Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sema adamı – Əlisa Nicat-80

05 Temmuz 2016

7:44 am


05/07/2016 [11:41]: xeber –
Əlisa Nicat yetkin bir araşdırıcı alim,vicdanlı elm adamı, öz sözü və mövqeyi ilə Azərbaycan milli azadlıq hərəkatında sayılan, seçilən ziyalı və dəyərli dostumuzdur. Əbülfəz Elçibəy, AXC sədri Azərbaycan Respublikasının sabiq prezidenti   Əlisa Nicat ensiklopedik savada malik olan, dünya tarixlərinin yetişdirdiyi ən böyük şəxsiyyətlərdən biridir.  Sözün əsl mənasında insanlıq qürurudur.           Şair, yazıçı, tarixçi, filosof, naşir, tərcüməçi, psixoloq və biologiya elmini bilən qüdrətli zəka sahibidir. O həssas və azad düşüncəli bir insandır. Əsərlərində məntiq qüvvətli və dəqiqdir. Onun yaradıcılığında fərabini, Nizamini, Mövlanani, İbn-Sinani, Nəimini, Nəsimini, M.Ə.Sabiri, Y.V. Çəmənzəmənlini, M.K. AtaTürkü, Ç.Aytmatovu görmək olur.  Əsərlərində dünya və Azərbaycan tarixi, dünya fəlsəfəsi, şeiriyyat, biologiya, satira, yumor və musiqi haqqında biliklər öyrənmək olur.    Əlisa müəllim müxtəlif  janrlarda yazıb yaratmağı məharətlə bacarırdı. Şeir, roman, povest, hekayə, sonetlər, pritça, tərcümələr, felyeton, təmsillər və başqa məqalələr yaratmaqla ədəbiyyatın bütün formalarında yazıları vardır. Eyni zamanda öz həyat və yaradıcılığı ilə heç kəsə oxşamayan, heç kəsi xatırlamayan nadir şəxsiyyətdir. Əsərlərində əks etdirdiyi həyat lövhələrinə, sürətlər silsiləsinə bədii boyaları fərqlidir. Yaradıcılığını xalqın həyatına, mənəvi ehtiyaclarına, dərdlərinə, sevinclərinə yaxınlaşdırmaqla realizmə xidmət etdi.  Azərbaycan poeziyası tarixində Əlisa müəllim İmaməddin Nəsimi kimi siyasi – fəlsəfi şerin böyük nümayəndəsidir. Onun əsərlərində poetik fikir və fəlsəfi fikir birləşir, fikir, mühakimə, hissə və duyquya üstün gəlir. Bu baxımdan Əlisa Nicat yaradıcılığı türk – müsəlman xalqlarının bədii və ictimai fikrinin inkişafı üçün çox əhəmiyyətlidir. Əlisa müəllim sistemli ümumiləşdirmə qüvvəsinə və fəlsəfi dərinliyə malik köhnəlikləri rədd edən şairdir. Eyni zamanda insanların mənəviyyatındankı ziddiyyətli cəhətlərini parlaq bədii sürətlərlə əks etdirmişdir.  Ağaları köləydilər, Kölələri kələydilər, Hamısıda beləydilər, Əjdahalar, cinlər idi.Əlisa müəllim dövlət məmurlarını və kütbeyin insanları tam çılpaqlığı ilə tənqid edir. Şairin fəaliyyətinə zaman-zaman maneələr yaratmaqla onun ruhunu, fikrini boğmağa çalışıblar.Mən Bakıdan namərdlərdən qaçmışam, İndi burda çiçəklərin dostuyam,Qarışmışam buludlara, otlara,Yağışların, küləklərin dostuyam.Bu mərd və mübariz insan vaxtaşırı olaraq, mənəvi və ruhi sıxıntılar keçirib.       “Tarix ruhun müzeyidir” deyən Əlisa müəllim dünya tarixinin bilicisidir. Türk xalqlarının tarixi haqları uğrunda bütün varlığı ilə daim mübarizə aparıb.  Vaxtı ilə “Qobustan” jurnalında 20 Şumer sözünün türklərə  aid olduğunu Oljas Süleymanovdan xeyli qabaq sübut edib. “Nağıllara dönən tarix” əsərində , “Etruskilər türk idilər” sübutlar türkiyə yazıçısı Adilə Aydanın əsərindən öncə yazılmışdı.  Amerika şərqşünas – tarixçiləri doktor Robert Keynolas və dosent Robert lorezin də sübut etdikləri Roma imperiyasına son qoyan Odoakrin türk olduğunu təqdim etmək üçün barışmaz mübarizə aparırdı. Odoakri “Qəbilə başçısı” romanının qəhrəmanı  etdi. O zamanla Əlisa müəllimlə birgə nəşr etdiyimiz “Millətin səsi” qazetində ətraflı yazılar yazdı.           Dünya tarixi səhnəsindən gəlib keçmiş bir çox şəxsiyyətləri onun əsərlərində aydın şəkildə canlanmışdı. Azərbaycan ictimaiyyəti tarixi şəxsiyyətlər məhz onun əsərlərindən ətraflı şəkildə öyrəndi. “Dünya şərkərdələri” kitabı hamının sevimli kitabı idi. Dünya türk və Azərbaycan sərkərdələri, bəşəriyyətin yetişdirdiyi şəxsiyyətlər haqqında bioqrafik yazılar və onlar haqqında özünün xüsusi kəşfləri olan Əlisa müəllim üstün məntiq sahibi və ruhumuzun atasıdır. Türk kimliyimizi dünyaya tanıdan böyük dahimizdir.  Əlisa Nicat insanlığın yetişdirdiyi ən böyük zəka sahibi kimi türk dünyasına işıq saçmışdır. O dünya fəlsəfəsini Azərbaycanda tanıtmış və öz üslubu ilə anlaşıqlı şəklə salmışdır. Fərabi dünya dahisi Aristoteli yunanlara tanıtdığı kimi Əlisa müəllim fəlsəfi fikirləri ilə Azərbaycanda insanların fəlsəfi dərketmə, fəlsəfi yanaşma tərzini öyrətməklə millət müəllimi oldu. Fəlsəfi baxışları, gözəl üslubu, dadlı anlatması, dərin bir həyat aləmini biruzə verən, həyatın gözəlliklərinidən qidalanaraq əbədi yaşayan bir dünya yaratdı.  “Dünya filosofları” əsəri Azərbaycanda hər tərəfli oxucular tərəfindən rəğbətlə qarşılandı. Xalqımızın düşüncə tərzində və milli şüurumuzun formalaşmasında böyük əhəmiyyəti oldu. Əsər dövlət məmurları və ziyalılarımızın stolüstü kitabına çevrildi.          Əlisa müəllimin dinə münasibəti fəlsəfi, tamamilə əxlaqi və həyatidir. Hər hansı bir şeyi anladarkən röyalara, xəyallara baş vurmayıb. Anlatmaq istədiyi fikri öz yazılarında xalqın qavrayacağı bir şəklə salıb. Cəlaləddin Rumi kimi şeri, musiqini və incəsənəti ilahiləşdirmək dini fəlsəfi baxışları ilə köhnəliyin nüfuzunu silkələdi “Allah verdiyi olan dəyişməz” mövqeli, “Qızılbaşlar”  romanındakı kimi “ İş çətinə düşəndə yolun təhlükəlisini seç qaydası  ilə hərəkət edən əsl səma adamıdır.  Onun siyasəti qamış siyasətidir. Heç kimin qarşısında əyilmək olmaz. Əsil demokratik cəmiyyət arzulayır və bütün əsərlərində demokratiyanı tərənnüm edib.           Əlisa müəllim XX əsrin II yarısında xalqımızın azadlıq mübarizələrinin təməl daşını qoyanlardandır. O milli şüurun formalaşmasına təkan verən əsərləri ilə azadlığı sevənlərə psixoloji təminat yaradıb. Onun yaradıcılığı Azərbaycanda sovet buxovlarından xilas olma, demokratiya yolunda irəliləmə üçün ictimai proseslərə ciddi təkan verən hadisələrin ideoloji əsasları rolunu oynayıb. Azadlıq mübarizələrini ləngitmək istəyən şair və yazıçıları, siyasi partiya liderlərini, eyni zamanda dövlət məmurlarını kəskin formada tənqit atəşinə tuturdu.  Yetmiş il sovet hakimiyyəti və sonrakı illərdə Azərbaycanda bütün sahələrdə, eyni zamanda ədəbi aləmə də öz mənfi təsirini göstərmişdi. Bu illərdə elə sözlər var idi ki, rəsmi olaraq qadağan edilmişdi. Belə bir qaranlıqlar içərisində Əlisa müəllim günəş kimi parladı. 1988-ci illərdə başlayan milli azadlıq mübarizələri illərində öz odlu-alovlu çıxışları ilə xalqı ayağa qaldıranlardan oldu. Onun yaradıcılığı Azərbaycanda ictimai-fikirdə köklü dəyişikliklər etdi.  Əlisa müəllim M.K.Atatürk kimi istiqlal uğrunda mübarizə aparan bütün millətlərin istiqlal rəmzlərinə hörmətlə yanaşıb. Qəhrəman türk millətçilərin, seçənləri, ərəbləri və digər xalqları alqışlayıb.  Əlisa müəllim Şərq nəsrini qərb üslubunda dəyişən orjinal bir naşirdir. Onun “Turan” jurnalı, “Ruhların söhbəti” və  saysız hesabsız qəzet və jurnallarda çap etdirdiyi məqaləri oxuculara mənəvi rahatlıq yaradıbdır.  O ədəbiyyatımızda, yeni tipli tənqidi realizmin inkişaf ında misilsiz xidmətləri olan və pritça janırının əsasını qoyan böyük qələm sahibidir. Əlisa müəllimin dünya ədəbiyyatı, tarixi və fəlsəfi incilərinin Azərbaycan türkcəsinə tərcümələri ilə cəmiyyətimizi xeyli zənginləşdirdi. Artur Qobunonun “Şamaxı rəqqasəsi” , Plutarixin “Makedoniyalı İsgəndər”,  Məhəmməd Tahirin “Şeyx Şamil” və neçə-neçə antik, orta əsr və müasir dövr yazıçı və filosofların əsərlərini dilimizə tərcümələri ilə yeni nəfəs gətirmişdir. Əlisa müəllimin bir, iki cümlədən ibarət olan əsərləri var. Bəzən, hətta, bir – iki sözündən sonra hər şey aydın olur. Yəni, “İçiboş məxluqlar”, yaraşıqsız gözəllər, gönüqalın məxluqlar, hiyləgərlik şedevri, üzdəniraq uzaqgörən, “liviyanın uzunsifət, uzunqulaq diktatoru”, əzrayılın müavini, “ölüm rəqsi”, “iki ayaqlı mal-qara” və başqa sözləri kifayətdir ki, oxucu tənqidi mövzunu gülə-gülə, sevə-sevə, yorulmadan və həvəslə qarşılasın.  “Sülh müharibəsi”, “Gənc”, “Çaqqal mədəsi”, “Daş”, “Günün məzənnəsi”, “onlar” və digər bir cümlədən ibarət olan pritçaları böyük həcmli əsərlər qədər düşündürücüdür. “Güc”  pritçası 2 cümlədən ibarətdir. Güc adlı bir nəfər öz nəhəng maşınını ölkənin  küçələri ilə sürdükcə, köhnə və kustar maşın öz saysız-hesabsız məsamə və dəliklərindən gah benzin, gah qaz, gah da hava buraxıb yerində qurcalanır, irəli gedə bilmirdi. Bunu görən Güc bir anda yoldan ötüb keçənlərin başını qoparıb, həmin dəliklərə basaraq maşınını irəli sürürdü.” Məncə belə əsərlərin mahiyyətini məntiqli oxucu azca fikirləşdikdən sonra anlayacaqdır.  Əlisa müəllimin yaradıcılığında xalq təbabəti, biologiya, psixologiyaya  aid xeyli  maraqlı  məlumatlar var. Bitkilərin və heyvanların ağlı ilə bağlı hələ qədimlərdən çox müşahidələr aparılıb. Müəyyən olunub ki, ayı qışlağa getməzdən əvvəl işlətmə murdarçasının meyvələrini tapıb yeyir, qarnını təmizləyir, sonra qış yuxusuna gedir. İndi hamı bilir ki, murdarça yaxşı işlətmə dərmanıdır.  Durnalar uzaq məsafəyə uçarkən qara gəndəlaşın meyvələrini, tapıb dənləyir, sonra uçmağa başlayır. Xalq təbabətindən məlumdur ki, çox zəifləmiş uşaqlara qara gəndəlaşın meyvələrindən hazırlanmış kisel çox yaxşı təsir edir.  Əlisa müəllim yazılarının birində yazır ki, “hər bir şey riya, zülm mənbəyi çibana bənzəyir. Vaxtından əvvəl toxunsan məhv olacaqsan.” Elə ki, yetişdi, bağayarpağı lazımdır ki, onun təsiri ilə çibanın yeli, zəhəri və canı  çıxıb məhv olsun”. Əsərlərində belə məqamlar çoxdur. “Viruslar”, “Beyin və onun qərarları”, “Xəstəliyin mənası”, “Dominitsanın yuxu dərmanı”, “İnsan beyninin sirləri”, “Ağrı”, “Dəli” və başqa əsərlərində əsl həkim kimi çıxış edir.           Əlisa müəllimin insan psixologiyası barədə dərin biliyə malikdir. “Qorxu”, “Acgözlük”, “Cənnət”, “Ruhların yarısı”, “Paxıllıq” və digər yazılarında insan psixologiyasının cəmiyyətə, ailəyə, dövlətə təsirlərini maraqlı dünya görüşcəsinə izah edir.  Əlisa Nicat yaradıcılığında təkamül nəzəriyyəsinin banisi Çarlz Darvin təliminin maraqlı təhlili var. Canlılarda ümumi olanın izahı, canlıların məntiqli müqayisələri “Ağaclar və adamlar”, “Kəpənəyin sevgisi”, “Bülbüllər və qaranquşlar”, “Ayı və arı”, “Göyərçin”, “Sərçə balaları”, “İtlər və canavarlar”, “Primatlar”, “Toxum və dənin məna və funksiyaları”, “Soğan yemişin yaxşısın çaqqal yeyər” və yüzlərlə belə əsrlərində bitkilərin, heyvanların və insanların maraqlı xüsusiyyətlərini qeyd edir.  Canlılarda ümumi və fərqli cəhətləri özünəməxsus şəkildə izah edir.  Cansızlarla canlılar arasında rabitə görür. “Cansızların canlılarla həmrəyliyi” məqaləsində qədim xalqların su, torpaq, daş, qaya, hər cür məişət əşyaları üzrə Allahları olmasını qədim dövrlərdə insanların cansızlarla əlaqəsi olması ilə əlaqələndirir. Əlisa müəllim yazır ki, bitkilərin də öz ağlı var. Onlar dünyada hər şeyi hiss edirlər. Lazımi şeylər və təhlükə barədə bir-birinə xəbərdar edirlər. Torpaqdan zərərli maddələri  yarpaqlarına ötürərək düşmənləri məhv edirlər”.  Bitkilər sahibini tanıyırlar onun gəlişinə sevinirlər və hətta qapı ağzında gül kolu onun qayğısına qalmayan su və qida verməyən qoca ev sahibinin öldüyünü biləndə neçə gün sevinirlər”.  Əmir Teymurun qarışqanın 69-cu təşəbbüsdən sonra xilas olduğunu görüb gizləndiyi yerdən çıxıb öz tərəfdarlarına qovuşması rəvayətini də Əlisa müəllimdən öyrənmişik. Bunlar şübhəsiz ki, gələcək nəsillərin və dünyada biologiya elminin inkişaf mərhələlərində müzakirə və tədqiqat obyekti olacaq.  Əlisa müəllim hesab edir ki, təbiətin təkamülün hansı bir milyon ilində və insana bəxş etdiyi sevgi adlı hiss bəşəriyyəti xilas etdi. “Skandinav dastanlarının birində belə bir əhvalat var. Gəmi fəlakətə uğrayır, əksəriyyət qırılır və bu zaman hardansa üzub gələn bir qayıq görünür. Qayıqçı sağ qalanlara bildirir ki, bəs 16 adam götürə bilər. Sayırlar məlum olur ki, 17 adam var. Danışıb belə qərar gəlirlər ki, həmin bir nəfəri püşk atmaqla müəyyənləşdirsinlər. Püşk atılır və bu zaman adamlardan atanın oğluna düşür. Ata oğluna deyir. Oğlum eyib etməz, sən min mən onsuzda az-çox yaşamışam. Və beleliklə ata ölümə gedib oğlunu xilas edir. Aydındır ki, təbiətdə heç bir canlı buna getməz”. Əlisa müəllim öz mühitini yaratmış möhtəşəm  bir zəka sahibidir. Ruhən sağlam özünəməxsus dəyərli xüsusiyyətləri olan, yaxın ətrafında yüksək tərbiyə və əxlaqın formalaşmasında böyük əməyi olan, qüruru və nəzakəti ilə yüksək səviyyədə duran, sərtliklə yumşaqlıq və mərhəməti öz şəxsiyyətində birləşdirib.  Zəmanəmizin haqsızlıqlarını, zülmünü böyük ustalıqla qələmə alan, Əlisa müəllim əsərlərində cəmiyyətdəki özbaşınalıqları, rüşvətxorluğu pisləməklə qəzəbini söndürüb. Onun yaradıcılığı türk müsəlman dünyasında həyata yeni bir münasibət və düşüncənin mümkünlüyünün ifadəsidir. Əlisa müəllim öz evini və qiymətli əşyalarını sataraq kitablarını çap etdirdi. Dahilərə xas olan kütlədən qaçma istəyi ilə şəhərin sakit güşəsinə çəkildi.  Əlisa müəllim öz xəyali düşüncələrini, çoxlarına bəlli olmayan gözəllikləri əsərlərində ustalıqla təsvir etməyi bacardı. Qürurunu yenə bilsəydi 80 ilin 80 dəqqəsində milyonçu ola bilərdi. Amma “məndə sığarikən cahan, mən bu cahana sığmaram” prinsipi ilə yaşadı. Özünü tamamən haqq ədaləti müdafiə edən, eyni zamanda dünya düzəninə təsir edən əsərlər yazmağa həsr etdi.           Əlisa müəllim  Azərbaycan xalqına ruh verən, insanlığa xidmət edən, yaxşı əməlləri ilə tarixdə yaşamağa haqqı olan çox layiqli şəxsiyyətdir.  Onun yaradıcılığını layiqincə qiymətləndirə bilməyənlərin nöqsanı milli şürumuzun formalaşmasında onun əsərlərinin nə kimi təsir göstərməsinin üstündən sükutla keçilməsidir.             Əlisa müəlliminin güzgüsündə millətimizin keçmişi, bu günü və gələcəyinə gedən yol aydın görünür. Əlisa Nicat tədqiqatçıları çox qiymətli incilər tapacaq. Zamanəmizin amansızlığından gələcək nəsillərə araşdırılmasına ehtiyac olan sərvətlər xeylidir.           Min il yaşayacaqdır.       Səksən yay bundan əvvəl ,        Gəldi azad dünyaya .       Azadlıq keşikçisi,       Müdrik bir insan kimi.       Yaxşıların yaxşısın,       Gəldi icad etməyə.        Azadlıq istəyənin,       Yolunu göstərməyə.       Aristotel, Sokratı,       Bizlərə öyrətməyə.       Atamız Atillanı,        Bizlərə o tanıtdı.       Şah İsmayıl dədəmin,       Çaldıranda döyüşün,       Çingizxanın yürüşün,       O anlatdı bizlərə.        Azadlığın uğrunda,       Döyüşən millətlərin,        Ucalan bayrağına,        Xeyir-dua verdi, O.       Çox nadir insan oldu,       Bənzəmədi heç kimə,       Sevimli müəllimim,       Əziz qardaşımdır, O.       Zəkası qidamızdır,       Nuru ay işığımız,       Ruhumuzun atası,       Durduqca bəşəriyyət,       Min il yaşayacaqdır.Təyyar Çıraqoğlu




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler