Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qember Hüseynlinin 100 illik yubileyi qeyd olunub- FOTO

11 Kasım 2016

5:04 pm


11/11/2016 [21:01]: xeber –
sayt “Şərq qapısı” qəzetinə istinadən xəbər verir ki, noyabrın 11-də Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında görkəmli bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyi qeyd olunub.Naxçıvan Muxtar Respublikası Mədəniyyət və Turizm Nazirliyi ilə muxtar respublikanın Bəstəkarlar Təşkilatının birgə keçirdikləri tədbirdə Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri Natəvan Qədimova çıxış edərək bildirib ki, bu il bəstəkar Qəmbər Hüseynlinin anadan olmasının 100 illiyi tamam olur. Bununla bağlı olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Bəstəkar Qəmbər Hüseynlinin 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında keçirilməsi ilə əlaqədar Tədbirlər Planının təsdiq edilməsi haqqında” 2015-ci il 2 dekabr tarixdə Sərəncam imzalayıb. Təsdiq edilmiş Tədbirlər Planına əsasən, muxtar respublikamızda Qəmbər Hüseynlinin 100 illik yubileyi ilə bağlı konfrans və bir sıra tədbirlər keçirilib. Bugünkü yubiley də Tədbirlər Planına əsasən keçirilir.Qeyd olunub ki, görkəmli bəstəkar Qəmbər Hüseynli milli musiqi sənətimizə təkrarsız və özünəməxsus çalarlar gətirib, öz əsərləri ilə qəlbləri fəth edə bilib. Muğam və el havalarını, aşıq musiqisini, Azərbaycan poeziyasını dərindən mənimsəyən bəstəkar həm də fitri istedadı sayəsində gözəl mahnılar və romanslar müəllifi kimi tanınıb. O, professional musiqi tariximizə məhz mahnı bəstəkarı kimi daxil olub, bütün yaradıcılığı boyu bu janrda təkrarolunmaz əsərlər yaradıb. Müasirləri və bəstəkarın irsinin tədqiqatçıları qeyd edirlər ki, Qəmbər Hüseynli mahnı yaradıcılığında həmişə estetik prinsipləri diqqətdə saxlayırdı. Bəstəkar özü də qeyd edirdi ki, musiqi ilk notlarda dinləyicidə gözəllik duyğusu oyatmırsa, qəlbdə həyəcan yaratmırsa, bəstəkarlıq etməyə dəyməz. Yüksək zövq, musiqi ilə bərabər sözə də tələbkar olmaq onun əsas prinsiplərindən idi. Bəstəkarın musiqisində həmçinin melodiyaların şairanəliyi, ürəyə yatımlığı, zərifliyi və axıcılığı diqqəti cəlb edir. Onun mahnılarında melodiya mahnının əsas qayəsini təşkil edir. Yüksək ilham, harmoniya və orkestrləşdirmə isə onun yaradıcılığının düsturudur. Buna görə də Qəmbər Hüseynlinin mahnıları və romansları bu gün də sevilə-sevilə dinlənilir.“Bəstəkarın mahnılarını tanınmış Azərbaycan müğənniləri dəfələrlə özünəməxsus şəkildə ifa edib və etməkdədirlər. Onun mahnıları İran, Özbəkistan, Əfqanıstan və Türkiyə müğənniləri tərəfindən də sənətkarlıqla ifa olunmaqdadır”, – deyən Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri bildirib ki, Qəmbər Hüseynli gənc yaşlarında Hüseyn Cavidin “Şeyx Sənan”, Əbdürrəhim bəy Haqverdiyevin “Dağılan tifaq”, Cəfər Cabbarlının “Almas”, “Solğun çiçəklər”,Zeynal Xəlilin “Qatır Məmməd” və bir sıra digər tamaşalara musiqilər bəstələyib. Sonralar isə bəstəkar tanınmış şair Mirmehdi Seyidzadənin “Qızılquş” poeması əsasında opera yazıb.Vurğulanıb ki, tədqiqatçılar Qəmbər Hüseynlinin yaradıcılığından çox yazsalar da, bəzən bəstəkarın ömür yolunun çətinliklərindən, əziyyətlərindən az söhbət açırlar. Belə ki, bəstəkar hələ çox gənc ikən Stalin repressiyasının acılarını yaşayıb. Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad kimi görkəmli şairlərimizin haqsız yerə məhvinə dözə bilməyən gənc Qəmbərin etirazı onun həbsinə səbəb olub. 1943-cü ildə 10 il həbs cəzası verilən bəstəkar 1947-ci ildə həbsdən azad edilib. Xalq şairimiz Bəxtiyar Vahabzadə ilə bu illərdə tanış olan bəstəkar sonralar dostunun şeirlərinə musiqi bəstələyib. Bəxtiyar Vahabzadə isə bəstəkarın və özünün hansı qorxuların, əzab-əziyyətlərin şahidi olduğunu, repressiya illərinin məşəqqətlərini 1988-ci ildə yazdığı “İki qorxu” poemasında sənətkarlıqla təsvir edib.Hər bir sənətkarın yaradıcılıq nümunələrinin onun şəxsiyyətindən, istedadından, mənəvi dünyasından və intellektindən doğduğunu deyən Natəvan Qədimova qeyd edib ki, bu mənada, Qəmbər Hüseynli yaradıcılığı Azərbaycan musiqi sənəti inciləri arasında yüksək zirvələrdən birini tutur.Naxçıvan Muxtar Respublikası mədəniyyət və turizm naziri görkəmli bəstəkarın həyat və yaradıcılığına göstərdiyi diqqətə, onun 100 illik yubileyinin Naxçıvan Muxtar Respublikasında geniş şəkildə qeyd olunmasına görə bütün musiqişünaslar adından Ali Məclisin Sədrinə minnətdarlığını ifadə edib.Naxçıvan Muxtar Respublikası Bəstəkarlar Təşkilatının sədri Yaşar Xəlilov deyib ki, Qəmbər Hüseynlinin mahnı və romansları lirizmi, milli musiqi və poeziya ilə üzvi bağlılığı, yeni intonasiya çalarları ilə fərqlənir. Ümumiyyətlə, vokal janrına aid nümunələr bəstəkarın yaradıcılığında mühüm yer tutur. Qəmbər Hüseynli eyni zamanda simli kvartet üçün pyeslərin, fortepiano üçün variasiyaların və pyeslərin, dram tamaşalarına bəstələnmiş musiqilərin müəllifidir. Uşaqlar üçün yazılmış “Cücələrim” mahnısı, əsl mənada, ona dünya şöhrəti qazandırıb. Bəstəkarın musiqi üslubu xalq musiqisinin ən qiymətli özəyini – lad, intonasiya, ritm, formayaradıcı xüsusiyyətlərini özündə cəmləşdirir. Onun mahnı-romans yaradıcılığı milli musiqi sənətimizin qiymətli səhifələrini təşkil edir.Tədbirin bədii hissəsində Naxçıvan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrinin, filarmoniyanın xorunun və solistlərinin ifasında Qəmbər Hüseynlinin “Olan oldu”, “Ay işığında”, “Qoy dolanım başına”, “Ömrümün yazısan”, “Muğana ceyran”, “İlk xatirələr”, “Dağlar” və digər mahnıları səsləndirilib. Bəstəkarın dünyanın müxtəlif ölkələrini gəzən “Cücələrim” mahnısı Naxçıvan Dövlət Uşaq Filarmoniyasının mahnı və rəqs ansamblı tərəfindən ifa olunub və alqışlarla qarşılanıb.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler