Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rusiya-Türkiye münasibetlerinde yeni gerginlik…

24 Haziran 2016

5:56 am


24/06/2016 [09:52]: xeber –
Bir müddət öncə Rusiya-Türkiyə münasibətlərinin düzələcəyinə yaranan ümid işığı Moskvanın sərt sözləri ilə yenidən söndü. Kreml Ankaranı yalnız üzr istədikdən və təzminat ödədikdən sonra bağışlayacağını bəyan elədi.Bu arada mətbuata açıqlama verən Türkiyə prezidentinin sözcüsü İbrahim Kalın isə bəyan edib ki, Ankara Rusiyadan nə üzr istəyəcək, nə də təzminat ödəyəcək. Onun sözlərinə görə, münasibətlərin düzəlməsi üçün çox çalışmaq lazımdır.Politoloq Qabil Hüseynli  Rusiya və Türkiyə arasında münasibətlərin düzəlməsinin Azərbaycan üçün də əhəmiyyətli olduğunu dedi: “Türkiyə bu məsələdə müəyyən kompromislərə getməlidir. Rusiyada siyasi hakimiyyətin xarakteri elədir ki, gərək onların nazı ilə oynayasan. Türkiyənin hökumət sözçüsü Numan Kurtulmuş üzrə bərabər ifadə işlədərək bildirdi ki, biz təyyarə  vurulan zaman onun Rusiyaya məxsus olduğunu bilməmişik. Doğrudan da təyyarənin üzərində Rusiyaya məxsusluğunu bildirən heç bir işarə olmayıb. Bu məsələ onu göstərir ki, Türkiyə tərəfi müəyyən  kompromislərə hazırdır. İndi Numan Kurtulmuş daha bir açıqlama ilə nitqinin arxasınca yanlışlığa görə Rusiyadan üzr istədiklərini  də söyləyə bilər. Bir onun üzr istəməsi ilə Türkiyə nə isə ciddi bir şey itirməyəcək. Təyyarənin dəyərinin ödənilməsinə gəlincə isə o, köhnə bir təyyarədir. Bunun da qiymətini ödəmək və bu  məsələni də qapatmaq olar. Rusiya Türkiyədən həm də pilotu vuran şəxsi  istəyir. Ancaq bunu etmək olmaz”.Politoloq hesab edir ki, Rusiya Türkiyə ilə münasibətlərin düzəlməsində maraqlıdır: “Onlar istəyir ki, münasibətlərdə yumşalma yaransın və bundan istifadə edərək Türkiyəni NATO-nun  cərgəsindən ayırsın. Hazırda  Rusiyanın əsas hədəflərindən biri həm Avropa Birliyinə ayrı-seçkilik salmaq, həm də NATO-nun özündə daxili gərginlik yaratmaqdır. Bu səbəbdən də hesab edirəm ki, Türkiyə Rusiyanın o qədər də ağıllı olmayan tələblərini qismən ödəməyə çalışmalıdır. Bundan sonra  isə barışıq haqqında danışıqlara gedilməlidir. Hər iki tərəfdən bu məsələlərlə bağlı komissiya var. Onlar işləyirlər. Ancaq Putinin ilkin şərtləri qalır”.Q. Hüseynli bildirib ki, Rusiya ilə Türkiyənin münasibətləri Azərbaycana da təsir edə bilər: “Türkiyədən çox Azərbaycan və Rusiya münasibətlərinə təsir edən Ermənistan faktoru və Dağlıq Qarabağ ətrafında yaranmış vəziyyətdir. Eyni zamanda bu vəziyyətlə əlaqədar olaraq Rusiyanın  oynamaq istədiyi roldur. Türkiyə  öz problemini Rusiya ilə həll edəcək. Ancaq  Azərbaycanın Qarabağ məsələsində münasibətləri xeyli dərəcədə Rusiyanın mövqeyindən asılıdır. Doğrudur ki,  Rusiya ilə Türkiyənin münasibətləri qaydasında olarsa, bu, Azərbaycana  və Qarabağ probleminin  həllinə müsbət təsir edər. Hazırda yaranmış vəziyyət Ermənistanın xeyrinədir. Eyni zamanda onu da qeyd edim ki, Rusiyanın da indiki vəziyyəti heç də qaydasında deyil. Çünki NATO-nun mühasirəsindədir və bu mühasirə çənbəri getdikcə də daralır. Həmçinin Rusiyaya  tətbiq edilən sanksiyalar qaldırılmır və ölkənin iqtisadi vəziyyəti getdikcə aşağı düşür. Putinin hakimiyyəti də əvvəlki reytinqində deyil. Bütün bu faktlar isə Azərbaycan və Türkiyənin xeyrinə işləyən hallardır. Bunlardan maksimum  yararlanmaq gərəkdir”.Mövzu ilə bağlı “Bizim Yol” qəzetinə açıqlamasında təhlükəsizlik üzrə ekspert Sülhəddin Əkbər fərqli fikirlər söyləyib. S. Əkbər bildirib ki,  2015-ci ilin noyabr ayında hava məkanını pozduğu üçün Rusiyanın qırıcı təyyarəsi vurulan ərəfədə Türkiyənin hava məkanı rus təyyarələri tərəfindən təkrar-təkrar pozulurdu, dəfələrlə edilən xəbərdarlıqlara, etirazlara məhəl qoyulmurdu: “Bu provokasiyalar təyyarə vurulanadək davam etdi və bundan sonra sərhəd pozulması baş vermədi. Çünki Rusiya istəyinə nail oldu. Rusiyanın həmin məsələdə iki istəyi vardı. Birincisi, yaxın müddətli taktiki: Suriyada Türkiyənin müdaxiləsini ya tam aradan qaldırmaq, alınmasa da minimuma endirmək. İkincisi, uzaq müddətli plan Türkiyəni Rusiyadan çıxarmaq idi. Çünki Rusiya kəşfiyyatı, strateqləri, elitası bilir ki, Rusiya-Qərb qarşıdurması həlledici mərhələyə daxil olub. Buna görə də Rusiya öz içərisində Qərb elementlərini istəmir. Keçmiş SSRİ-nin dağılması təcrübəsini də nəzərə alsaq, Rusiyanı ən çox narahat edən problemlərdən biri də milli-dini məsələlərdir. Rusiyanın daxilində olan türk-müsəlman faktorunu nəzərə alsaq, bu məsələdə də ən aktiv rolu Qərb düşərgəsində yeri olan Türkiyə oynaya bilər. Son zamanlar Türkiyə, Rusiya daxilində çox ciddi mövqe qazanmışdı və bu mövqeləri dərinləşdirməyə başlamışdı. Bu da gələcək perspektivdə qarşıdurma  baxımından Rusiyanı ciddi narahat edirdi. Ona görə də məqsədyönlü şəkildə münasibətləri pozmağa getdi ki, Türkiyəni Rusiyadan çıxara bilsin. Bu səbəbdən Türkiyə-Rusiya yaxınlaşması və münasibətlərin əvvəlki səviyyəyə qayıdacağını, dolayısı ilə Ermənistan-Azərbaycan münaqişəsində müsbət rol oynayacağını düşünmürəm”. (“Yeni Müsavat”)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler