Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Qarabağımız orada işğalda, ümidgahımız Türkiyemiz burada darda!”

22 Eylül 2016

7:52 pm


22/09/2016 [23:50]: xeber –
Haqlı olaraq Türkiyənin ikinci istiqlal savaşı elan edilən 15 iyul olaylarından 2 ay keçir. Həmin gecə böyük Türk Milləti dünyanın məkrli ssenarilər cızan fitnəkar beyin mərkəzlərinə Osmanlı İmperiyasının 623 ildə keçmədiyi bir dərs keçdi, onun böyüklüyünü əsrlərdir həzm edə bilməyənlərə əsrin deyil, minilliyin qulaqburmasını verdi…Həmin qanlı gecədə Türkiyə, Türk xalqı meydanlarda tək deyildi, çoxsaylı Azərbaycan vətəndaşı da bu mücadilədə öz sözlərini dedi. Belə qəhrəmanlardan biri də sinəsində qaysaq nədir bilməyən Kəlbəcər yarası qövr eləyən keçmiş millət vəkili Əlövsət Ağalarov idi. Həmin qanlı gecədə o da İstanbulda, Boğaziçi körpüsü yaxınlığında yaralandı, amma salamat qurtula bildi…        Beləliklə, Əlövsət Ağalarov həmin şanlı və qanlı gecə haqqında çox möhtəşəm bir yazı qələmə alaraq sayt – a göndərib. Bu yazı bizim ətlə dırnaq kimi eyni Millətin cocuqları olduğumuzu, sevincimizin də, kədərimizin də eyni olduğunu isbatlayan bir ibrətamiz yaddaş kitabçamız da hesab oluna bilər… İnsan seli – bayraq dənizi İstanbulu onsuz da sevirdim. Əsl türk şəhəri kimi! Türkün əzəmətli qalası kimi… Doğrudan da, İstanbul yadellilər tərəfindən salınsa da, mahiyyət etibarı ilə türk şəhəridir! Bu şəhərdə quşlar da şirin türk ləhcəsiylə oxuyur, hər tərəfdən əhatə olunduğu dənizlərin xəfif dalğaları da türk dilində pıçıldaşır. Bəlkə elə şanlı babalarımız da buna görə bu gözəl şəhəri Bizansın caynağından xilas edib əsl sahibinə qaytarıb?! Nə bilmək olar?! Dünyanın gözü zaman-zaman bu şəhərdə olub. İstanbulun türkün əlindən alınması üçün kimlər yuxusuz gecələr, yorğun gündüzlər keçirməyib! Hətta dəli Pyotr da vəsiyyətə oxşar bir sərsəm yazı qoyub gedib. İstanbul bu gün də işğalçı, yadelli militarist güclərin yuxusuna haram qatıb. Ona görədir ki, sağdan da, soldan da, hətta içəridən də olan güclər bu şəhərdən, bu şəhərin qoynuna aldığı bütün Türkiyədən əl çəkmək istəmirlər! İstanbulu həzm edə bilmirlər!..  İstanbulu, həm də onun həzin tarixini publisistik janrda qələmə alan Samihə Ayverdinin “İstanbul gecələri” kitabından sevmişdim, Azərbaycandan Türkiyəyə nəfəslik açan Məmməd Aslanın “Ərzurumun gədiyinə varanda” kitabıyla sevmişdim… Amma bu gecə – bu dəhşətli və müdhiş gecədə bu sirli-soraqlı şəhəri tamam başqa rakursdan sevməyə başladım. “Bu gecə” ona görə dedim ki, həmən o qanlı İstanbul gecəsi yadımda – yaddaşımda elə belə də qalıb: Bu gecə! İllər keçəçək, yenə də o tarixi gecəni xatırlayanda “bu gecə” deyəcəm. “Bu gecə” İstanbulu həm də bütün insanlarıyla birlikdə sevdim. Hətta dünən, srağagün restoranlarda, mağazalarda, taksilərdə, xəstəxanalarda bir lirə söhbətini aparan, bəzən səni aldatmağa çalışan tüccarların cılız hərəkətlərinə baxmayaraq, onların hamısını bu şəhərin qucağında olduğu, onun müdafiəsinə qalxdığı üçün daha da güclü sevgiylə sevdim. Çünki hamı bu gecə bir idi, birlikdə idi, ayaqda idi, ölümlə üz-üzə idi… Axşam saatlarında oteldə televizorun ekranında “Genel kurmaybaşkanını rehin götürüblər” yazısı peyda olanda ətim ürpəşdi: yəqin xain PKK-çıların işidir, – düşünüb sarsıldım. Dərhal qonşu otağa – Hacının otağına keçib soruşdum ki, bu nədir, bir məlumatın yoxdur? Çiyinlərini çəkib “bilmirəm”, – dedi. Bayıra çıxdım. Dostum Məhmət bəyə – qondarma “erməni soyqırımını” arxiv sənədləriylə, faktlarla, sübutlara ifşa edən araşdırmaçı, elm adamı Məhmət Pərinçəyə zəng vurdum. Dedi ölkədə “darbə” təhlükəsi var, babam bu saat televiziya ilə xalqa müraciət edir. Otağa qayıtdım və televizorda müxalifət partiyasının sədri Doğu bəyin çıxışına baxdım. Heç nə anlamırdım – içimdən bir sızıltı keçdi: bəlkə bunlar da çevriliş edənlərə dəstək verirlər!.. Müxalifətçidirlər axı! Təkrar Məhməti yığdım. “Baban kimin tərəfindən danışır, xalqı küçələrə səsləyir? Babam da, biz də dövləti dəstəkləyirik, hərbi çevrilişi yönəldən fətullahçılara qarşı hakimiyyətlə, xalqla bir yerdəyik!” Doğrudan da, qürur duyulacaq addım idi! Sən heç nəyə – aradakı iqtidar – müxalifət umu-küsüsünə rəğmən dar gündə dövlətinin yanındasan! Bəlkə də həmən gecə Türkiyəni fəlakətdən məhz bu birlik – Milli Birlik xilas etdi. CHP-də, MHP-də, AKP-də, Vətən partiyası da bir yumruq kimi birləşib okeanın o tayından, sağdan, soldan, hətta içəridən olan təhlükəni dəf etməyə hazır idilər!.. Digər kanallardan Baş nazir Binəli Yıldırımın sanki aydın səmada çaxan şimşək səsi kimi gurultulu səsi gəlirdi: “Ya kimlərinsə köləsi kimi sürünməliyik, ya da ayağa qalxıb xalqımızı, Türkiyəmizi xilas etməliyik!” Baş nazirin qətiyyətinə, cəsarətinə heyran qalmamaq mümkün deyildi. Onda prezident Rəcəb Tayyib Ərdoğan hələ televiziya vasitəsi ilə xalqa müraciət etmək imkanından məhrum idi. Əsl lider, xarizmatik Baş nazir hörmətli Binəli bəy dəmir məntiqi, ağıllı gedişi ilə xalqı bir yerə toparlaya bildi, göstərdi ki, Türkiyə təkcə güclü Ərdoğandan ibarət deyilmiş, onun layiqli davamçısı, sadiq dostu, ekstremal şəraitdə düzgün qərar qəbul etməyə malik Baş naziri varmış! Onda anladım ki, hörmətli Ərdoğanın Baş nazir seçimi çox uğurlu imiş. Üzməyi bacarmayan adam dənizdə boğulmaq təhlükəsi yarananda vəziyyətdən panikaya düşüb əl-qol atmaqla yox, ağlını işə salıb xilas olmağı bacarmalıdır. Panikaya düşdünsə, batdın!  O gecə xalqı, dövlət məmurlarını panikaya düşmədən batmaqdan xilas edən ilk adam Binəli bəy oldu. Və sübut etdi ki, böyük Türkiyə dövlətini qüdrətiylə qoruyub saxlayan prezident Ərdoğan tək deyil! Çünki Binəli Yıldırım xalqını, dövlətini içəridən, bütün varlığıyla sevən adamdır. O bunu əməliylə sübut etdi. Millət üçün, doğma ölkən üçün içəridən yanmırsansa, heç bir çaban fayda verən deyil. Saxta vətənpərvəri, saxta millətçiləri çox görmüşük. Belə saxta millətçilərin arxasında qorxulu yamanlıq gizlənir. Yaltaqlıq da onun kimi: yaltaqlıq edən adamın arxasında qaranlıq cinayət durur. Bu iki hal əsl millətçilərdən məhz bu keyfiyyəti ilə fərqlənir. Hörmətli Binəli Yıldırım qətiyyəti, ağlı, cəsarətli addımlarıyla sübut etdi ki, o əsl millətçi, xarizmatik lider, prezidentinə və xalqına yarınmaqla yox, kişi kimi xidmət edən böyük dövlət adamıdır! Həmən o seytnot anında Binəli bəy özünü itirmədən, çaşmadan, heç bir kəsdən təlimat – filan gözləmədən anidən qəti və doğru qərar qəbul etdi. Bu məqamda türkün böyük şairi Bəxtiyar Vahabzadənin çoxdan oxuduğum bir şeirindən yararlanmaq istəyirəm:  Gecə gedər, gündüz gedər təyyarələr, Məqsədinə dümdüz gedər təyyarələr… İçəridən alışmasa, bu sürətlə, Bu cürətlə gedə bilməz təyyarələr! …Artıq Prezidentlə jurnalistlər əlaqəyə çıxandan sonra, hörmətli Ərdoğanın həmişəki kimi qətiyyətli, ağıllı çıxışını xalq küçələrdə eşidirdi. Camilərdən, səsgücləndirənlərdən xalqa müraciət edilir, millət küçələrə, meydanlara axışırdı. Türkiyə o gecə nəhəng çinar ağacına bənzəyirdi: o çinara ki, kökünə, gövdəsinə, hətta pöhrə budaqlarına belə girmiş gəmirici qurdların dişləri arasında xırçıldaya-xırçıldaya mücadilə aparmalı idi. Ya məhv olmalı –bütün varlığıyla yerə yıxılmalı, ya da özündə güc tapıb silkinməli, vücuduna daraşmış bu gəmiriciləri ayağının altına alıb əzməliydi! Bu gəmiricilər hər yerə daraşmışdı: hərbiyə də, Cümhurbaşkanlığına da, Başbakanlığa da, hüquq-mühafizə orqanlarına da, camilərə də! İndi bunları zərərsizləşdirmək üçün xalqın birliyi, dövlət-millət vəhdəti vacib idi ki, buna da elə həmən gecə nail olundu. İstanbulda, hadisələrin lap içində olduğum üçün əminliklə deyə bilərəm ki, xalqın gücü, birliyi, qətiyyəti olmasaydı yüz Prezident, Baş nazir, general olsaydı belə, İstanbul qan dənizinə dönəcəkdi! Hələ nəhəng Türkiyəni demirəm! Onsuz da hava da, torpaq da, dəniz də qan qoxuyurdu. Vəzifə hərisliyilə alışıb yanan generallar, digər zabitlər, saxta dindarlar – fətullahçılar, əllərində ölümsaçan silahlar olan aldadılmış əsgərlər qana yerikləmişdi! Fətullah adlı saxta dindar bir qoca bütün gücünü, sonsuz kapitalını, türkün düşmənlərini səfərbər etmişdi. Mən ümumiyyətlə bu adamı heç vaxt qəbul etməmişəm, xüsusən də bir neçə il əvvəl bir verilişdə bəddualarını görəndə tamamilə ona nifrət etmişəm. Allahın adından danışasan, müsəlmançılıqdan moizələr oxuyasan, amma hamı tərəfindən lənətlənmiş dul arvad kimi qarğış-nifrin yağdırasan! Peyğəmbərdən sitatlar gətirəsən, amma əsl peyğəmbərini tanımayasan! Hətta təsəvvür edək ki, sənə pislik ediblər, yenə də sən din adamı olaraq bu pisliyi yaxşılığa doğru dəyişməlisən! Peyğəmbərimizdən ibrətamiz bir örnək: Həzrəti Əbu Bəkr nəql edir ki, bir gün peyğəmbərlə küçədən keçəndə müşriklər onu daşa basdılar. Peyğəmbər dəsmalını çıxarıb qanını silir və öz-özünə deyirdi: Allahım, sən bunları cahilliklərinə bağışla. Dözmədim: Ya Məhəmməd, bunlar sənin qanını tökür, sən də bunlara dua edirsən. Astadan dedi ki, Əbu Bəkr, bunlar nadandırlar, cahildirlər, Allahdan bunlara ağıl diləyirəm ki, nadanlıqdan, cahillikdən uzaq olsunlar… İndi inanmıram ki, dini savadı olan Fətullah adlı cahil bunu oxumamış olsun. Sadəcə, mənsəbpərəstlik, var-dövlət hərisliyi bir ayağı gorda olan qocanı düz yoldan çəkindirib. Bəlkə də heç əvvəldən düz yolda olmayıb bu qoca, nə bilmək olar!.. Barbaros bulvardan dönüb sahil yoluna çıxanda öndə gedirdim. Əlimdə türk bayrağı yenicə tanış olduğum adamlarla kütlənin önüylə şüar deyə-deyə irəliləyirdik: Azərbaycan sizinlədir! Bakı sizin yanınızdadır! Yaşasın Türkiyə! Rədd olsun qiyamçılar! və s. Qəfildən sol tərəfdən çıxan hərbi zirehli maşının üstümüzə şığıdığını gördüm. Bir addım da qabağa atmışdım ki, ayağımdan vurub sağ qoluma dəyib məni səkiyə atdı. Sol çiynim üstə yıxıldım və ani olaraq zənn etdim ki, artıq ölmək üzrəyəm. Kütlə maşını dayandırdı və məni ayağa qaldırdılar. Sağ qolum qan içindəydi. Ağrı getdikcə artırdı. Buna baxmayaraq, irəli getməyə, Boğaziçi körpüsündə köməyə tələsirdim. Təəssüf ki, çox gedə bilmədim və ətrafımdakı yeni qardaşlarım məni bir maşına əyləşdirib xəstəxanaya aparmağını xahiş etdilər. Küçələr, meydanlar insan selinə dönmüşdü, hərəkət eləmək mümkün deyildi. Gözümün önündə insan seli, bayraq dənizi çalxalanırdı. Birtəhər özəl bir klinikaya gəldik. İçəri girəndə növbətçidən başqa kimsəni görmədik. Növbətçi dedi ki, hamı meydana gedib. Kiçik bint tapıb qolumun yarasını sarıdı və zülümlə otelə qayıtdım. Hacı məni görüb həm sevinirdi, həm də yaralandığıma, əzildiyimə təəssüflənirdi. Dedim narahat olma, bu bizim taleyimizdir! Orada Qarabağımız işğalda, burada ümidgahımız Türkiyəmiz darda! Sonrakı günlər həkimlərə müraciət edəndə sağ qolumda çat, sol çiynimdə burxulma, gərilmə olduğunu dedilər və ciddi xəsarət almadığıma görə hətta sevindilər də… “Medikal Park” da Oğuz Özcan və Tamer Yazıcı qayğı, diqqət göstərərək köməkliklərini əsirgəmədilər. Növbəti gün axşam Cümhurbaşkanlığından dostlarım və Türkiyə Səhiyyə nazirinin köməkçisi Məhəmməd bəy məni aradı və nə yardım lazımdırsa, edə biləcəklərini söylədilər. Təşəkkür edib dedim ki, məndən narahat olmayın, ağır yaralılarımıza vaxt ayırın. Hətta təklif etdilər ki, sənədlərimi göndərim “darbe” qazisi adı versinlər. Nəzakətlə imtina etdim. Əsaslandırdım ki, daha yaxşı olar ki, Qarabağ qazisi olum, Qarabağ şəhidi olum… Amma mən həmən gecə şəhid olanların, ağır yaralıların olduğunu bildiyim üçün özümün sağ qalmağıma zərrə qədər də sevinmədim. Bircə şeyə sevindim ki, millət ayağa qalxıb dövlətini, türk qürurunu kişi kimi qorudu! Düşmənlərə sevinmək üçün azacıq da olsa, şans vermədi. Dünya gördü ki, türklə güc dilində danışmaq və onu məğlub etmək heç kimə müyəssər olmayacaq! İndi o dəhşətli gecədən xeyli zaman keçib. Oturub soyuq başla götür-qoy edəndə tarixin dərslərindən nəticə çıxarmalı olursan: necə olub ki, bu boyda dövlətin strateji qurumlarına daraşan gəmirici qurdları görən olmayıb, duyan olmayıb?! Axı niyə bu qədər dərinə işləmiş yaranı vaxtında qazıyıb atmayıblar?! Suallar, suallar… Məntiqlisi daha çoxdur. İndi başlayıblar. O boyda sarsıntı, o qədər şəhid, yaralı… Ziyanın yarısından da qayıtmaq xeyirdir, buna da şükür! Amma azacıq da olsa, sayıqlığı itirmək olmaz, arxayınlaşmaq olmaz! Bir məsələni də qeyd edim ki, bizim ölkədə də, FETÖ-çular “ovu” başlayıb. Əlbəttə, axtarılmalı, üzə çıxarılmalı, hadisələr, adamlar hüquqdan kənarda qalmamalıdır. Kimin günahı varsa, hüquqi müstəvidə layiqli cəzasını almalıdır. Amma bəzən mətbuatda, sosial şəbəkələrdə, çöldə-bayırda dost-tanışlarla söhbətlərdə kimin kimdən xoşu gəlmirsə, zor-güc bu xora qoşmaq istəyirlər. Təhlükə bundadır. Ərdoğan demiş, bəzən at izi it izinə qarışır. Təbii ki, Fətullah Gülənin Azərbaycanda vaxtı ilə açdığı xeyli məktəb, lisey, hətta “Qafqaz” adlı universitet də olub. Burada yüksək biliyə sahib olan məzun, tələbə oxuyub, indi ölkəmizin bir çox idarələrində, şirkətlərində çalışırlar. Bu yüksək səviyyəli mütəxəssisləri nədi-nədi, Fəhullahın məktəbində oxumusan deyə, çölə atmaq, FETÖ-çu damğası vurmaq insafsızlıq və ədalətsizlikdir. Bəri başdan onu deyim ki, heç bir yaxın qohumun və yaxud tanışım bu zümrəyə daxil deyildir. Sadəcə, məktəbə gedəndə 6-7 yaşı olan uşaqlar hardan bilməliydilər ki, onların oxuduqları məktəblər Fətullahındır və lap tutaq ki, bilirdilər, onda Fətullah hələ oyununu yorğan altından idarə edirdi. Hətta bu yaxınlarda ömrünün demək olar ki, bütün şüurlu dövrünü təhsilimizin, elmimizin inkişafına həsr etmiş təcrübəli pedaqoq, alim, uzun illər Azərbaycanın Təhsil naziri olmuş Misir Mərdanovu da az qala FETÖ-çu “çıxarmağa” cəhd edən bəzi yazılara rast gəlmişəm. Misir müəllimin fəaliyyəti dövlətin, dövlət orqanlarının gözü qarşısında davam edib. Necə ola bilərdi ki, milli təhlükəsizliyimizə cavabdeh olan orqanlar bu şəbəkənin oyunlarından bixəbər idilər, Təhsil naziri xəbərdar olmayıbdı? Ona görə də, “fürsət düşüb, kimdən xoşun gəlmirsə, şərlə, beşi inanmasa da, ikisi-üçü inanacaq” – prinsipindən əl çəkib əsl FETÖ-çuları üzə çıxarmaq lazımdır. Və bu proses daha çox Türkiyə dövlətində şəffaf, dəlil-sübutlarla aparılmalıdır. Türkiyədə olduğum zaman məni üzən bir məsələni də qeyd etməyi özümə borc bildim. Görüşdüyüm dairələrdə, təşkilatlarda, mətbu orqanlarda daha çox bu məsələni qabardırdım: O gecə və ondan sonra aparılan təmizləmə prosesində günahı olan adamların, hətta birbaşa olsa belə, övladlarının daha  az zərər çəkmələrini dövlət qurumları təmin etməlidirlər. Körpə uşağın, şagirdin, tələbənin nə günahı var ki, məktəblərdə onlara “xain övladı, düşmən uşağı” damğası vurulur və bu zavallı övladlar atalarının günahının qurbanına çevrilirlər?! Mən onlara deyirdim ki, biz artıq bu biabırçı olayları sovetlər dönəmində keçən əsrin     20–30-cu illərində yaşamışıq və bunun acı nəticəsini uzun illər dadmışıq… Düzdür, bu proses bir az səngiyib, amma hələ də bəzi dairələrdə mövcuddur.  Qardaş ölkəmizin problemləri, ağrı-acıları bizim üçün də ağrılı olduğundan bu narahatçılığımı qələmə almaya bilmədim. Hər halda Türkiyə böyük bir sınaqdan uğurla çıxdı və bu bizləri də sevindirməyə bilməz. Çünki uzun illərdir, bizim ölkəmizi Türkiyədən başqa heç bir dövlət qətiyyətlə, ardıcıllıqla müdafiə etməyib. Türkiyədən böyük dayağımız, qardaşımız yoxdur! Bəzən bizim sosial şəbəkələrdə, saytlarda da Türkiyədə baş verən o dəhşətli  gecə haqqında həqiqətə uyğun olmayan yazılar yazılır, şərhlər verilir. Belə hallardan uzaq olmalıyıq, Türkiyəni duymaq, sevmək üçün gərək əsl türk sevdalısı olasan, “Bir millət–iki dövlət” şüarını sözdə deyil, əməldə göstərəsən!..Və bütün türk dünyası, türk adı daşıyan hər kəs Türkiyə Cümhuriyyətini öz dövləti kimi sevməli, qorumalı və bəsit səslənsə də, bu misraları hər zaman təkrar etməlidir: Çatlayırdı düşmənləri Görüb türkün birliyini!..        Qarabağımız orada işğalda, ümidgahımız Türkiyəmiz burada darda!


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler