Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Senin iki yox, üç övladın var” – Hüseyn Cavid haqda neleri bilmirik?

24 Eylül 2016

8:24 pm


25/09/2016 [00:23]: xeber –
1937-ci il repressiyasının Azərbaycan ədəbiyyatına vurduğu Hüseyn Cavid boyda zərbə güman ki, tarix boyu unudulmayacaq. O, milli düşüncənin formalaşması üçün bütün həyatını sərf etmişdi. Ölümünə səbəb də məhz bu mövqeyi idi. 1937-ci ildə Sibirə sürgün edilən Hüseyn Cavid 1941-ci ildə İrkutsk vilayətinin Tayşet rayonunun Şevçenko kəndində gözlərini əbədi olaraq yumdu. 59 illik həyatında Cavid milli ədəbiyyatın ən gözəl nümunələrini yaratdı. Amma çoxlarımızın bilmədiyi bir şey var ki, bu da Hüseyn Cavidin şəxsi həyatı, uşaqlığı, sevgisi və ömrünün ən maraqlı anlarıdır.Böyük ədibin həyatının ən maraqlı anlarını təqdim edirik:Hüseyn Cavid uşaqlıqda çox nadinc olub. Bacısı deyərdi ki, Hüseyn məktəbə gedəndə qonşu arvadlar sevinirdilər. Elə böyük vaxtı da nadincliyi başından getməmişdi. Gecə vaxtı bir yerdən gələndə tanış qapını döyüb çıxıb gedərdi.Cavid əsərləri üzərində işləyərkən xırdaca səs belə onun fikrini dağıdarmış.Bir dəfə Cavid Tiflisə gedir. Orda iki otaqlı mənzillərdən birində kirayənişin olaraq qalır. Qaldığı evin eyvanından bütün şəhər görünürmüş. Bir gün axşamtərəfi Cavid həvəslə gəlib işə başlamaq istəyir. Birdən görür ki, qonşu otağın qapısı açıqdır. Ürəyində fikirləşir ki, təzə gələnlərin ailəsi, uşaqları çoxdusa, heç işləyə bilməyəcək.Tez ev sahibəsinin yanına gedir. O, Cavidi sakitləşdirir ki, yox canım, nə ailə, nə uşaq? Qohumdu, tələbədi, tək oğlandı.Cavid bu sözlərdən rahatlanır və otağına keçib kağızlarını səhmanlayıb, qələmi götürüb yazıya başlamaq istəyir. Amma nə fayda? Sən demə, qonşu otaqdakı oğlan musiqiçi imiş. Özü də truba çalır. Elə o gecə dinməz-söyləməz dəftər-kitabını yığıb oradan köçür. Cavid öz xatirələrinin birində söyləyirdi:- Bir dəfə bir dağıstanlı dostuma qonaq getmişdim. Fürsətdən istifadə edib işləmək istəyirdim. O vaxt “Maral”ı yazırdım. İnsafən məni hörmət-izzətlə qarşıladılar, ayrıca bir otaq verdilər. Ürəyimdə sevindim ki, “əla”, lap mən deyən şəraitdi. Ancaq sən demə, onlarda qonağı evdə tək qoymaq hörmətsizlik sayılırmış. Buna görə də dostum qardaşına tapşırıb ki, mənimlə otursun. Qardaşı da bütün gün yanımdan heç yerə getmədi, söhbət olsun deyə arada ya mənasız bir sual verir, ya da öskürürdü. Üç-dörd gün canımı dişimə sıxıb dözdüm. Axırı gördüm bir sətir də yaza bilmirəm, səbrim daşdı. Dostumu çağırdım yanıma ki, ay əzizim, sənin bu qardaşının işi-gücü yoxdu? Səhərdən axşamacan oturur yanımda, fikrimi dağıdır, məni işdən edir. Sən Allah, buna bir məşğuliyyət tap, mən də işimi görə bilim. Qayıtdı ki, Cavid əfəndi, vallah, sizi tək qoymaq ayıbdı axı. Dedim, mən tək niyə oluram? Yanıma o qədər oğlanlar, qızlar, rəssamlar, şairlər, vaizlər, dərvişlər gəlir ki! Otururlar yanımda, mənimlə söhbət eləyirlər.Ev yiyəsi mən belə deyəndə yan-yörəsinə baxıb təəccüblə dedi ki, ay qardaş, bəs onlar hanı, heç mən görmürəm?“Darıxma, görərsən” – dedim. O adamlar hamısı yazdığım əsərin içindədirlər. Onları küsdürüb barışdırmaq, ağladıb güldürmək məni darıxmağa qoymur.Dağıstanlı dostum çox sevindi, sabahdan qardaşını da özü ilə işləməyə apardı. Axır ki, başladım yazmağa.Hüseyn Cavidin ömür-gün yoldaşı Müşginaz xanıma elçi düşməsinin də maraqlı tarixşəsi olub.Cavidin bacısı qızı ilə Müşginaz xanım yaxın rəfiqə olublar. Həm də qonşu imişlər. Bacısının ürəyindən keçirmiş ki, nə olaydı Cavid gələndə Müşginazı ona alaydıq.O zamanlar Cavid Bakıda müəllimlik edərdi. “Ana” , “Şeyda” kitablarını o vaxtlar təzəcə çapa verir və düşünür ki, aldığı pulla ev-eşik düzəldər. Nəhayət Cavid Naxçıvana qayıdanda bacısı illər uzunu ürəyində gizli saxladığı arzusunu açıb deyir. Nə qədər tərifləyir, nə qədər yalvarırsa da, Cavidi razı sala bilmir ki, bilmir. Deyir “Gərək özüm görəm. Görməsəm “hə” deməyəcəm”.Cavidin böyük qardaşının arvadı deyir ki, Müşginazı evə çağıraq, Cavid də onu görsün.Günlərin bir günü Müşginaz anasından icazə alandan sonra, Cavidgilə gəlir. Müşginazı yaxşı görmək üçün Cavid iki sandığın arxasında gizlənir. Amma işıq arxa tərəfdən düşdüyü üçün qızı yaxşı görə bilmir və razılıq da vermir. Bir neçə gün evdəkilər götür-qoy edirlər ki, neyləsinlər. Axırda qərara gəlirlər ki, indi də qızı bacısıgilə çağırsınlar.Müşginazı bir daha gətirdirlər və bu dəfə onu görən Cavid razılaşır. Nəhayət, 1918-ci ildə evlənirlər.Müşginaz xanım Hüseyn Cavidlə bağlı xatirələrində qeyd edirdi: – 1921-ci ildə bərk xəstələnmişdim. Bir gün Cavid kitablarından bir neçəsini ayırdı. Soruşanda ki, onları neyləyirsən, cavab verdi ki, bir nəfər istəyib, ona çatdırmalıyam.İki-üç saatdan sonra Cavid qayıdıb gəldi, dərman, qənd, çay, çörək, ət alıb gətirdi. Elə onda kitabları satdığını anladım.Pulunun olmadığını bilirdim. Özü də çox fikirli görünürdü. Oturub ağladım. Çünki Cavidin apardığı kitabların hər birini neçə dəfə əlinə alıb yerə qoyduğunu görmüşdüm.Məni ağlayan görəndə Cavid yaxınlaşıb saçımı sığalladı:- “Adam dar gündə dözümlü olar. Həmişə belə olmayacaq ki!”- Sən darıxdığına görə ağladım – dedim.- Keçib gedər, darıxma. Dar günün ömrü az olar, acısı çox.Müşginaz xanım digər xatirəsində danışır:- Cavid bir əsərin üzərində illərlə işləyərdi. Dönə-dönə üzünü köçürərdi. Öz istədiyi kimi tamam hazır olmayana qədər üzə çıxarmazdı. Əlyazma nə qədər qarmaqarışıq olurdusa, üzünü köçürəndə o qədər təmiz, o qədər səliqəli olardı, elə bil çapdan yenicə çıxıb. Dəftərin üstünə ləkə çəkməsin deyə suçəkən kağızı qoyardı. Çox vaxt gecə işləyərdi. Gündüzlər isə gecə yazdıqlarının üzünü köçürərdi. Cavidin yazı masası o biri otağa açılan qapının yanında yerləşirdi. Masanın yerini dəyişmək mümkün deyildi. Ona görə də Cavid işləyən zaman çox gir-çıx eləməzdim, uşaqları səs salmağa, mane olmağa qoymazdım.Bir gün uşaqlar yatmışdılar, mən də oturub kitab oxuyurdum. Nə iş üçünsə durub o biri otağa keçməli idim. Bildim ki, nə qədər yavaş keçsəm də, yenə Cavidin fikri dağılacaq. Kiminləsə danışırmış kimi əli ilə hərəkətlər edirdi. Qayıdıb oturdum. Kitabın vərəqini də çevirməyə ehtiyyat edirdim. Qorxurdum ki, birdən fikri dağılar. Xeyli sonra qalxdı ayağa. Gördü ki, oturmuşam.- Yuxusuz qaldın. Niyə gedib yatmadın ?- Qıymadım. Dedim fikrin dağılar.- Bu gecə çox yaxşı işlədim. Onun da səbəbi sən oldun.Hər gün nahardan sonra 1-2 saat yatardı. İşləməyə başlamazdan əvvəl bir fincan tünd qəhvə içərdi. Özünün xəbəri olmadan hazır edərdim.Çox əsəbi idi. Həmişə deyərdi: “Sənin 2 yox, 3 övladın var. Özü də üçüncüsü lap cəncəl, lap nadincdir”. Özünə işarə edərdi.Bir qonaqlığa, ya toya gedəndə deyərdi: “Gec gedək, tez gələk. Adam bir yerdə 4-5 saat otura bilər?”Ancaq işləyən vaxt nəinki 4-5 saat, ondan da çox oturan vaxtı olurdu.Cavid qayğıkeş, qədirbilən bir ailə başçısı idi. Heç yadıma gəlmir ki, səhərlər durub uşaqları məktəbə yola salım. Həmişə özü durub onların yeməklərini verərdi, yola salardı.Bir vaxt ayaqqabısı və kostyumu çox köhnə idi. Ha fikirləşirdim necə edim ki, heç olmasa ikisindən birini ala bilim. Özünə deyəndə belə cavab verirdi ki, bir az da gözlə. Yemək-içməyimizdən kəsmə.Axırda dözmədim. Bir cüt ona ayyaqabı aldım. Sabahı geyib getdi. Axşam evə gələn kimi dedi:- Sağ ol ki, bu ayyaqabını aldın. Bu gün neçəsi dedi, Cavid əfəndi, bu sənə yaraşır, o nə idi geyirdin?Mərdimazarlara, evyıxanlara lənət. Zaman gəldi, həmin ayaqqabılara da pənah gətirdim.Qızı Turan xanım isə belə xatırlayırdı:- Bir dəfə qonşuluğumuzda yaxşı bir adam rəhmətə getmişdi. Mən onda uşaq idim. Dedim ki, niyə, həmişə yaxşı adamlar ölür? Babam, yəni Cavid gülürək dedi: “Ay şeytan, bəyəm biz pis adamıq?”***Hüseyn Cavid çox dürüst insan idi. Bir gün Maarif şöbəsində guya Cavidin vəziyyətini nəzərə alıb qız məktəbində ona əlavə dərs verirlər. Molla oğlu olduğu üçün şəriət müəllimi təyin edirlər. Heç yerdən gəlir yox idi deyə, buna çox əsəsbiləşsə də, dərs verməyə gedir.Özü həmin anları belə xatırlayardı:- Sinfə girdim, dedim ki, məni sizə şəriət dərsi demək üçün göndəriblər. Ancaq mən molla deyiləm. Qızlardan biri dedi: “Yox, biz istəyirik ki, siz ədəbiyyatdan dərs verəsiniz”. Onsuz da mən özüm də o fikirdəydim. Bir neçə gün belə dərs dedim. Sonra bu barədə kimsə gedib müdriyyətə xəbər verdi. Bir gün müdir məni çağırdı: “Cavid əfəndi, bu necə dərs deməkdi?”. Mən də dedim ki, mənim şəriət dərsim budur. O gündən də dərs kəsildi.(Admiral.Az )


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler