Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağın çöreyini yeyen 28-ci hemsedr gelir…

26 Ekim 2016

5:44 am


26/10/2016 [09:42]: xeber –
Zahid Oruc: “Çox mümkündür ki, Minsk Qrupu buraxılsın…”1992-ci ildən fəaliyyət göstərən ATƏT-in Minsk Qrupunun bugünlərdə rotasiya qaydasında sayca yeni, 28-ci həmsədri bəlli oldu. “Qarabağın çörəyini yeyənlər”in sırasına beləcə, fransalı 54 yaşlı diplomat Stefan Viskonti də qoşulmağa hazırlaşır. Yada salaq ki, Minsk Qrupunun 11 üzvü var: Rusiya, Fransa, ABŞ, Belarus, Almaniya, İtaliya, İsveç, Finlandiya, Türkiyə, Azərbaycan və Ermənistan. Novator.az xatırladır ki, Minsk Qrupunun ilk sədri (1992-1994) italyan Mario Rafaelnli olub. 1994-cü ildə həmsədrlik institutu yaradılıb. Hazırda həmsədrlər Fransadan Pyer Andriyo, Rusiyadan İqor Popov, ABŞ-dan Ceyms Uorlikdir. İndiyədək həmsədr postunda 24 diplomat çalışıb:İsveç – Yan Eliasson; Finlandiya – Rine Niberq; Rusiya – Vladimir Kazimirov, Valentin Lozinski, Yuri Yukalov, İqor Studennikov, Nikolay Qribkov, Yuri Merzlyakov; Fransa – Jak Blo, Jorj Vojye, Jan Jak Qayard, Filip de Sürmen, Anri Jakole, Bernar Fasye, Jak For; ABŞ – Stroub Telbott, Cozef Pressel, Linn Pasko, Donald Kayzer, Kerri Kavano, Rudolf Perina, Stiven Mənn, Metyu Brayza, Robert Bradtke.Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya məsələləri komitəsinin üzvü Zahid Oruc həmsədrlərin ötən dövrdəki fəaliyyətsizliyini belə şərh etdi: “Pyer Andryu regiona səfərini digər həmsədrlərlə razılaşdırmasına baxmayaraq, Fransanın Cənubi Qafqazın geopolitikasında baş verən dəyişikliklərə biganə qalmadığı aydın şəkildə özünü büruzə verir. Avropa Birliyində yaşanan sistemdaxili böhrana, Britaniyanın qurumu tərk etməsinə rəğmən, Rusiya yaranmış əlverişli beynəlxalq fürsəti öz maraqları baxımından fəal şəkildə dəyərləndirməyə çalışır. Aprel döyüşlərindən sonra Qarabağ münaqişəsinin həllindən tamam uzaqlaşdığını görən Qərb dövlətləri müxtəlif təşəbbüslərlə regiona gəlməyə məcburdur, lakin Moskvanın Qafqaza hazırkı təsirinin güclənməsi qarşısında əsaslı tədbirlərə qadir deyil. Düzdür, Oland və Kerri maksimal dərəcədə çalışaraq Əliyevlə Sarkisyanı bir masa arxasında əyləşdirə bildilər, lakin Moskvanın buna razılığı sırf sanksiyalar üzündən Qərblə diplomatik danışıqlar müstəvisini qapatmamaq cəhdinə görəydi. İndi Fransa Ermənistanda baş qaldıran anti-Rusiya əhval-ruhiyyəsini görür və dərinləşən sosial-iqtisadi böhran fonunda hakimiyyət uğrunda mübarizə aparan qüvvələrin Qərbə doğru üzlərini çevirmələrini stimullaşdırmağa çalışırlar”. Ancaq deputat hesab edir ki, Avropa Birliyinin siyasəti nə qədər aktivləşsə də Ermənistanın üzünü Rusiyadan döndərmək o qədər də asan deyil: “Üstəlik, son bir ildə Tehran-İrəvan əlaqələri təkcə Bakıya qarşı deyil, həm də Birləşmiş Ştatların əleyhinə yönəlib. Belə qənaətə gəlməyə yetərli əsaslarımız var. Moskvadan üzülüşməyə çalışan ənənəvi qüvvələrin fonunda Birləşmiş Ştatların səfirliyi erməni cəmiyyətinin təmsilçiləri ilə əlaqələrini dərinləşdirməkdədir. Hər halda, kəşfiyyat məlumatlarının mediaya çıxan hissələri belə düşünmək üçün tam əminlik yaradır. Bir çoxları hətta Sərkisyanın son səfərini atlantistlərin tələbinə boyun əymək kimi qiymətləndirir. Belə olan təqdirdə, Fransa onsuz da Ermənistanla zəif olan ticarət maraqlarına görə deyil, sırf Moskvanı Qarabağ prosesində həlledici üstünlüyə yiyələnməyə qoymamaq üçün müxtəlif cəhdlərdə bulunurlar”. Z.Oruc ilin sonunadək prezidentlərin Avropa paytaxtlarından birində görüşünü istisna eləmir: “Lakin nə Fransanın, nə də ABŞ-ın regiona baxışı və Cənubi Qafqazın geopolitikasına dair siyasi seçimi hələ müəyyən olunmayıb. Onların formulu ilə münaqişə çözülməz. Daha sadə dillə ifadə etsək, münaqişələrin çözümü üçün, məsələn, Krım probleminə Qərbin baxışındakı vahidlik burada yoxdur. Qafqaz Rusiyanın əsas maraq zonası olaraq qalmaqda davam edir. Ona görə də ATƏT Qarabağ münaqişəsinin çözümü üçün əlverişli beynəlxalq format olmaqdan çoxdan çıxıb. Yaxın Şərqin gələcək taleyindən asılı olaraq, çox mümkündür ki, Minsk Qrupu, ümumiyyətlə, buraxılsın. O ki qaldı diplomatların səfər xərclərinə, zənn edirəm bu ödənişlər Azərbaycan tərəfindən həyata keçirilmir. Lakin on illər ərzində yüzlərlə kiçik rütbəli məmurun Qarabağ məsələsi üzərindən özlərinə karyera qurduqları gerçək bir faktdır və onu dəyişmək hələ ki bizə müyəssər olmayıb”.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler