Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qarabağda sülhün “donu” açılacaqmı?

29 Temmuz 2016

6:28 am


29/07/2016 [10:26]: xeber –
Avqust ayı Qarabağ probleminin həllində nəhayət ki, irəliləyişə nail olmaq üçün əlverişli bir dönəm ola bilər. Məsələ ondadır ki, gələn ay həm Türkiyə və Rusiya, həm də Azərbaycan və Ermənistan prezidentlərinin görüşü planlaşdırılır. Sankt-Peterburqda baş tutacaq Putin-Ərdoğan görüşündə Qarabağ mövzusu da diqqətdə olacaq. Əslində sonuncu görüş daha böyük önəm kəsb edir, çünki konfliktin həllinə Ankara-Moskva əməkdaşlığı böyük töhfə verə bilər, nəinki vaxtaşırı ATƏT-in Minsk Qrupu həmsədrlərinin prezidentlərin yalnız görüş xətrinə təşkil elədiyi görüşlər. Ancaq nəzərə alsaq ki, ƏIiyev-Sərkisyan arasında Paris görüşü Putin-Ərdoğan görüşünün ardınca reallaşacaq, o zaman güman eləmək olar ki, birinci görüşdən sonra münaqişə ətrafına yaranacaq situasiya, yaxud siyasi ab-hava Paris danışıqlarının da nəticələrinə təsir edəcək.***Bəs avqust ayında, nəhayət, “köhnə Qarabağ yükü” yerindən tərpədiləcəkmi? Yada salaq ki, bu ay həm də təmas xəttində 3 günlük müharibənin ikinci ili tamamlanacaq. Əfsus ki, 2014-cü ilin avqustundakı hərbi toqquşmadan nə Ermənistan, nə də vasitəçilər ciddi nəticə çıxardı. Bu da 2016-cı ilin aprelində daha qanlı hadisələrə və hərbi toqquşmaya, eyni zamanda işğalçı Ermənistana atəşkəs dönəmində ilk sərt qulaqburmasının verilməsinə gətirdi. Lakin 4 günlük aprel müharibəsindən də ciddi dərslər götürülməzsə, heç şübhəsiz, bu dəfə qat-qat böyük hərbi eskalasiya, hətta böyük müharibə labüd ola bilər. Hələ ki vasitəçi dövlətlər bu təhlükəni, status-kvonun indiki kimi qalmasının nələr vəd elədiyini ciddiyə almış kimi görünürlər. Ancaq əsas – əlbəttə ki, nəticədir. Məsələ də ondadır ki, bir neçə gündən sonra aprel olaylarının 4 ayı tamamlanacaq. Amma Vyanadan başlayan, Sankt-Peterburqda davam etdirilən yeni sülh prosesi də əvvəlkilər tək daha çox imitasiyaya oxşamağa başlayıb, nəinki real nizamlama prosesinə. Bu prosesə Ərdoğan-Putin görüşü sanballı stimul verə bilərdi. Doğrudur, hazırda Ermənistandakı daxili ictimai-siyasi durum işğalçı tərəfin daha konstruktiv mövqe tutacağına şübhələri artırıb. Amma orada nə olsa da, Serj Sərkisyan istefaya getsə də, getməsə də, hakimiyyətə yeni və daha radikal qüvvə gəlsə də, gəlməsə də, bir şey dəqiqdir ki, Dağlıq Qarabağ konflikti daha bir neçə il dondurulmuş vəziyyətdə qala bilməz. Zatən, münaqişə apreldən sonra dondurulmuş vəziyyətdə də deyil.Ayrı sözlə, bundan sonra da sülh danışıqlarının imitasiya xarakteri daşıması yolverilməzdir. Çünki növbəti və daha böyük hərbi qarşıdurmanı durdurmaq qat-qat çətin olacaq, bəlkə də mümkün olmayacaq. Bu üzdən əgər təcavüzkar Ermənistanda son baş verənlər əgər sırf Qarabağ məsələsində konstruktiv mövqedən, əraziləri azad etməkdən qaçmağa hesablanmış bir oyun, ssenaridirsə, o zaman böyük müharibədən yayınmaq həqiqətən qeyri-mümkün olacaq.Yeri gəlmişkən, İrəvanda baş verənlərin bir oyun olduğunu güman edənlər az deyil. Hətta bəzi siyasi müşahidəçilərə görə, Ermənistanda nə doğru-düzgün polis idarəsi, nə gerçək üsyançılar, nə də  girovlar var. Onların qənaətincə, İrəvandakı mənzərə reallığı əks etdirmir və Ermənistanda hökumət əleyhinə baş qaldıran etirazlar rəsmi İrəvanın çox güclü bir oyununun tərkib hissəsi, imitasiyadır. Belə fikir də dolaşır ki, İrəvandakı olaylar Rusiyanın əli ilə məhz Sərkisyan tərəfindən təşkil olunub və Qarabağla bağlı prosesin intensivləşməsindən, özəlliklə də dünyanın Ermənistana təzyiq etməsi qorxusundan qaynaqlanır.Bu yanaşmanın nə dərəcədə həqiqətə yaxın olduğunu tezliklə biləcəyik. Hər halda, bu da faktdır ki, İrəvanda polis binasının silahlılar tərəfindən ələ keçirilməsi zamanı alay komandirinin müavini, polis polkovniki öldürülüb, çoxlu sayda yaralı var, eyni zamanda silahlı qrupun başçılarından biri və onun oğlu ağır güllə yarası alıb. Bu kimi faktlar əlbəttə ki, imitasiya variantını istisna edir. Həm də o səbəbə ki, Sərkisyan özünə qarşı cəmiyyətdəki ovqatı bilir və sərt addımlara əl atılması onun siyasi ömrünü dərhal qısaldardı.***  Vəziyyətə Rusiyadan olan ekspert baxışları da maraqlıdır. Məsələn, Rusiyadakı “Valday” Klubunun eksperti, REA-nın Beynəlxalq Təhlükəsizlik Problemləri İnstitutunun aparıcı elmi əməkdaşı, Lomonosov adına Moskva Dövlət Universitetinin (MQU) dünya siyasəti fakültəsinin dosenti Aleksey Fenenko hesab edir ki, Qarabağ məsələsində Moskvanın mövqeyi Azərbaycana daha yaxındır, nəinki Ermənistana.“Rusiyanın mövqeyi üç məqamdan ibarətdir: birincisi, biz Azərbaycanın ərazi bütövlüyünü, Dağlıq Qarabağın onun tərkib hissəsi olduğunu rəsmən tanıyırıq. İkincisi, biz problemin hərbi yolla həllinə qarşıyıq. Üçüncüsü isə Rusiyanın və KTMT-nin Ermənistana verdiyi zəmanətlərdən heç biri Qarabağ məsələsində işləmir. Bunu başa düşmək üçün Rusiya XİN-in bəyanatını oxumaq kifayətdir” – ekspert qeyd edib. Onun sözlərinə görə, Kremldə Sərkisyandan narazılıq artır: “Ancaq biz əgər daima Ermənistana təzyiq eləsək, o zaman Ermənistan, sadəcə, partlayacaq və biz daha bir anti-Rusiya dövləti qazanacağıq”. Analitik hesab edir ki, aprel ayında təmas xəttində situasiyanın qəfil kəskinləşməsi nizamlamaya dair Madrid prinsiplərini tamamilə basdırıb və Azərbaycan ordusunun gücünü açıq şəkildə nümayiş etdirib. “Azərbaycan bununla göstərdi ki, müharibənin nəticələri heç də bütün bu illər ərzində Ermənistanda bir çoxlarına göründüyü kimi deyil, müharibə hələ bitməyib. Üstəlik, Azərbaycan sübut elədi ki, döyüş əməliyyatları başlayarsa, real cəbhəni yarıb müharibəni Dağlıq Qarabağın içərilərinə keçirə bilər” – Fenenko vurğulayıb.Rusiyalı ekspert hesab edir ki, Moskva Azərbaycandan daha çox Ermənistana təzyiq edir. “Ermənistan prezidenti Serj Sərkisyan Dağlıq Qarabağ ətrafındakı əraziləri Azərbaycana qaytarmalı olacaq” – təhlilçi qeyd edib. Qarabağa dair danışıqları detallarının ciddi şəkildə gizlin saxlanmasının səbəblərini şərh edən ekspert “Rusiyada Ermənistandakı qaynar başlardan çox ehtiyat edirlər” deyib. “Rusiya hakimiyyəti öz ölkəsinin ictimaiyyətindən də ehtiyatlanır ki, Kreml daha bir müttəfiqini satmaqda suçlana bilər. Bu üzdən istənilən konkretlik situasiyanı partlada bilər” – politoloq sonda əlavə edib.*** Göründüyü kimi, həm Dağlıq Qarabağ konflikti və yeni sülh danışıqları, həm də Ermənistandakı durumla bağlı ziddiyyətli yanaşmalar var. Ancaq onların hamısını bir ortaq faktor birləşdirir – Rusiya faktoru. Rusiya istəsə, Qarabağ düyünün açılmasını tezləşdirər və bu zaman ona Ermənistandakı proseslər də ona mane ola bilməz.(musavat.com)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler