Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağla bağlı şok senedler üze çıxdı…

13 Temmuz 2016

12:24 pm


13/07/2016 [16:23]: xeber –
Keçmiş Azərbaycan SSR-in Dağlıq Qarabağ Muxtar Vilayətində separatçı meyllərin ilk təzahürləri meydana çıxan illərdə (1988-1989) Bakının və Mərkəzin, şübhəsiz ki, vilayətin erməni əhalisinin bir qisminin antikonstitusion tələblərini kökündən kəsməyə kifayət qədər gücü və vasitələri var idi. Lakin keçmişə qayıtmaq mümkün deyil, fəqət belə təsəvvür etsək ki, o vaxt Ermənistandan qaçqın düşmüş 250 min nəfər DQMV-yə köçürülsəydi, SSRİ DİN Daxili qoşunları, ölkə DTK-sı və Sovet Ordusu eyni zamanda Dağlıq Qarabağa göndərilsəydi, hadisələr tamam başqa ssenari üzrə inkişaf edərdi və indiki mənzərə meydana gəlməzdi. Hərçənd, o zaman Azərbaycan KP MK-nın baş katibi olmuş Kamran Bağırov və partiyanın Bakı şəhər Komitəsinin birinci katibi Fuad Musayev erməni separatçılığının qarşısını almaq üçün məhz bu təklifləri vermişdilər. Onlar hətta buna cəhd də etmişdilər, lakin Moskva bu hərəkətlərin qarşısını almış və Azərbaycanı marionet Əbdürrəhman Vəzirovun ixtiyarına vermişdi. Yeni “birinci” Kremlin göstərişlərinə riayət edərək Ermənistan qaçqınlarının DQMV-yə köçürülməsinə qadağa qoydu. Və Qarabağ düyünü daha da möhkəm sıxılmağa başladı. Virtualaz.org-un əlinə unikal arxiv sənədləri keçib ki, həmin sənədlərdə o zaman Ermənistan SSR rəhbərliyinin bütün azərbaycanlı əhalisini respublikadan planlı şəkildə qovması və Qarabağın faktiki işğalına hazırlığı, Moskvanın sözünə baxmamaqdan qorxan Azərbaycan rəhbərliyinin passiv müdafiə mövqeyi seçməsi və “sarsılmaz xalqlar dostluğu”ndan danışması əsk olunub. Eyni zamanda, bu sənədlər ermənilərin o zaman Azərbaycanda onlara qarşı guya ki yürüdülmüş izləmə və hətta az qala soyqırımı siyasəti barədə təbliğatını alt-üst edir. 6 may 1989-cu ildə Azərbaycan Nazirlər Sovetinin o vaxtkı sədri Ayaz Mütəllibov tərəfindən imzalanmış və 13 bənddən ibarət olan “Azərbaycan SSR Nazirlər Sovetinin 205 saylı Qərarı”nın preambula hissəsində deyilir: “Azərbaycan SSR Nazirlər Soveti qeyd edir ki, DQMV-də və onunla əlaqədar hadisələrə, Ermənistan SSR-də və Azərbaycan SSR-də icazəsiz keçirilən mitinqlərə və tətillərə görə millətlərarası münasibətlərin son dərəcə kəskinləşməsi nəticəsində 1988-ci ilin ikinci yarısı ərzində azərbaycanlı və erməni vətəndaşların böyük miqdarı daimi yaşayış yerlərini tərk etməyə məcbur oldu. Ermənistan əhalisinin azərbaycanlılardan ibarət hissəsi (135 min nəfər) cari il yanvarın əvvəlinədək əslində hamılıqla respublikaya köçdü. On minlərlə erməni vətəndaş da Azərbaycandakı daimi yaşayış yerlərini tərk etdi. Son dərəcə gərgin bir şəraitdə on minlərlə köçkünü qəbul etmək, respublikanın rayon və şəhərlərində müvəqqəti yerləşdirmək, onları evlə, yeməklə və lazımi tibbi xidmətlə təmin etmək üçün Azərbaycan KP MK-nın rəhbərliyi ilə təsirli tədbirlər görülmüşdür. Köçkünlərin müvəqqəti yerləşdirildiyi bütün rayon və şəhərlərdə təxirəsalınmnaz məsələlərin operativ həlli üçün rayon, şəhər partiya komitələrinin birinci katiblərinin və ya rayon (şəhər) icraiyyə komitələri sədrlərinin sədrliyi altında xüsusi əməli komissiyalar yaradılmışdır. Ermənistan SSR-də daimi yaşayış yerlərini tərk etmiş vətəndaşlara kömək üçün nazirliklərin, baş idarələrin, müəssisə və təşkilatların, respublikanın bütün əhalisinin imkanları səfərbər edilmişdir. Yerli büdcə hesabına köçkünlərə 20 milyon manat, “Qayğı” Cəmiyyəti tərəfindən 3,8 milyon manat məbləğində maddi yardım göstərilmişdir”. Ən əsası isə, sənəddə qeyd olunur ki. “1989-cu ilin may ayına olan vəziyyətə görə görülmüş tədbirlər nəticəsində əvvəllər Azərbaycanı tərk etmiş ermənilərin üçdə bir hissəsi, yaxud 48 min nəfəri respublikaya, öz evlərinə, iş yerlərinə qayıdıblar”. Və bu o zaman baş verir ki, Ermənistanda bir nəfər də azərbaycanlı qalmayıb. Ermənilərin Azərbaycana qayıtması onu göstərir ki, tarixi vətənlərində millətin Bakı nümayəndələri nə qayğı, nə anlaşılma, nə də yardım görməyiblər. Məhz orada onlar dərk ediblər ki, bunlardan sadəcə bir vasitə kimi istifadə ediblər və Azərbaycan torpaqlarini zəbt etməyə hazirlaşan Ermənistan hakimiyyəti üçün onlar lazımsız və xərc tələb edən ballastdır. Qohum-əqrəbalarından bir yardım görməyən 48 min erməni Azərbaycana, öz evlərinə qayıtmağı üstün tutdular. Sənəddə daha sonra deyilir: “Millətlərarası münasibətlərin normallaşdırılması, daimi yaşayış yerlərini məcburi tərk etmiş əhaliyə fəal kömək göstərilməsi və SSRİ Nazirlər Sovetinin 15 aprel 1989-cu il tarixli 321 nömrəli qərarının yerinə yetirilməsi məqsədilə Azərbaycan SSR Nazirlər Soveti qərara alır: Azərbaycan SSR nazirlikləri, baş idarələri. Naxçıvan MSSR Nazirlər Soveti, rayon və şəhər xalq deputatları Sovetlərinin icraiyyə komitələri azərbaycanlı və erməni vətəndaşların tərk etdikləri daimi yaşayış yerlərinə könüllü şəkildə qayıtmasına hər vasitə ilə şərait yaratsınlar (bununla birlikdə, sənəddə qeyd olunmur ki, zorla Ermənistandan qovulmuş azərbaycanlılar həyatlarına təhlükə olmadan daimi yaşayış yerlərinə necə qayıda bilərlər); Naxçıvan MSSR Nazirlər Sovetinə, rayon və şəhər xalq deputatları Sovetlərinin icraiyyə komitələrinə tapşırılsın ki, tərk edilmiş yaşayış yerlərinin başqa şəxslər tərəfindən tutulmasına tol verməmək məqsədilə həmin yaşayış yerlərinin ciddi uçotu aparılsın, daimi yaşayış yerlərini tərk etmiş azərbaycanlı və erməni vətəndaşların əmlakına vurulmuş zərərin miqyasları barədə ətraflı hesabat hazırlanaraq 20 iyul 1989-cu il tarixindən gec olmayaraq Respublikalararası komissiyaya təqdim edilsin (yenə də ermənilərin qeydinə qalan hökumət nədənsə yaşamağa yerləri olmayan, Ermənistandan qovulmuş azərbaycanlıların yaşayış yerləri ilə təmin edilməsi problemini nəzərə almır); İctimai təşkilatlar və hüquq-mühafizə orqanları respublikada vəziyyətin stabilləşdirilməsi və öz daimi yaşayış yerlərinə qayıtmış vətəndaşların təhlükəsizliyinin təmin edilməsi üçün əlavə tədbirlər görsünlər; Müəssisələrə. Təşkilatlara və baş idarələrə əvvəllər daimi yaşayış yerlərini tərk etmiş şəxslərin əvvəlki iş (təhsil) yerlərində bərpası tapşırılsın”. Bütün bunlar onu göstərir ki, Azərbaycan hakimiyyəti bütün gücü ilə gərginliyi azaltmaq və vəziyyəti normallaşdırmaq istəyirdi. Hətta respublika televiziyasına və radiosuna tapşırılmışdı ki, “millətlərarası münasibətlərin normallaşması”nı geniş işıqlandırsınlar və azərbaycanlılarla ermənilərin daimi yaşayış yerlərinə qayıtmalarına yönəlmiş təbliğat işini gücləndirsinlər, həmçinin ermənilərin daimi yaşayış yerlərində DİN kadrlarının şəxsi heyətinin sayı artırılsın. İndi heç də azərbaycanlıların təşəbbüsü ilə dağıdılmamış əvvəlki sülh şəraitində yaşayışa bu cür sadəlövh qayıtmaq cəhdlərini oxumaq da gülməlidir. DİN-in şəxsi heyətinin isə gücləndirilməli olduğu yeganə yer DQMV idi, çünki vilayət rəhbərliyi az qala 100% yerli ermənilərdən təşkil olunmuşdu və bütün şəxsi heyət dərhal separatçıların tərəfinə keçmişdi. Separatçıların rəhbərlərini tutmaq əvəzinə Xankəndindəki milis rəisləri onları öz evlərində gizlədirdilər. Moskva tərəfindən formalaşdırılmış Azərbaycan rəhbərliyi isə separatizm mənbəıyinə çevrilmiş vilayətdə qayda0-qanun yaratmaq yerinə Mərkəzin çaldığına oynayır və “azərbaycanlılarla ermənilərin çoxəsrlik dostluğu” barədə söhbətlərlə təsəlli tapırdı. O zaman əsas məqsədinə – Qarabağın Azərbaycandan ayrılmasına çatmaq naminə Ermənistanın faktiki olaraq Moskvanın tabeçiliyindən çıxmasına baxmayaraq, Bakıda hələ də Kremlin göstərişlərini gözləyirdilər. Nəticədə, erməni separatçılığına göz yuman SSRİ dağıldı, Azərbaycan isə torpaqlarının 20%-nə nəzarəti əldən verdi.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler