Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Professor Kamran İmanovun 70 yaşına – Etibar Əliyev yazır…

06 Kasım 2016

8:24 am


06/11/2016 [12:22]: xeber –
“Bizim doğulduğumuz və yaşadığımız sosial dünya bioqrafiyamız üçün həlledici məqamdır”. Orteqa QassetAzərbaycanda zəngin intellektual bioqrafiyaya malik olan şəxslərdən biri də Müəllif Hüquqları Agentliyinin sədri professor Kamran İmanovdur. Böyük alimin Azərbaycan elminin və təhsilinin qarşısında zəhməti ölçüyəgəlməzdir. Kamran müəllim müsahibələrinin birində deyir: “Mən Nəsimi rayonunun 1 saylı məktəbində təhsil almışam. XX əsrin 50-60-cı illərinin ikinci yarısından söhbət gedir. Çox güclü təhsil ocağı idi. Müəllimlərimin əksəriyyəti isə tədris etdiyi fənnə qarşı şagirdlərdə oxumaq həvəsi və ləzzəti oyatmağa qadir olan insanlar idi. Bugünkü biliyə meylimin köklərindən biri də onların zəhmətinin bəhrəsidir. Uzun illər keçsə də, yarım əsr ötsə də, məktəb xatirələrim mənim bir qənaətimi təsdiqləyir ki, zamanı uzunluğuna görə yox, dərinliyinə görə, həyatda rastlaşdığımız insanların zəkasının dərinliyini isə onun kölgəsinin uzunluğu ilə ölçməliyik. Bakının 23, 6 və 160 saylı məktəbləri ilə yanaşı, məktəbimiz o zamankı ən tanınmış məktəblərdən biri idi. Özü də İttifaq miqyasında. Həmin məktəblərdən hər il ən azı bir məzun Rusiyanın, Moskvanın ən məşhur ali məktəblərinə daxil olurdu. Mən də o siyahıdanam. Yalnız «əla» qiymətlərlə oxuyurdum, olimpiadalar qalibi idim və ən sevdiyim fənlər riyaziyyat, fizika, tarix və ədəbiyyat idi. Yeri gəlmişkən, deyim ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında işləyərkən məktəb müəllimlərimi test tapşırıqlarını hazırlamağa dəvət etmişdim və böyük məmnunluq hissi ilə belə qənaətə gəldim ki, təxminən 30 il keçməsinə baxmayaraq, onlar əvvəlki formalarını itirməyiblər”. Yəhudilərin, rusların, ermənilərin Bakının mərkəzində yerləşən məktəblərdə sayının çox olduğu bir vaxtda belə təhsil uğuru qazanmaq yalnız böyük istedad tələb edirdi. Onun Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının formalaşmasında  əməyi misilsizdir. Müəllimlərin test tapşırıqlarını hazırlamağa cəlb edilməsi ideyasını isə yalnız uzaqgörənlik kimi qiymətləndirmək olar. Bu təcrübə artıq öz sözünü deyir. Kamran müəllim əqli mülkiyyət hüququ, mədəni irs və qərar qəbul etmə nəzəriyyəsinə dair yüzlərlə məqalənin müəllifidir. Professorun monumental “Erməni (yad)el(li) nağılları” kitabı  200 illik erməni əqli oğurluqlarının antologiyasıdır. O, bu əsəri ilə özünün dediyi kimi, Azərbaycan xalqına məxsus dastanların, nağılların, lətifələrin, əfsanələrin, bayatıların, atalar sözləri və zərbi-məsəllərin və folklor janrına aid digər musiqi və söz nümunələrinin ermənilər tərəfindən mənimsənilməsi və erməniləşdirilməsi faktlarını araşdıraraq, tarixi və elmi dəlillər əsasında ermənilərin bu absurd əməllərini ifşa etməyə çalışıb. Böyük ingilis yazıçısı və fiziki Çarlz Persi Snounun “İki mədəniyyət və elmi inqilablar” adlı maraqlı bir əsəri var. Snouya görə bir qütbdə bədii yaradıcılıqla məşğul olan ziyalılar, digər qütbdə isə təbiət elmlərinin nümayəndələri dayanır. Anlaşılmazlıq (bir-birini anlamamaq) divarı onları bir-birindən ayırır. Onların bir-birinə amansız münasibəti mövcuddur və hər hansı bir məsələyə o qədər fərqli münasibət bəsləyirlər ki, hətta emosional planda da bir-biriləri ilə dil tapa bilmirlər”.Həm öz sahəsini (söhbət dəqiq və təbiət elmlərindən gedir) həm də tarixi, ədəbiyyatı, fəlsəfəni, incəsənəti bilən ziyalılarımızın sayı çox deyil. Onlar iki mədəniyyətin təmsilçiləri sayılırlar. Azad Mirzəcanzadə, Xudu Məmmədov və Kamran İmanov belə ziyalılarımızdandır. Onlar iki qütb arasında anlaşılmazlıq divarını uçuran böyük şəxsiyyətlərdir. Məncə sovetlər vaxtı dərc olunan və geniş oxucu kütləsini cəlb edən “Görkəmli adamların həyatı” seriyasını bərpa etmək lazımdır. Bu həm də zamanın tələbidir. Kamran İmanovun yaradıcılığına diqqət etdikdə onun geniş və hərtərəfli mütaliəsi insanı heyran edir: O, deyir: “Biliyin istiqamətlərindən asılı olmayaraq, bilik sahibi olan insanlar ədəbiyyatsız keçinə bilməzlər. Bədii ədəbiyyat insanın vicdanını oyaq saxlayır və mənəviyyatını zənginləşdirir. Vicdana əsaslanmayan bilik ruhun dağılması, vicdanla birgə olan bilik ruhun yüksəlişidir”.Bu fikirlər müasir gəncliyə biliklər qazanmaq üçün edilən çağırış və mütaliə mədəniyyətinə verilən töhfə kimi dəyərləndirilməlidir. Kamran müəllimin “mən ziyalı, kitabxanası olan ailədə böyümüşəm” fikri kitabxananın onun böyük ziyalı və alim kimi formalaşmasındakı rolunu təsdiqləyir: “Evdə də, işdə də, bağımda da kitablar çoxdur. Elə iş otağımdakı kitablara baxmaq imkanınız var. Kitabların sayı minlərlədir. Ömrümü kitablarla keçirmişəm və çox güman, bu vərdişdən əl çəkən deyiləm. Sevimli müəllifim isə dahi Nizami Gəncəvidir”. Elə bu səbəbdən onun yaratdığı bütün əsərlərində həyatı boyu etdiyi mütaliə qırmızı xətt kimi keçir.  Sevimli müəllifi Nizami və Füzuli olan Kamran müəllim həm də Jan Pol Sartr,  Fridrix Dürrenmant, Vladimir Nabokov, İvan Bunin kimi böyük yazıçıların, həmçinin iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Fridrix fon Hayek, Tomas Şellinq və başqa mütəfəkkirlərin əsərlərini çox gözəl təhlil edə bilir.   Böyük italyan filosofu, yazıçısı və intellektualı Umberto Ekonun “Ədəbiyyat haqqında” son əsərində kitab və kitabxana haqqında fikirləri yadıma düşdü: “Rable və Servantesin kitaxanasında saxlanılan kitabların adlarını sadalaya bilərik. Ona görə ki, bu kitabxanalar tamamlanmış kitabxanalardır. Ancaq biz böyük Borxesin kitabxanasından heç bir sərlövhənin adını çəkə bilmərik. Ona görə ki, onun kitablarının sayı sonsuzdur. Buna görə də onların məzmunundan çox, kitabxananın quruluşu daha maraqlıdır”.Kamran müəllimin kitabxanasını  təsvir etməsi onu göstərir ki, onun da kitablarının sayı sonsuzdur. Bu həm də oxuduğu kitabların məzmununa dərindən bələd olmasında  özünü büruzə verir. Böyük alimlər və mütəfəkkirlər haqqında nəsə yazılanda onların bir neçə əsas işi önə çəkilir. Kamran İmanovun “Erməni (yad)el(li) nağılları” kitabı və əqli mülkiyyət üzrə beynəlxalq ekspert kimi fəaliyyəti yaddaşlardan silinməyəcək. Lakin bütün bunlarla yanaşı onun kitabı, xüsusilə mütaliəni təbliğ etməsi bizim üçün örnək olmalıdır. Belə məziyyətlərin daşıyıcısı birmənalı olaraq həm də yaxşı müəllim olmalıdır. Bəli, o, həm də yaxşı müəllimdir. Mən onun dərs dediyi tələbələri xəyalımda canlandırır və onların yaşadıqları xoşbəxt anları sanki hiss edirəm.  Elə bunlara görə bu böyük alimimiz və ziyalımızın adı Azərbaycanımız naminə var gücü ilə çalışmış və çalışan adlar içərisində həmişə görünür, gördüyü işlərin miqyası göz önünə gəlir.Ömrü uzun, işləri uğurlu olsun!Etibar Əliyev, fəlsəfə doktoru    


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler