatçıları tərəfindən qəbul edilən “Əşəri-mübbəşşir” (on bəşər) müjdəsinə işarə edir. Belə ki, Həzrəti peyqəmbərimiz Muhamməd Əleyhissəlam on nəfər böyük dərəcə qazanmış əshabını cənnətə düşəcəyi ilə müjdələmişdir, yəni öncədən xəbər vermişdir. Bunlardan ilk sırada dayananlar məhz Həzrət Əbu Bəkr, Həzrət Ömər, Həzrət Osman və Həzrət Əli, digərləri isə Əbu Übeydə, Talha, Zübeyr bin Əvvam, Səid İbn Zeyd, Səd bin Əbu Vəqqas və Əbdürrəhman bin Avf həzrətləridir.Elə buna görə hüquqi əqidə mübahisələrində bu mübarək şəxsiyyətlərin (əshabi-kiram) haqqında bəhs açarkən bölücülük deyil, birləşdirici istiqaməti seçmək vacib və zəruridir. Qardaşlıq və ünsiyyət parçalanmaqdan yox bütövləşməkdən yaranır. Böyük iman daşıyan milli şairimiz Məhəmməd Hadi “Qələm nə söyləyir?” şerində məhz mübarək Kitabda qardaşlıq ( üxüvvət) kəlməsinin olduğunu məzhəb ayrılığına qarşı inanc əsası kimi meydana qoyur:Nə sünni, şiə var Quranımızda,Üxüvvət ləfzi var fürqanımızda.ATİF İslam oğlu İSLAMZADƏ,Filologiya üzrə fəlsəfə doktoru


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler