Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Semed Vurğun yaradıcılığında sovet dövrünün mehebbet dastanları

15 Ekim 2016

7:48 am


15/10/2016 [11:44]: xeber –
Ənənə tarixi təcrübədə öz təsdiqini tapıb mədəniyyətdə təkrarlanan hadisə kimi xarakterizə olunur. Belə təkrarlanan mədəni fenomenlərdən formalaşan ənənənin ən mükəmməl nümunələri klassik ənənəni təşkil edir. Klassik ənənə dedikdə təkcə keçmiş deyil, eyni zamanda ənənənin özünün  sabit və davamlı nümunələri nəzərdə tutulur. Azərbaycan xalq yaradıcılığı klassik ənənələr baxımından zəngindir. Bu klassik ənənələr dastan yaradıcılığına da öz təsirini göstərmiş, onları forma və məzmun şablonları ilə yanaşı, ideya və mövzu baxımından da qaynaqlandırmışdır. Dövrümüzə qədər gəlib çatan dastançılıq ənənələri həm keçmişdə qədim və orta əsrlər Azərbaycan ədəbiyyatının, həm də yeni dövrü əhatə edən  müasir Azərbaycan ədəbiyyatının əsas qaynaqlarından biri olmuşdur. Orta əsrlərə aid oğuz dastanları, oğuznamələr, Dədə Qorqud kitabı, Koroğlu dastanı özündə zəngin epik ehtiyatlar daşıyıb müasir dövrə çatdırmışdır. Bu dastanların bir çoxunun əsas ideyası qəhrəmanlıq olsa da, içində məhəbbət motivləri də kifayət qədər yer tutur. Bunlarla yanaşı, əsas ideyasının eşq və məhəbbət olduğu “Əsli və Kərəm”, “Tahir və Zöhrə”, “Leyli və Məcnun”, “Abbas və Gülgəz”, “Aşıq Qərib” və b. dastanlar müasir dövrdə məhəbbət dastanlarının yaranmasına öz təsirini göstərmişdir. Klassik ənənənin müasir məhəbbət dastanlarına təsirini və qarşılıqlı əlaqələrini öyrənmək baxımından XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Səməd Vurğunun yaradıcılığı zəngin material verir. Səməd Vurğun yaradıcılığı geniş əhatəli və zəngin olduğundan klassik ənənələrin də burada izlənilməsi üçün əlverişli şərait vardır. Digər tərəfdən də Səməd Vurğun  yaradıcılığı folklorla, şifahi ənənələrlə yaxından əlaqəli olduğundan klassik ənənələri özündə daha dolğun əks etdirməkdədir. Azərbaycan məhəbbət dastanlarının klassik ənənədə yaşayan nümunələri Səməd Vurğun yaradıcılığına öz təsirini göstərmiş, ona mövzu və ideya vermiş, əsərlərini motivlərlə zənginləşdirmişdir. Səməd Vurğun yaradıcılığı klassik dastançlıq ənənələrini davam etdirmiş, dastanın ədəbi variantlarına yeni obraz,  motiv və süjetlər əlavə etmiş, klassik dastan modelləri əsasında müasir dövrün məhəbbət dastanını yaratmışdır. Bu  xüsusiyyət özünü onun bir çox əsərlərində göstərməkdədir. 1. Ənənə və klassik ənənəƏnənə geniş anlayışdır və mədəniyyətin böyük bir sahəsini əhatə edir. Şifahi xalq yaradıcılığı ənənəsi də özündə mədəniyyətin tarixən sabitləşərək təkrarlanan nümunələrini ehtiva etməkdədir. Burada ənənə  cəmiyyətin həyatında və mədəni fəaliyyətində müəyyən bir yeri olan hadisədir. Ənənənin ən qabaqcıl nümunələri klassik nümunələrdir. Belə nümunələr zaman keçdikcə sıradan çıxmır və öz davamlılığını itirmir.Tomsona görə, “ənənə fikri folklor termininin içinə daxil edilməli olan hər şey üçün ölçü daşıdır”. Bu anlayışa görə, ənənədə hər hansı bir yenilik ola bilməz, əgər olsa, o yenilik hələ “insanların ağzında heç olmasa bir neçə nəsil yasamaq məcburiyyətindədir. Folklorun bu anlayışına Tomsonun orijinal tərifində yer verilmiş və indiyə qədər folklorşünaslar tərəfindən davam etdirilmişdir.Əski cəmiyyətdə ənənə mədəniyyətin özüdür. Qədim və orta əsrlər dövründə mədəniyyətlərin inteqrasiyası, din və elm kimi ciddi faktorlar ənənəvi mədəniyyətdə yenilikçi meyillərin yaranmasına səbəb olur. “Ənənəviliyin sosial-tarixi və mədəni əsasları vardır: birincisi, ibtidai icma mədəniyyətindəki birgə yaşayışla bağlı olmasıdır. İkincisi, xalq yaradıcılığında real gerçəkliyin əks olunması, folklor nümunələrinin insan ağlının və düşün¬cəsinin məhsulu olması ilə əlaqəlidir. Çünki eyni etnik-mədəni mühitdə yaşayış, düşüncə və dil ümumiliyi vardır. Bu da ənə¬nə¬viliyin yaranmasını şərtləndirir. Üçüncüsü, xalq yaradıcılı¬ğının özündə xalq estetikasının prinsip və kateqoriyalarını ehtiva etməsidir. Başqa deyilişlə, xalqın bədii zövqü ənənə¬viliyin əsaslarından biri olaraq qəbul edilməkdədir. Çünki xalqın estetik zövqü əsrlər boyu formalaşır və əsrlər boyu da davam edir. Dördüncüsü, folklorun xalq tərəfindən kollektiv olaraq yaradılmasdır” (10, 20).Ənənənin böyük bir hissəsi özündə dəyərləri sabit saxlamaq baxımından köhnəlmir və aktuallığını itirmir. Belə ənənə klassik xarakter daşıyır. Buraya həm şifahi yaradıcılıq, həm də yazılı yaradıcılıq sahələri aid ola bilir. Bir tərəfədən ozanların, aşıqların söylədiyi dastanların klassik nümunələri ənənəyə daxil olur, digər tərəfdən də həmin nümunələrin təsiri ilə ədəbi əsərlər meydana gəlir. Xüsusilə belə klassik nümunələr içərisində dastan janrının ayrı yeri vardır. Çünki dastan bədii yaradıcılığın genişhəcmli və əhatəli bir sahəsi kimi seçilir. Klassik ənənə və dastan yaradıcılığından bəhs edərkən mütləq məsələyə epik ənənə kontekstində baxmaq lazımdır. Bu da, öz növbəsində, ənənənin  müasirliyə və “novatorluğa” münasibətini müəyyənləşdirməyə imkan verir. Məlumdur ki, “epik ənənə xalq təhkiyəsi, xalq hekayəçiliyi deməkdir. Ənənəni biz şifahi xalq ədəbiyyatından bilirik. Ənənə təkrarlanan və adət halına gələn tarixi mədəni davranış tipidir. Ənənəvi davranış, o cümlədən xalq hekayəçiliyi ənənəsi mədəni davranış tipi kimi digər fəaliyyət sahələrindən seçilir”. 2. Klassik ənənə və müasir ədəbiyyatXalq yaradıcılığından gələn və orta əsrlər dövrü yazılı ədəbiyyatdan keçərək yeni keyfiyyət qazanan klassik ənənə müasir dövrə əski dəyərlərlə birlikdə daxil olur. Klassik ənənədə dövrümüzə daşınan dəyərlər içərisində ən önəmli yerlərdən birini məhəbbət mövzusu tutur. Məhəbbət mövzusu şifahi yaradıcılıqda xüsusi bir sahədir və dastan yaradıcılığının içində əsas tiplərdən birini təşkil etməkdədir. Çünki xalq dastanlarının böyük bir hissəsi məhəbbət mövzusu üzərində qurulmuşdur. Yazılı ədəbiyyat xalq yaradıcılığından gələn məhəbbət dastanlarını həssaslıqla qarşılamış və onun üzərində bir sıra yeni əsərlər yaratmışdır. Buraya Nizami Gəncəvi, Füzuli, Səməd Vurğun kimi görkəmli ədiblərin əsərləri daxildir.Yazılı ənənəyə daxil olmaqla məhəbbət (eşq) mövzusu ədəbiyyatın əsas ideya qaynaqlarından birini təşkil etməklə bərabər klassik dəyər halına gəlir. Çünki o, bütün dövrlərdə aktivliyini və aktuallığını itirmir və ədəbiyyatın böyük bir hissəsini öz cazibəsində saxlayır. Etnik mədəni qaynaqların Şərq sivilizasiyası ilə birləşməsi, İslam dəyərlərinin də ora daxil olması ilə eşq mövzusu keyfiyyətcə dəyişir və fərqli xüsusiyyətlər qazanır. Eşq mövzusunun başlanğıcı özündə fiziki istəkləri ifadə etməklə insanlar arasında sevgi duyğusunun ifadəsi kimi seçilir. Dünyanın elmi dərkinin genişlənməsi eşq mövzusunu düşüncənin mərkəzi hadisəsinə çevirir və cazibə kateqoriyasına daxil edir.  Dinlərin və peyğəmbərlərin göndərilməsi ilə eşqin  ilahi  bir mahiyyət olduğu, Yaradanla yaradılan arasında ilahi bir əlaqəni də ehtiva etdiyi anlaşılır. Təsəvvüf düşüncəsi eşqi “ilahi eşq” şəklində təqdim edərək, onu “vəhdəti-vücud” fəlsəfəsinin mərkəzinə gətirir. Bu düşüncəyə görə, insan Allahın bir zərrəsidir və eşqlə Ona bağlıdır. Bu mənada ilahi eşq Allah sevgisi şəklində təsəvvüf ədəbiyyatına daxil olur və onun əsas ideyasını təşkil edir. Eşq insan sevgisindən Allah sevgisinə, fiziki məhəbbətdən ilahi eşqə doğru yüksələn xətlə inkişaf edir. Məhəbbət mövzusunun klassik ənənələri də bu xəttin üzərində formalaşır. Bu dövrün düşüncəsi özünün dolğun bədii ifadəsini məhəbbət dastanlarında tapır. Təsəvvüf dövrü bitdikdən sonra klassik ənənənin sahəsi daralır, amma yenə də eşq mövzusu yazılı və şifahi ənənədəki mövcud nümunələri ilə yaşamağa davam edir. Realizm dövrü klassik ənənəyə yeni çalarlar əlavə edir, eşq mövzusu yalnız orta əsrlər nümunəsində ilahi məzmununu qoruyur, yeni nümunələr isə yenidən eşq mövzusunu fiziki çərçivələrə doğru sıxışdırır. Beləliklə, sevgi məhəbbətdən, eşqdən keçir, ilahi səviyyəyə yüksəlir və yenidən tənəzzül edərək insani sevgi səviyyəsinə qayıdır. Klassik ənənənin məhəbbət mövzusunun ədəbiyyatda keçdiyi yol belədir.3. Səməd Vurğun və klassik ənənəSəməd Vurğun klassik ənənəyə olduqca bağlı bir şairdir. Onun klassik ənənə ilə əlaqəsini görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayev belə xarakterizə edirdi: “Nizaminin və Xaqaninin, Nəsiminin və Füzulinin, Vaqifin və Sabirin böyük varisi və xələfi rolunda indi o tayda Şəhriyar, bu tayda Vurğun çıxış edirdi! Azərbaycan xalqının milli-ictimai düşüncə, əxlaq və mənəviyyat, bədii təfəkkür və intellekt ənənəsi XX yüzilin ortalarında öz təkrarsız əksini bu bədii-tarixi fenomendə – Səməd Vurğun poeziyasında tapır. Qanadlı və romantik  birvətəndaşlıq amalına, bədii-estetik və fəlsəfi ideala xidmətdə miqyaslı, qlobalmeyarlar və hüdudlar onu yalnız böyük sələfləri ilə yox, həm də böyük müasirləri ilə müqayisə edəndə görünür”.Burada məsələ obyektiv şəkildə qiymətləndirilmiş, Səməd Vurğunun klassik ənənənin daşınmasındakı rolu doğru dəyərləndirilmişdir. Klassik ənənə eyni zamanda daşıdığı dəyərlərlə müəyyənləşir. Burada klassik irsin xüsusi bir yeri vardır. Ona görə də şairin klassik irsə münasibəti daşınan dəyərləri də izah etmək baxımından önəmlidir.Şairin yaradıcılığını ənənə kontekstində araşdıran Məmməd Arif öz qənaətlərini belə ümumiləşdirir: “Səməd Vurğun Azərbaycan klassik poeziyasının ən yaxşı ənənələrini özündə birləşdirmişdir. Onun qələmində Nizami müdrikliyi, Füzuli lirikasının hərarəti, Vaqif sadəliyi, Sabir kəskinliyi vardır. Onun yaradıcılığında eyni zamanda Azərbaycan xalqının əsrlərdən bəri yaratdığı xalq poeziyasının dərin mənalı, sadə və aydın aşıq lirikasının, Aşıq Qurbani, Aşıq Ələsgər qoşmalarının, xalq dastan və nağıllarının da təsiri vardır”.Şairin ənənəyə münasibəti Məmmədcəfər Cəfərovun da diqqətli müşahidələri ilə dəyərləndirilib. O, S.Vurğun şeirində “Nizaminin, Füzulinin, Vaqifin, Sabirin, Qurbaninin və Ələsgərin şeirinin ruhunun, əzəmətinin, rayihəsinin və təsir gücünün aydın duyulduğunu” qeyd etmişdir.Səməd Vurğun irsini dissertasiya mövzusu olaraq tədqiq edən Cəlal Abdullayev şairin xalq yaradıcılığına bağlılığını xüsusi olaraq diqqətə çatdırır: “Böyük şairin xalqın qəlbində özünə yer tapması səbəblərindən biri də onun xalq yaradıcılığı ənənələrini bacarıqla mənimsəməsi  və yaradıcı şəkildə inkişaf etdirməsidir”.Şairin ənənəyə yaradıcı yanaşmasını isə C.Abdullayev belə izah edir: “S.Vurğun yaxşı bilirdi ki, iş heç də bu və ya başqa  bir motivin folklordan hazır şəkildə alınmasında deyil, xalq poeziyası ənənələrinin yaradıcı şəkildə mənimsənilməsindədir”. Səməd Vurğunun klassik irsə münasibətini və bunun müasir ədəbiyyatda əksi məsələsini Y.Qarayev dəqiq şəkildə ifadə edib: “Azərbaycanın qəhrəmanlıq keçmişinin ruh və yaddaş tarixinin şeirdəən mükəmməl salnaməsini o illər yenə hamıdan kamil məhz Səməd Vurğunyaradır: Zərdüştün, Hürmüzün, Şirinin, Fərhadın, Vaqifin, Söhbətin, Şahbazınobrazları səhnədən bizim tarixə məhz Vurğunun dili və sözü ilə daxil olur”. Əlbəttə, Səməd Vurğun klassik ənənənin böyük davamçısı idi və özü də klassik dəyər verən bir sənətkardı. Bu baxımdan Səməd Vurğuna qədər gələn klassik ənənənin Səməd Vurğunda daha da zənginləşməsini və yeni dövrlə uyğunlaşmasını təbii qarşılamaq lazımdır. Burada Səməd Vurğun epoxalar və ideologiyalar arasında bir körpü rolunu oynayır. Amma o, sadəcə hazır və mövcud ənənələri yeni dövrə ötürmür, eyni zamanda onları yeni şəraitə, fəlsəfi və ideoloji mühitə uyğunlaşdırır.4. Səməd Vurğun yaradıcılığında dastan motivləriSəməd Vurğun klassik dastançılıq ənənələrinə bağlı bir şair olmuş və yaradıcılığında onları yenidən yaratmağa səy göstərmiş, keçmişin qəlibini və cismini saxlamaqla  bərabər onlara yeni dövrün ruhunu və canını qazandırmağa çalışmışdır.Şairin yaradıcılığını birləşdirib ona ümumi bir ad verməli olsaq, o zaman zəngin və möhtəşəm yaradıcılığının ən münasib ümumi adı “Azərbaycan dastanı” olacaqdır. Şairin Azərbaycan adı altında yaratdığı böyük vətən məhəbbəti konsepsiyası elə öz yaradıcılığının nümunəsində müasir dövrün  məhəbbət dastanına yeni keyfiyyət, yeni məzmun və yeni ideya qazandırmışdır. S.Vurğunun yaratdığı bu müasir dastanın içərisində keçmişlə gələcək, ənənə ilə novatorluq, qəhrəmanlıqla məhəbbət üzvi şəkildə birləşir, bütün məna çalarlarını qoruyaraq öz nikbin vəhdətini təcəssüm etdirir.S.Vurğun haqqında məlumatlardan öyrənirik ki, şair təkcə 1935-ci ildə  7 poema və 100-ə yaxın şeir yazmışdır. “1934-cü ildə yazılmış “Azərbaycan” şeiri Azərbaycan ədəbiyyatının incilərindəndir. Bu şeirdə doğma Azərbaycanın qədim tarixi, təbii gözəlliyi, nemətləri, xalqımızın xeyirxahlığı, açıqürəkliyi və qonaqpərvərliyi öz əksini tapmışdır”. “Azərbaycan” şeiri haqqında ədəbiyyatşünaslıqda fikirlər müxtəlifdir. Bəzi tədqiqatlarda bu şeirin böyük bir “Azərbaycan epopeyası” kimi düşünüldüyü  və bir çox poemaların da buraya daxil olmasının nəzərdə tutulduğu göstərilir.  Bu epopeyanın “Azərbaycan dastanı” adı altında müsabiqəyə təqdim etmək üçün hazırlandığı və hansısa səbəbdən edilmədiyi haqda məlumatlar vardır. Xüsusilə məsələnin bu aspektini Aslan Salmansoy özünün “Səməd Vurğunun “Azərbaycan epopeyası”, yaxud “Qırmızıüzlü albomun tarixçəsi” adlı məqaləsində geniş izah edib. Onun yazdığına görə, “S.Vurğunun “Əsərlər”inin altıcildliyində deyilir: “S.Vurğun 1937-ci ildə “Azərbaycan epopeyası” adı ilə əsər yazmaq fikrində olmuş və onu Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi münasibətilə elan edilmiş müsabiqəyə təqdim etmək istəmişdir. Məşhur “Azərbaycan” şeiri epopeyanın proloqu kimi nəzərdə tutulmuş və buraya “Aslan qayası”, “26-lar”, “Dar ağacı” kimi poemalar daxil imiş. Bunu şairin arxivində saxlanan qırmızı üzlü albom da təsdiq edir. Lakin görünür, S.Vurğun sonralar fikrini dəyişmiş və əsəri müsabiqəyə verməmişdir”.   A.Salmansoy vurğunşünas alim A.Zeynallının əsərlə bağlı bu mülahizələrini də xatırladır: “S.Vurğunun söz xəzinəmizə bəxş etdiyi 26 poemadan 22-ni, o cümlədən “Komsomol poeması”, “Macəra”, “Muradxan”, “Xumar”, “Lökbatan”, “Kənd səhəri”, “Acı xatirələr”, “26-lar”, “Qız qayası”, “Aslan qayası”, “Bulaq əfsanəsi”, “Dar ağacı”, “Ölən məhəbbət”, “Üsyan”, “Bəsti”, “Yazla qışın deyişməsi”, “Ayın əfsanəsi”, “Hörmüz və Əhrimən”, “Bakının dastanı”, “Muğan” və “Aygün” əsərlərini bu epopeyanın ayrı-ayrı fəsilləri hesab etmək olar”.Deyilənlərlə razılaşmayan A.Salmansoy “Azərbaycan epopeyası” da adlandırılan “Azərbaycan(tarixi poema)” əsərinin avtoqrafına əsasən S.Vurğunun bu əsəri  1934-1935-ci illərdə qələmə aldığını, buraya on altı şeir və poemanın daxil edildiyini, şairin öz çıxışına əsasən isə poemanı Azərbaycanda Sovet hakimiyyəti qurulmasının 15 illiyi münasibətilə elan edilmiş müsabiqəyə təqdim etdiyini təsdiqləyir. Bizim üçün məsələnin müsabiqə aspektindən daha çox burada olan əsərlər və onların mövzu əhatəsi önəmlidir. Çünki şair daha çox vətən sevgisini tərənnüm etmiş və vətən məhəbbətinin dastanını yaratmışdır.  Klassik ənənələrin müasir dövrün məhəbbət dastanlarına təsirində tərcümələrin də əhəmiyyətli dərəcədə rolu vardır. Məlumdur ki, “Səməd Vurğun 1936-37-ci illərdə yeni əsərlər yazmaqla yanaşı tərcüməçiliklə də məşğul olmuş, A.S.Puşkinin “Yevgeni Onegin” mənzum romanını Azərbaycan dilinə tərcümə etmişdir. Puşkinin bu əsəri rus ədəbiyyatında “müasir məhəbbət dastanı” sayıla bilər. Bu dövrdə S.Vurğun gürcü şairi Şota Rustavelinin “Pələng dərisi geymiş pəhvəlan”, Ukrayna şairi Taras Şevçenkonun, gürcü şairi İlya Çavçavadzenin, qazax şairi Cambulun bir çox əsərlərini dilimizə tərcümə etmişdir. Nizami Gəncəvinin 800 illik yubileyi ərəfəsində onun irsinin Azərbaycan dilinə tərcüməsi və nəşri də gündəmə gəlir. Bu işdə Səməd Vurğun da yaxından iştirak edir. Nizaminin “Leyli və Məcnun” əsərini Azərbaycan dilinə tərcümə edərək ona yeni bir ruh vermiş olur. Klassik Şərq ənənələrinə sıx şəkildə bağlı olan “Leyli və Məcnun”, “Yusif və Züleyxa” və b. dastanlar Orta Asiya və türk dünyasının sevgi dastanları olan “Əsli və Kərəm”, “Bayan Sulu və Kozı Körpəş” və başqa nümunələrlə Azərbaycanda qovuşur və  qaynayıb-qarışan dəyərlərin sintezini formalaşdırır. Əlbəttə, Səməd Vurğun bir tərəfdən klassik ənənənin dəyərlərini yaşatmış, onların dil sərhədlərini genişləndirmiş və müasir cəmiyyətin  mənəvi dünyasına daxil etmiş, digər tərəfdən də onları öz istedadı ilə daha da zənginləşdirmişdir. Həm şair ənənədən təsirlənib, həm də  ənənəni  zənginləşdirib. İstər Azərbaycan ədəbiyyatında, istərsə də dünya ədəbiyyatında mövcud olan məhəbbət mövzusu Səməd Vurğunda öz təbii başlanğıcından ayrılmadan müasirləşir.1937-ci ilin ikinci yarısında Səməd Vurğun “Vaqif” dramını yazır. Burada prototip tanınmış Azərbaycan şairi və ictimai xadim  Molla Pənah Vaqifdir. Əsərdə Vaqifin xarakteri ustalıqla yaradılmışdır. 1941-ci ildə Stalin mükafatı laureatı adına layiq görülmüş bu əsərin içərisində ikinci planda olsa da, “Vaqif və Xuraman” dastanı da vardır. Bu dastan Azərbaycan məhəbbət dastanlarının motivlərini müəyyən elementlərlə özündə əks etdirir.1941-ci ildə Səməd Vurğun Nizaminin “Xosrov və Şirin” poemasının motivləri əsasında “Fərhad və Şirin” mənzum dramını yazır. Müharibə dövründə yazılmış bu dramda böyük vətənpərvərlik duyğularının tərənnümü xüsusi məna kəsb edirdi. Səməd Vurğun 1942-ci ildə bu əsərə görə ikinci dəfə Stalin mükafatı laureatı adına layiq görülür. Y.Qarayev qeyd edir ki, “Fərhad və Şirin” (1941) dramatik poeması Səməd Vurğun sənətinin şəksizuğurları sırasına daxildir . Şair “Fərhad və Şirin” əsərində də dirilik suyunun Şirvanda olduğunu diqqətə çatdırır. Əsərdən məlum olur ki, dirilik çeşməsindən xəbər tutan İsgəndər də Şirvana gəlir, amma ona həmin bulağı tapmaq qismət olmur.Azərbaycan folklorunda İsgəndərlə bağlı “Buynuzlu İsgəndər”, “Quş dili bilən İsgəndər”, “İsgəndər və Çoban”, “İsgəndərin İran padşahı ilə davası”, “İsgəndər və üzük”, “İsgəndərin ölümü” və s. Səməd Vurğuna da bəlli olmuşdur. Səməd Vurğun belə qaynaqlardan istifadə edərkən ənənəyə öz əlavəsini etmişdir. “O, bir sovet şairi kimi belə qərara gəlmişdir ki, İsgəndər kimi işğalçıların məqsədi heç də dirilik suyu axtarmaq deyil, zəngin Odlar ölkəsini qəsb etmək, onun var-yoxunu çalıb-talamaqdı”.“Nizami əsərdə Sasani hökmdarlarından Xosrov Pərvizin (590-628) Bərdə gözəli Şirinlə sevgisini qələmə almışdır. Lakin bu mövzuya Nizamiyə qədər Firdovsi də “Şahnamə”sində toxunmuşdur. “Şahnamə” epopeyasında Firdovsi Xosrov Pərvizin hökmdarlığını, onun apardığı müharibələri, Şirinlə evlənməsini və ölümünü təsvir etmişdir. Firdovsinin “Şahnamə”sində Xosrovun şəxsi hisslərindən, Şirinə olan məhəbbətindən çox onun hökmdarlıq fəaliyyətindən bəhs olunur. Nizami “Xosrov və Şirin” dastanının müqəddiməsində:Yazarkən o həkim bu xoş dastanıAtmışdır içindən eşqi, fəqanı, –  deyərək, “Şahnamə”də Xosrovun məhəbbətinə, şəxsi duyğularına az yer verildiyinə işarə edir”.“Firdovsidən təxminən 200 il sonra həmin mövzuda əsər yazan Nizami “Eşqin hekayəti cəlb etdi məni” deyə burada Xosrovun məhəbbət macəralarına, Şirinə bəslədiyi sonsuz sevgiyə daha artıq yer verəcəyini vəd edir. Buna görə də Nizaminin “Xosrov və Şirin” dastanında ən parlaq obraz Şirindir. Daha doğrusu, Şirin hökmdar Xosrovun həyat yollarını işıqlandıran mayaka bənzəyir. Nizami böyük psixoloq kimi iki Xosrov–hökmdar və aşiq Xosrovu vəhdətdə göstərə bilmişdir”.Müharibə illərində Səməd Vurğun  60-dan artıq şeir, bir neçə poema, o cümlədən “Bakının dastanı”nı yazır. “Bakının dastanı” əsərində şair Bakının obrazını – keçmişini və bugününü, inqilabi ənənələrini, neftini, qəhrəman neftçilərin şücaətini küll halında əks etdirmək istəmişdir. Göründüyü kimi, bütün bir şəhər, onun çoxsaylı əhalisi istehsalatda, elm-sənət adamları – akademiyası, Kommunist küçəsi, İçərişəhəri, Sabir bağı, dəli xəzrisi, mülayim gilavarı, dənizi, bir sözlə, Bakı küll halında bu əsərin qəhrəmanıdır”.1945-ci ildə yazdığı fəlsəfi dram olan “İnsan”da şair gələcəyi romantik vüsətlə əks etdirməyə çalışmış, müharibənin odlu-alovlu günləri içərisində insan zəkasının qüdrətini göstərmişdir. Səməd Vurğun məqalələrinin birində yazırdı: “Mən “İnsan” adlı beşpərdəli mənzum dram üzərində işləyirəm. “İnsan” mənim dördüncü mənzum dramımdır. Əsər üzərində böyük bir zövqlə işləyirəm, çünki tarixi mövzuda yazılmış əvvəlki üç pyesimdən fərqli olaraq, mən birinci dəfə öz müasirlərimin surətinə müraciət etmişəm, onların gələcək nəslini təsvir etmək əzmindəyəm”. Şairin “İnsan” əsərində yaratdığı “Qardaşlıq şəhəri”ndə dünyanın eyni arzu və ideallarla yaşayan insanları toplaşmışdır. Müəllifin həmin pyesdə qoyduğu “Qalib gələcəkmi cahanda kamal?” dərin bəşəri, fəlsəfi, ritorik sual bu gün də, gələcək zamanlar üçün də aktual olaraq qalır.Səməd Vurğunun müharibədənsonrakı dövr yaradıcılığı da çox məhsuldar olmuşdur. Şair bir-birinin ardınca “Muğan” (1948), “Aygün” (1950-51) və “Zamanın bayraqdarı” (1952) poemalarını qələmə almışdır.“Səməd Vurğunun xalq yaradıcılığından istifadə formaları müxtəlifdir. Bunlardan biri folklor nümunələrinin əsasən olduğu şəkildə işlənməsidir”. “Məsələn, “Bəsti” poemasında şair keçmişdə Azərbaycan toylarında gəlinə müraciətlə deyilən bir xalq bayatısını verir:“Anam, bacım, qız gəlin,Əl-ayağı düz gəlin,Yeddi oğul istərəm,Bircə dənə qız gəlin.Qeyd edək ki, toy məhəbbət dastanlarının əsas motivlərindən biridir. Səməd Vurğun öz poemasında bu motivdən istifadə edərək həm ənənəvi mədəniyyəti yaşatmaq, həm də öz əsərini klassik nümunələrlə ona bağlamaq istəmişdir. Çünki belə olduğu halda bədii əsər də xalqın könül dünyasında öz layiqli yerini daha rahat şəkildə tuta bilir. “Bəsti” poeması dastan motivləri ilə zəngin bir əsərdir. Burada ənənəvi dastan nümunələrində olduğu kimi, qəhrəmanın doğuluşu motivindən də istifadə olunmuşdur. Bu motiv qız uşaqlarına münasibətin Cahiliyyə dövründən qalan elementlərini də özündə əks etdirir.1939-cu ildə şair inqilabçı Xanlar Səfərəliyevin həyatından bəhs edən ikinci mənzum dram əsəri olan “Xanlar”ı yazmışdır. Həmin il onun “Azad ilham” kitabı nəşr edilir. C.Abdullayevin yazdığına görə, “Xanlar” pyesində Qızyetər el mahnılarını, bayatıları, ağıları, nağıl və dastanları əzbərdən bilən bir sinədəftər kimi ümumiləşdirilir” (1, 8). Bu obrazın yaradılması da şairin ənənəyə bağlılığının bir göstəricisidir. S.Vurğunun isitfadə etdiyi folklor motivlərindən biri “dirilik suyunun axtarılması” motividir. Bu motiv onun əsərlərində fərqli şəkillərdə işlənmişdir. Biz xalq əfsanələrində, məhəbbət dastanlarında, qəhrəmanlıq dastanlarında suyun müxtəlif funksiyalar daşıdığı motivlərlə qarşılaşırıq. Bunların içərisində ən önəmlisi suyun sakral funksiyasıdır. Qəhrəmana gücü, qüvvəni, qeyri-adi qabiliyyətləri verən vasitələrin içərisində də su önəmli yer tutur. Azərbaycan folklorunda dirilik suyu Şirvanla əlaqəli verilir. Rəvayətlərdə, nağıllarda, Nizaminin “İsgəndərnamə”sində dirilik suyu içmək Xızıra nəsib olur. S.Vurğun da “Bulaq əfsanəsi” poemasında Azərbaycanla bağlı bir rəvayəti qaynaq olaraq götürmüşdür. Bu əfsanədə dirilik suyunun Şirvanda olduğu göstərilir. Bundan sonra da şair Azərbaycan əfsanə motivlərini yeni bədii lövhələrlə canlandırmağa davam etmişdir. “Muğan” poemasında Tomris əfsanəsinə, Zərdüşt əfsanəsinə, “Komsomol poeması”nda “Şeyx Sənan” əfsanəsinə, “Zamanın bayraqdarı”nda Prometey əfsanəsiniə müraciət etmişdir.  Burada odla bağlı əfsanə də diqqəti çəkir.  “Zamanın bayraqdarı” əsərində şair Prometeyin  insanlara od gətirməsini və buna görə tanrılar tərəfindən Qaf dağında zəncirləndiyini çox yığcam şəkildə nəql edir, onu öz əsərinin ideyası ilə bağlayır. Bu motiv divin bağından alma gətirən nağıl qəhrəmanını xatırladır. El üçün çalışmaq, xalq yolunda fədakarlıq göstərmək, insanları şərdən qorumaq, onları müdafiə etmək kimi müsbət hərəkətlər Azərbaycan xalq dastanlarında kifayət qədərdir. Oğuzun zülmətə getməsi  motivi də bu silsiləyə aid edilə bilər. Qeyd edək ki, Azərbaycan xalq yaradıcılığı ilə sıx şəkildə bağlı olan nümunələr və onların müxtəlif variantları S.Vurğun tərəfindən bədii yaradıcılıq laboratoriyasına cəlb edilmişdir. Şair xalq əfsanələrinə, rəvayətlərə, dastanlara daha çox diqqət etmişdir. Əfsanə motivləri S.Vurğunun 1930-cu illər dövrü yaradıcılığı üçün daha çox xarakterikdir. “Bulaq əfsanəsi” (1935), “Aslan qayası” (1935), “Qız qayası” (1935), “Ölən məhəbbət” (1935), “Ayın əfsanəsi” (1940) və s. “Aslan qayası” poemasında şair ədalətsizliyi tənqid etmişdir. Bu əsərin əsas motivləri və ziddiyyətləri məhəbbət dastanları sxemi üzərində qurulmuşdur. Burada ənənəvi məhəbbət dastanı ilə onun müasir şəraitdəki baxışlar sistemindəki mövcud şəkli birlikdə qarşımıza çıxır. “Bir şahzadənin başqa bir hökmdarın qızı ilə evlənməsi motivi folklorda geniş yayılmışdır. Burada evliliyin siyasi məqsədə tabe etdirilməsi cəhdi var. Belə ki, Bakı xanı öz qızını qaçaq Aslana yox, şöhrətli bir xana vermək istəyir. Xanın yağlı dilləri saf, səmimi məhəbbətlə yaşayan Mahniyarın iradəsini qıra bilmir. O, atasına ağıllı bir qız kimi cavab verir”. Burada süjetin əsasında ənənəvi məhəbbət dastanının sxemi dayanır. Səməd Vurğunun yaratdığı “Aslan və Mahniyar” dastanı ənənəvi məhəbbət dastanlarının motivlərindən qaynaqlanmışdır. Məsələn, “Əsli və Kərəm”də də bənzər motivlərlə rastlaşırıq. Lakin Əsli Mahniyar kimi cəsur və mübariz deyildir. Bu xüsusiyyət “Əsli və Kərəm” nümunəsində dastanın sufi xarakteri ilə bağlıdır. Çünki butanı təmsil edən qadın tərəfi eyni zamanda ilahi bir məna daşıyır və özündə ilahi eşqlə haqqa (Allaha) doğru yüksəlməkdə olan aşiqin əsas ünvanını, gedəcəyi, çatacağı bir mərtəbəni, səviyyəni simvolizə edir. Bu mənada buta sabit və hətta ondan uzaqlaşan bir şəkildə görünür. Bütün hərəkət və mücadilə aşiqin üzərinə düşür. Bu da sufi təcrübənin məhəbbət dastanında əks olunmuş bədii təcəssümüdür. Səməd Vurğunun qəhrəmanı müasir dövrün insanıdır və öz arzuları, istəkləri uğrunda məqsədyönlü şəkildə mübarizə aparır. Səməd Vurğun məhəbbət mövzusu ilə yanaşı, klassik ənənədən gələn xeyir və şər mövzusuna da geniş şəkildə müraciət etmişdir. Çünki bu mövzunun da dərin humanist kökləri vardır. Bu mövzu vasitəsilə şair cəmiyyətdə haqq-ədalət hisslərini gücləndirməyə çalışmışdır. Məhəbbət mövzusu da xeyirin təsdiqini tapdığı şəraitdə daha rahat öz yerini tuta bilir. Şairin “Avesta”ya müraciəti bir tərəfdən Azərbaycan coğrafiyasının qədim mədəniyyətini müasir dövrə ötürmək, digər tərəfdən də abidənin daşıdığı dəyərləri müasir dövrün reallığı ilə qovuşdurmaq, onun üzərində yeni əsərlər yaratmaqla bağlı olmuşdur. “Hürmüz və Əhrimən” dramında S.Vurğun mövzunu “Avesta”dan götürmüş və müharibə illərinin reallığı şəraitində işləmişdir. Müharibə illərində xeyir və şər mövzusunun yenidən gündəmə gəlməsi tamamilə təbii görünür. Bu əsərdə şair Zərdüşt fəlsəfəsinə daha çox müraciət etmiş və bu birpərdəlik dramı da bu mövzuya həsr etmişdir. Bəşəriyyətin faşizm bəlası ilə üzləşdiyi bir zamanda yüksək humanizm ideyalarının tarixi-mənəvi qaynaqlarının axtarılmasında və tapılmasında S.Vurğunun rolu böyükdür. Burada şairin yaratdığı Dağ Sultanı obrazı xeyiri təcəssüm etdirir və şairin humanist ideyalarının ifadəsi kimi çıxış edir”.  “Qız qayası” poemasında şair uğursuz məhəbbət macəralarından təəssüf hissi ilə bəhs edir, “Ölən məhəbbət” poemasında da, “Qız qayası”nda olduğu kimi, qadın hüquqsuzluğu problemi qoyulur. 1930-cu illər ədəbiyyatında bu mövzu olduqca aktual idi. Bu problem xüsusilə məhəbbət dastanlarının təsiri ilə yazılan əsərlərdə özünü daha aydın göstərirdi. “Ayın əfsanəsi”ndə şair romantik şəkildə ilahi təmizlik, qadın bəkarəti və ismətini tərənnüm edir. Şairin “Ayın əfsanəsi” poemasında da folklor ənənələrindən istifadə olunmuşdur. Xalq əfsanəsindən fərqli olaraq, Səməd Vurğun buraya özündən əlavələr etmişdir. Ərzağı tükənən Ay torpağa səyahət edir. “Bulaq əfsanəsi”ndə folklorda aktiv işlənən “dirilik suyu” motivi ilə qarşılaşırıq. Əsərdə dirilik suyunun  yeri Şirvanda göstərilir. “Sonralar yazdığı “Fərhad və Şirin” dramında da şair çeşmənin Şirvanda olduğunu deyir. Fərhad müharibəyə yola düşdüyü zaman atası Azər baba ona dirilik suyundan bir qədəh uzadaraq:Şirvan bulağının suyundandır bu,Ölməz bu dünyada bunu içənlər, – deyir.Burada verilən bulaq suyu bir tərəfdən “dirilik suyu”, digər tərəfdənsə məhəbbət dastanlarındakı “badə” motivi ilə səsləşir. Qeyd edək ki, “Bulaq əfsanəsi” poemasında qoyulan məsələ İsgəndərlə bağlı əfsanələrlə bənzərlik təşkil etməkdədir. “Aygün” poeması ailə-məişət mövzusunda yazılsa da, burada ailə-məişət məsələlərinin fonunda sosialist əməyindən və onun insan xarakterinin müəyyənləşməsindəki rolundan danışılır. Burada Əmirxanın qısqanclığı tənqid və tərbiyə olunur. Şair mənfi xarakterin müsbətə çevrilməsini bu obraz vasitəsilə diqqətə çatdırmışdır. Qeyd edək ki, bu poemada “Aygün və Əmirxan” dastanı da əsərin alt qatında müşahidə olunur. Müasir dövrün məhəbbət dastanları bu tipli sosial-psixoloji problemlərlə birlikdə öz ifadəsini tapır. Poema janrındakı ilk qələm təcrübələrindən biri olan “Komsomol poeması” haqqında şair 1938-ci ildə “Komsomol mənə nə verdi” məqaləsində yazırdı: “14 yaşım tamam olmamış komsomola daxil olduğum… bu gün kimi yadımdadır. Mən o zaman Qazax Pedaqoji Texnikumunda oxuyurdum. L.Tolstoyun idealist fəlsəfəsi, bizim klassik ədəbiyyatda “Leyli və Məcnun” əfsanəsi, bir də uşaqlıq illərimin son dərəcə pərişan keçməsi məndə xəstə bir təbiət yaratmışdı. Komsomol bir fanar kimi gözlərimə işıq verdi”. Bu poema müasir məhəbbət dastanları ilə səsləşməkdədir. Buraya sinfi mübarizə, sosial ziddiyyətlər və dövrün bir sıra gerçəklikləri də əlavə olunmuşdur. Poemadakı sosial ziddiyyətlərdən doğan psixoloji vəziyyəti şair  Humayın həyəcanları şəklində belə ifadə edir:Gecə uzun, ay batmaz,Dərdlilər dərddən yatmaz. Buradakı dərd, şübhəsiz ki, eşq dərdidir. Amma bu eşqin miqyası sosial baxımdan yeni məzmun qazanmışdır. Bu poemada şair “Humay və Cəlal” dastanını əsərinin alt qatına yerləşdirə bilmişdir. Burada “Əsli və Kərəm” dastanı ilə müqayisə edilə biləcək elementlər vardır.5. Səməd Vurğun yaradıcılığı və müasir məhəbbət dastanlarıMüasir dövrün məhəbbət dastanları daha çox məişət problemləri ilə qarışıq bir şəkildə meydana gəlir və bu zaman əsərin əsas dramatizmi də bu ziddiyyətlərin üzərində qurulur. Burada daha çox sevənlərin qarşısına çıxan maddi problemlər, cəmiyyətin mövcud adət və ənənələri ziddiyyətli məqamların yaranmasına səbəb olur. Məsələn, XIX əsrdə yaşamış Aşıq Alı ilə bağlı yaranan “Aşıq Alının Türkiyə səfəri” adlı dastanda biz “başlıq haqqı” motivi ilə ifadə olunmuş varlı-kasıb qarşıdurması ilə qarşılaşırıq. XX əsrin sovet dövründə yaşamış Aşıq Əhmədin “Canbaxışın dastanı”nda da bu motiv bir qədər fərqli şəkildə qarşımıza çıxır. Aşıq Alı başlıq pulu toplamaq üçün Türkiyəyə səfər edir və başına çoxlu macəra gəlir. Qız istəməyə, elçiliyə gedən Canbaxışın valideynləri qız evindən məyus qayıdırlar. Çünki tələb olunan şeylər oğlan tərəfin imkanlarından xeyli dərəcədə kənara çıxır.  Bu ziddiyyət müasir məhəbbət dastanları üçün xarakterik bir xüsusiyyətdir və sosial-məişət problemləri ilə bağlıdır. Yəni müasir dövrün aşiqi təkcə güclü və ağıllı deyil, eyni zamanda pullu və imkanlı olmalıdır. Məhəbbət dastanı öz ziddiyyət blokuna və dramatizm zəncirinə yeni halqalar əlavə edir. Bu ənənənin ən yaxşı nümunəsini özündə əks etdirən Səməd Vurğun  yaradıcılığında da etik-əxlaqi mövzulara geniş yer verilir. Əsərlərinin əsas dramatizmi çox zaman sosial ziddiyyətlər üzərində qurulur.Bu ziddiyyətləri biz S.Vurğunun əsərlərində müşahidə edə bilirik. Yuxarıda da qısaca bəhs etdiyimiz kimi, “Komsomol”da bu ziddiyyət özünü Cəlal və Humay arasında, “Aygün”də Əmirxan və Aygün arasında, “Aslan qayası”nda Aslan və Mahnıiyar arasında və  başqa əsərlərindəki qəhrəmanlar arasında  göstərir. Yəni burada sevən gənclərə onların sosial statusu, maddi vəziyyəti, aid olduğu təbəqə və s. sosial-mədəni amillər mane olur. Vurğunda məhəbbət həmişə vardır, amma məhəbbət dastanının müasir şəklindədir və sosial-psixoloji problemlərlə birlikdə təqdim olunur. Şairin məhəbbət ideyası keyfiyyətcə də fərqli çalarlar nümayiş etdirir. İlk növbədə Vurğunun məhəbbət konsepsiyasında “insan-insan” modeli “insan-vətən” modelinə keçir. Burada bütün sevgilər fərdi xüsusiyyətləri ilə yanaşı, vətən sevgisində ümumiləşir, haqq-ədalət duyğusunun aliliyini təcəssüm etdirir.S.Vurğunun birbaşa klassik “məhəbbət dastanı” üzərində yazdığı “Fərhad və Şirin” əsərində də məhəbbət öz ifadəsini şairin vətən konsepsiyasının tərkibində tapır. Bu əsərə Azərbaycanın görkəmli ədəbiyyatşünasları M.Arif, M.Hüseyn, M.İbrahimov, Mir Cəlal, M.C.Cəfərov, B.Vahabzadə, Y.Qarayev və başqaları S.Vurğun yaradıcılığından bəhs edərkən  diqqət ediblər. Yaşar Qarayev əsəri ənənə və müasirlik baxımından dəyərləndirərək yazır: “Şərq şeirinin klassik eşq dastanına müəllif yeni məna verir və bu zamansüni, zahiri, modern ifratlardan tamamilə yan keçə bilir.Səməd Vurğun məhəbbət süjetinin əxlaqi mahiyyətini ön plana çəkərək, müasirbir sosial-vətənpərvərlik istiqaməti aşılayır. Fərhad qüdrətli daşyonan, memardır.Vətənə, xalqa məhəbbəti yolunda çapa bilməyəcəyi qaya və dağ yoxdur. Eyniqayaları Fərhad külüngü, Azər baba isə müdrikliyi ilə fəth edə bilir və bu ikisilahın hər ikisi torpağın, vətənin ağır günündə xalqa eyni dərəcədə lazım olur.Səməd Vurğun Şirin naminə eşq rəqabətinin də mənasına yeni sosial çalar artırır”. Şübhəsiz ki, əsərdəki münasibətlər sistemi müasirliklə yenidən işlənmiş və özünün klassik Şərq başlanğıcından xeyli dərəcədə irəliyə gedə bilmişdir. Burada əsas irəliləyiş dastanın müasir ədəbi variantında məhəbbətin vətənpərvərliklə birlikdə çıxış etməsi və üstünlüyün vətənə verilməsidir. Şair sevən şəxsləri də daşıdıqları düşüncəyə görə müəyyənləşdirir, onları oxucusuna məqsədlərinin haqq-ədalət prinsipləri ilə uyğunluğuna görə müsbətə və mənfiyə ayıraraq təqdim edir. “Şirini sevən Xosrov qanlı bir fateh, müstəbid və tirandır. Fərhadın qoruduğu qala isə vətənin namusunu yad əllərdən və nəfəsdən qoruyan bir məhəbbətdir. Vətən qızı Şirinin də məhəbbətində ikilik yoxdur. Onun Xosrova və Fərhada münasibəti tərəddüdsüz olaraq yeganə meyarla –xalqa, torpağa məhəbbətlə müəyyənləşir”.Əsərdə eşq və aşiq məsələsi təkcə fərdi sevgi çərçivəsində qalmır. Burada sevənlər sevdikləri insanları onların həyatdakı məqsədlərinə, mübarizə apardıqları ideyaya görə müəyyənləşdirirlər. Bu baxımdan Fərhad vətənini müdafiə edən bir fədakar insandır. Şirin də onu vətən uğrunda mübarizəsinə görə qiymətləndirir. Xosrov isə işğalçı qüvvəni təmsil edən bir obrazdır və düşmən mövqeyindədir. S.Vurğunun qəhərmanları şüurlu, aydın əqidəli və vətənpərvərdirlər. S.Vurğuna da, onun yaşadığı dövrün reallığına da belə qəhrəmanlar və aşiqlər lazım idi. Bu baxımdan S.Vurğun qarşısına qoyduğu vəzifəni yerinə yetirə bilmişdir. Məhəbbətdə də şah olmaq istəyən Xosrov məğlub, eşqinə qul olmağa hazır Fərhad qalib gəlir.Eşq və hakimiyyət problemi, hakimiyyət əlində əsl sənət problemi (Şapur),mənəvi, yoxsa fiziki güc qarşıdurması mövzusu –  bunlar müxtəlif fəlsəfə idi. Dövrüçün dağ yaran Fərhadla qala tikən Fərhad arasında fərq də mənalı idi”. Təbii ki, mövzunu Nizamidən və klassik ədəbi irsdən alan S.Vurğun yeni bir əsər, müasir dövrün məhəbbət dastanını yarada bilmişdir. Nizaminin qadın, gözəllik və insan  aşiqi qəhrəmanı Fərhaddan vətən aşiqi bir qəhrəman tipi yaratmağa nail olmuşdur.Klassik ənənənin izləri və müxtəlif səviyyəli təsirləri Səməd Vurğun yaradıcılığında aydın görünür. Belə təsirlərin içərisində klassik ənənədə mövcud olan obrazların, motivlərin və süjetlərin Səməd Vurğun yaradıcılığındakı nümunələrlə yaxından səsləşməsi də var. Səməd Vurğun bir tərəfdən klassik dastançılıq ənənələrini müasir ədəbiyyata gətirmiş, onların müxtəlif motivlərini yenidən canlandırmış, digər tərəfdən də bu ənənə üzərində müasir dövrün dastanlarını yaratmışdır.Cəmilə ÇİÇƏK (İSBƏNDİYAROVA),AMEA Folklor İnstitutunun doktorantı,Prezident təqaüdçüsü,[email protected]/* */ 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler