Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehriyarın oğluyla reportaj:“Menim qiblem menevi gözelliklerdir”- FOTO

04 Kasım 2016

5:04 pm


04/11/2016 [21:03]: xeber –
Arazın o tayından dünyanı içində daşıyan bir adam gəldi. Eşqindən alışıb yanan qəlbini Arazın axar suyu söndürməyən, Heydərbabadan imdad diləyən Şəhriyar qoxulu, Şəhriyar nəfəsli bir adam. Canından əl götürüb ruhuna sığınan, dərisinə ətdən-sümükdən can yerinə bütövlükdə EŞQ sığdıran bu adam Şəhriyarın ayrılığının, həsrətinin, nisgilinin rənginə boyanıb gəlmişdi, elə bil.Bu düşüncələr Azərbaycan şeirini zirvələrə qaldıran M.Şəhriyarın anadan olmasının 110 illiyinə həsr edilmiş, Beynəlxalq Muğam Mərkəzində keçirilən yubiley tədbirində şairin oğlu Hadi Şəhriyarın çıxışı zamanı – onu ilk gördüyümdə keçmişdi ağlımdan.Hadi sanki, Şəhriyarın qəribliyini də gətirmişdi özü ilə…Bu qəribliyi az da olsa atması üçün tədbirin sonunda Hadi Şəhriyara yaxınlaşıb “Hüseyn Cavid Ədəbi Məclisi”nin üzvləri olaraq, görüşmək istəyimizi bildirdik. Etiraz etmədi. Ertəsi gün saat 12-də görüşməyi qərara aldıq.Aləm Kəngərli, Fərqanə Mehdiyeva və mən Hadi Şəhriyarla Aşıq Şahbazini dəniz kənarında qarşıladıq. Sakit bir məkana çəkilib oturduq. Tanış olduq. Vətəninizə, evinizə xoş gəlibsiniz, – deməklə, ilk sualı Aləm Kəngərli verdi:-Hadi bəy, Təbrizdə də ustad Şəhriyar adına layiq şəkildə təbliğ olunurmu və bu təbliğat, qayğı sizi qane edirmi?-İsfahanda 7 ədəbi məclis var, Tehranda daha çoxdur. Təbrizdə isə hərdən evlərdə toplanıb tədbirlər keçirirlər, o tədbirlərdə Şəhriyarı da yad edirlər. Bakıda isə əvvəlkinə nisbətən münasibət dəyişib, daha çox maraqlanan, yazan var. Dirçəliş var, ancaq, indiki gənclər kitablardan, tədqiqatlardan oxuyur, – əlbəttə ki, olduğundan bir az fərqli… Bir fransız məsəli var: Kaş gəncliyin gücü və qocalığın düşüncəsi məndə olaydı… Şans, təsadüf, qismət – bunlar hərəsi Allahın bir adıdır.Bir az sükutdan sonra davam edir: – Qaldı ki, qane olmağa, qane sözü qənaətdən gəlir. Şəhriyar da, mən də həmişə qənaətlə yaşayıb, olana qane olmuşuq.Söhbətimiz yemək masası ətrafında davam etsə də Hadi bəy bizim təkidimizlə arada bir tikə nəsə götürürdü. Narahat olduğumuzu görüb dedi: – Məni belə əzdirməyin, yemirəmsə günahı məndə yoxdu, atam da, anam da ömürləri boyu kökəlməyin formulunu axtardılar…Hamımız gülümsündük, susduq. Daha doğrusu, hər kəs ürəyində danışırdı, səsli danışmağa ürək eləmirdik. Onu dinləmək istəyirdik.Hadi bəy ət yeməklərinindən ümumiyyətlə imtina etdi. O, Vegetariandır. (Vegetarianların həm fəlsəfi, həm də mənəvi cəhətdən harmonik həyat tərzi yaşadıqlarını, onların ruhi cəhətdən daha çox inkişaf etdiklərini bilirdim. Bildiyim qədərilə Pifaqor, Sokrat, Platon, Leanardo Da Vinçi, İsaak Nyuton, Volter, B.Franklin, Lev Tolstoy, Bernard Şou, R.Taqor, Mahatma Qandi, Albert Eynşteyn də vegetarian olmuşlar).Hadi bəy yerdən, göydən, ilahiyyatdan, siyasətdən danışırdı – qısa və aydın cümlələrlə. Nədən danışırdısa, sonunu HƏQİQƏTə bağlayırdı. Dünya ədəbiyyatından, dünya siyasətindən danışırdı. Avropa və Şərq alimlərindən, filosoflarından, müdriklərdən sitatlar gətirirdi. Hamımız söhbətə diqqət kəsilmişdik.Mənim ağlım da, ruhum da hardasa ayrı bir yerdəydi, bu məkandan uzaqda – Hadi bəyin danışdığı yerlərdə…Adam maddi dünyadan tədric olunmuş, sufi, dərviş, həqiqət axtarışında olan fədaidir – deyə düşünürkən, sanki ağlımdan keçənləri duyan Hadi bəy: – Mənim qızım mənə deyir ki, sən mənim çətin imtahanımsan… İnsanın qəlbində bir yer var, orada ya Allah olar, ya da şeytan. Biri çıxmasa, o biri girməz – deyə sözə başladı. İndi insanların çoxunun qəlbinə ancaq şeytan girir. İnsan insanı geyiminə görə qiymətləndirir. İnsan mənəviyyatına dəyər azalıb…Təklik təklifdir ki, insan həqiqəti başa düşsün, özünü dərk etsin… (bu sözü özümə götürdüm)“30 il həqiqəti axtardım – bəzən tapdım, bəzən itirdim, 40 ildir özümü axtarıram, tapmıram” – deyə hansısa filosofun fikrini xatırlatdı.İnsan çox vaxt içində olduğunu görməkdə çətinlik çəkir, bəlkə bu üzdən görə bilmirik, – dedim. Üzümə baxdı, kövrəldi: – İtmiş feil sənin qəminin sərgüzəştidir. Mənim də gözlərim dolduğunu görüb əlavə etdi: gözün dəyəri bəzən sözün dəyərindən çoxdur…Onun giriş etmədən, az sözlə çox fikir deməyi, konkretliyi həm xoşuma gəlir, həm də məni heyrətləndirirdi…Sonra astadan Aşıq Şahbaziyə dedi, – oturaq… Demək ki, onlar bəlli bir vaxt ayırmışdılar bizimlə görüşməyə, amma fikrini dəyişdi. Aşıq Şahbazi kiməsə zəng edib axşam görüşmək imkanları olacağını bildirdi…Allahdan, fələkdən, insandan, şeytandan suallar verdim. Bildiyim və bilmədiyim cavabları verdi: “Fələk nəfskar niyyətlərimizdir ki, göyün bəlli bir qatından bizə geri dönür”… “Allahın insanın əməlinə görə insanla oynadığı oyunudur. İnsan çətinliyə mübtəladır”…“Bir Allah bir neçə dinə girə bilməz”… “Ürəkdə Allah – HƏQİQƏT olarsa heç din də gərək olmazdı bəşərə”… “Bəşər ziyankardır”… “Əvvəllər insanlar ölürdü, indi ölkələr ölür…” (Fələstini nəzərdə tuturdu.)Hadi bəy, sizin bu özünüzə aid inanclarınız, bilgiləriniz, qeyri-adı həyat tərziniz var, bunlar babanızdan keçib və ya nə qədər təsirlənmisiniz?-Hər insanın öz ruhu, öz ağlı, öz ürəyi var, gen bu işdə çox az rol oynayır.Sabirdən, B.Vahabzadədən, Yusif Həsənbəydən nümunələr oxudu… Kövrəldi…– Yeni mədəniyyət göydələnlərdən ibarətdir, o da pul vəhşiliyidir. 19 min paralel dünya var… Dünən sabahın ümidinə, bu gün sabahın arzusuna yaşayırıq… Axıra yaxındır…– Hadi bəy, eşitdim ki, ictimai nəqliyyatda cibinizdən yaddaş kitabçanızı çıxarıblar.– Olan işdir… Bilsəydim içinə pul qoyardım, – dedi… Lap utandım.Azərbaycanın milli mədəniyyətindən söhbət saldıq. Musiqimizdən danışdıq. Rəşid Behbudovu xatırladı və əlavə etdi ki, indi onlara gedib çatan musiqilər qara-qura işlərdi…Məmməd Rahimdən bir parça şeir oxudu, ardınca yenə Sabirdən oxudu. Yenə kövrəldi…– Birlik sərhəddə yox, ürəkdə və beyində olmalıdır… Azərbaycan təkləndi…Yenə kövrəldi… Bu kövrəlmələr M.Şəhriyarın “YouTube”dən izlədiyim “Yar qasidi”ni oxuyarkən kövrəlməyini xatırladırdı. Eyni səs, eyni duğusallıq, eyni ruh təkrarlanırdı.Fərqanə xanım telefonu götürüb bir neçə şəkil çəkdi. Ürəyicə olmadı deyəsən. Görünür, şəkil çəkdirməyi sevmirdi, amma bizə olan hörmətindən etiraz etmədi.– Biz heç vaxt tapa bilməyəcəyik şəkilə baxaq… İnsan şəklə girəndə saxta olur, süni olur, özü olmur… İnsan şəkil deyil, insan içdir… Olduğunuzu saxlayın, artıq bir şey istəməyin, sizə verilən sizə bəsdir…İnsan sevgi köçərisi qəbilədir… Mənim qibləm mənəvi gözəlliklərdir… Mənəviyyatı gözəl insanlara qibtə edirəm… Bəşər ancaq vəhşiliyə doğru inkişaf edir. Hər şeyin çoxluğuna. Çoxluq cəhənnəmdir, birlik cənnətdir… Elm başdan ayağa cəhldir. Alimlər dünyanı mürəkkəbləşdirdilər. Atdan düşüb maşına mindik, halbuki atla ünsiyyətimiz vardı… Keşkə atomu tapardıq, amma partlatmayaydıq… Bəşər ziyankardı… Buna baxmayaraq düz adamlar az da olsa var. Az olsa da gücü çoxdur, balansı hələ ki qoruya bilir… İnsan gözəlliyə məqsədyönlü xidmət etməlidir, niyyəti doğru olmayanda, yolu səhv seçəndə başı daşa dəyir…Gözlərimizi üzünə dikib dayanmışdıq ki, davam etsin. Ancaq Hadi bəy bizi dinləmək istədiyini bildirdi: Elə mən danışıram, siz danışmırsız, siz də danışın.Biz isə onu dinləmək istədiyimizi bildirdik.– O zaman, susaq, sükut danışsın,– dedi…Sonra şeir oxumamızı istədi. Soruşdum ki, Hadi bəy, sərbəst şeiri qəbul edirsiniz? Cavab verdi ki, sözü ölçüyə insanlar salıb. Söz söz olandan sonra hansı ölçüdə yazıldığının heç fərqi yoxdur. Onda bir sərbəst şeir oxuyum, dedim. Son yazdığım şeirlərdən birini oxudum. Şeirdəki 2 misranın arxasındakı hekayəni danışdım qısaca. Yenə kövrəldi… Sonra bir şeir də Fərqanə xanım oxudu, yenə gözləri doldu. İkimiz də anaya aid şeir oxumuşduq. Hadi bəy də anasını xatırladı: Anam çox saf idi. Bir dəfə bacım universitetə qəbul imtahanına gedib, atamla anam da həyətdə bacımın imtahandan çıxmasını gözləyirmişlər. Gənclər ardı-ardına, dəstə-dəstə qapıdan çıxanda anam ağlamağa başlayıb. Atam soruşur ki, niyə ağlayırsan? Anam deyir,- Ey vah, balam itəcək burda…Sonra Bəxtiyar Vahabzadədən, Səməd Vurğundan, Saib Təbrizidən, Şəms Təbrizidən, Mayakovskidən, Maksim Qorkidən və s. şeirlər oxudu.Mən H. Cavidi xatırlatdım.– Əhməd Cavadın, Mikayıl Müşfiqin, Hüseyn Cavidin taleyi həmişə Şəhriyarı narahat edirdi. Bir də hər dəfə “O olmasın, bu olsun”a baxanda deyirdi ki, bu senarinin əsas ünsürü – motivi Caviddən götürülüb…Şəhriyar deyirdi ki, 82 – ci dəfədir həyata gəlirəm, birində Bakıda zərgər olmuşam…Qısa, konkret cümlələrlə fərqli mövzulardan danışırdı Hadi bəy. Konkretliyi sevdiyim üçün bu mənə çox xoş gəlirdi. Nədənsə elə bilirdim ki, elə belə də olmalıdır. Axı o ustad Şəhriyarın oğlu idi!5 saatdan artıqdı ki, oturmuşduq, amma vaxtın necə keçdiyini bilmədik. Hadi bəyə bir sonrakı gəlişində yenə görüşmək arzusunda olduğumuzu söylədik. Dedi ki, uzun zamandır ki, Bakıya gəlmir, bir də nə vaxt gələcəyini deyə bilməz. Xahiş etdik ki, biz – “Hüseyn Cavid Ədəbi Məclisi” olaraq Ustad Şəhriyara həsr edilmiş bir tədbir keçirmək fikrindəyik, sizin də qatılmanızı arzulardıq.Ayrılanda yenə dəniz kənarında şəkil çəkdirməyi təklif etdik. Bu dəfə xoşluqla qəbul etdi. Bunu hiss etdiyimi bildirmək üçün, “Qadın böyük qüvvədir” hə, Hadi bəy? – deyə zarafatla soruşdum. Başı ilə təsdiqləyib gülümsündü. Görüşüb ayrılanda Fərqanə xanımla mənim əlimdən öpdü. Görüşmək üzərə sağollaşdıq. Söz verdi ki, gələcək.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler