Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Rübabe Muradova ölüm ayağında yalvararaq ne isteyib? MÜSAHİBƏ

28 Ağustos 2016

12:12 pm


28/08/2016 [16:10]: xeber –
Heydər Baba, yolum səndən kəc oldu,Ömrüm keçdi, gələmədim, gec oldu,Heç bilmədim gözəllərin necoldu,Bilməz idim döngələr var, dönüm var,Itkinlik var, ayrılıq var, ölüm var… Bu məşhur misraları Şəhriyar yazdı, amma ona can verən o oldu-Rubabə Muradova. Səsinin yanğısını, könlünün qubarını-həsrətini, taleyinin acısını, nisgilini Şəhriyarın misralarına töküb, elə oxudu ki, naləsi ilə ürəkləri dağladı. “Öləndə bir ovuc Ərdəbil torpağını qəbrim üstə səpərsiniz”- deyən sənətkar əli çatmayan, ünü yetməyən vətən nisgilini də elə özüylə məzarına daşıdı. Payına cəmi 50 il ömür düşən Rübabə Muradovanın bizə verdiyi bəxşiş daha uzunömürlü oldu – yanıqlı səsini, avazını deyirəm. Özü bizimlə olmasa da, səsi, avazı bizimlədir. sayt  xalq artisti Canəli Əkbərovla müahibni təqdim edir:  – Canəli müəllim, səhnədəki ilk Leylinizdən danışacağıq, xatırlayırsınız?- Rübabəni heç yaddan çıxarmaq olar? Rübabəni həm ilk Leylim olduğu, həm də gözəl sənətkar olduğu üçün çox sevmişəm. Bəzən rəhmətə gedən elə sənətçilər barədə soruşurlar ki, deməyə söz tapmırsan. Amma elə sənətkarlar da var ki, heç düşünmürsən, söz özü gəlir. Rübabə elə sənətkarlardandır. Altı Leylim olub, amma nə gizlədim, Rübabənin həqiqi məcnunu olmuşam. – Bəlkə o günlərə qayıdaq, xatirələrinizi ipə-sapa düzəsiniz…- 1975-ci ilin sonunda rejissor Mehdi Məmmədov “Leyli və Məcnun” tamaşasını hazırlayanda və mənə deyəndə ki, Leylin Rübabə Muradova olacaq, əlim-ayağım həyəcandan əsdi. Çünki o vaxtlar Rübabə yanğılı səsi ilə çox sevilirdi və insanlar onun avazından ötrü ölürdülər. Nə başınızı ağrıdım, biz səhnəyə çıxanda, zal dağılırdı alqış sədalarından. Tamaşada “Şam” səhnəsi var, orda  Rübabə necə nalə çəkirdisə, tamaşaçılar ağlaşırdı. Rübabə özü də ağlayırdı. Bəzən səhnədə göz yaşı tökmək üçün müəyyən vasitələrdən istifadə olunur, amma Rübabə o qədər təbii oynayırdı ki… Hətta deyərdim ki, səhnədə olduğunu, rol oynadığını unudurdu. Qismət elə gətirdi ki, mən rayonlara qastrola da ilk dəfə Rübabə xanımla çıxdım. Rayon camaatı onu o qədər sevirdi ki, görəndə duz kimi yalayırdı. – Rübabə xanımı o biri Leylilərdən fərqləndirən nə idi?- Qəddi-qaməti vardı, qaşı-gözü gözəl idi, buna söz yox. Amma Rübabənin səsi adamı öldürüb-dirildirdi. Ərdəbildən gəlmişdi, vətən həsrətini çəkən qadın idi. Vətəndən söz düşəndə gözünün yaşını leysan kimi tökürdü. – Onun da sizdən başqa çox Məcnunları olub – Əbülfət Əliyev, Qulu Əsgərov, Arif Babayev, Mayis Salmanov, Baba Mahmudoğlu… Onu o biri Məcnunlara qısqanırdınız?- Yox, çünki mən də elə-belə, sıradan bir Məcnun olmamışam. O biri məcnunlardan heç də zəif deyildim, qısqanmaq zəif insanların işidir. Bir əhvalat danışım sizə, onda görəcəksiniz ki, Leylim mənə necə aşiq idi. Mən Məcnunun Leylinin dərdindən divanə olub, çöllərə düşdüyü səhnəni oynayırdım. Orda ürəkləri titrədən bir səhnə var, nalə çəkirəm. Qrim otağında olan Rübabə necə həyəcanlanmışdısa, səhnənin kənarından mənə baxıb. Səhnəni tərk edəndən sonra mənə qayıtdı ki: “Ədə, camaatı mən ağladıram, sən də məni ağladırsan?” Həmişə şirin Ərdəbil ləhcəsi ilə bizə “ədə” – deyə müraciət edərdi. – Görünür, siz də onun sevimli Məcnunu olmusunuz. Bəs, xasiyyətcə necə insan idi?- Gözəl. Zarafatcıl, yumoru sevən, səmimi, həm də xanım-xatın bir qadın idi. Bir xatirə yadıma düşdü. “Leyli və Məcnun”da ilk dəfə Məcnun olmağımın şərəfinə evimdə qonaqlıq təşkil etdim və bütün yaradıcı heyəti qonaq çağırdım. Amma Rübabənin dalınca özüm getdim, yolüstü tarzən Bəhram Mansurovu da götürdüm. Rübabə onda Voladarski adına Tikiş Fabrikinin yanında qalırdı. Qalxdım yuxarı, gördüm oturub güzgünün qarşısında özünə bəzək vurur. Biz ona “Rubuş“ deyə müraciət edərdik. Dedim ki, bəs, Rubuş, səni evdə gözləyirlər, gəlmişəm səni aparım. Gördüm getmək istəmir, qayıtdı ki, yenə toy olsaydı, gələrdim. Mən də ona zarafatla dedim ki, ay Rubuş, bu yazıq Leyli heç Məcnundan yarımadı, onun çörəyini yemədi, heç olmasa, gəl, evimdə bir tikə çörək kəs. Zarafat qanan adam idi, bu sözlərimdən sonra bizə gəldi. Evdə də bir gecə qonaq saxladıq. Çünki arvad-uşaq onu çox istəyirdi. – Xoşbəxt sənətkar olduğu bəllidir, bəs, həyatda necə, xoşbəxt qadın idi?- Yox. İki dəfə ailə qurdu, heç birindən yarımadı. Həyatında müəyyən səhvlərə yol verdi, indi o barədə danışmaq istəmirəm. Çünki böyük sənətkarlar elə yaddaşda böyük insan kimi də qalmalıdır. – Ustad xanəndə Qulu Əsgərovla sevgili olduqları barədə deyilənlər doğrudurmu?- Bu barədə də heç nə deyə bilmərəm. Olubsa da, öz aralarında olub. – Bacısı Tahirə xanım demişdi ki, uzun illərdən sonra Ərdəbildə  sevdiyi oğlanla tale onları yenidən qarşılaşdırıbmış və ömrünün son 15 ilini Rübabə xanım o kişi ilə birgə yaşayıb… – Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilirdi. Eşitdiyimə görə, hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da  ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Amma onların sonradan yenidən bir-birlərini tapdıqlarını bilmirdim. Rübabə gözəl qadın idi, çatma qaşları nəyə desən dəyərdi. O vaxt Hindistandan məşhur “Cənab 420”  adlı hind filminin yaradıcı heyəti Bakıya gəlmişdi. Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar. – Sevənləri çox olardı yəqin?- Sevənləri deyəndə ki, sənətinə pərəstiş edənlər çox idi. – Sağlığında ikən haqqında şayilər gəzirdi?- Rübabə heç vaxt belə şeylərə fikir verməzdi. – O dövrün xanım sənətkarları ilə münasibəti necə idi, heç küsülü olduğu müğənni vardı?- O vaxtkı xanımlarla indiki müğənni xanımlar arasında yerlə-göy qədər fərq var. Onlar hətta kiminləsə düşmən olsalar belə, bunu üzə vurmazdılar. Üz-üzə gəldikləri məclisdə bir-birlərinə salam verərdilər ki, kənardan baxanlar münasibətlərinin pis olduğunu anlamasınlar. Onu denən indikilərə, bir şey olmamış qaçırlar efirə, açırlar sandığı, tökürlər pambığı. – Deyilənə görə, xanım sənətkarlar arasında onun paxıllığını çəkənlər çox olub və hətta ondan anonim məktublar da yazıblar?- Əlbəttə o cür səsin sahibini qısqananlar, paxıllığını çəkənlər vardı. Bəzən oturub tonlarla çörək yediyimiz adamdan elə nankorluq görürük ki… Rübabəylə də oturub çörək kəsən adamlar gizlindən işlərini görürdü. Təbii ki, bu mənada istəməyənləri vardı, yuxarılara gizlin şikayətlər də olurdu. Amma imanımı yandıra bilmərəm, onları kimlərin yazdırdığından xəbərsizəm. – Heç olmasa, anonim məktub yazdıranların “zəhməti” öz bəhrəsini verirdimi?- Əziyyətləri elə özlərinə qalırdı. Rübabə, əksinə, daha çox sevilirdi. Müəyyən dairələrdə İrandan gəldiyi üçün sıxışdırılsa da, çox böyük hörmətə sahib idi. Bilirsiniz ki, Rübabə 13 yaşında ikən müəyyən səbəblər üzündən atası ilə Azərbaycana gəlmişdi. Bu səbəbdən ona xaricə getməyə qadağalar da qoymuşdular. O vaxtlar bir çox sənətkarlar İrana konsert verməyə gedirdi, amma Rübabəni qoymurdular. Ona görə gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurdu. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzətmişdi, ordakı ağaclardan əkmişdi. Bir dəfə Astaraya qastrola getmişdik, sərhəddin kənarından dayanıb İrana baxdı. Qəfildən bir nalə çəkdi, elə ağladı ki, elə bildik yer titrədi. Onu uzun müddət özünə gətirə bilmədik. – Ən çox hansı mahnısını sevirdi?- “Ay dağlar, səndə gözüm var,Ay, məndə hər dərdə dözüm var,Xəbər verin yar gəlsin,Mənim ona sözüm var.Gəl bizə, gəl bizə, gəl bizə yar,Qurbanam o qaş gözə yar…” Ömrünün son günlərində bu mahnını tez-tez oxuyardı. – Toylara gedirdi?- O dövrün bütün məmurları onu həvəslə toylarına aparırdılar. – Hər bir sənətkarın kaprizi olur, Rübabə xanımın kaprizləri vardımı?- Mən görmədim. Onu da deyim ki, Rübabəni toya aparan adamlar onun səsinin dəyərini yaxşı qiymətləndirirdi. – Varlı sənətkar idi?- Yox. Çox sadə həyat tərzi vardı. Varı-dövləti səsi idi. Heyif ki, çox az yaşadı, 50 il. Qaraciyər serrozundan dünyasını dəyişdi. Ölümündən qabaq görüşmüşdük. Çox arıqlamışdı, xəstəlik onu əldən salmışdı. Nə yaxşı ki, onu yad eləmisiniz. İlk Leylimi xatırlamaq mənə də çox xoş oldu.(publika.az)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler