Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Qaçaq Nebini xanende Hacı Hüsü ile ne bağlayırdı?

01 Eylül 2016

11:08 am


01/09/2016 [15:04]: xeber –
Məclisin şirin yerində kimsə qışqırdı: – Vay dədə, vay, Qaçaq Nəbi bura gəlir.  Tacir və bəylər, xüsusilə pristav təşvişə düşdülər. Nəbi salona daxil oldu. Məclisdəkilərin narahat olduğunu görən Nəbinin dostu Kəblə Məmməd dedi: – Camaat, heç nədən qorxmayın, Nəbi buraya Hüsünü dinləməyə gəlib. sayt Admiral.az-a istinadən mərhum musiqi tarixçisi Firudin Şuşinskinin Hacı Hüsü ilə bağlı yazdığı maraqlı əhvalatı təqdim edir: Gözəl yay günlərindən biri idi. Moskvanın geniş və yaraşıqlı salonlarından birində Şuşa sakini Camharov İvan öz oğlu üçün toy məclisi düzəltmişdi. Qonaqların əksəriyyəti Qarabağdan idi. Məclisin başında musiqi üçlüyü əyləşmişdi. Xanəndə oxuyurdu. Onun məlahətli səsindən xoşlanan qonaqlar yerbəyerdən “Qarabağ şikəstəsi” oxumasını xahiş edirdilər. Xanəndə guşa gəldi: Mən aşiqəm Qarabağ, Qara salxım, qara bağ, Aləm cənnətə dönsə, Yaddan çıxmaz Qarabağ. Xanəndə bu sözləri incə xallar və coşqun zəngulələrlə oxuduqca dinləyicilər xəyalən özlərini səfalı Qarabağda hiss edirdilər. Hər tərəfdən: “Ay can, ay can”, “sənə  nənəm  qurban”,  “sağ olsun xanəndə” sədaları ucalırdı. Yalnız məclisdə əyləşmiş bir neçə musiqişünas dərin fikrə dalıb xanəndəni dinləyir, arabir də bir-birlərinə mənalı nəzər salırdılar. Xanəndə şikəstəni qurtaran kimi professorlardan biri məclis əhlinə müraciət edərək dedi: – Ağalar, biz bütün ömrümüzü musiqiyə həsr etmişik. İnsanda bu incə, təravətli səs nadir hadisədir. Mənə elə gəlir ki, burada isə bir sirr vardır. Kimsə söz atdı: – Yəqin ki, ağzında nə isə tutub oxuyur. Məclisdə qızğın mübahisə başlandı. Vəziyyəti belə görən məclis sahibi qonaqları sakit edərək dedi: – Canım, mübahisə nəyə lazımdır. Əgər xanəndənin səsinə şübhəniz varsa, onun boğazını yoxlaya bilərsiniz. Məclisdə əyləşən bir həkim xanəndənin ağzına və boğazına baxdı. Əlbəttə, heç nə tapılmadı. Xanəndəni yenidən alqışladılar. Bu xanəndə, öz sənəti və zəngin səsi ilə bütün Qafqazda, Yaxın və Orta Şərqdə məşhur olan böyük müğənni Hacı Hüsü idi. Hacı Hüsü Niftalı oğlu Şuşanın “Çölqala məhəlləsi”ndə papaqçı ailəsində anadan olmuşdu. Böyük sənətkar ilk musiqi təhsilini Xarrat Qulunun məktəbində almışdı. Gənc Hüsü öz müəllimindən musiqi sənətini və klassik Şərq muğamlarını mükəmməl öyrənmişdi. Görkəmli ədibimiz Yusif Vəzir Çəmənzəminlinin yazdığına görə, Hacı Hüsünün müəllimlərindən biri də Şərq muğamlarını gözəl bilən Mirbaba Mirabdulla oğlu (Yusif Vəzir Çəmənzəminlinin atası) olmuşdu.  Xarrat Qulu Hacı Hüsünün gözəl səsini və oxumaq qabiliyyətini nəzərə alıb onu özü ilə bərabər məclislərə aparırdı. Bu məclislərdə Hacı Hüsü zil və incə səsi ilə  hamını heyran qoyardı. Hələ gənc ikən böyük müğənnini dinləyən məşhur xanəndə Cabbar Qaryağdı oğlu Hacı Hüsünün səsinə qiymət verərək yazmışdı: “Hacı Hüsünün səsi elə qüvvətli, elə cazibəli idi ki, hər bir muğamı başlayıb oxuyanda tarın bütün pərdələrini gəzib son pərdədən bir qədər də zilə qalxardı. O, “Orta mahur” oxuyanda bütün musiqiçiləri heyrətdə qoyardı”. Bir çox mənbələrdən və böyük sənətkarların xatirələrindən aydın olur ki, XIX əsrin ən böyük və məşhur müğənnisi Hacı Hüsü olmuşdur. Lakin hələ XVIII əsrin  axırları, XIX əsrin əvvəllərində Şuşada – Qarabağda tanınmış bir çox sənətkarların adlarına rast gəlirik. Bu sənətkarlardan Şahsənəm oğlu Yusif, Mirzə Hüseyn,  Həsənçə, Qaraçı Əsəd, Kosa Məhəmməd bəy, Tükverdi Həsən, Mirzə İsmayıl və  başqa müğənnilər klassik musiqini əhali arasında yayaraq Şuşada xanəndəlik sənətinin əsasını qoymuşlar. Həmin dövrün məşhur tar çalanı Əli Əsgər (Sadıqcanın müəllimi) və gözəl kamança çalanı Qaraçı Hacıbəy, qoşanağara çalanı isə Qapançı oğlu Kərim idi. Şübhəsiz ki, Hacı Hüsünün kamil bir ustad kimi yetişməsində bu böyük sənətkarların həlledici rolu olmuşdu. Hacı Hüsü şuşalılar qarşısında ilk dəfə “Xandəmirovun teatrı” binasında “Xeyriyyə  gecəsi”ndə çıxış etmişdi. Cabbar Qaryağdıoğlunun yazdığına görə, həmin gecədə Hacı Hüsü tarzən Sadıqcanın müşayiəti ilə “Çahargah” oxumuşdu. Bu məclisdən sonra onun şöhrəti hər yana yayılır. Müğənnini tez-tez qonşu ölkələrin toy şənliklərinə dəvət edirlər. Hacı Hüsü nəinki Zaqafqaziyada,  Rusiyada, hətta Yaxın və Orta Şərqin bir sıra ölkələrində də şöhrət tapır. Bu  ölkələrin kübar ailələri, varlı əyanları onu öz ziyafətlərinə, toy məclislərinə çağırmışlar. 1880-ci ildə İran hakimi Nəsrəddin Şah oğlu şahzadə Müzəffərəddinin toyuna Hacı Hüsünü də dəvət etmişdir. Hacı Hüsü bu toya məşhur tarzən  Sadıqcan, kamançaçı Bağdəgül oğlu Ata ilə birlikdə getmişdi. Toy Təbriz şəhərində təşkil olunmuşdu. Həmin toyda İranın ən məşhur oxuyan və çalanları  Hacı Hüsü ilə birlikdə çıxış etmişlər. Məclisin axırında şah tərəfindən birinci  mükafat Hacı Hüsüyə verilmişdi. Həmin məclisdə-müğənninin gözəl səsi və  muğamları böyük ustalıqla oxuması, Sadıqcanın isə tarı sinəsi üstündə çalması iranlıları heyrətə gətirmişdi. Hacı Hüsü sadəcə xanəndə deyildi. O, klassik Şərq və Azərbaycan muğam və təsniflərinə dərindən bələd olan musiqişünas və gözəl bir müəllim kimi də çox məşhur idi. Hacı Hüsü Mir Möhsün Nəvvabla birlikdə Şuşada ilk “Musiqişünaslar məclisi”nin əsasını qoymuşdu. Müəllimi Xarrat Qulunun ölümündən (1883) sonra isə Qarabağ xanəndələrini öz ətrafına toplayıb “Xanəndələr məclisi” yaratmışdı. Bu məclisin məqsədi yeni xanəndələr yetişdirmək, xanəndəlik sənətini kütlə arasında yaymaq və klassik Azərbaycan muğamlarını inkişaf etdirmək idi. Həmin dövrdə bu məclis musiqi məktəbi və yaxud “Xanəndələr ittifaqı” rolu oynamışdır.  Məşədi İsi, Keştazlı Həşim, Dəli İsmayıl, Malıbəyli Cümşüd, Şahnaz Abbas, Keçəçi oğlu Məhəmməd, Cabbar Qaryağdıoğlu, Malıbəyli Həmid, Məşədi Məmməd Fərzəliyev və başqaları bu məclisə daxil idilər. Hacı Hüsü klassik muğam musiqisinin təkmilləşdirməsi üzərində işləyərək “Rast”,  “Şur”, “Mahur” və başqa muğamlara yeni-yeni variantlar, guşələr əlavə etmiş, həmin muğamlar əsasında təsniflər və mahnılar yaratmışdı. Hacı Hüsü eyni zamanda bir neçə muğamların yaradıcısı kimi də məşhurdu. O, “Kürdü” muğamına “Şahnazı” əlavə edərək birlikdə “Kürdü-şahnaz” oxumuşdu. Cabbar Qaryağdıoğlunun yazdığına görə, Hacı Hüsü “Qatar” muğamını Sadıqcanın tarda müşayiəti ilə yaratmışdı. Hacı Hüsü gözəl Azərbaycan şairəsi Xan qızı Natəvanın ən sevimli xanəndəsi idi.  O, Natəvanın sarayında qurulan məclislərin bəzəyi və yaraşığı olmuşdu. Hacı  Hüsü eyni zamanda məşhur musiqiçi kimi şöhrət qazanmış şamaxılı Mahmud ağanın və bakılı Məşədi Məlik Mənsurovun məclislərinə tez-tez dəvət edilərdi. Xalqımızın mərd oğlu Qaçaq Nəbi də Hacı Hüsünün sənətini çox sevərdi Məşədi Müseyib Daşdəmirov (Hacı Hüsünün oğlu İsmayılın da yaxın dostu) belə bir maraqlı əhvalat söyləyirdi: “Bir gün Şuşada Bala Hacısadığın toyu idi. Hacı Hüsü  oxuyurdu. Mənim olardı 14-15 yaşım. Çıxmışdım pəncərəyə. Məclisin şirin yerində kimsə qışqırdı: – “Vay dədə, vay, Qaçaq Nəbi bura gəlir”. Məclisdə əyləşən tacir və bəylər, xüsusilə pristav Mahmudbəy Ağabəy oğlu təşvişə düşdülər. Nəbi salona dörd nəfər ilə daxil oldu. Məclisdəkilərin narahat olduğunu görən Nəbinin dostu Kəblə Məmməd üzünü məclisə tutub dedi: – Camaat heç nədən qorxmayın, Nəbi buraya Hüsünü dinləməyə gəlib. Toyun “padşahı” şair Mirzə Ələsgər Növrəs üzünü Hacı Hüsüyə tutub dedi: – Hüsü, əziz qonağımızın ürəyi nə istəyir, onu oxu. Qaçaq Nəbi “Bayatı-kürd” oxumağı xahiş etdi. Hacı Hüsü elə oxudu ki, nə deyim… toy olmasına baxmayaraq hamını ağlatdı…” Lakin böyük xanəndənin ömrünün son illəri çox pərişan keçmişdir. O, Ərəbistandan qayıtdıqdan sonra mollaların təzyiqinə məruz qalaraq Göhər ağanın məscidində minacat verməyə məcbur olmuşdu. Respublikamızın əməkdar artisti Cəlilbəy Bağdadbəyov öz xatirələrində yazır: “Qış mövsümü, yuxunun şirin olmasına baxmayaraq Hacı Hüsü oxuyarkən uzaq  məhəllələrdən yüzlərlə adam gəlib bu cazibəli səsə qulaq asardılar. Hacı Hüsünün  uzun nəfəsi olmaqla bərabər zənguləsinin misli-bərabəri yox idi. O, “Üzzal” oxuyarkən Qövsü Təbrizinin: Sınıq səbudə su tutmaz qərar, mey durmaz, Şikəstə könlümə böhtəm ki, qan ilən doludur. rədifi ilə başlanan qəzəlini tez-tez oxuyardı”. Hacı Hüsü ömrünün son illərində ehtiyac içində yaşamışdır. O, 1898-ci ildə Aşqabad şəhərində vəfat etmişdir. Azərbaycan vokal incəsənətinin ən görkəmli nümayəndələrindən biri olan Hacı  Hüsü sözün həqiqi və tam mənasında böyük xanəndə idi. O, xanəndəlik sənətində  yeni bir dövr açmaqla, eyni zamanda bu sənəti yüksək bir pilləyə qaldırmışdı. Hacı Hüsü nəinki muğam oxumaqda, eyni zamanda milli Azərbaycan musiqisinin bütün sahələrində böyük ustad idi. O, qədim xalq musiqisini sonsuz bir məhəbbətlə sevirdi. Şərq, eləcə də Azərbaycan səhnəsi Hacı Hüsünün səsindən də qüvvəli, lirik-dramatik tenor tipli səslər çox görmüşdü. Lakin bütün Şərqdə Hacı Hüsünün  səsi kimi hərtərəfli tembr gözəlliyinə malik olan ikinci bir incə və təravətli səs olmamışdı. Fizioloji cəhətdən Hacı Hüsünün səsi fenomen deyildi. Lakin bu səs bədii fenomen kimi təkrarolunmazdı. Hacı Hüsü olduqca zəngin və hərtərəfli yaradıcılıq diapazonu olan müğənni idi. Onun  böyük  sənəti  təkcə  Azərbaycanda  deyil,  bütün  Yaxın  və  Orta  Şərqdə məşhur olmuşdu. Onu başqa sənətkarlardan ayıran cəhətlərdən biri də onun son dərəcə təbii istedada malik olması idi. Hacı Hüsüdə olan zəngin ifaçılıq fantaziyası və improvizo elementləri başqa xanəndələrdə olmamışdı. Hacı Hüsü qoca Şərqin Sədi, Hafiz, Ömər Xəyyam və Füzuli kimi nəhəng klassiklərinin lirik əsərlərini ilham və məhəbbətlə oxumuşdu. Onu gözəlliyin və azadlığın çarçısı adlandırmışlar. Hacı Hüsü el arasında məşhur olduğundan xalq yaradıcılığında onun haqqında çoxlu nağıllar, əfsanələr və rəvayətlər yaradılmışdı. Deyilənə görə, Hacı Hüsü Sadıqcan ilə İsa bulağında çalıb oxuyarkən onun incə səsindən ruhlanan bülbüllər gəlib onun çiyninə, papağına, tarın üstünə qonar və oxuyarmışlar…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler