Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Resulzadeni anlamaq, yoxsa Şah İsmayılı “danlamaq”?

28 Eylül 2016

9:08 pm


29/09/2016 [01:05]: xeber –
Əslində, mənzərə və məqsədlər tam aydındır. Azərbaycan  vətəndaşları olaraq ictimai fikrimizi kökündən ayrı salmaq uğrunda aramsız səylər göstərilir. Şah İsmayılın və Səfəvilərin timsalında Azərbaycan türklərinin etnogenezinə, imperiya keçmişinə və tarixi dəyərlər balansına sahib çıxan elm adamlarımızın, yazarların və vətənpərvər gənclərimizin qarşısına əməvi-erməni zehniyyətinin çuğlaşdırılmış tezisləri qoyulur. Çeşidli bəhanələrlə xürrəmdinlərin, səlcuqların, moğolların, teymurilərin, qaraqoyunluların, ağqoyunluların, əfşarların və qacarların tariximizdəki yeri və rolu kiçildilir, aşağılanır. Azərbaycan türklərinin orta çağlarda qurduğu imperiyanın ilk hökmdarı Şah İsmayıl Xətaini milli yaddaşımızdan dışlamaq istəyirlər. Sorğu-sual etdikcə bu cəhddə bulunanların zehniyyətindəki əməvi kodları və “ideallar”ı  birər-birər ortaya çıxır, ifşa olunur. Diqqətdən yayınmayan cəhətlərdən biri də budur ki, Babəksiz, Səlcuqlularsız, Elxanlılarsız, Teymurilərsiz, Qaraqoyunlular və Ağqoyunlularsız, Əfşarlarsız və Qacarlarsız, hətta xanlıqlarsız Azərbaycan “tarixi” ermənilərin yüzillərdir apardığı “soy-köksüz Azərbaycan” təbliğatının əsas qayəsidir. Şükürlər olsun ki, bu təbliğata qarşı çıxış etməyə mənəvi gücümüz və elmi dəlillərimiz yetərincədir. Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, görkəmli akademik Ramiz Mehdiyev 2012-ci ilin dekabrında “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” adlı sanballı məqalə ilə çıxış etdi. Həmin elmi araşdırma cəmiyyətimizdə böyük məmnunluqla qarşılanaraq geniş müzakirə olundu. Yazılma məqsədlərindən biri də məhz erməni propoqandasını elmi faktlar və arqumentlərlə darmadağın etmək olan məqalədə akademik vurğulayırdı: “İnsan öz keçmişi ilə nə dərəcədə həmrəy yaşayırsa, o özü ilə də eyni dərəcədə həmrəy yaşayır deyənlər haqlıdırlar. İnsan öz keçmişini inkar edəndə və onu pisləməyə başlayanda fəlakət yaranır. Öz keçmişindən məhrum olan insan mənəvi boşluq dilində danışmağa başlayır. O, nəsillərin varisliyindən kənarda qalır, bununla da nəinki tarixin vəhdətini, həm də tarixin özünü alt-üst edir. Öz keçmişi ilə həmrəyliyin yoxluğu inkişaf etmiş mənlik şüurunun olmamasına və deməli, milli mənafe və dəyərlərin başa düşülməməsinə bərabərdir”. Bəli, bu gün hədəfə alınan məhz nəsillərin varisliyidir, Azərbaycanımızın milli və dövlətçilik əsaslarının vəhdətini pozmaq, 1918-ci ildə elan edilmiş və obyektiv səbəblərdən cəmi 23 ay yaşamış Xalq Cümhuriyyətindən öncəki böyük, şərəfli keçmişimizin üstündən xətt çəkməklə tariximizi alt-üst etməkdir. Hərçənd, cənab Mehdiyevin sərrast söylədiyi kimi, “guya xoş niyyətlə milli kodumuzu dəyişməyin zəruri olması kimi” düşüncələrlə tariximizi alt-üst etməyə çalışan bu cür adamların ADR ideallarına bağlılığı, Məhəmməd Əmin Rəsulzadənin məqalə və çıxışlarını dərindən oxuyaraq mənimsədikləri də şübhə doğurur. Məhz elə bu səbəbdən də xain və hiyləgər bir şəkildə Rəsulzadə şəxsiyyətinin, ideyalarının arxasında gizlənərək üst şüuru ilə erməni propoqandasının sözçüsü kimi çıxış edərək alt şüurunda Əməvi ehkamlarına bağlı olanlara Azərbaycan Xalq Cümhuriyyəti, onun liderlərinin tarix bilinci, dünyagörüşü mövzusunda bəzi həqiqətləri xatırlatmaqda yarar var. Budur, özünü Səfəvilərə qarşı hücumların “ağır topu” statusunda görən, faktiki olaraq isə barıtsız görünən bir Milli Məclis üzvü Rəsulzadənin “yoxdan bir dövlət yaratdığını” söylədiyini iddia edir. Halbuki, Rəsulzadə heç zaman “yoxdan bir dövlət” yaratdığını söyləməmiş, “Gəncliyə xitab”ında eynilə belə demişdi: “Səndən əvvəlki nəsil yoxdan bir bayraq, müqəddəs bir ideal rəmzi yaratdı”. Göründüyü kimi, Məhəmməd Əmin yalnızca ideal bir rəmzdən bəhs edir ki, onu, yəni müstəqil və demokratik bir dövlətin atributunu dövlətçiliyin keçmişi və əsasları ilə səhv salaraq arqumentə çevirmək siyasi boşboğazlıqdan başqa bir şey deyildir. Bu cür boşboğazlara Rəsulzadə özü belə səslənirdi: “Adamda bir sıra keyfiyyətlər olmalıdır ki, ondan sonra cürət edib siyasət meydanına çıxıb özünü göstərə bilsin. Əvvəla, gərək o adam azadlıq hərəkatını, yeniliyi və ayrılma nöqtələrini öyrənsin, millətlər və dövlətlər arasında meydana gələn hadisələrin müxtəlif yollarını bilsin, ölkənin keçmiş tarixinə yaxşı bələd olsun, o millətin tarixi fəlsəfəsinin bəşəriyyətin həyatına təsirini də yaxşı anlasın. İkinci, o adam gərək millət və ölkənin daxili inkişafının mərhələlərini tədqiq edib, onun öz tarixi boyu necə yaşadığını görə bilsin. Üçüncüsü, o adam gərək millətin dilini və ədəbiyyatını ətraflı öyrənsin ki, o millətin ruhuna tamamilə bələd olsun və beləliklə onu təhlil və tənqid edə bilsin. O, həmçinin millətin təkamülünü və tərəqqisini anlamalıdır ki, indiki vəziyyətinə qiymət verməyi bacarsın”. Bəli, hazırda müstəqil dövlətimizin atributu olan və Azərbaycan Xalq Cümhuriyyətinin 9 noyabr 1918-ci ildə rəmz kimi qəbul etdiyi bayraq birinci respublikanın birinci simgəsi deyildi. Xalq Cümhuriyyəti elan olunandan bir qədər sonra- 21 iyun 1918-ci ildə Gəncədə çıxarılan qərarla üzərində aypara və səkkiz guşəli ulduz olan qırmızı qumaş bayrağımız olaraq seçilmişdi. Bu  bayraq isə nəinki “yoxdan” yaranmışdı, hətta 18-ci əsrindən sonlarından 19-cu əsrin ortalarına qədər mövcud olmuş Osmanlı bayrağının eyni idi. Həmin dövrün araşdırıcsı, tarixçi Nəsiman Yaqublunun vurğuladığı kimi, bayrağın daha sona dəyişdirilməsinin arxasında da elə bu səbəb dayanmışdı. Rəsulzadə milli bayrağımızın “yoxdan yaradıldığı”nı deyəndə, heç şübhəsiz, ADR-i türk dövlətçilik tarixindən ayırmaq niyyəti güdmürdü. Əsərlərini gözdən keçirdikcə məlum olur ki, tarix, hüquq və fəsləfə ilə akademik səviyyədə məşğul olmasa da, Rəsulzadənin yetərincə dərin mütaliəsi vardı. O, kapitalizmin Azərbaycana gəlişi və bütün dünyada gedən iqtisadi, sosial və siyasi proseslərin təsiri ilə coğrafiyamızda üzə çıxmış modernləşmə və millətləşmə dalğasının öncülü idi. Bu modernləşmə və millətləşmə prosesini “Hüseyn Bayqara” imzası ilə Azərbaycanda istiqlal mübarizəsinin tarixini yazan mühacir Qara Hüseynov aşağıdakı cümlələrlə çox dəqiq ifadə etmişdi: – “Qafqazdakı Azər xalqının XIX əsrdə müasir bir millət kimi formalaşmasında Qərb üsulu ilə inkişaf edən sənayenin və ticarətin böyük rolu olmuşdur…” – “Millət” anlamını M.F.Axundzadə işləmiş, H.Zərdabi isə bu axımı 1875-ci ildə davam etdirmişdir. 1880-ci ildə nəşr olunmağa başlayan “Kəşkül” qəzeti bu ənənəyə sadiq qalaraq “türk milləti” sözlərini işlətmişdir…” – “Bakı başda olmaqla, Azərbaycanda şəhərlərin böyüməsi, şəhərlərdə Azərilərin toplu halda ticarət və sənaye həyatında iştirak etməsi, xalqın bir-birilə çox sıx sosial və mədəni münasibətlərdə olması, ədəbi dilin təşəkkülündə əhəmiyyətli rol oynamışdır”. Daha sonra Çar Rusiyasnın işğalçılıq siyasəti ilə Azərbaycanda milli şüurun inkişafının qarşısını almaq cəhdlərinə toxunan Bayqara yazırdı: “Belə bir ağır zamanda, azəri türk cəmiyyəti bir millət olaraq meydana çıxma şüuruna çatmışdır. Çünki, miladdan öncə min illərə varan dövrdən bəri ata və babalarının yaşadıqları bir torpaq parçası- “Vətən” vardı, bu torpaqda yaşayan və zamanın axarı ilə inkişaf edən bir Azəri türk cəmiyyəti vardı. Üçüncü ünsür bu cəmiyyətin haqqını, iradəsini, varlığını, malını, canını qoruyan, kültür və mədəniyyətini yaradan ziyalı liderləri idi. Onların rəhbərliyi altında tarixin səhnəsinə çıxmaq və üzərlərinə düşən “millət” rolunu oynamaq lazım gələcəkdi. Beləliklə, sözdə deyil, işdə azadlıq uğrunda mübarizə aparmaq lazım idi. Etnik birliyə malik azərtürk xalqı vardı, neçə əsrlərdən bəri coğrafi sərhədlərə malik Azərbaycan ölkəsi vardı, xalqda müstəqilliyə, azadlığa qovuşmaq şüuru vardı, yalnız siyasi hakimiyyət, azadlıq yoxdu. Lakin nəyin bahasına olursa-olsun, bütün bunları əldə etmək lazımdı…” Başda Məhəmməd Əmin olmaqla 20-cü yüzilin ziyalıları və siyasətçiləri müstəqilllik amalına çatdılar və və hürr bayrağmızı göylərə ucaltdılar. Rəsulzadə həmin nəslin bu bayrağı ona görə “yoxdan var etdiyini” söyləyirdi ki, modernizm öncəsində Quzey Azərbaycan torpaqları xanlıqlara bölünərək idarə olunmuş, daha sonra rus istilasına məruz qalmışdı. Başqa sözlə, Xalq Cümhuriyyətinin müstəqil və modern bir dövlət kimi arxasında xronoloji baxımdan nə respublika, nə də monarxiya halında yerli dövlət yox idi. Əgər bir neçə il sonra Atatürkün liderliyi ilə elan ediləcək Türkiyə Cümhuriyyəti ilə Osmanlı monarxiyası arasında birbaşa bağ var idisə, bu izahatdan da yəqin etdiyimiz kimi, Azərbaycan Demokratik Respublikası Çar Rusiyasına qarşı milli istiqlal məfkurəsinin övladı idi.  “Yüz il əvvəl çeşidli xanlıqlar şəklində hakimiyyətimizi qeyb etdiyimiz zaman bugünkü Azərbaycan birliyinə malik deyildik. Yüz illik əsarət dərsi ilə iki illik hürriyyət qovğası bizi özümüzə tanıtdı. Birlik və istiqlaliyyətimizin işarəsi olaraq əlimizdə türklüyümüzü, müsəlmançılığımızı və çağdaş bir xalq olduğumuzu göstərən istiqlal bayrağı vardı”- deyə Rəsulzadə həmin dövrə aydınlıq gətirirdi. O bayrağın altında formalaşan Xalq Cümhuriyyəti bir siyasi institut kimi bütövlükdə Şərq üçün yenilik idi. Çünki 28 may 1918-ci ilə qədər islam dünyasında heç zaman respublika mövcud olmamışdı. “Respublika”, “modernizm”, “sekulyarizm” kimi müasir və mütərəqqi anlayışlar üzərində inşa edilən, üsul-idarəsinə görə yeni olan Azərbaycan dövləti xalq dayağından məhrum bir təsisat deyildi. Cümhuriyyətin qurucu toplumu Azərbaycan türkləri, tarixi kökü isə Azərbaycan türklərinin nisbətən uzaq siyasi keçmişində qalmış irili-xırdalı dövlətlər idi. Milli istiqlal məfkurəsi ilk növbədə “Azərbaycan” və “türklük” məfhumlarına dayanır, dövləti quran millətin, toplumun tarixi keçmişi əsla inkar edilmir, əksinə hər fürsətdə dilə gətirilir, təbliğ edilirdi. Odur ki, Xalq Cümhuriyyətinin ortaya çıxmasından danışarkən kapitalizm dönəmində ərsəyə gələn “millət” amili üzərində xüsusi dayanmaq lazım gəldiyi kimi, həmin millətin- Azərbaycan türklərinin formalaşmasında, etnogenezində iştirak edən tayfa və qəbilələrin hansı tarixi mərhələlərdən keçərək, ittifaq və siyasi təsisatlar quraraq o günə çatdığına da nəzər yetirmək lazım gəlir. Onu da sual etmək lazım gəlir ki, AXC-nin Bakıdan, Gəncədən, Naxçıvandan, İrəvandan, Qubadan, Güney Azərbaycandan və vətənimizin digər bölgələrindən çıxmış, milli düşüncə və duyğularla bir araya gəlmiş dövlət xadimlərinin mənsub olduqları alt qruplar- ellər, tayfalar, nəsillər oturaq və ya yarımköçəri həyat tərzi keçirməsindən asılı olmadan, Azərbaycan coğrafiyasında heçmi qarşılıqlı münasibətlər qurmamış, mərkəzi bir dövlət halında yaşamamışdılar? Bax, bu suala cavabda Lev Qumilyova istinad etmək, onun “passionarlıq” nəzəriyyəsindən bəhrələnmək və Şah İsmayıla hücum zamanı Azərbaycanda dövlətçilik tarixinin Xalq Cümhurliyyətindən başlanması iddiasının arxasında gizlənənlərə xatırlatmaq lazımdır:  Azərbaycan mədəni arealında yaşayan türk tayfalarının orta çağda qurduqları vahid və mərkəzi dövlət Səfəvilər, 20-ci yüzilin başlarında isə həmin tərkibdən formalaşmaqda olan millətin Arazın quzeyində elan etdiyi modern respublika AXC idi. AXC-ni də, Səfəviləri də üzə çıxaran, onlar arasındakı tarixi bağı yaradan AZƏRBAYCAN TÜRKLƏRİNİN SOSİAL-SİYASİ STRUKTURLAŞMA ƏNƏNƏSİdir. Coğrafi determinizm və passionarlıq amillərinin ayaqda saxladığı bu ənənə əsasında orta çağlarda xanədanlıqların, yeni dövrdə respublikaların qurulması kolliziya yaratmır. Elə buna görə də modern və orta çağ arasındakı fərqləri qabartmaqla monarxiya və cümhuriyyətlərin qurucu etnosunu arxa plana keçirməyə və danmağa əsas yoxdur. Bu açıdan baxdığımızda Səfəvi, Əfşar, Qacar xanədanlarının, xanlıqların, ADR-in və indiki respublikamızın tarix səhnəsinə çıxış məqamı Sarıqamış qurultayıdır. (Qurultay çağırılması, müxtəlif boyların bir araya toplanması, ağsaqqalların, cəsur və bacarıqlı hərbi komandirlərin iştirakı ilə xanədan qurulması qədim türk ənənəsidir. Xatırlayacaqsınız, 13- cü yüzilin başlarında Timuçin moğol tayfalarını birləşdirmiş və düzənlənən qurultayda “Xan” seçilmişdi. Növbəti əsrdə- 1370-ci ildə Timur qurultayda “Əmir” elan edilmişdi. 1736-cı ildə isə əfşarların lideri Nadir “Şah” titulunu məhz qurultayda qəbul etmişdi).   Şeyx Heydərin gənc oğlu İsmayıl 16-cı yüzilin başlanğıcında türk ellərini  Sarıqamış dağına çağırmış və onun çağırışı ilə təkcə Ərzincan hüdudlarında yaşayan obalar deyil, bugünkü Azərbaycanın, Anadolunun, İranın, İraqın və Suriyanın dörd bir tərəfindən nüfuzlu türk bəyləri bir araya gəlmişdilər. Həmin qurultaya qatılan türk elləri xilafətə boyun əymək istəmirdilər, Osmanlılardan narazı idilər, Ağqoyunlu xanədanındakı daxili çəkişmələrdən və bölgədəki digər iri feodalların bitməyən qovğasından cana doymuşdular. Nəticədə, etno-kültürəl baxımdan həm ərəblərdən, həm farslardan, həm də Osmanlı və digər türk soylu sülalələrin tabanından fərqlənən bir seqment ortaya çıxmışdı. Bu seqmentin əsas nüvəsini formalaşdıran və türklüyü şübhə doğurmayan oymaqların əsas siyasi hədəfini isə İsmayıl Sarıqamış qurultayından dərhal sonra, 7 min nəfərlik ordu ilə tutmağa getdiyi Şirvanda verdiyi bir sualla aydınlaşdırmışdı: “Sizə Gülüstan qalası lazımdır, yoxsa Azərbaycan taxtı?”  Odur ki, Türkiyə tarixçisi Faruk Sümerin müsbət mənada “yeni ünsür” saydığı həmin tayfaları və onların sayını, tərkibini eyni qandan olan digər oymaqlarla genişləndirərək Azərbaycan türklərinin milli identifikasiyalaşma prosesini mərkəzləşdirən Şah İsmayılı tariximizdən silməyə cəhd göstərmək bir millət olaraq dünənimizə, bu günümüzə və gələcəyimizə yağı çıxmaqdır.  Görün, bu cür yağılardan biri cavabsız qalacağına nə qədər arxayın olub ki deyir: “Səfəvilik bizim hansısa milli dəyərlərimizə uyğun deyil. Halbuki, istər Səfəvilər olsun, istər də onlardan əvvəlki Səlcuqlular olsun, bu sülalələrin idarəetmə prinsipi Sasani bürokratik mexanizminə daha çox uyğun gəlirdi”. Başqa bir açıqlamasında isə “Səfəviliyin bizim bugünkü milli mirasa aid edilməsinin heç bir məntiqi izahı yoxdur” deyə həmin şəxs, yumşaq desək, saçmalayır. Kulturoloji ədəbiyyatda “Milli miras” (National heritage) adətən “Millətin mədəni mirası” (Cultural heritage of nation) deyimi ilə əvəz olunur və qısaca olaraq “Mədəni miras” (“Cultural heritage”) şəklində işlənir. Buyurun, Şah İsmayıl şəxsiyyətini “mədəni mirasımız” deyimi üzərindən qısaca dəyərləndirək: Dədə Qorqudun ozan sənətinin bu günümüzə çatmasında Xətai qədər önəmli rol oynayan başqa kim var? Obrazlı desək, simləri Azərbaycan türkünün qan damarları olan sazın müşayəti ilə yaranan şifahi xalq yaradıcılığından Şah İsmayılla bağlı nümunələri çıxsaq, mənəvi dünyamız nə qədər kasadlaşar, fərqindəsinizmi? Səfəviləri “mədəni mirasımız” olaraq görməmək İrəvan qalasını düşüncələrimizdə təslim etmək, həmin qala daxilində tikilərək sonralar xanlarımızın sarayı olmuş abidəyə, “Köhnə” və “Şah Abbas” məscidlərinə “bizimki deyil” deyərək erməniləri əppəyinə yağ sürtmək olduğunu izah etməyə ehtiyac varmı? Səfəviləri “mədəni mirasımız” olaraq görməmək nüsxələri Heydər Əliyev Fondunun, şəxsən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə çoxaldılmış, dünyanın ən məşhur muzeylərində sərgilənən məşhur “Ərdəbil xalçası”ndan əl götürməkdir, anlaya bilirsinizmi? Səfəviləri “mədəni mirasımız” olaraq görməmək bu gün İran İslam Respublikasının ərazisində yerləşən neçə-neçə şəhərdən, yüzlərlə, minlərlə tarixi əsərin yanı sıra, Məhəmməd Füzulidən, Aşıq Qurbanidən imtina etməkdir, elə deyilmi? “Səfəvilər dövründə İsfahanın məşhur binalarını bəzəyən parlaq sənət Teymurilər dövründəki rəssamlığın bir davamı olmuşdu”- deyən Rəsulzadəyə istinad etsək, Səfəvi mirasından imtina etməklə bütövlükdə keçmişizi, keçmişimizin yadigarlarını başqalarının balansına daxil etmirikmi? Şah İsmayıla ithaf edilən Müslüm Maqomayevin operası, Sərdar Fərəcovun simfoniyası, Əzizə Cəfərzadə, Fərman Kərimzadə, Əlisa Nicat kimi yazıçılarımızın romanları, İbrahim Zeynalovun yaratdığı heykəl ilə mədəniyyət xəzinəmiz genişlənməyibmi, əcəba?  Şah İsmayıla bu gündən- üçrəngli bayrağımızda əks olunan “modern milli ideyalarımız” konteksindən  baxanda da Səfəvilər dövlətinin qurucusunu öz dövrünün şərtləri daxilində nə türklüyə, nə avropalaşmağa, nə də islam etiqadına zidd bir şəxsiyyət və miras sahibi kimi xarakterizə etməyə əsas yaranmır.   a. Şah İsmayıl türküydü, Səfəvilər bir türk xanədanı idi. Xətainin türklüyə münasibəti aşağıdakı misralarda bariz ifadə olunur: Yetdükçə tükənir Arabın kuy u məskəni,Bağdat içində her niçə Türkman qopar” b. Səfəvilər Avropa dövlətləri ilə ticari, diplomatik, hərbi əlaqələr qurur və bu əlaqələrin mədəni müstəviyə keçidini göstərən xeyli fakt var. Bu cür faktlar sırasında Florensiyalı bir rəssam tərəfindən çəkilən Şah İsmayıl portretini və məşhur Oruc bəy Bayatın İspaniyada nəşr olunan və Səfəviləri anladan kitabını göstərmək yetərlidir. c. Şah İsmayıl müsəlman idi, heç bir Səfəvi  hökmdarı islamdan imtina etməmişdi. Nə zamandan peyğəmbərin qızını, kürəkənini və əmisi oğlunu, nəvə-nəticəsini digər əshabələrdən daha çox sevmək, onların xəttini izləmək müsəlmanlıqdan çıxış olub? Bu suala cavabı oxucularımızın ixtiyarına buraxaraq, bayrağmızdakı simvolikalara qayıdaq. “Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı qaynaqda Qızılbaş ordusunun Bağdada giriş səhnəsi belə təsvir olunur: “Ay-ulduzlu bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı. Sadə camaat Bağdad və başqa şəhərlərdən gəlib şadlıq içində…. hökmdarı qarşılayırdı. Onlar sevinc və bəxtiyarlıq içində idilər…”  Eyni zamanda, orta çağa aid bəzi ədəbi mətnlərdə Şah İsmayılın həmin ay və səkkizgüşə ulduzlu bayrağının ana rənginin yaşıl olduğu söylənir. Oxşar, hətta eyni şəkilli bayrağı biz 18-ci əsrin sonlarında Osmanlıların rəmzi kimi görürük. Dərindən baxanda, islam, Quranın bir neçə ayəsində (məsələn: 42:7, 43:3) açıq-aşkar yazıldığı kimi, Məkkə və ətrafındakı ərəblər üçündür, ərəb dilində danışmayanlara xitab etmir. Əgər ərəblər toplum olaraq sırf onlar üçün öz doğma dillərində göndərilmiş dini heç də könüllü qəbul etməyiblərsə, islam ehkamlarına neçə-neçə savaş, hiylə, vəd, ödül qarşısında tapınıblarsa, türklər kimi özgür ruhlu qövmlər nədən anlamadıqları bir dildə ibadət etməyə cani-dildən razı olmalı idi? Ümumiyyətlə, bu məsələdə israr edənlər tarix bir yana, hətta coğrafiyadan, Məkkə və ətrafındakı ərəblərin türk obaları ilə hansı bölgələrdən, yollardan keçərək üz-üzə gəlmək şərtlərindən də xəbərsiz kimi görünürlər. Məkkə və Mədinə coğrafi olaraq Qırmızı dənizə yaxın bir bölgədə yerləşdiyindən müsəlman ərəblər türklərə qarşılaşmaq üçün Mesopotomiya torpaqlarından keçməli, təxminən bugünkü İsfahan və Tehran arasından keçərək Xəzər sahillərinə varmalı və oradan Türküstana irəliləməli idi. Əgər həmin dövrdə və həmin dövrə qədər türklərin də müəyyən qədər Xorasan istiqamətində irəlilədiyini, Azərbaycan və Anadoluya Xəzərin digər sahillərindən türk köçlərinin reallaşmış olduğunu nəzərə alsaq, nəticə yenə dəyişməyəcək. Ortada kifayət qədər böyük bufer zona var. Bu bufer zonalarda ərəb istilasına qarşı tez-tez qanlı savaşlar gedirdi. Buna misal olaraq Sasanilərlə Nəhavənd, Bizanslılarla Yermük döyüşünü göstərmək olar. Ərəblərin Türküstana işğal məqsədli ilk səfərlərindən biri Xəlifə Osman dövründə Məhəmməd ibn Cəririn başçılığı ilə təxminən 3 minlik bir qoşunla gerçəkləşdirilmiş, lakin Fərqanə civarlarındakı cəngdə hamısının kəlləri alınmışdı. Bu yenilgidən sonra ərəblər türk yurdlarına boylanmağa uzun sürə cürət eləməmişdilər. Müaviyyənin xəlifəliyi dönəmində Əməvilər Xorasanı ələ keçirmələrindən ruhlanaraq Übeydullah ibn Ziyadın başçılığı ilə 30 min civarında qoşunla Buxaranı mühasirəyə aldılar, şəhəri tuta bilməsələr də, talan etdilər. Xəlifə Osmanın oğlu, Müaviyənin ikinci Xorasan valisi Səid isə ərəb təhdidləri qarşısında təklənmiş türk oymaq lideri Kıbac xatunu on minlərlə əsir və böyük məbləğdə bac verməyə məcbur edir, Səmərqəni basır, şəhəri talayır, minlərlə əsir götürür, qul bazarında satdırır. Bu cür istilaçı basqınlar uzun zaman təkrar olunub, yurdlar talanıb, yağmalanıb, say-seçmə igidlər, əsilzadələr işkəncələrə məruz qoyulub, əsir alınıb, öldürülüb,  qadınlar zorlanıb, satılıb- bu amansızlığı türklər hətta əzəli düşmənləri çinlilərdən belə görməyib. Yüzminlərlə savaşçı olmayan türkün qətlə yetirildiyi bu basqınlardan ikisində – Talkana hücum zamanı ən 40 min türk ya qılıncdan keçirilib, ya da ağacdan asılıb, Cürcan çayının sahilində isə yenə o qədər insanın başı kəsilərək qanları suya axıdılıb. Maraqlananlar Təbərinin “Tarix”ini vərəqləyə bilərlər. Bu zülm və utanc tarixini həyasızcasına malalamaq istəyənlərə xilafətin Xorasan valisi Kuteybe ibn Müslümün türklər haqqında söylədiyi “əgər ömrümdən cəmi üç söz söyləyəcək qədər zaman qalsa, deyərəm ki, onları öldürün, öldürün, öldürün” kimi dəhşət saçan cümləsini xatırlatmaq yetərlidir. Lakin ha zor, ha xoş dünyadakı türklərin böyük əksəriyyəti bu gün müsəlmandır. Orta çağ İslam mədəniyyəti ərəblər və farslar qədər, əslində onlardan daha çox biz türklərindir. Bunu dəfələrlə vurğulayan Məhəmməd Əmin Rəsulzadə yazır: “Türklük, ərəblik, farslıq müştərək bir mədəniyyət küməsi meydana gətirmişdir. İslamlıq bu millətlər arasında müştərək bir mədəniyyət vücuda gətirmişdir. Necə ki, bir xristian mədəniyyəti var – buna Avropa mədəniyyəti də deyirlər. Necə ki, islam mədəniyyətinə şərq mədəniyyəti deyilir”. O, sözlərinə belə davam edir: “Yaxın Şərqin ərəb fütühatı nəticəsində islamlaşdırılması və dolayısı ilə ərəbləşdirilməsi məlumdur. Bu vəziyyətə qarşı mədəniyyət sahəsində ilk reaksiya farslar, sonra da türklər tərəfindən olmuşdur. Halbuki yıxılan ərəb imperiyası yerinə, siyasi baxımdam farsların deyil, türklərin gəlməsi bir həqiqətdir”. Hərbi-siyasi baxımdan ərəb işğallarına qarşı ən ciddi üsyan Babəkin liderliyi ilə Azərbaycanda qalxmış, nəticədə 22 il yaşasa da, Arazın hər iki sahilini əhatə edən müstəqil dövlət qurulmuşdu. Üstəlik, Babəkin tərəfdarları- xürrəmlər heç də onun ölümü ilə sıradan çıxmadılar, öz etiqadlarını, adət-ənənələrini əsrlərlə yaşatdılar. Səlcuq türklərinin bölgəyə axını və dövlətləşməsi ilə Orta Asiyadan gəlmiş şaman ruhu ilə yerli xürrəm inancı ilk  bütünləşmə sürəcini yaşadı. Bu kontakt Moğol yürüşləri zamanı daha da dərinləşdi və yeni düşüncə cərəyanlarına yol açdı. Şeyx Səfiəddin- Şah İsmayılın Səlcuqlar zamanında Ərdəbilə yerləşmiş və hərblə məşğul olan əmir əcdadları içərisində ilk dəfə dinə meyl edən ulu babası- da elə Moğollar zamanında ətrafa nam saldmışdı. – “İslamiyyətin amansız düşməni kimi çıxış edən monqollar, ilk dövrlərdə, ərəbcə ilə yanaşı farscanı da qadağan edib, onun yerinə monqol və uyğur türk dilini qoyurlar. Elxanilərdən Qazan xanın dövründə monqollar İslamiyyəti qəbul etdikdə, fars dili yenidən işlənmək hüququ qazanırsa da, onunla yanaşı, türk dili də inkişaf edir və mövqeyini möhkəmləndirir”. – “Teymur fütuhatından sonra və Teymurilərin təşəbbüsü ilə saraylar türkləşməyə başlayır. Nəticədə türk ziyalıları ilə hakim siniflər arasında, farsların klassik ədəbiyyatına bənzər klassik türk ədəbiyyatına qayğı göstərməyə bir ehtiyac yaranır”. – “Şirəsini, köklərini türk xalqları içərisində yaşayan milli təsisatlardan alan və digər ictimai amillərlə də güclənən bu ehtiyacın getdikcə əhəmiyyət kəsb edən təkamülü nəticəsində, nəhayət, şərqdə Hüseyn Bayqaranın sarayı ilə vəziri Əlişir Nəvayinin məclislərində, qərbdə isə Azərbaycanda hökm sürən Ağqoyunlu Sultan Yaqubun, sonra da Səfəvi şahlarının saraylarında klassik türk ədəbiyyatı yüksəlmiş olur”- bu, Məhəmməd Əmin Rəsulzadənin cümlələri, tarixə, kültürəl keçmişimizə baxışıdır. Bu sitatlarından və Rəsulzadənin əsərlərindəki digər epizodlardan da bəlli olduğu kimi, respublikaçılığın banisi tariximizdəki heç bir dövlətdən imtina etmir və hər fürsətdə min illər ərzində bölgəmizdə türk xanədanlarının hakimiyyətdə olduğunu məmnuniyyətlə qeyd edir. Doğrudan da, Sasanilərdən Pəhləvilərə qədər keçən min ildən bir neçə əsr çox müddətdə Büvehyoğulları və Samanilər kimi qısa vədəli, kiçik və lokal sülalər xaric heç bir ciddi fars dövləti, imperiyası mövcud olmayıb. Odur ki, tarixdən məlumatsız şəkildə orta çağlarda bölgəmizdə yüksəlmiş olan türk dövlətlərini çoxdan süqut etmiş Sasani ənənələrinə bağlamaq, məsələn, Səlcuqların Oğuz Yabqularının dövlət təşkilatından çıxdığını, Səlcuq bəyin atası, “Dəmir yaylı” ləqəbi ilə məşhurlaşmış Dukak bəyin bir hərbi sərkərdə olduğunu xatırlamayıb gözlərə pers külləri üfürmək səmimi və obyektiv deyil. Lakin bu məqamda, həm də Səlcuqlular zamanında dövlət dilinin farca olduğunu xatırlayaraq səsləndirilməli olan bir sual da var ki, Rəsulzadənin dilindən o, yetərincə sərrast səslənir: “Nə üçün min ildən bəri islam Şərqində hakimiyyət sürən sülalələr, çox kiçik və əhəmiyyətsiz istisnalarla, türklərdən olduğu halda, klassik İslam türk ədəbiyyatının yaranışı fars ədəbiyyatının meydana gəlməsindən 3-4 əsr sonraya qalmışdır?” Sualı əsaslandırmaq üçün müəllif vurğulayır: “İslamdan sonrakı yeni fars dilinin ən böyük abidəsi “Şahnamə”dir. Yunanların Homerinə bərabər tutulan Firdovsi, “İliada”ya bənzədilən bu şah əsərini Sultan Mahmud Qəznəvinin sarayında yazmışdır. Qazanının gümüşdən, süfrə ləvazimatının da qızıldan olması ilə məşhur olan digər İran şairi Ünsüri bütün bu sərvət və şöhrətini həmin Sultan Mahmudun sayəsində qazanmışdı. Dünyaca məşhur rübailərin müəllifi Ömər Xəyyam Səlcuqi Məlikşahın məhəbbətini qazanmışdı. Fars qəsidəsinin ən məşhur nümayəndəsi Ənvəri Sultan Səncərin şairidir. Sədi, Hafiz və digər İran klassikləri də ya Səlcuqilərin, ya onlardan sonra gələn Atabəylərin zamanında yetişmişlər. Klassik İran ədəbiyyatının sonuncu ustadı sayılan Cami, Teymurilərdən Hüseyn Bayqaranın sarayına və Əlişir Nəvainin məclisinə mənsub olmuşdu. Səlcuqilərdə və onların ardınca gələn atabəyliklərdə olduğu kimi, Çingizilərdə, Xarəzmşahlarda, Teymurilərdə də fars dili idarə, elm və ədəbiyyat dili olmuş, türk xaqan və sultanları fars ədəbiyyatına hamilik göstərmiş və yalnız hamiliklə kifayətlənməyib, bir çoxları farsca yazmışlar”. Rəsulzadənin haqlı olaraq qeyd etdiyi kimi, “tarixin bizə qəribə görünən bu hadisəsi islam Şərqinin mədəni inkişafını düzgün anlamaqdan ötrü üzərində xüsusi dayanılmalı məsələdir”. Və bu məsələ aydınlaşanda Şah İsmayıla yönəldilmiş “kültürəl farslaşdırma” ittihamlarının puçluğu da ortaya çıxır.      Məhəmməd Əmin qoyduğu suala cavabda iki əsas amil üzərində dayanır: 1) “Türklər İslamiyyəti və İslam mədəniyyətini daha çox Xorasandakı müsəlmanlaşmış fars elementlərinin və Mavəraənnəhrdə yerləşmiş İran mədəniyyətinin təsiri, müşayiəti ilə qəbul edirdilər”. 2) “Bağdad xəlifəsinin siyasi qüdrəti öz əlində saxladığı dövrlərdə İran təsiri fars dilini dinin və Quranın dili olan ərəb dilinin yerinə keçirəcək qədər irəliləmək imkanı toplamışdı. Siyasət etibarı ilə, ərəb mərkəziyyətçiliyi ilə mübarizə və rəqabət edən türk sultanları isə, çox təbii olaraq, arxalandıqları yerli əyan zümrəsinin yaşadığı və yaşatdığı şəhərli “əcəm” adətləri ilə bərabər, işlətdikləri ədəbi dili (fars dilini) də həm özləri qəbul edir, həm də onun yayılmasına şərait yaradırlar. Beləliklə, türk hakimiyyəti altında yeni fars dili doğulur, fars mədəniyyəti və ədəbiyyatı canlanır. Türk sarayları da yeni doğulmuş bu “uşağa” dayəlik edirlər”. Bu son dərəcə dəqiq təsbitlərə Lev Qumilyovun yuxarıda əbəs yerə istinad etmədiyimiz passionarlıq nəzəriyyəsinə əsasən daha bir amili də əlavə etmək olar. Türklər fars elementlərini orduya almır, savaşa aparmırdılar, nəticədə dəliqanlı, döyüşkən türklər ölür, hakim etnosa daxilən neqativ münasibət bəsləyən farslar isə öz tarixlərini və gələcəklərini romantikləşdirərək ədəbiyyat və bürokratiyaya meyl edirdilər. Lap yaxın zamanlara qədər davam edən və siyasi baxımdan başarılı olan bu tendensiyanın son nəticədə əsas hədəfinə- assimliyasiyaya nail olmamasını bir xalq olaraq Azərbaycan mədəni arealından qopmamağımıza, dilimizə və Şah İsmayıla borcluyuq. Rəsulzadəni dinləyək: “Öz aralarında bitməz-tükənməz rəqabətlər üzündən daim çarpışan köçəri sülalələrinin bir-birini əvəz edən hakimiyyətləri nəticəsində müsəlman Şərqinin həyatı, müəyyən tarixi dövrlərdə, qanlı hadisələr və böyük siyasi dəyişikliklər içərisində keçmişdir. Bu səbəbdən bizi maraqlandıran coğrafi ərazi üzərinə təsir göstərən mədəni mərkəzlər də zaman-zaman dəyişmişdir. Bu dəyişmə ilə əlaqədar olaraq, Şərq  mədəniyyəti hər dəfə müəyyən bir mərkəzdən himayə olunub. Bu rol 12-ci əsrdə Azərbaycana keçmişdi”. Səfəvilər elə məhz Azərbaycan mərkəzli mədəni arealda qurulan və qısa zamanda imperiyaya çevrilən bir xanədan idi. Bu xanədanın Azərbaycan türklərinin ayrıca bir millət olaraq formalaşması üçün dil və ədəbiyyat müstəvisindəki rolunu Məhəmməd Əmin belə dəyərləndirmişdi:  – “Köprülüzade Fuad bey esasen Selçuki-Osmanlı lehçesinin eski ve ibtidai şekliyle Azeri lehçesi arasında hemen hiç bir fark yoktur, davasındadır. Ortadaki farkı husüle getiren şey ise “Azeri lehçesinin bilhassa Karakoyunlular, Akkoyunlular ve Safeviler gibi Türk hanedanlarının idaresi altında, Osmanlılar’dan ayrı, hatta mezhep itibarı ile onlara şiddetle hilaf-gir diğer bir idare-i siyasiyenin nüvesini teşkil etmesidir”. – “Azeri edebiyatı… Şah İsmail tarafından bizzat tervic edilmiştir. Neşrettiği mezhepin propaganda vasıtası olan manzum ilahiler ve Hatai tahallüsü ile şiirler yazan Şah, kendilerine istinad ettiği Oğuz taifelerine hitap edebilmek için, şiirlerinin mühim kısmını Türkçe yazmıştır. Şah İsmailin ilahileri gibi, Şii şairlerin Kerbela faciasına ait mersiyelerinin dahi Azerbaycan ve Kafkasya Türkleri arasında edebi Türkçenin Farisi edebiyatına karşı mücadelesinde oynadığı müessir rolü tesbit etmek lazım. Şah İsmail’den evvel Erdebil şeyhi sofi ocağına mensup Türk dedelerinin dahi mühitlerine Türkçe hitap ve bu lısanda ilahiler inşad eyledikleri şüphesizdir”. – “Şah İsmayılın sarayı azəri türk ədəbiyyatının yaradıcı ocağı və bir akademiyası idi. Bu saraya Həbibi kimi şairlər mənsubdu. Şeirdə “Xətai” təxəllüsündən istifadə edən İsmayıl, xalqın vurulacağı sadə bir dillə yazırdı. Səfəvi sarayının rəsmi dili də türkcə idi. Qonşu dövlətlərə göndərdiyi notalar türkcə yazılırdı. Səfəvi İranın Osmanlılara göndərdiyi notalar türkcə ikən, Osmanlı sarayının Səfəvilərə yazdıqları notalar farsca idi. Rəsmi türk dövlətlərində misali yox ikən, çevrəsindəki türkdilli şairlər Şah İsmayıla “Türki-tacdar” deyə xitab edirlərdi”. Əlbəttə, Şah İsmayıl böyük bir imperiya qurmuşdu, bu imperiya orta çağın ümumi ruhunun daşıyıcısı olaraq günümüzün ulusalçı anlayışlarından uzaqdı, dinlə bütünləşmişdi, müxtəlif etnik seqmentlərə, sosial qruplara xitab edirdi. Bununla belə, Şah İsmayıldan Böyük Abbasacan Səfəvi sarayında “taçik” adlanan farslar aşağı statusda idilər. Dövlət təşkilatının onurğasının ordu olması onlara önə çıxmağa paraktiki olaraq imkan vermirdi. Məhəmməd Xudabəndə dövründə onun gözdən əlil olması səbəbindən dövlət işlərinə çevik müdaxilə edə bilməməsi sonucunda mazandaranlıların paytaxtda və sarayda rolunun artması böyük qalmaqala səbəb olmuş, zövcəsi Xeyrənsə bəyim nümayişkaranə şəkildə öldürülmüşdü. Səfəvilərin süqutundan sonra tarix səhnəsinə iki ciddi türk sülaləsi çıxmış, onlardan biri- Qacarlar 129 il taxtda qalmışdı. Qısacası, Səfəviləri “pro-persian” tutum sərgiləməkdə suçlamaq, o cümlədən Şah İsmayılı və Səfəviliyi hazırkı İran İslam Respublikası ilə eyniləşdirmək həm xronoloji, həm də ideoloji baxımdan absurddur. Əks halda, İrandakı islam inqilabının əsas ideoloqlarından olan Əli Şəriəti niyə “Əli şiəsi, Səfəvi şiəsi” adlı kitab yazmış, nədən qızılbaşlığı hədəfə almışdı? Şəriətinin həmin kitabının Səfəvilərə yönəlik ana xəttləri tarixi və fəlsəfi baxımdan tənqidə dözümsüzdür. Lakin maraqlı odur ki, bu gün Güntay Gəncalp və bəzi müttəfiqləri Səfəviləri İran İslam Respublikası ilə eyniləşdirərək nələrdə ittiham edirlərsə, İslam inqilabının və respublikasının ideoloqu da həmən-həmən eyni tezislərlə çıxış edir. Bu tezislərdən birini- Səfəviləri xristianlarla ittifaqda suçlanmasını- lap elə bu yaxınlarda Güntay Gəncalpın deputat müttəfiqinin dilindən də eşitdik. “Səfəvilərin xristianlıqla bağlılığı açıqdır. Hər ikisi Osmanlı idarəçiliyində böyük bir imperatorluq qurmuş və Avropaya təhlükə törədən islam ölkələrinin  beynəlxalq gücünə qarşı iş və əl birliyindədirlər. Nəticədə sarayın təbliğat maşını- Səfəvi ruhaniləri siyasətə münasib bir şəkildə şiəliyi xristianlığa yaxınlaşdırmaq məcburiyyətində idilər”- sitat Şəriətinin yuxarıda qeyd olunan kitabındandır. Həm islam inqilabçılarının, həm də Əməvi zehniyyətinin günümüzdəki daşıyıcılarının Şah İsmayılı və qızılbaşlığı hədəfə almasının səbəbləri, əslində, aydındır. Lakin özünü bilməzliyə, görməzliyə qoyanları, yaxud heç də təsadüfə bənzəməyən fəaliyyətlə din, məzhəb, etiqad qarşıdurması yaratmaq cəhdində bulunanları, bunun üçün Səfəvi-Osmanlı savaşlarını gündəmdə saxlamaqla Azərbaycanla Türkiyə arasında süni ixtilaflar törətməyə çalışanları bəzi mətləblərdən yenidən agah etməyə ehtiyac var. Şah İsmayılın ulu babası, Ərdəbil zaviyəsinin qurucusu Şeyx Səfiəddin şafiliyə könül vermiş bir sünni idi. “Türk piri” deyə xitab edilən Şeyxin canında şiəliyə təbii bir meyil də vardı. Lakin onun varisləri o zaman şiəliyə tam keçid etdilər ki, siyasətə atılmağa qərar verdilər. 15-cü yüzilin ortalarına doğru Ərdəbil ocağının şeyxi olan Cüneyd Qaraqoyunlu hökmranlığının uzun çəkməyəcəyini hiss etdi. Qaraqoyunlu sultanı o zaman Cahan Şah idi. Şiə etiqadlı Cahan Şah sünnilikdən hələ rəsmən ayrılmamış Şeyx Cüneydin tərəfdarlarının çoxluğundan ehtiyyat etdiyi üçün onu Azərbaycandan çıxartdı. Anadoluda Osmanlılara, Konyada Qaramanlılara, Toros dağlarında köçəri həyat yaşayan varsaq türklərinə üz tutdu. Sonda Məmlük sultanlarına sığındı. Başına mümkün qədər çox tərəfdar toplamalı idi, lakin məqsədinə nail ola bilmirdi. Nəticədə, bugünkü Türkiyə, İraq və Suriya sərhədləri içərisində yaşayan türk oymaqlarının nəbzini yoxladı- onlar xilafəti və Osmanlı sarayını qəbul etmir, başqa sözlə, sünniliyin doqmatik həyat tərzini yaşamaq istəmirdilər. Şiəlik və batini-mistik inanclar, bu inanclar çərçivəsində yeni obraz qazanan Həzrət Əli və varisləri həmin türklər üçün daha cazib dini şəxsiyyətlər idi. Nəticədə, indi bəzilərinin iddia etdiyi sayaq Səfəvilər türklərin yox, türklər Səfəvilərin məzhəbini dəyişdirdi. Şeyx Cüneyd tezliklə başına böyük qüvvə toplayaraq Trabzona hücum etdi, daha sonra isə Ağqoyunlu Uzun Həsənlə birlikdə Diyarbəkir qapılarından keçərək Bayındır boyuna kürəkən oldu. O, yürüşdə öldükdən sonra yerinə oğlu Heydər keçdi və “Qızılbaş” deyimi də məhz onun zamanında yarandı. Qızılbaşlıq “şifahi ”, “xalq şiəliyi”, “duyğusal” cərəyan olmaqla dövrün sosial-siyasi reallıqlarından doğan və xilafətdən, məmlüklərdən, Osmanlıdan, lokal türk bəyliklərindən narazı türkləri “yeni dövlət” amalı ətrafında birləşdirən mistik təriqət idi. Şiəlik bu təriqətdən daha öncə- Elxanlı Olcaytu xaqanın dönəmində rəsmi məzhəb elan edilmiş, “Allah, Məhəmməd, Əli” isimləri isə onun sələfi Mahmud Qazanın zamanında sikkə üzərinə zərb edilmişdi. Həmçinin kökünü Türküstandan- Əhməd Yəsəvi öyrətilərindən alaraq bölgədə qələndərilik, bektaşilik, nəqşibəndilik, ahilik kimi təsəvvüf cərəyanları və sistemləri yayılmışdı. Qızılbaşlığın klassik ərəb və İraq mərkəzli fars şiəliyindən- 12 imamçılığından birinci ən böyük fərqi onun həm doktrinal, həm də xronoloji olaraq sünni türk təsəvvüfünün içərisindən çıxması idi. Qızılbaşlıq- şiə şəriətçiyi deyil, təriqətçiliyi idi. Bütün təriqətçilər kimi, qızılbaşlar da vəhdətül-vücuda inanır və Şah İsmayıl da hakimiyyətinin məşruyiətini daşıdığı Tanrısallıqdan alırdı. Elə bu səbəbdən də Səfəvilər dövləti elan edilidikdən sonra şiə-cəfəri hüquq doktrinasına bağlı üləmalar və vəsaitlər tapmaq xeyli müşkül olmuşdu. Məsələ həm də ondadır ki, Şah İsmayıl isna-aşariyyəni qurduğu dövlətin rəsmi ideologiyası elan etməsinə, yeri gələndə bu ideologiyanı qılınc gücünə yaymasına və qorumasına rəğmən, bugünkü təsəvvürlər çərçivəsinə sığan bir şəkildə şiə həyatı yaşamır, gerçək bir türk sufisi kimi ömür sürürdü. Qızılbaş sufi təriqəti Şah Abbas dönəmindən başlayaraq tədricən sıradan çıxır və Səfəvi dövlət təşkilatının sivil müəssisələrində və ondan kənarda formalaşmış üləmanın təsiri ilə öz yerini zamanca qeyri-sufi, fiqhi isna-aşariyyəyə verirdi. Bunun səbəbləri hakimiyyətə davamlı təhdid yaradan qızılbaşların ordudan kənarlaşdırılması və dövlətin ərazicə böyüməsi, aşağıda üzərində xüsusi dayanacağımız şəhərləşmə problemi idi. Böyük bir imperiyanı və fərqli qrupları sufiyanə eşqlə idarə etmək olmurdu. Təsadüfi deyil ki, sufi qızılbaşlıq doktrinasının zəifləməsi ilə şiə şəriətçilərinin qalın-qalın kitablar yazaraq qızılbaşlara hücum etməsi, “əxbarilik” adlanan şiə fiqh cərəyanın yenidən dirçəlməsi eyni dövrə təsadüf edir. Əxbarilikdən sonra yenə şiə fiqh məktəbi olan və Səfəvilərin süqut mərhələsində Vahid Bihbahaninin öncüllüyü ilə yenidən yapılandırılan “Üsulilik” doktrinası önə keçir. Bu məktəb İran İslam İnqilabının lideri Ayətullah Xomeyninin “Vəlayət-i-Fəqih” nəzəriyyəsinin ana qaynağı sayılır. Şiələrin 11-ci imamı Həsən Əsgəri 874-cü ildə Abbasi xəlifəsi Mötəmid tərəfindən zəhərlənərək şəhid edildi. İmamın “Məhəmməd” adlı varisinin olduğu, lakin qeybə çəkildiyi söylənirdi. Qeyb olmuş imam ortalama bir insan ömrü ərzində geri dönməmişdi. Bu dönəmdə isna-aşariyyənin ilk konsepsiyası formalaşmağa başlamış və şiə leksikonuna “Qeybolma” termini daxil olmuşdu. İddialara görə, onun ünsiyyət saxladığı dörd xüsusi şəxs- səfir vardı. Həmin səfirlərin yaşayış yeri olduğundan Bağdad 12 imamçılığın mərkəzinə çevrilmişdi. 940-cı ildə sonuncu səfir Məhəmməd əs-Səmurri vəfat etdi, lakin ölümündən öncə yeni vəkil təyin etmək barədə əmr almadığını söylədiyindən “nass” üsulu ilə öz xələfini seçmədi. Bununla “kiçik qeyb” dönəmi başa çatdı, “böyük qeyb” dövrü başladı. O ərəfədə Deyləm torpaqlarında meydana çıxan fars mənşəli Büveyoğulları üçün bu vəziyyət çox əlverişli idi. İmamiyyət sonlandığından və Məhəmməd peyğəmbərin qurduğu dövlətin başına “Əhli-Beyt” nümayəndəsini gətirmək iddiasına artıq yer qalmadığından Abbasi xəlifələrinə qarşı şiələrə jest etməyə dəyərdi. Beləliklə, Büveyhoğulları Abbasilərə qarşı şiələrə dəstək oldular, isna-aşariyyəçilər isə onların timsalında öz himayədarlarını tapdılar, xüsusən Muizzüddövlə dönəmində özlərini daha sərbəst hiss etdilər- “Qədir-Xum”, “Aşura” kimi mərasimlər qurdular, səbbüs-səhabə (ilk üç xəlifənin söyülməsi) protestinə start verdilər. Sonuncu, uzun müddət basdırılmış və qutsal saydıqları “Əhli-Beyt” illərcə Müaviyə tərəfindən söydürülmüş ərəb şiələrin öz duyğularını sərbəst hiss etdikləri mühitdə ifadə etmələri, daha öncəkilər isə Abbasi xilafətinin legitimliyinə qarşı məqsədli aksiyalar idi. Şah İsmayılın sonuncu ənənəni bərpa etməsi onun bəlkə də heç haqqında məlumatlı olmadığı Büveyhoğullarına simpatiyası, yaxud şiə fars şəriətçilərinin təsirində qalması ilə yox, birbaşa xilafəti aradan qaldırmaq planının tərkib hissəsi idi. Səlcuqluların sayəsində ayaqda qalsa da, heç zaman müstəqilliyini və nüfuzunu toparlamaya bilməyən, zaman-zaman moğolların və məmlüklərin oyuncağına çevrilmiş Abbasilər artıq 16-cı yüzilin başlarında türklər tərəfindən tarix səhnəsindən silinməyə məhkum idi. Səfəvilər də, Osmanlılar da bu işi görməyə eyni dərəcədə iddialı idilər. Bir zamanlar ərəblərin işğalçılıq siyasəti üçün ideologiya rolunu oynayan din artıq ərəblər üzərində hakimiyyət qurmaq üçün eyni funksiya daşıyırdı. Çaldıran savaşından sonra Şah İsmayıl genişlənmə siyasətinə yenidən baxmalı olduğundan, “xəlifə” titulu Sultan Səlimə nəsib olmuşdu. Dövrün bu iki böyük türk hökmdarından heç birinin əsl amacı din-iman deyildi, hər ikisi daha çox hakimiyyətə sahib olmaq istəyirdilər. Əks halda, Şah İsmayıl digər sünni türk dövlətləri ilə ittifaq arayışnda olmaz, Sultan Səlim isə onunla eyni məzhəbdən olan məmlük türklərin dövlətinə son verməzdi. Maraqlıdır ki, yeni dövrdə həm Osmanlılara qarşı mübarizənin, həm də Səfəvi-Qacar cizgisinə qarşı çıxışların ideologiyası onların bağlı olduqları məzhəblərin öz daxilində çıxarılmışdı. 18-ci yüzildə əməvi zehniyyəti üzərində və türk hakimiyyətlərinə qarşı formalaşdırılan vəhhabilik ərəblərin “ulusal-millətçilik konsepsiyası”na dönüşmüş və 20-ci əsrin əvvəllərində Səudiyyə Krallığını meydana çıxarmışdı. Təxminən həmin ərəfədə Qacar sülaləsi devrilmiş və fars mənşəli Pəhləvilər iqtidara gəlmiş, həmin sülalə Xomeyni inqilabı ilə taxta “əlvida” demişdi. Pəhləvilər taxtdan ensə də, şəriətçi fars sistemi hakimiyyətini davam etdirmişdi. İstər türk Qacar, istərsə də türk Osmanlı imperiyalarına qarşı sanki eyni layihə çərçivəsində edilən həmlələrin məntiqi sonluğu eyni olmuşdu: ərəb və fars teokratik rejimləri. Düzdür, bu dövlətlər arasında teokratik olmayanları, “xalq respublikaları” kimi çıxış edənləri də vardı. Lakin SSRİ-nin çökməsindən sonra onların hansı günə düşdüyünü anlatmağa ehtiyac yoxdur. Türkiyəyə qarşı eyni ssenari isə lap elə bu yaxınlarda FETÖ-nun hərbi qiyamı ilə gerçəkləşdirilməyə çalışıldı. FETÖ-nün özünü bənzətməyə çalışdığı, örnək aldığı məhz İran İslam İnqilabının lideri Ayətullah Xomeyni idi. Səfəvilər dövründə heç zaman olmamış və şiə dünyasına son yüzillərdə daxil edilərək Xomeyninin sistemində xüsusi yer tutan “mərceyi-təqlid” müəssisəni isə Fətullah Gülən camaatının ierarxiyasına “imam kuratorlar” tuturdu. Milliyyətindən, dinindən, məzhəbindən asılı olmayaraq günümüzdə teokratik rejimlər ona görə heç bir xalqı tərəqqiyə apara bilməz ki: – Ənənəvi-dini, qapalı toplumu mühafizə edir;  – “Mütləq bilgi” anlayışı üzərində sistemləşərək fəaliyyət və idarəçilikdə vətəndaşlara sərbəstlik tanımır, pozitiv elmin inkişafında payçı deyil. Bütün bunları nəzərə alanda bizim üzərində dayanacağımız, yolunda canımızı verəcəyimiz, istər intellektual, istərsə də fiziki baxımdan zehnimizi, əməyimizi, ömrümüzü sərf edə biləcəyimiz “Sekulyar Azərbaycan modeli”dir. Biz bu məqamda “Türkiyə modeli”ndən bəhs etmirik ona görə ki, problemin həll açarını Rəsulzadə çox gözəl tapıb: “Türkiyə Vyana qapılarına qədər sürdürdüyü cəngavərlikdən bezərək, artıq taleyin döndüyünü görmüş, yorğun bir halda İstambul divarlarına dayanmışdı. Əfrasiyaba bilikli sosioloqlar təqbir edərək demişdilər ki: “Sənin istiqbalın artıq Qərbdə deyil, Şərqdədir. Kökündən uzaqlaşdığın üçün zamanın bağ qayçısı həddindən fazla uzanan budaqlarını kəsir ki, sən ixtiyarlaşmayıb öz kökün üzərində yaşarasan. Sənin istiqbalın nə Rum eli, nə Hicaz, nə də İraqdadır, fəqət sənin yolunun üzərində, əski Turanın göbəyində “Azərbaycan” adında bir gənc igid, dəliqanlı var. Yeni Turanın açarı ondadır. Onunla anlaşılmazlıq yaratsan, öncə onun könlünü qırıb özünə bir zərər versən, bütün imkanların hədər, əməllərin xarab, taxtın da bərbad olar”. Məhəmməd Əmin Rəsulzadə- o böyük şəxsiyyət daha sonra deyir: Osmanlıya münasibətdə- “İstambulun … qəflətlə həyata keçirə bilməyəcəyi bir çox müşkül islahatın, daha əlaqəsiz mühit yetişdirəcək Azərbaycanda daha qolaylığa tətbiq olunacağını söylədilər. Neft rəngində qızıl fontanlara malik olan bu yerin zəngin bir sərvət gücüylə çox rifah və inkişafa gedəcəyini yazdılar”. İrana münasibətdə-   “Azad düşünən bir ideologiyanın səhər parıltısında olan bu irəliləmə yetişən  cəmiyyətin həyata susamış gülər üzü, dünyada yaşamaq üçün çox parlaq ümidləri hekayə edən geniş alnı, istiqbala saf və aydın bir baxışla baxan şəhla gözləri ilə əski Şərq şübhə və məkrinin Südabəsini, İran sxolastikasının yaprıxmış mühitini rahat buraxmır, ismətli bir həyat yoldaşı arayan bu təzə gözəli özünün qocalmış ehtirasına qurban etmək istəyirdi. Fəqət gənc Azərbaycan Cümhuriyyəti öz bakir sosial həyatını bu düşgün, çılğın eşqə təslim etmədiyindən lənətləndi, kafirlikdə suçlandısa da, əsrin texniki və tərəqqipərvər elmindən böyük yardım görüb, bu müqəddəs oda girərək özünün məsum və qayğısız olduğunu isbat etdi”. O, sözlərinə belə davam edir:  “Azərbaycan xalqında xoşbəxt bir həyat yaşatmaq üçün tarixə lazım olan sağlam bir türk qanı və canı mövcud olduğu kimi bu zəmində pöhrələyəcək gəlişmə fidanın daha ziyadə verimli etmək üçün peyvənd vəzifəsinə görəcək əski bir İran irfanı vardı ki, saçı ağarmış əsrlərin əlində çox təcrübələr keçmişdi”. “Əski bir İran irfanı” dedikdə Rəsulzadənin nəzərdə tutduğu bu olmalıdır:  “Azərbaycan, İran-Turan çəkişməsinin bilavasitə bu cəhətlərinə əks-səda yeri olmuşdur. Burada Nizami, Xaqani, Fələki kimi hərarətli, farsca şer yazan azərbaycanlı türk şairləri yetişdiyi kimi, əsərlərini türkcə yazan Füzuli, Nəsimi, Xətai kimi türk şairləri də çıxmışdır”. Rəsulzadə ilə fikir yürüşünə davam edək: “Qədim Azərbaycan İran-Turan qanından doğulub-böyüdüyü tipdə bir şəxs idi. Nəsil vacib edir ki, əsrimizin Azərbaycanı İran-Turan mədəniyyətlərinin, mifologiyalarının və bunların qarışmasına daha çox məruz qalmış bir xalq, bir cəmiyyət olsun”. Dəyərli oxucularımızda çaşqınlıq yaranmasın deyə ərz edək ki, Rəsulzadə “Əsrimizin Siyavuşu” adlı əsərində bu sətirləri yazanda dünyanın siyasi xəritəsində “İran” adlı dövlət yox idi, Pəhləvilər hələ iqtidara gəlməmiş və “İran” adını dövlət səviyyəsində rəsmiləşdirməmişdilər. “İran” demək- türklərin hakimiyyətdə olduğu imperiya deməkdi. Milli münasibətlər baxımından isə Rəsulzədə Qacar türklərinin hakimiyyəti altındakı soydaşlarımızın təmsilçisi kimi “fars mədəniyyəti”nin çıxış etməsinə qarşı idi: “Azərbaycanlılar öz türklüklərini və türk soyundan gəldiklərini bilməyərək xalis iranlı kimi özlərini hiss etdilər. İranlı kimi düşünüb iranlı kimi yaşadılar”. Məhəmməd Əmin “mənəvi məğlubiyyət” adlandırdığı bu aşınmanın səbəbini şəriətçi fars şiə bürokratiyasında görürdü: “Şiəlik İran türklərini o qədər farslaşdırmışdır ki, indi onlar kəndilərini türkləşmiş fars, yəni əslən iranlı tələqqi edərlər! Farslar yalnız mənəviyyat sahəsində qalmamışlar, idarei-mülkiyyə ümurunda dəxi nüfuzlarını bir dərəcə mühafizə edə bilmişlərdir”. Bu mənəvi məğlubiyyətin tarixi kökü isə, yuxarıda söylədiyimiz kimi, Şah Abbas dövründə paytaxtın İsfahana, Nadir şah zamanında isə Tehrana daşınaraq Azərbaycan mədəni arealından qopması, şəhərləşmə problemləri dayanırdı.  Bunu Məmməd Əmin Rəsulzadə belə ifadə edirdi:  “Min ildən bəri islam Şərqindəki siyasi hakimiyyət, ümumən, türklərə məxsus olmaqla yanaşı, bu hakimiyyətdəki sabitlik, Türküstan çöllərindən ara-sıra gələn axınlar nəticəsində zaman-zaman çox mühüm sarsıntılara uğramış, məmləkət rəqabət aparan qüvvə və sülalələrin mübarizə səhnəsinə çevrilmişdi. Biri digərini əvəz edərək bu yerlərdə səltənət quran türk sülalələri, ümumiyyətlə, köçəri tayfa başçıları tərəfindən təsis olunurdu. Ərəblərdən əvvəl qədim İran imperiyasının hökm sürmüş olduğu bu yerlərdə isə şəhər həyatı İranın qədim mədəni ənənələrinin təsirini daşıyırdı. Bu ənənələrlə üz-üzə gələn köçəri hökmdarlar istər-istəməz şəhərliləri və mədəniləşmiş digər ünsürləri idarə etmək üçün yerli məmurların bilik və təcrübəsinə möhtac idilər”.  Rəsulzadənin daha bir dəqiq rəyi isə belə idi:   “Qacarların zamani-səltənətlərində bir qaç kişi zühur edərək Avropa mədəniyyətinin İrana idxali yolunda mücahidə etmişlər və xalqın təcəddüd və tərəqqisinə hizmətdə müvəfəqqiyyətlə şöhrətyab olmuşlardır. Bunların miyanında türk şahzadələrindən vəliəhdi-səltənət Abbas Mirzə birincilik şərəfini ihraz edər. … Əgər bu rus müharibəsi və binəticə məğlubiyyət olmaya idi, bu məğlubiyyət seyyiəsi olaraq Abbas Mirzənin başlamış olduğu təşəbbüsat akim qalmaya idi, ehtimal ki, İranın təkamülü-siyasisi başqa bir yolda yürür və İran bu günkü halına gəlməmiş olurdu. Abbas Mirzədən sonra sədri-əzəmlərdən bir qaçı daha islahat fikrinə düşmüşlər və bəzi təşəbbüslərdə dəxi bulunmuşlarsa da Abbas Mirzə qədər bir müvəffəqiyyətə məzhər olmamışlardır. Abbas Mirzə sülaleyi-qacariyyənin ilk hökümdarlarından Fətəli şahın oğlu idi. Vəliəhdi-səltənət olduğu halda Naibüssultan ünvanı ilə Təbrizdə otururdu və türk şəhərini kəndi islahati-vətənpərvəranəsinə mərkəzi-fəaliyyət ittixaz etmişdi. O zamandan bəri Təbriz vəliəhdnişin olmuş və Qacar sülaləsindən gələn şahlar həp Təbrizdə böyümüş və o türk mühitində tərbiyə almışlardır. Vəliəhdlər, Azərbaycan vilayətinin böyük valisi rütbəsini haiz edərlər. İrəlidə şahlıq məqamını ihraz edəcəklərindən əhalinin hörmətinə məzhər olmaq əməliylə vəliəhdlər bittəb seyyiəti-idarəyə o qədər meydan verməmişlər, bu sayədə Azərbaycan vilayəti sair vilayətlərə nisbətlə daha müsaid şəraiti-siyasiyyəsi təhtində yaşamış, ruh və mənəviyyatca daha az əzilmişdir. Bundan başqa şahlar ələlümum Azərbaycanda böyüdüklərindən kəndilərini oralı kimi tələqqi etmişlər və daima Azərbaycan mənafeyini başqa vilayətlərə müqəddəm tutmuşlardır”. Bu geniş iqtibasdan da göründüyü kimi, Məhəmməd Əmin şəriətçi fars-şiə bürokratiyasının və Azərbaycan mədəni arealının Qacar imperatorluğuna təsir fərqini aydın görür və Güney Azərbaycan türklərinə əsl təhdid mənbəyinin yerləşdikləri ərazi, dövlət və sülələ deyil, klerikal aparat olduğunu qeyd edirdi. Eyni məntiqlə onu da deyə bilərik ki, Səfəvilərə münasibətdə də məhz bu yanaşma bucağı əsas götürülməli, Şah İsmayılın qurduğu imperiyada onun özündən yüzillər sonra formalaşmış şəriətçi zümrənin zaman-zaman mövqelərini gücləndirərək dövlətin şah damarlarına uyuşdurucu kimi  hələ də hopması ilə ilk Səfəvilərin tariximizdə oynadığı azman və müsbət rolu qarışdırmamaq lazımdır. Ümumiyyətlə, istər Şah İsmayıla, istər Sultan Səlimə, istərsə də Məhəmməd Əmin Rəsulzadə və Cəfər Pişəvəri kimi siyasi liderlərə klerikal qafa ilə yanaşmaq və yarğılamaq qəbuledilməzdir. Məhz onu anlamalı və qəbul etməliyik ki, Arazın o tayında- Güney Azərbaycanda ən azı 30 milyon Azərbaycan türkü yaşayır və onlar sekulyarlığa və müstəqilliyə can ataraq Babəkin azadlıq, Şah İsmayılın dövlətçilik, Məhəmməd Əminin çağdaşlıq idealları ilə yaşayır. Arxasında Səfəvilər kimi imperiya keçmişi olan bir millət mütləq bu hədəfə qovuşacaqdır. Çünki bizim ortaq tarixi mənəviyyatımız qızılbaşlıq, ortaq düşüncə vasitəmiz türkcə, ortaq hədəfimiz bütövlük, ortaq yurdumuz Azərbaycandır! Taleh Şahsuvarlı


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler