Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Referenduma qarşı aktiv cehdler dövrü arxada qalıb”

15 Ağustos 2016

6:00 am


15/08/2016 [09:59]: xeber –
Son aylarda mətbuat və siyasət aləmində görünməyən ADP sədri Sərdar Cəlaloğlu ölkəyə qayıdıb. İngiltərədə yaşayan övladlarına baş çəkməyə gedən partiya sədri Azərbaycanda olmadığı müddətdə ölkə daxilində və dünyada ciddi proseslər baş verdi. S.Cəlaloğlu ilə sentyabrın 26-da ölkəmizdə keçiriləcək referendum, referendum qərarından sonra ölkə müxalifətinin pərakəndə mövqeyi və fəaliyyəti, Türkiyədə iyulun 15-də baş verən hərbi qiyam, Azərbaycan, Rusiya və İran prezidentlərinin Bakı sammiti, eləcə də, Türkiyə və Rusiyanın dövlət başçılarının Peterburq görüşü və digər məsələləri şərh etdik.ADP sədri ölkədə olmasa da, hadisələri yaxından izlədiyini bildirdi: “Hər gün, hər saat baş verənləri yaxından izlədim. Amma ölkənin daxilində olmadığımdan, mətbuatla işləmədim. Bunun üçün hadisələrə mövqeyim olmadı. Qarşıdan gələn referendumla bağlı kifayət qədər yazılarım oldu. Partiyamızın da mövqeyi bu məsələdə kifayət qədər aydındır. Azərbaycanda olmadığım üçün müxalifətin referendumla bağlı bir araya gələ bilməməsi ilə maraqlana bilməmişəm. Amma onu qeyd edim ki, bizim referendum təcrübəmiz var. Əvvəlki referendumu xatırlayanlar bilir. Bu baxımdan hesab edirəm ki, referenduma qarşı aktiv cəhdlər dövrü arxada qalıb. Sadəcə olaraq, bundan sonrakı əlaqələri, fəaliyyəti düşünmək lazımdır. Yəqin ki, bu da olacaq. Açığı referendumla bağlı heç bir təklifim yoxdur. Bu həftə partiyamızın İdarə Heyətinin iclasını çağıracağıq. Partiyanın mövqeyini açıq şəkildə bəyanat üzərindən açıqlayacağıq. Hər hansı bir etiraz qrupunda yer almağımız gözlənilmir. Keçiriləcək bu referendum bəzi şəxslərin hakimiyyətə gəlmək yollarını bağlamaq üçündür. Bundan əvvəlki referendum da eyni məqsədi daşıyırdı. O zaman bəzi qüvvələrin iqtidara gəlməməsi üçün referendum keçirildi”.S.Cəlaloğlunun Türkiyədəki 15 iyul gecəsi ilə bağlı mövqeyi belə oldu: “Ərdoğanın xarici siyasəti ilə bağlı məqalə yazmışdım. Orada bu hadisələrin təxmini proqnozlarını vermişdim. Aparılan siyasətin Türkiyəyə böyük sürprizlər gətirəcəyini vurğulamışdım. Çünki Türkiyə bir sıra ölkələrin maraqlarını tapdalayır, onların maraq dairələrinə daxil olurdu. Təbii ki, bu, həmin qüvvələr tərəfindən birmənalı qarşılana bilməzdi. Bunların hamısı Ərdoğanın haqlı olaraq, müsəlman və türk dünyasını müdafiə etməsi ilə bağlıdır. Hesab edirəm ki, hərbi çevriliş cəhdinin baş tutmaması və hadisələrin bu cür cərəyan etməsi Türkiyəni qat-qat gücləndirdi. Bundan sonra Türkiyə düşmənləri qarşısında kifayət qədər güclü müqavimət göstərə biləcək. Düşmən qüvvələr də açıq şəkildə bir daha belə addım atmağa cəsarət etməyəcəklər. Nəzərə almaq lazımdır ki, Türkiyə  hazırda dünya siyasətini vaxtilə müəyyən edən bir dövlətin varisi kimi meydandadır. Osmanlı tarixini bugünkü cümhuriyyət tarixi ilə qətiyyən ayıra bilmərik. Bu xalq birdən-birə dünya siyasətində rol oynamağa başlamayıb. Bundan sonra da Türkiyə dünya siyasətində öz sözünü deyəcək. Buna da dünya gücləri yaxşı baxmırlar. Ona görə çalışırlar ki, Türkiyəni ərəb və Afrika ölkələrinə çevirsinlər. Bu baxımdan aparılan siyasət üst-üstə düşmür. Nəticədə vəziyyət Türkiyənin əleyhinə yox, xeyrinə yönəldi”.Sərdar bəy çoxdan gözlənilən Putin-Ərdoğan görüşünə də toxundu: “Bu görüş Türkiyə-Rusiya arasında yaranmış soyuqluğu aradan qaldırmağa xidmət edirdi. Bu istiqamətdə proseslər inkişaf edəcək. Amma bunu Türkiyənin xarici siyasətində köklü dəyişikliklər kimi qiymətləndirmirəm. Rusiya tərəfi zaman keçdikcə öz səhvlərini dərk edib, Türkiyənin iradlarına qulaq asacaq. Amma nəzərə almaq lazımdır ki, Türkiyə Avropa üçün nə qədər vacibdirsə, Avropa da Türkiyə üçün o qədər vacibdir. Oxşar taleli insanları necə ki, bir-birindən ayırmaq mümkün deyil, eləcə də, Türkiyə və Avropanı bu cür düşünmək lazımdır”.Müsahibimiz ötən həftə Azərbaycan-Rusiya-İran prezidentlərinin iştirakı ilə keçirilən Bakı sammitinin Qarabağ münaqişəsinin həlli istiqamətindəki rolundan da söz açdı: “Düşünürəm ki, bu görüşlər Qarabağ probleminin həllində fundamental dəyişikliklərə səbəb olmayacaq. Amma hər halda irəliyə doğru bir addımdır. Bu dövlətlər arasında bəzi ziddiyyətli məqamlar var. Bunlar aradan qalxsa, irəliyə doğru addım atmaq olar. İndiki halda əsas siyasət Türkiyəni Avropa və Amerikadan ayırmaqdır. İranın Türkiyəyə xoş münasibəti o siyasətə qulluq edir ki, Türkiyə ənənəvi müttəfiqlərindən imtina eləsin. Azərbaycan-Rusiya-İran prezidentlərinin, eləcə də, Putin-Ərdoğan görüşləri buna xidmət edir. Buradan başqa nəticə çıxarmaq olmaz. Qardaşlıq siyasəti burada ola bilməz. Əgər elə olsaydı, Rusiya Qarabağ məsələsində ədalətli mövqe tutar, problemin həllinə öz töhfəsini verərdi. Bu proseslərdə Ermənistanın görünməməsi onların təklənməsi anlamına gəlməməlidir. Çünki Rusiya onsuz da onların adından danışır. Onlar bir qüvvədirlər”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler