Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Sefevilik:Əski türk inancıyla İslamın sintezinden doğan cereyan

02 Ekim 2016

3:40 pm


02/10/2016 [19:37]: xeber –
Səfəvi əleyhdarlarının üzərində durduqları əsas arqumentlərdən biri də Qızılbaşlıq düşüncəsinin əski fars inanc sistemindən qaynaqlanmasıdır. İddiaya görə, guya, İslamın yayılmasından sonra öz dini inanclarına yeni don geyindirərək, qorumağa çalışan Zərdüştçülər şiə inancını ortaya çıxarmışlar. Daha sonra, guya, bu inanc Səfəvi şahları tərəfindən Anadoluya yayılmağa başlamışdır ki, Osmanlı-Səfəvi müharibələrinin əsas səbəbi də budur.Tarixə səthi yanaşmanın təzahürü olan iddianı alt-üst edən xeyli dəlillər var. Oxuyacağınız yazıda həmin dəlillərdən sadəcə bir neçəsi üzərində dayanmağa çalışacağıq.Əvvəla, Şah İsmayılın inandığı qızılbaşlıq, hətta bu günkü Cəfərilik əqidəsinin hansı rütinlərində və inanclarında atəşpərəstlik izlərinin daşındığını zəhmət çəkib iddia sahibləri ortaya qoymalıdırlar. Əgər ittihamda nəzərdə tutduqları yeganə arqument Novruzda od qalamaqdırsa, bu bayramın dini əqidə ilə yaxından-uzaqdan əlaqəsi yoxdur. Nə Şah İsmayılın qələmə aldığı əsərlərində, nə də bugünkü Cəfəri məzhəbi ədəbiyyatında Novruz bayramı barədə hər hansı hökmə və ya təbliğə rast gəlmək mümkün deyil. Şiə alimlərinin hamısı Novruzun dini bayram olmadığı, sadəcə xalqın ənənəvi adətlərindən irəli gəldiyini etiraf edirlər.İslam dini də hər hansı bir inanc daşımayan bu cür milli adətləri qadağan etməyib. Hətta Məhəmməd peyğəmbərin həyatı ilə bağlı tarixi kitabları oxuyanda islam peyğəmbərinin də bu cür milli adət və ənənələrə xoş baxdığını görə bilərik. Məlumata görə, peyğəmbər islamı yeni qəbul edən bir qəbilənin musiqi məclisində iştirak edib və bunun İslama zidd olmadığını bildirib. Bu müsiqi məclisinin həmin qəbilənin adətindən irəli gəldiyini düşünsək, ilk İslamın digər xalqların mədəni irslərinə sayqıyla yanaşdığını anlayarıq. Məhz bu xüsusiyyətinə görə də, islam dini yəhudilikdən fərqli olaraq geniş coğrafiyalara yayılıb, bir çox milli, etnik qrupları öz ətrafında birləşdirib.İkincisi, Məhəmməd peyğəmbərin ölümündən sonra ortaya çıxan məzhəb davalarını da tam olaraq inanc müharibələri adlandırmaq mümkün deyil. Əsası 4-cü xəlifə (məzhəb ayrıseçkiliyi salmamaq üçün imam kimi təqdim etmədim – H.O.)Həzrət Əlinin hakimiyyətinə müxalifətçiliklə qoyulan və əsrlər boyu davam edən sünni-şiə müharibələrində hər iki tərəfdə döyüşənlər İslama inanıb, “Allah-ü Əkbər” nidaları altında döyüşüblər. Kimin daha çox bu dinə bağlılığı barədə isə danışmaq istəmirəm; çünki bu, oxuduğunuz yazının  əsas mövzusundan yayınmaq olar. Sadəcə onu demək istəyirəm ki, Səfəvi-Osmanlı savaşları dövründə də davam edən bu məzhəb müharibəsinin əsas səbəbi siyasi hakimiyyət və iqtisadi hegomonluq uğrunda mübarizə idi. İlahi motivlər bütün savaşlar kimi, bu mübarizələrə də müqəddəslik qatır, vuruşan tərəflərə döyüş əzmi verir, fədakarlığa sürükləyirdi.İndisə, gəlin, hər iki iddiaya işıq tutan faktları bir neçə sual ətrafında cəmləşdirək. Beləliklə, ilk sual:Qızılbaşlıq Zərdüştçülüyün İslama uyğunlaşdırılmış şəkili idimi?Sualın əsl məğzinə keçməmişdən əvvəl həm bu müəmmaya, həm də başqa iddialara aydınlıq gətirəcək bir məqamı xatırlatmaq istərdim. Peyğəmbərimizin vəfatından sonra geniş coğrafiyalara yayılan islam dini digər milli adət-ənənələri də öz içinə aldıqca zənginləşirdi. Başqa xalqlar və əqidələr yeni dinin əsas ehkamlarını qəbul etməklə bərabər, öz keçmiş inanclarından da vaz keçmir, sadəcə ənənəvi düşüncələrini yeni əqidə qəliblərinə doldururdular. Bu, bir çox dardüşüncəli sələfilərin “din əldən getdi”, “bidət” kimi qiymətləndirmələrinin əksinə olaraq, İslami əqidələri də dərinləşdirirdilər.Məsələn, qədim yunan və Roma fəlsəfəçilərinin xristian təəssübkeşliyindən qaçıb müsəlmanlara sığınması nəticəsində, İslam Aristotelçiliyi və Platonçuluğumeydana gəlirdi. Qədim dövrlərdən başlayan fəlsəfi müzakirələr yeni ehkamların işığında davam etdirilir, bundan həm dünyəvi, həm də dini elmlər faydalanırdı. Təsadüfi deyil ki, Avropaya öz qədim fəlsəfi ənənələrini İslam daşımış, bir növ, Qərb İntibahına yol açmışdı. Bəlkə də İslam dini olmasaydı, bu fəlsəfi cərəyanlar xristian qadağalarının altında məhv olar, insanlıq indiki yüksək inkişafından geri qalardı.Dünyanın yeni tanıdığı bu din yalnız Qərb fəlsəfi məktəblərini yenidən dirçəltməklə qalmır, həm də Şərqə yönələrək, onun düşüncə sistemlərini özünə cəlb edir, bəşər övladının intellektual bəhrələrinin sintezini yaradırdı. İslam fəlsəfi düşüncəsini formalaşdıran amillər arasında Çin, fars, Avropa və s. intellektual birikimlər (təcrübə ilə toplanan bilgi) ilə yanaşı, əski türk inancları da mühüm rol oynamışdı. Qızılbaşlıq da bu inanclardan sadəcə biri idi.Məlum olduğu kimi, türklər islamdan əvvəl bir sıra dinlərin və bu dinlərdən doğan mədəniyyətlərin təsir dairəsində yaşayıblar. Buddizm, Maniheizm qədim türklərin təsirləndiyi əsas dinlərdəndir. Zərdüştçülüyün əsas coğrafiyası sayılan ərazilər İslamdan sonra türklərin axın-axın gəldiyi yerlər olduğundan atəşpərəstliyin bu təsirlənmədə rolu ya ümumiyyətlə yoxdur, ya olduqca azdır. Ən azı ona görə ki, bu gün Səfəviliyi Zərdüştçiliyə bağlayanların iddiasının xilafına, farslar tərəfindən belə, öz əski dinləri qəbul olunmurdu. Sasani elitasının Zərdüştlüyü öz mənfəətlərinə uyğun şəklə salması və bunun müxtəlif məzhəblərin yaranmasına yol açması, hakimiyyət uğrunda mübarizələri təkcə həmin dövləti deyil, həm də sözügedən dinin aşınmasına, xalq nəzdində etibardan düşməsinə səbəb olmuşdu. Məhz buna görə də peyğəmbərin dövründə dünyanın super gücü sayılan, hətta digər super güc olan Bizansa qalib gələn Sasani qısa zaman ərzində tam zəifləmiş, xəlifə Ömər Xəttabın hakimiyyəti dövründə 10 il ərzində tamamilə ərəb istilasına məruz qalmışdı.Sözsüz ki, bu məğlubiyyətdə Zərdüştçülüyün artıq Sasani xalqında hər hansı dini həyəcan yaratmamasının da mühüm rolu vardı. Amma onu da inkar etmək olmaz ki, ənənəvi həyat tərzinə çevrilən köhnə din birdən-birə Sasani vətəndaşlarının beynindən silinməmiş, öz təsirlərini uzun müddət sürdürmüşdü.  Əks iddia ilk növbədə sosiologiya və sosio-antropologiya elminin təsbitlərinə ziddir: həmin elmlər heç bir mədəniyyətin hər hansı bir hadisə qarşısında birdən-birə ortadan qalxmadığını və ya xüsusiyyətlərini tamamilə itirmədiyini sübut edir. Sadəcə millətlər ehtiyaclarına uyğun olaraq, inanclarını bəzən eynilə qoruyur, bəzən qismən dəyişdirir, bəzən isə fərqli şəkillərə büründürərək yaşatmağa üstünlük verirlər. Eyni sözləri həm farslar, həm də türklər haqqında demək olar.Bununla belə, Zərdüştlüyün Qızılbaşlıq ənənələrinə ciddi təsirindən danışmaq da mümkün deyil. Əksinə, istər İslam, istərsə də Zərdüştlüyün uzantısı olub İslamla çuğlaşan fars kökənli ideoloji cərəyanlar əsasən şəhərlərdə yayıldığından, köçəri həyat sürən türkmənlərin inanclarında ciddi izlər buraxmamışdı.İkinci sual: Qədim türk inanclarının Qızılbaşlıqdakı izləri vardırmı?Ümumiyyətlə, qədim türk xalqları hansı mədəniyyət sahələrinə girərlərsə girsinlər, ən əski inanclarını da özləriylə daşımışdırlar. Bunun nəticəsidir ki, həm Göy Tanrıçılıq dininə sitayiş edən Göy türklər, həm Altay şamanları, həm Maniheizmə inanan qədim uyğurlar, həm də Qızılbaşlar arasında bənzər ibadət formaları mövcud olub. Gəlin, onlardan bir neçəsinə nəzər salaq:Aşura və yuğ bənzərliyiSəfəviliyi ən çox tənqid edənlər İmam Hüseynin yas mərasimlərində qızılbaşların özünü döyməsi və yaralamasıdır. İslami əqidəyə tərs düşən bu ənənənin Zərdüştlüklə nə əlaqəsinin olduğunu kəşf etməyi Səfəvi əleyhdarlarının öhdəsinə buraxırıq. Biz isə bunun əski türk inanclarından gəldiyini düşünürük. Bir çox qədim Çin qaynaqları da bizim fikrimizi təqdiqləyəcək mahiyyətdədir. Məsələn, 6-cı əsrə aid olan bir Çin salnaməçisi qarşılaşdığı yuğ (yas) mərasimi barədə yazır:”Ölünü çadıra qoyarlar. Ölünün oğulları, nəvələri, kişi-qadın o biri qohumları atlar, qoyunlar kəsər, çadırın önünə sərərlər. Yuğda iştirak edənlər ölünün olduğu çadırın ətrafını atla yeddi dəfə dövr edərlər. Çadırın qapısının qarşısına çatanda isə bıçaqla üzlərini yaralarlar”.Xüsusilə “bıçaqla üzlərini yaralamaq” hadisəsinə diqqət yetirsək, yəqin razılaşarsınız ki, bunun Aşura mərasimlərindəki qılıcla özünü yaralamaqla paralellik təşkil etdiyini uzun-uzadı isbat etməyə ehtiyac yoxdur. Deyə bilərsiniz ki, Çin salnaməçisinin 6-cı əsrdə qeydə aldığı bu məlumat təsadüfən hansısa əski dinindən qopmuş  və başqa mədəniyyət sahəsinə girmiş türk tayfasına da aid ola bilər və yalnız bir fakt üzərində ümumiləşdirməyə getmək olmaz.Razıyam. Onda gəlin, daha başqa bir fakta diqqət yetirək. Türkün daş yaddaşına çevrilmiş 8 əsrə aid Orxon-Yenisey abidələrində Bilgə xaqanın vəsiyyətində deyilir: “Çox yaşlandım. İki şadımın (qədim türklərdə ən yüksək dövlət ərkanı), kiçik qardaşlarım, qardaş uşaqlarım, oğullarım, bəylərim və ulusumun gözləri, qaşları bərbad olacaq deyə narahatam”.  Daş kitabədə daha sonra Bilgə xaqanın oğlu atasının yuğ mərasimini belə təsvir edir: “… bu qədər qövm saçlarını və qulaqlarını kəsdilər”.Göründüyü kimi, Göy Tanrıçılığa inan Göy türklərdə də ölünün xatirəsinə qulaq kimi bədən üzvlərindən birini yaralamaq adəti vardı. Bir başqa Çin qaynağında isə türk yuğlarından biri belə təsvir olunur: “Yas tutanlar bağıra-bağıra ağlayar, üzlərini parçalayar, kəsərlərdi. Bunlara “sağıtçılar (ağlayanlar)” deyilirdi”. Sizcə, qədim türklərdəki sağıtçılar Aşura mərasimindəki sinəzənlərdən çoxmu fərqlidir?Hələ də bütün bu faktları Qızılbaşlığın türk inanc sitemindən gəldiyinə yetərli dəlil hesab etməyənlər üçün digər bir fakt: Yuğ ənənəsinin Azərbaycan və Anadolu ərzilərinə daşındığını “Kitabı Dədə Qorqud”dakı bu epizod da təsdiqləyir: “Beyrəyin atası qaba sarığını qaldırıb yerə vurdu. Çəkdi, yaxasını cırdı. “Oğul, oğul” deyərək ağladı, inlədi. Ak pərçəmli anası ağladı, gözünün yaşını tökdü, acı dırnaqlarıyla ağ üzünü parçaladı, al yanağını çəkdi, cırdı; sim-siyah saçını yoldu”.ƏləmQızılbaşlıqdakı qədim türk elementlərindən biri də ələmdir. Məlum olduğu kimi, izləri bu günə qədər gəlib çatan qızılbaşlığın Aşura mərasimində ələm daşınır. Bir ələmdarın əlində daşıdığı qara bayrağa ayində iştirak edənlər nəzirlər bağlayır və yığılan bu vəsait yetimlərə, kimsəsizlərə paylanır.Eyni ənənələrin qədim türklərdə də mövcudluğunu görürük. Qədim türklərin adət-ənənələrini incələyən bir çox türk tarixçilərinin bildirdiyinə görə, babalarımız ölən qəbilə böyüklərinin qəbrini ziyarət edərkən məzarın üzərinə bayraq aparırdılar. Bu gün Anadoluda və son zamanlar Azərbaycanda şəhidlərin dəfnində də eyni hadisənin şahidi oluruq. Tarixdən süzülüb gələn bu ənənələr bir daha sübut edir ki, hansı mədəniyyət sahəsinə daxil olmasına baxmayaraq, türklər öz köklü yaşayış tərzlərini dəyişməyiblər.Qırx rəqəmiİstər Qızılbaşlıq, istər əski türk inanışları, istərsə də bu günkü toplumuzun dəyişilməyən yas ənənələrindən biri də 40 rəqəmiylə bağlıdır. Tarixçilərin bildirdiyinə görə, qədim türklər ölünün ruhunun 40 gün ərzində öz yaxınlarından ayrılmadığına inanırdılar. Və bu inanc onları 40 mərasimləri keçirməyə şövq edirdi. Həm Aşuranın, həm də bugünkü yasların 40 gün davam etməsi də, böyük ehtimalla, burdan qaynaqlanır.  40 rəqəminin müqəddəsliyi qızılbaş və digər sufi təriqətlərində də ön plandadır. Şah İsmayıl Xətainin şeirlərindən birində “qırxlar meydanı”ndan bəhs etməsi, müqəddəs 40 şəxsi böyük sayqıyla anması da bu mənada təsadüfi deyil. “Ən yaxşı sübut əyani dəlildir” məntiqinə uyğun olaraq həmin şeirin bəzi hissələrini nəzərinizə çatdırırıq:Qırxlar meydanına vardım,Gəl bəri, ey can, dedilər.İzzət ilə salam verdim,Gəl, iştə meydan dedilər. Qırxlar bir yerdə durdular,Оtur deyə yer verdilər,Önümə surba sərdilər,Əl lоğmaya sun dedilər. Qırxların qəlbi durudur,Gələnin qəlbin arıdır,Gəlişin hardan bəridir,Söylə, sən kimsən? – dedilər. Gir səmahə, belə оyna,Silinsin, açılsın ayna,Qırx il qazanda dur, qayna,Daha çiy bu tən dedilər.Rəqs və musiqiİxtisarla təqdim etdiyimiz yuxarıdakı şeirin xüsusilə son bəndindəki ilk misra (“Gir səmahə, belə oyna”) Qızılbaşlıq ənənəsində rəqsin yer aldığını da göstərir. Nə qədər qəribə olsa da, əski Türk ənənəsində müxtəlif ayinlərdə, o cümlədən yas mərasimlərində də rəqs oynamaq faktı qeydə alınıb. Tarixçilərin fikrincə, bu heç də təsadüfi deyil. İnsanın əslində ölmədiyinə, sadəcə ruhun bədən dəyişdirdiyinə inanan qədim türklər böyük şəxsiyyətlərin dəfnində nə qədər özlərini fəda edirdilərsə, anım mərasimlərində qol qaldırıb oynayırdılar. Anadolu türk ələvi ənənəsində bu adət səmah adıyla indi də özünü qoruyur. Aşura məclislərində ələvi türkülərinin sədası altında oynanan səmahlar türk mədəniyyətinin bütün represiyalara baxmayaraq, indiyə qədər silinmədən özünü qoruyan adətlərdəndir.Bu gün bir çoxlarımıza da qəribə kimi görünən yasda rəqs etmək ənənəsi heç bir toplumda rast gəlinməyib və yalnız türk əski inancları bu adətə aydınlıq gətirə bilər. Belə ki, ölümsüzlüyünə inandıqları böyüklərinin ucmaqda (cənnətdə) Tanrının himayəsində olduğunu düşünən qədim türklər üçün, görünür, yasda rəqs etmək o qədər də çətin deyilmiş.Digər tərəfdən, türklər üçün musiqi və türkülər bayram, toy, şənlik havaları mənasına da gəlmirdi. Bəlkə də dünyanın ağrılı-acılı türkülərini yaradan dədə-babalarımız qəmlərini, dərdlərini bu şəkildə yansıdırdılar.  Təsadüfi deyil ki, xalq təfəkküründə “dərddən əl çalıb oynamaq” ifadəsi bu gün də yaşayır və həmin deyim kədərin çoxluğunu, insanı dəli edəcək qədər böyüklüyünü göstərir. Eyni şəkildə Azərbaycan xalqının yas adət-ənənəsinə çevrilmiş “qara bayram”lar da əski türklərdən İslamı yeni qəbul etmiş övladlarına, o cümlədən Səfəvilərə, onlardan isə bizə ötürülmüş xatirə qalıntılarıdır.Ümumiyyətlə, əski türk inanışlarının Qızılbaş – Səfəvi və digər sufi təriqətlər vasitəsilə yaşadılması və bu günümüzə daşınması haqqında çox danışmaq olar. Türkiyə alimlərinin bu barədə çox ciddi və təkzibolunmaz araşdırmaları mövcuddur. Fuat Köprülü, Faruk Sümer və digər alimlərin yüzlərlə monoqrafiya və elmi təhqiqat əsərləri məhz bu mövzuya həsr olunduğundan, velosipeti ikinci dəfə kəşf etmək niyyətində deyilik. Heç bir tarixi fakta əsaslanmadan Səfəviliyi fars fəlsəfi cərəyanlarına bağlayanların arumentlərini təkzib etmək məqsədilə bu mövzuya yenidən göz atmağımızın səbəbi Azərbaycan insanının beynində yaradılan yanlış təsəvvürlərə aydınlıq gətirmək idi.Növbəti yazılarımızda Osmanlı-Səfəvi münaqişələrinin geopolitik əsasları, sələfi düşüncəsinin türklüyün əzəmətinə vurduğu sağalmaz yaralar barədə qələmimizi sınayacağıq.(Strateq.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler