Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Şehid ailesi Neftçalanın icra başçısından tek bir şey isteyir – DİQQƏT

02 Kasım 2016

9:00 pm


03/11/2016 [00:59]: xeber –
Aprel döyüşlərində Neftçala rayonundan da iki hərbiçimiz – Milli Qəhrəman mayor Samid Gülağa oğlu İmanov və gizir Elimdar Səlimxan oğlu Səfərov qəhrəmancasına şəhid oldular.Biz sayt olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə yolumuzu Neftçala rayonuna saldıq. Biz şəhid gizirimiz Elimdar Səfərov haqda yazmızı sizə təqdim etmişdik. Bu dəfə isə sizə Milli Qəhrəmanımız mayor Samid İmanovdan bəhs edəcəyik.Samid İmanov kim idi?Samid İmanov 14 oktyabr 1981-ci ildə Neftçala rayonunun Həsənabad kəndində anadan olub. 1998-ci ildə Neftçala rayonunda 1 nömrəli orta məktəbi bitirmiş və həmin il Ali Hərbi Məktəbə daxil olub. 2003-cü ildə Ali Hərbi Məktəbi fərqlənmə ilə bitirdikdən sonra 2004-cü ilin iyun ayından Xüsusi Təyinatlı hərbi hissədə Qrup komandirinin müavini, qrup komandiri, bölük komandiri, dəstə komandiri və hərbi hissənin qərargah rəisi vəzifələrində xidmət edib.Bundan başqa o, Türkiyədə “Daxili təhlükəsizlik əməliyyatlarının planlaşdırılması və icrası” “Komando təlimi və paraşütdən sərbəst atlayış” kurslarında, habelə “Anadolu-2007″, ”Anadolu Qartalı -2007 birgə taktiki təlimlərində”, Pakistanda “Ləpirçi” və “Antiterror” kurslarında, İsveçrə krallığında “Dağ təlimi “kursunda, Rumıniyada “dağa dırmanma üzrə təlimatcı” kurslarını uğurla başa vurub.Biz şəhidimizin Həsənabad kəndindəki ata evinə yollandıq. Çox təəssüf ki, rayon rəhbərliyi bu günə qədər hələ də şəhidin ata evinin qapsına “Milli Qəhrəman Samid İmanov bu evdə yaşamışdır” adlı lövhə vurmayıb. Bunu şəhid ailəsi də təsdiq etdi. Elə kənd sakinlərinin köməkliyi sayəsində şəhidin evini tapa bildik. Bizi şəhidimizin atası Gülağa kişi qarşıladı. Söhbətimizə şəhidimizin atası ilə başladıq:Gülağa ata:“Dedim ki, Samid gəlsin, sonra mən rayona qayıdım…”“Samid mənim böyük oğlumdu. O, qızlarım Aybəniz və Gülbənizdən sonra dünyaya gəlib. Samiddən sonra Sadiq adlı bir qardaşı da dünyaya gəlib. Ailədə iki bacı və iki qardaşdılar. Samid 1998-ci ildə orta məktəbi bitirdikdən sonra sənədlərini Ali Hərbi məktəbə verdi. Hər dəfə Türkiyədə və digər ölkələrdə təlimlərdə olmasına baxmayaraq o, Bakıda, sonra isə Lökbatan qəsəbəsində işləməyə başladı. Evdə heç nə danışmırdı. Biz onun nə işlə məşğul olduğunu heç bilmirdik. Hər dəfə zəng vuranda deyirdi ki, vaxtım yoxdu, özüm sonra zəng vuracam. O, rabitəçi idi, sonra isə ixtisasını dəyişərək Xüsusi Təyinatlı kurslarından keçərək kəşfiyyatçı kimi işə başladı. Aprel döyüşlərində biz də Bakıdaydıq. Nəsə heç rayona gəlmək istəmirdim. Samiddən xəbər yox idi. Ona görə dedim ki, Samid evə gəlsin, sonra mən rayona qayıdım”.(Kövrəlir)Şəhidimizin anası Xuraman ana Samiddən sonra xəstədi. Səhhətində problem olduğu üçü müalicə olunur. Biz söhbət etdikcə ağlayan şəhid anası söhbətimizə qoşulur:Xuraman ana:“Qızına dedi ki, Fidan, bu mənim anamdı…”“Mən Samidin rütbəli olmasını çox istəyirdim, əvvəldən xoşum gəlirdi. Elə bizə hərbçi olmaq istədiyini deyəndə etiraz etmədik. O, Bakıda Ali Hərbi məktəbdə oxumağa başladığı vaxtdan Samidin üzünü çox gec-gec görürdük. Samid ailə qurandan sonra mən də hərdən gəlib onlarda qalırdım. Həmişə evə gec gələndə deyirdim ki, Samid, evə niyə gec gəlirsən. O, da baxıb gülürdü. 2013-cü il iyunun 16-da öz dayısı qızı Badam ilə ailə həyatı qurdu. Fidan adlı bir yaş yarımlıq qızı və təzəcə oğlu dünyaya gəldi. Elə qızının da, oğlunun da adını özü qoydu. Oğlunun adı Turandı. İndi o uşaqlara baxanda ürəyimə dağ çəkilir. Körpə uşaqları atasız qaldı. (Ağlayır) Həmişə Novruz bayramını bizimlə keçirirdi. Mənə deyirdi ki, ana, dövlət mənə üç otaqlı ev verib, atamı da rayondan gətir gəlin mənimlə yaşayın. Martın 27-də qızı Fidanı qucağına götürüb divanda uzanıb başını mənim dizimə qoydu və qızı Fidana dedi ki, bu mənim anamdı. (Ağlayır) Elə bil məni Fidana tapşırırdı. Onda onun başını o qədər sığalladım. Martın 28-də səhər tezdən evdən çıxıb getdi”.Şəhidimizin həyat yoldaşı Badam xanımın babası rəhmətə getdiyi üçün onunla söhbət edə bilmirik. Yaxınları bildirir ki, xanım babasının yas mərasimindədi. Söhbətimizə şəhidimizin bacısı Gülbəniz xanım qoşulur. Gülbəniz xanım Bakıda yaşadığı üçün Samid Bakıda oxuyan vaxtdan elə Samidə böyüklük edən, ona arxa-dayaq olan bacısı Gülbəniz olub:Bacısı Gülbəniz:“Qarşıma bir gəlin çıxdı və mənə dedi ki, Samidin də evi yandı…”“Martın 25-də xalam qızının xınayaxdısı idi. Samid də ailəsi ilə birlikdə ora gəldi. Xalam qızının toyu isə aprelin 3-də idi. Samid toyun aprelin 3-də olacağını biləndə dedi ki, mən toya gələ bilməyəcəm. Təlimdə olacağını bildirdi. Sağollaşıb ayrıldıq. Sonra bildik ki, martın 28-də işə gedib. Martın 31-də yatdım yuxuda gördüm ki, Samidə hərbi şəhərcikdə verilən ev yanır. Hər tərəfi tüstü bürümüşdü. Gördüm ki, Samidgilin evindən də tüstü çıxır. Bütün evlər külə dönüb. Mən də ora qaçanda qarşıma bir gəlin çıxdı və mənə dedi ki, Samidin də evi yandı.Yuxudan ayılıb tez Samidə zəng vurdum, amma zəng çatmadı. Aprelin 1-də mənə cavab verəndə bir az rahatladım. Həmin gün həyat yoldaşından uşaqlarının şəklini istəmişdi. Həyat yoldaşı şəkli ona yollayandan sonra, həmin şəkli mənə də yollamışdı.“Xalam qızının toyuna hamımız ağlaya-ağlaya getdik…”Aprelin 2-də biz cəbhədəki müharibədən xəbər tutanda narahat olduq. Samidlə əlaqə saxlamaq istəsək də onunla əlaqə saxlaya bilmədik. Aprelin 3-də xalam qızının toyuna hamımız ağlaya-ağlaya getdik. Toyda necə iştirak etməyimiz yadımıza gəlmir. Aprelin 8-nə qədər biz nə çəkdik, bir Allah bilir. Hərə bir söz deyirdi. Gah deyirdilər yaralıdı, gah deyirdilər sağdı. Aprelin 8-də rayondan bacım mənə zəng vurub dedi ki, yığışın rayona gəlin, qardaşımız şəhid olub.(Ağlayır)Samid aprelin 3-də yaralanaraq neytral ərazidə qalıb və çoxlu qan itirdiyi üçün şəhid olub. Aprelin 8-də Samidin meyidini neytral ərazidən götürmək mümkün olmuşdu”.Şəhidimizin qardaşı Sadiq bəy Rusiya Federasiyasında yaşayır. O, da hadisədən xəbər tutan kimi vətənə qayıdıb. Söhbətimizə Sadiq bəylə davam edirik.Qardaşı Sadiq:“Telefonu bacım oğlu götürüb mənə dedi ki, dayı, dayı getdi…”“Rusiya telekanallarında cəbhədəki vəziyyətdən mən də xəbər tutdum. Zəng vurub bacımla, kürəkənimlə əlaqə saxlayırdım. Deyirdilər ki, hər şey yaxşıdı, narahat olma. Amma Samidə zəng çatmırdı. Hər gün zəng vurub yaxınlarımla əlaqə saxlayırdım. İstəyirdim ki, Azərbaycana gəlim. Kürəkənim dedi ki, gəlmə, sən gəlsən ailən elə bilər Samidə nəsə olub narahat olar. Aprelin 6-da bilet alıb dedim ki, gəlirəm. Kürəkənimin təkidindən sonra bileti geri qaytardım. Aprelin 7-də Samidi yuxuda gördüm. Amma yadımda qalmayıb onu yuxuda necə görməyim. Aprelin 8-də kürəkənim mənə zəng vurub hal-əhval tutdu. Sən demə, Samid şəhid olub, amma kürəkən mənə deyə bilmir. Mənə dedi ki, Samid yaxşıdı, amma yenə də sən bilet al gəl. Nəsə ürəyimə damdı. Mən qışqırdım dedim ki, nə olubsa mənə normal de. Kürəkənimi ağlamaq tutdu və telefonu bacım oğlu götürüb mənə dedi ki, dayı, dayı getdi…” (Ağlayır)Mayor Samid İmanov Milli Qəhrəmandı. Ailənin tək istəyi bütün şəhid ailələri kimi şəhidimizin də adının əbədiləşdirilməsidi. Milli Qəhrəmanın ailəsi şəhidimizin adının oxuduğu Neftçala rayon 1 saylı orta məktəbə və bir də rayondakı küçələrdən birinin adına verilməsi arzusu ilə yaşayırlar. Bununla bağlı Neftçala rayon icra hakimiyyətinə müraciət etsələr də, hələ ki, müsbət bir cavab yoxdu. Hələ ki, vaxt uzanır. Şəhidimizin ailəsi müvafiq qurumların bununla maraqlanmasını xahiş edir. Milli Qəhrəman Samid İmanovu mərhum prezidentimiz Heydər Əliyev və ölkə başçısı İlham Əliyev təltif edib. Bu günə kimi Samid İmanov aşağıdakı medallara layiq görülüb:”Qüsursuz xidmətə görə” medalı 3-cü dərəcə (10 il xidmət)”Qüsursuz xidmətə görə” medalı 2-ci dərəcə (15 il xidmət)”Hərbi xidmətdə fərqlənməyə görə” medalı 3-cü dərəcə”Hərbi xidmətdə fərqlənməyə görə” medalı 2-ci dərəcə”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi (1918-2008)” yubiley medalı”Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)” yubiley medalı2016 — “Qızıl Ulduz” medalı2016 — Azərbaycanın Milli QəhrəmanıSonda şəhidimizin ailəsinə Allahdan səbr, şəhidimizə isə Allahdan rəhmət diləyib oradan ayrılırıq.Vasif Əlihüseyn


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler