Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Peyğemberlerin ekseriyyeti yalan danışıb” – MÜSAHİBƏ

20 Haziran 2016

12:04 pm


20/06/2016 [16:00]: xeber –
sayt  tanınmış jurnalist, ateizmi müdafiə edən Vüsal Məmmədov ilə müsahibəni təqdim edir: -Ateizm mərhələsinə gəlmək üçün bir yol keçmisiniz. Yəni, bu qəfil bir sıçrayışla olan məsələ deyil, insanın düşüncəsi tədricən dəyişir. Bu yolu keçdikcə, nələri müşahidə etdiniz? -Müşahidə etdim ki, dinlər heç də deyildiyi kimi insanın daxili dünyasını nizamlayan, mənəvi ehtiyaclarını ödəyən təlim deyil. Din insanın sosial münasibətlərinə təsir edən, şəxslərin cəmiyyətlə və başqa şəxslərlə əlaqələrini tənzimləyən bir təsir vasitəsidir. Bu gördüyüm məqamlar məni qorxutmağa başladı. Adətən dindar insanlar çalışırlar ki, hamı onların “düzgün” saydığı tərzdə yaşasın, hamı onların lazım bildiyi kimi qərarlar qəbul etsin. Bu, çox qorxuludur. Əgər bir insan öz düşündüyünü ən düzgün yol hesab edirsə, bu, artıq təhlükədir. Belə insanlar həmin fikrə düşdüyü andan cəmiyyət üçün itirilir…-Sözünüzü kəsməli olacağam. Sizin məntiqlə yanaşsaq, o zaman deyə bilərik ki, Vüsal Məmmədov öz ateist dünyagörüşünü doğru yol hesab edir. Bir az təzadlı olmadımı?-Sabah mənə kimsə daha düzgün yol göstərsə, məmnuniyyətlə düşüncələrimi dəyişərəm. Nə zaman təkamül təlimini əvəz edən başqa bir elmi nəzəriyyə ortaya çıxsa, onu birinci mən qəbul edəcəyəm. Eləcə də digər elmi nəzəriyyələrə yanaşma belədir. Elm ehkamdan çox uzaqdır. Elmi təhlükəsiz edən tərəf də elə odur ki, həmişə özünü yeniləyir. Din isə özünü yeniləmir. İslam dini yarandığı 7-ci əsrdə necə idisə, bu gün də odur. Dini modernləşdirməyə cəhdlər olur, bu, başqa məsələdir. Bizim dostumuz Elşad Miri və ya başqaları dini yeniləyib, neoİslam yaradıb, onu olmadığı kimi göstərməyə cəhd edirlər. Amma mahiyyət yenə də 7-ci əsrinki ilə eynidir. İslam 7-ci əsrin quldarlıq cəmiyyətinin mifoloji düşüncə sistemində yaranan təlimdir. Onu gətirib 21-ci əsrə tətbiq edəndə ortaya çox mənasız bir mənzərə çıxır. -Ehkamdan danışdınız. Səhv etmirəmsə, vaxtilə siz də dindar olmusunuz. Əksfikirlilərə normal münasibət göstərirdiniz, yoxsa radikal?-Mən qatı ehkamçı idim. Ateistlərə nifrət edirdim. Dinin bütün tələblərini, fərzlərini yerinə yetirirdim. Namazım, orucum yerində idi. Din əleyhinə hər bir mənfi söz mənə çox pis təsir edirdi. Ateistlərin din ilə məzələnməyi, dinin yalan olduğunu sübut etmək cəhdləri məni qıcıqlandırırdı. Həmişə də reaksiya verirdim. -Vüsal bəy, amma indi din əleyhinə kəskin mövqedəsiniz. Bu da inanclı insanlara təsir edir. Ən azından düşünün ki, sizin bir zamanlar keçirdiyiniz hissləri onlar da yaşayır. Bəs onları başa düşmürsünüz?-Mən hamısını başa düşürəm. Anlayıram ki, bizim dinə qarşı olan fəaliyyətimiz insanların hisslərinə toxunur. Amma dindən aldığım yaralar əvvəllər o qədər çox ağrıdırdı ki, mənim vecimə deyildi. Deyirdim ki, din mənim həyatımı pozubsa, eybi yox, qoy başqaları da hisslərinə toxunulmasına dözsünlər. Əslində bu, səhv yanaşma idi. Sonradan dostlar, fikirlərinə hörmət etdiyim şəxslər mənə çox dedilər ki, məsələyə düzgün yanaşmıram, insanların dini hisslərin qıcıqlandırmaqla heç nəyə nail ola bilməyəcəyəm. Mən artıq o yanaşmadan vaz keçmişəm. İndi demək olar ki, insanları qıcıqlandıracaq heç bir şey etmirəm. Sadəcə, çalışıram ki, elmi dünyagörüşünü təbliğ edim. -Amma elmi təfəkkürü təbliğ edərkən, təhqirə yol verirsiniz…- Deməzdim. Təhqir anlaşıyı çox qəliz məsələdir. Nə vaxtsa konkret bir insanın fərdi qaydada inancını təhqir etdiyim olub. Amma o, öz inancı ilə mənim həyatıma gətirdiyi əzablara görə bunu haqq edirdi. Son zamanlar ümumiyyətlə, heç kimə qarşı bunu etmək istəmirəm.Digər tərəfdən, dindarlar özləri TRT kimi dünyada baxılan bir kanalın efirində deyirlər ki, namaz qılmayanlar heyvandır. Bu, açıq-aşkar təhqirdir. İstər İslamın ana kitabı Quranda, istərsə də, hədis toplularında dinə inanmayan insanlarla bağlı xeyli kəskin, ağır ifadələr var. Belələri “lənətlənmiş”, “zəlil” kimi sözlərlə çağırılır. Quranın “Müddəssir” surəsində İslamı qəbul etmək istəməyənlər hətta “ürküdülmüş uzunqulaq” adlandırılır. Allahdan gəldiyi deyilən kitaba əsla yaraşmayan bir ifadədir! Sanki bunların hamısı normaldır?! Mən şəxsən Azərbaycandakı şiələrin çoxunun telefonlarında olan və bir-birlərinə dinlətdikləri moizəyə qulaq asmışam. Orada deyilir ki, qadınların aybaşı günlərində namaz qılmamağa icazəsi var. Əgər bir kişi namaz qılmırsa, demək, onun aybaşı olan qadından heç bir fərqi yoxdur. Bu da təhqirdir. Amma bunlara heç kim demir ki, dinə inanmayan insanları niyə təhqir edirsiniz? Sanki, ateistlərin hissi yoxdur. Düşünürlər ki, insan ateistdirsə, o, taxtadır, dəmirdir, cansızdır, buna görə də istənilən təhqiri işlətmək olar. Amma dindar haqqında heç nə demək olmaz: o çox incədir, həssasdır, hər şey onun kövrək qəlbinə toxuna bilər. Bu yanaşma düzgün deyil. Tolerantlıqdan danışırıqsa, bu, təkcə dinə aid deyil ki. Ateist olmaq da dinə münasibətdə tutulan bir yoldur. Ateistlərə də dözümlü yanaşmaq lazımdır.Mən ateistəmsə, bu, ancaq o deməkdir ki, dini təfəkkürü yox, elmi dünyagörüşünü əsas götürürəm. Həyatı, kainatı elmi təfəkkürlə dərk etməyə çalışıram. Bu zaman elmi düşüncəyə zidd olan bütün fikirləri kənara qoyuram. Dinin əsasında dayanan əsas amil vəhydir. Elmi təfəkkür isə vəhyi qəbul etmir, edə də bilməz. Hansısa bir alim durub desə ki, “vəhy var”, deməli, onun elmdən anlayışı yoxdur. Elmi təfəkkür tərzi olaraq, heç bir halda vəhyi qəbul edə bilməz. Niyə? Çünki, bunu biz yoxlaya, eksperiment apara, hətta nəzəri cəhətdən əsaslandıra bilmərik. Biz heç bir elmi metodla bunu təsdiq, ya da təkzib edə bilmərik. Demək, nə alınır? Mən əgər ateistəmsə, elmi təfəkkür tərzini əsas tuturamsa, bu, avtomatik olaraq vəhyi qəbul etməməyim deməkdir. Vəhyi qəbul etməmək Quranın Allahdan gəldiyinə inanmamaq deməkdir. Dindarlar, hətta dilinə gətirməsən belə, sənin bu cür düşünməyini öz inanclarına təhqir sayırlar. Belə çıxır ki, bir insan kimi mənim kimilərin sadəcə mövcudluğunu öz dinlərinə təhqir hesab edirlər. İndi mənim düşüncə tərzim dindarların xoşuna gəlmirsə, mövcud olmaq haqqım əlimdən alınmalıdırmı?!-Teoloji məsələlərin üzərinə yenə qayıdacağam. Amma istəyirəm ki, siz keçmişinizdən bir da ətraflı danışasınız. Səhv etmirəmsə, şiə namazı qılmısınız. -Mən şiə ailəsində böyümüşəm. Amma konkret olaraq şiə həyatı yaşamamışam. Sünnilərə qoşulmuşdum. – Radikal qanadına?-Xeyr. Hənəfilik daha xoş göründüyü üçün, o məzhəbi seçmişdim. Namazı da hənəfi üsulu ilə qılırdım. Bütün ibadətlərim hənəfiliyə uyğun idi. Mən şəxsi həyatımla bağlı hər şeyin dərinliyinə getmək istəmirəm, çünki, burada başqa insanların da həyatına toxuna bilərəm. Amma deyim ki, dinə qarşı dəyişməyim sünni-şiə qarşıdurmasının həyatıma gətirdiyi şəxsi faciələrdən başladı. Bundan sonra dini daha dərin qazmağa başladım. İstədim sünni-şiə probleminin kökünün nədən qaynaqlandığını öyrənim. 30 yaşıma az qalmışdı. Qarşıma çox iddialı və mümkün olmadığını indi başa düşdüyüm bir məqsəd qoymuşdum ki, bu sualın axırına çıxacağam. Bu istiqamətdə araşdırmalar apardıqca, gördüm ki, dinin bütün tərəfləri haqsızdır. Anladım ki, dinin mənəviyyata, daxili dünyaya, səmavi, ruhani kateqoriyalara dəxli yoxdur. Din  kütləni yönəltməyin bir vasitəsidir. Bu, mənə tam aydın oldu. Din mənim gözümdə mənəvi dəyərini, mahiyyətini itirdi. Başa düşürəm ki, biz istəməsək də, din kütlə şüuruna təsirin geniş bir kanalıdır və həmişə istifadə ediləcək. Amma mən yenə də elmi düşüncənin yayılmasının tərəfdarıyam. – Dindarlardan çox, ateistlər Quranı və digər səmavi hesab edilən kitabları oxuyurlar. Siz indi də Quran oxuyursunuz?-Quran – oxunması çətin, narahat olan, çoxlu lazımsız təkrarlarla insanı bezdirən bir kitabdır. “Cümlə bitmiş fikir bildirir” qaydası bu kitabda yoxdur, fikirlər qırıq-qırıq, adda-budda ifadə olunub. Tərtibat, logistika və redaktə baxımından sadəcə, dözülməzdir. Rasional məqsədlə kitab oxuyan adam üçün Quranı oxumaq əzabdır. Amma bütün bunlara baxmayaraq, oxuyuram, bundan sonra da oxuyacağam. -Heç olurmu ki, hansısa ayəyə rast gələndə “mən bu barədə səhv düşünmüşəm. Burada yazılan daha real və rasionaldır” fikrinə gələsiniz?-Xeyr. Tam əksi olur. Əvvəllər Quranı oxuyarkən orada məntiqə sığmayan fikirlər görəndə “bunu yəqin düz başa düşmürəm. Bunun hansısa başqa bir hikməti var. Sadəcə olaraq, mən anlaya bilmirəm”,- deyə düşünürdüm. Amma indi oxuyanda başa düşürəm ki, Quranda heç bir gizli qat yoxdur. Bu, elə bizim bildiyimiz məişət qatıdır. Sadəcə olaraq, 7-ci əsrin məişət dili ilə deyilib. Quranı hər dəfə oxuduqca, gözümdə bir az da adiləşir. -Tövrat, İncil, Zəburu da oxumusunuzmu?-Tövratı oxuyandan sonra, tam dəhşətə gəldim. -Tövratı mən də oxumuşam, düzü, sizinlə eyni qənaəti bölüşdüyümü etiraf etməliyəm.  Deyəsən, nəyi deyəcəyinizi də təxmin edirəm…-Dünya şöhrətli alim, ateizmin mənəvi liderlərindən sayılan Riçard Doukinz “Allah illüziyası” kitabında “Mənəviyyatın mənbəyi dindirmi?” sualına cavab verir. Və göstərir ki, yox, din əsla mənəviyyatın mənbəyi ola bilməz, sübut üçün də Tövratdan misallar gətirir. Məsələn, Tövratda Lut peyğəmbər həmşəhərlilərinə deyir ki, mənim qızlarımı götürün zorlayın, amma qonağıma dəyməyin. Budurmu, mənəviyyat?! Və ya, elə həmin Lutun qızları atalarını içirdib, onunla yatağa girirlər. İbrahim peyğəmbər Fironun sarayında mövqe qazanmaq üçün öz arvadını “bacımdır” deyə, firona ərə verir. Yaqub peyğəmbər kor atasını aldadır. Belə misallar onlarladır…Tövratda adı keçən peyğəmbərlərin əksəriyyəti yalan danışırlar, qohumlarının əmlakına, qadınlarına göz dikirlər. Tövratdakı peyğəmbərlərin əhvalatları qədim yunan Allahlarının macəralarına oxşayır. Biz orada nə görürük? Tam insani konfliktlər, xəyanət, hakimiyyət uğrunda dava, var-dövlət uğrunda çarpışmalar. Eyni münasibətlər Tövratdakı peyğəmbərlərə köçürülüb. Amma burada allahların statusu aşağı salınıb, peyğəmbər elan olunublar. Fəqət həmin xasiyyət, həmin mahiyyətdir. Tövratda ilahi, səmavi heç bir şey yoxdur. Tövrat mənim üçün bu baxımdan maraqlıdır: sübut edir ki, din əxlaqın mənbəyi deyil və ola da bilməz. Bu qənaətimi daha da möhkəmləndirmək üçün imkan olan kimi Tövratı bir daha oxumağı düşünürəm. -İncil isə Tövratla Quranda fərqlidir…-İncilin Allahdan gəldiyi iddia edilmir. İncili İsanın yanında olan həvarilər yazıblar. Bunu çox vaxt müsəlman dindarlar belə qələmə verirlər ki, 5 İncil varsa, bu, necə düzgün ola bilər? Burada qeyri-adi nə var ki? İsa peyğəmbərin yanında 12 şagirdi olub, onlardan 5-i öz müəlliminin həyatını gördüyü kimi yazıb. Bu 5 kitabın identik olmamaları normaldır. Düzdür, mən İncildə yazılanların reallıqda baş verdiyini düşünmürəm. Ümumiyyətlə, İsanı real tarixi şəxs kimi qəbul etmirəm. Ancaq hər halda İncilin Allahdan vəhylə gəlmiş bir kitab olduğu iddiası yoxdur, o, insanlar tərəfindən yazılıb. Buna görə, onu çox da tənqid etmək, üstünə düşmək ehtiyacını duymamışam. -Ənənəvi ritorikadan çıxış edərək belə bir sual verəcəyəm: hamı deyir ki, Qurandan başqa digər səmavi kitablar təhrif edilib. Sizə elə gəlmirmi ki, bu iddianı irəli sürmək üçün insanın əlində Quranın ilkin variantı, Tövratın ya da İncilin orijinal mətnləri olmalıdır ki, müqayisə də düzgün aparılsın? Paradoksal deyilmi?-Ümumiyyətlə, bu yanaşmanın özü mənə qəribə gəlir: Allah bir kitab göndərib, görüb ki, insanlar onu təhrif ediblər, sonra birini də göndərib. Görüb ki, insanlar bunu da təhrif ediblər, birini də göndərib. Ondansa, bir kitab göndərib, onu təhrifdən  qorumaq Allahın əlində çox çətin bir iş olardı? Quranın təhrif olunub-olunmamağına gəlincə, bəli, etiraf edək ki, bizim əlimizdə Quranın ilkin variantının nüsxələri yoxdur. Hazırda olan Quran xəlifə Osmanın bir yerə toplayıb kitab halına saldığıdır. Amma indiki dərc olunan Quranların Osmanın dövründəki ilə uyğunluğu mənim üçün bir qədər şübhəlidir. Çünki, görürəm ki, indiki tərcümələr getdikcə əsas mahiyyətdə daha da uzaqlaşır. Əlimdə sübut yoxdur, amma mənə elə gəlir ki, zaman keçdikcə, Qurandan bəzi sərt hissələr çıxarılıb. Məsələn, bu gün bütün müsəlman ölkələrində daş-qalaq edilmə cəzası var. Mədəniyyətləri və şüurları bir-birindən tamamilə fərqli olan ölkələrdə də var. Bu gün bizə deyirlər ki, daş-qalaq məsələsi Quranda yoxdur. Bəli, əlimizdə olan Quranda bu, həqiqətən də yoxdur. Amma bu, vaxtilə olmayıbsa, ideya haradan gəlib? İstisna deyil ki, daş-qalaq cəzası nə zamansa Quranda olub və sonradan həmin ayələr Qurandan ya çıxarılıb, ya da tərcümə zamanı mənası dəyişdirilib. Yenə deyirəm, əlimdə sübutum yoxdur və dediyim elmi iddia deyil. O zaman elmi olardı ki, mən həmin o qədim Quran nüsxəsini tapardım və göstərirdim. Ona görə də, bu fikrin üzərində israr eləmirəm.Digər tərəfdən, mən sünni vaxtlarımda şiələrlə mübahisə edəndə onlar çox əminliklə deyirdilər ki, Quranda həzrəti Əli haqqında ayələr olub, sünnilərin hakimiyyəti dövründə onlar çıxarılıb. Həmin insanlar eyni zamanda deyirlər ki, Quran Allahın kitabıdır və qiyamətə qədər dəyişməyəcək. Özləri də anlamırlar ki, bir dedikləri o birini təhrif edir. Bu, dinin insan şüuruna nə dərəcədə zərərli təsir etməyinin bir örnəyidir. -Siz bəzən çox kəskin danışırsınız. Lakin mənə elə gəlir ki, hər bir ateistin intuisiyası ona belə bir şeyi təlqin edir ki, bu cür danışıqlara görə, cəza alacaq, yəni ilahidən qorxu hissi insanın içində kök atıb. Nə qədər rasional düşünsə də. Sizdə də heç qorxu varmı ki, qiyamətdə cəzalanacaqsınız, o biri dünyada əzab çəkənlərdən olacaqsınız? Xahiş edirəm, tam səmimi cavab verəsiniz.-Tam səmimi deyirəm ki, qorxmuram. Birincisi, qəti əminəm ki, qiyamət, haqq-hesab, məşhər, əməl dəftəri, çiyindəki mələklərin “skrin” etməyi kimi düşüncələr tamamilə mifdir. Buna tam əminəm. İkincisi, belə bir məhkəmə həqiqətən olacaqsa, mənim özümün Allahı sorğulamaq üçün xeyli suallarım olacaq. Hələ ola bilər ki, mənim həyatımdan şikayət etməyə elə də haqqım yoxdur. Ancaq həyatından şikayət etməyə həddindən artıq haqqı olanlar var. Özlərindən asılı olmayan səbəblərdən bədbəxt olmağa məhkum edilən uşaqlar var. Bütün ömrü məhv edilın qızlar, aclıq içində qalan körpələr var. Haqsızlıqla üzləşib, dünyanın ən ağır dəhşətlərini yaşayan insanlar var. Onların Allahı sorğu-suala çəkməsi üçün məşhərin qurulmağı mənim özümə də maraqlı olardı. Görmək istəyərdim ki, dünyadakı bu qədər faciələrin, insani dəhşətlərin cavabını kim və necə verəcək. İşin bu tərəfi var. Bunu da keçək. Dini kitablardakı əzablar o qədər dəhşətlidir ki… Bir insan necə bir günah işləyə bilər ki, onu yandırasan, dərisi, əti yansın tökülsün, sonra onu yenidən bərpa edəsən, o da yansın tökülsün. Bu adam yalvarsın ki, onu geri qaytarsınlar səhvlərini düzəltsin. Amma ona deyilsin: “Yox, yan, vaxtında mənə qulaq asmadığına görə yan”. Hansı günahın cəzası bu qədər dəhşətli ola bilər?! Nə qədər Allahsız olasan ki, ən günahkar bir insana bu cür manyakal cəzalar verəsən?! Bu cəzalar isə dini kitablarda təsvir olunub. Bu işkəncələr o qədər absurd, qeyri-adekvat, əmələ uyğun olmayacaq dərəcədə dəhşətlidir ki, insan şübhəyə düşür ki, görəsən Allah özü bu qədər allahsız ola bilərmi?Cəzanın məqsədi nədir? Hansısa insanın islah olunması. Məqsəd qisas almaq deyil. Dində isə təsvir olunan cəzalarda məqsəd islah deyil. Çünki o günahkarlara əlavə heç bir şans verilməyəcəyi vurğulanır.Mən beləyəmsə, sən eləsənsə, başqası başqa cürdürsə, bunun günahı tam bizdədirmi?! İnsan doğurdan da öz əməllərinin tam sahibidirmi?! İnsan doğurdan da, bütün qərarlarını özü qəbul edəcək qədər iradə sahibidirmi?! Bir insanı Allah yaradıbsa, durub onu manyak yaratmamalıdır. Bizim uşaqlıq vaxtı yaşadığımız hansısas stress alt şüurumuza oturur. Yetkin vaxtlarda isə onun təsiri ilə müxtəlif qərarlar veririk. Halbuki, mənim uşaqlığım başqa cür olsa idi, mən bu qərarı başqa cür verəcəkdim. Bir insanı alt şüurdakı proqram yönəldirsə, bu, onun gühanıdırmı? Axtarsaq, bizim “günah” dediyimiz əməllərdə insanın payı bəlkə də 10 faizdir. Adam özü də fərqində olmadan təhtəlşüurundakı proqramların təsiri ilə addımlar atır, qərarlar qəbul edir. -Belə danışmağınız “ateist olsanız da, Allahın varlığını öz dediyiniz şüuraltınızda etiraf edirsiniz” anlamına gəlmir? Çünki deyirsiniz ki, insanın payı yoxdur. Bu zaman hesab edirəm ki, özünüz də bilmədən ilahi bir qüvvənin varlığını dilə gətirirsiniz. -İnsanı yetişdirən cəmiyyətdir. Biz nəzərdə tutmalıyıq ki, bir körpə uşağa dediyimiz hər bir söz onun alt şüurunda yığılır. Bizim o uşağın alt şüuruna yüklədiyimiz proqramlar gələcəkdə onu idarə edəcək. O, artıq azad şəxsiyyət deyil, çünki onu idarə edən proqramları biz yükləmişik. Onda həmin uşağın günahı nə qədərdir ki, o biri dünyada cəzalandırılsın?! Məsələyə bu tərəfdən yanaşıram ki, insanın əməlləri bəzən onun pisliyindən irəli gəlmir. İnsan heç də pis olmur, sadəcə o, pis proqramlaşdırılır. Düzdür, mən yenə də iradə amilini kənara qoymuram. Amma əksər hallarda insan atdığı addımların mahiyyətinə varmır. Özündən asılı olmur. Çox vaxt uşaqlar daha məntiqli sual verirlər. Mənim bir dindar qohumum var idi, uşağı başa salırdı ki, şeytan insanları azdırır, Allah axırda onu da cəzalandıracaq. Uşaq qulaq asandan sonra belə dedi: “Ana, Allah tutub şeytanı öldürsün, hamı da cənnətə getsin də”. Uşağın ideologiya ilə çirklənməmiş ağlı anlayır ki, bu cür izahat absurddur. Bizə belə qəbul etdirməyə çalışırlar ki, həyat imtahandır. İmtahan nədir? Deyək ki, bir ali məktəbə yerlər məhduddur. 100 min insandan 5 mini ora düşə bilər. Məgər cənnətdə də yerlər məhduddur? Allahın əlində cənnəti geniş yaratmaq belə problemdir? Elə oranı sərhədsiz etsin, hamını da yaxşı yaradıb, ora salsın da. Hamı da dua etsin, həyatından zövq alsın. -Dini modernləşdirmə cəhdlərində qeyd olunur ki, İslam dini siz dediyiniz kimi, radikal deyil, sadəcə tərcümələrdə, ayələrin təfsirində problemlər var. Halbuki, ərəb dili mütəxəssisləri belə, o ayələri o cür tərcümə ediblər. Problem nədən qaynaqlanır?-Biz bu iddiadayıq ki, Quranın yazıldığı dilini ərəblərdən daha yaxşı bilirik. Deyirik ki, Səudiyyə Ərəbistanı dini düz başa düşmür. Halbuki, ərəb dili onların ana dilidir. Quranı eninə, uzununa, saat əqrəbinin əksinə, diaqonal istiqamətdəəzbər bilirlər. Hər cümləsini kökünə qədər dəqiq anlayırlar. Bizim ərəb dilini 25 yaşından sonra öyrənən Elşad Mirimiz isə deyir ki, ərəblər Quranı düz başa düşmürlər. Ərəblərin o dili hələ uşaqlıqdan bildiyini bir kənara qoyaq. Quran onların daşıdığı mədəniyyətin və milli təfəkkürün məhsuludur. Necə olur ki, ərəblər öz babalarının, əcdadlarının yaratdığı, öz mədəniyyətlərinin meyvəsi olan, öz dilindəki kitabı başa düşmür? Amma bizim Yevlaxda doğulan, 25 yaşına kimi ərəb dilini bilməyən, 30 yaşından sonra Quranın yeni tərcüməsinin iddiasına düşən Elşad Miri daha yaxşı bilir?!-Elşad Miri də öz fikirlərini əsaslandırır, yəni arqumentləri elə də zəif deyil ki, üzərinə bu cür hücuma keçəsiniz. Siz onun arqumentlərini zəif hesab edirsiniz?- Elşad mənim dostumdur. Kifayət qədər yaxınıq, özü həmişə hər yerdə deyir ki, ilk redaktoru mən olmuşam. Məsələ Elşadda deyil, mən onun xətrini lap çox istəyirəm, əla da oğlandır. Məsələ absurdun qarşısını kəsməkdədir. Azərbaycanda ərəb dilinin ən güclü bilicilərindən biri rəhmətlik Ziya Bünyadov olub. O, Azərbaycan tarixşünaslığında nadir şəxslərdəndir ki, orta əsr mənbələrini orijinaldan oxuyub. Mən qətiyyən düşünmürəm ki, Ziya Bünyadov ərəb dilini zəif bilib. Akademik Bünyadov öz tərcüməsində tez-tez haşiyə çıxır ki, bu ayələri Tövrat və İncildəki filan yerlərlə müqayisə edin. Müqayisə edəndə çıxardığım nəticə o oldu ki, bu dini kitablar bir-birinin davamıdır. Neoislamçıların ən çox dediyi şeylərdən biri odur ki, Quranda merac məsələsi və Ayın bölünməsi hadisəsi yoxdur. Halbuki, 14 əsrdir ki, bütün müsəlman aləmi buna inanır. İnanclı insanların mənəvi dayaqlarından biri meracdır. Bunu necə danmaq olar?! “İslamda merac yoxdur” demək artıq islahat da deyil, islamın əsas anlayışlarından birini inkar etməkdir. Hədisi necə qırağa atmaq olar? Müqayisə etsək, Quran sanki bir konstitusiyadır, amma təkcə konstitusiya ilə dövlət yaşaya bilməz axı. Mütləq onu izah edən məcəllələr, qanunlar olmalıdır. Quranı izah edən isə hədis və sünnədir. Bizə indi deyirlər ki, filan məsələ hədis və sünnədə varsa, amma Quranda yoxdursa, deməli, yalandır. Bu yanaşmanın özü absurddur. Təkcə Quranla necə müsəlmanın həyatını tənzimləyə bilərsən?! Neoislamçılar dini həyat tərzi olmaqdan çıxarıb, mənəvi prinsiplər toplusu halında qalmasına nail olmaq istəyirlər. Əslində mən bunu o mənada alqışlayıram ki, indiki zamanda bu da qazancdır. Qoy, həyat tərzi olan ehkamçı İslamdansa, mənəvi prinsiplərin cəmi olan İslam qalsın. Fəqət həmin prinsiplər bütün humanist təlimlərdə var axı. Hamı deyir edir ki, yaxşı insan ol, kasıba əl tut, oğurluq etmə. Şəxsən mənim həyatıma bu mənada təsir edən Quran yox, Viktor Hüqonun “Səfillər” romanı olub. “Səfillər”dəki Monsenyor Benevünün hərəkəti mənim bütün həyatıma təsir edib. -Siz kasıba əl tutursunuz?-Mən elə də imkanlı adam deyiləm. İmkanım daxilimdə bacardığımı edirəm. Buna görə heç bir ilahi qarşılıq da gözləmirəm. Ateist düşünür ki, imkansıza insandan başqa əl tutacaq biri yoxdur. Bu təfəkkür ateistlərin beyninə oturur və onlar insanlara münasibətdə daha məsuliyyətli olurlar.  Dindarlar isə düşünür ki, Allah nə zamansa yetirəcək. -Sizcə, Quranda elmi olan heç bir şey yoxdur? Elə bir ayə tapmaq olmazmı ki, elmə işarə etsin? Çox səslənən fikirlərdən biri budur ki, duzlu su şirin su bir-birinə qarışmır…-Duzlu su ilə şirinin qarışmaması məsələsini bizə əvvəlcə belə danışırdılar ki, bunu Jak İv Kusto kəşf edib, sonra Quranda olduğunu görüb, nəticədə müsəlmanlığı qəbul edib. Kusto heç zaman müsəlman olmayıb. O, xristian kimi ölüb, qəbri də Parisdə məşhur xristian qəbiristanlığındadır.Quranda təbii ki, heç bir elm yoxdur, ola da bilməz. Çünki Quran ortaya çıxanda elm deyilən bir şey hələ yox idi. Bizim elm kimi qəbul etdiyimiz fəaliyyət sahəsi 16-17-ci əsrlərdə yaranmağa başlayıb. Ona qədər pozitivist elm mövcud olmayıb. Quranda və hədislərdə “elm” dedikdə daha çox, şeir qoşmaq, rəvayətlər, miflər bilmək nəzərdə tutulur. Çox tez-tez işlədilən bir hədis var ki, alimin mürəkkəbi şəhidin qanından daha qiymətlidir. Deyirlər ki, guya İslam dini alimlərə çox böyük dəyər verir, Allah alimləri çox sevir. Ateizmin bugünkü qeyri-rəsmi, mənəvi lideri olan Riçard Doukinz nəhəng alimdir. Bu adam dahidir. Onun genetika sahəsində araşdırmaları, yaratdığı “Mem nəzəriyyəsi” çox dərindir. Onun “Eqoist gen” əsəri fəlsəfə ilə genetikanın kəsişməsində yazılan bir kitabdır. Allah doğurdan da Riçard Doukinzi sevirmi və onu cənnətə salacaqmı? Belə məlum olacaq ki, yox. Amma İranda yaşayan, lazımsız, mənası fətvalar ifraz edən hansısa bir ayətullah isə alimdir və onun yeri cənnətdir. İslam “alim” deyəndə belələrini nəzərdə tutur.Ya da Stiven Houkinqi götürək. Onun nəhəng bir elm adamı olmasına heç bir şübhə yoxdur. Astrofizika sahəsindəki fikirləri, qara dəliklərlə bağlı araşdırmaları mükəmməldir. O, kainatın yaranmasını şərh edərkən belə bir sual qoyur: “Bütün bu nəhəng mexanizmin qurulması üçün yaradıcı bir qüvvəyə ehtiyac varmı?”. Cavabı da belə verir ki, vacib deyil. Hətta elə bir qüvvə olmasa belə, bu mexanizm özü-özünü tənzimləyə bilərdi. Faktik olaraq, Stiven Houkinq ateizmə yaxınlaşıb. Doğurdanmı iflic olan, əlil arabasında oturan Stiven Houkinq cəhənnəmdə yandırılacaq? Bunu düşünmək belə mənəviyyatsızlıqdır. Qurandakı elmə gəldikdə isə, o, sadəcə olaraq eyni sözün müxtəlif şəraitlərdə fərqli şərh olunması effektindən doğan illüziyalardır. Məsələn, Quranda “göyün 7 qatı” ifadəsi çox işlənir. Bizə belə təlqin etməyə çalışırlar ki, bu, guya atmosferin 7 qatına işarədir. Birincisi, atmosferin qatlarının sayı 7 deyil. İkincisi isə, hədislərdə və risalələrdə Məhəmməd peyğəmbərin meraca qalxanda göyün qatlarında kimlərlə rastlaşdığı haqda yazılıb. Məsələn, göyün ikinci qatında İlyas peyğəmbərlə rastlaşdı, 3-cü qatda Xızır, 4-cü qatda Musa peyğəmbərlə… Yəni, göyün qatlarında peyğəmbərlərin yaşadıqları və Məhəmmədin də onlarla görüşdükləri təsvir olunur. Doğurdanmı İonesfer qatında Xızır peyğəmbər var? Bunu həqiqətən ciddi qəbul edək?! Ya da, doğurdanmı İlyas peyğəmbər Stratosfer qatında oturub, cənnət paltarları tikir?! Yəni, “Quranda elm var” deyərkən onun hansı kontekstdə işlədilməsinə baxmaq lazımdır. -Nil Armstronqun guya Ayda azan səsinin eşitməsi hadisəsini necə izah edəcəksiniz?-Nil Armstronq mənim maraq göstərdiyim insanlardan biri olub. Onun açıqlamalarında Ayda azan səsini eşitməsi ilə bağlı bir şeyə rast gəlməmişəm. Bu iddianı yalnız müsəlmanlar ortaya atıblar. Sadəcə olaraq mənim qabağıma belə bir məqam çıxmışdı. Deməli, Armstronqun Aya səyahətini NASA-dan idarə edəndə, onların radio əlaqəsinə müsəlmanların hansısa radio stansiyasının yayımı qoşulub. Çünki, 1969-cu ildəki texnika ilə indikieyni deyildi. Radioda ərəbcə nəsə danışırmışlar. Sonradan bunu şişirtdilər ki, Armstronq guya Ayda azan səsi eşidib. Mif yaratmağın klassik nümunəsidir… Miflər belə yaranır.İnsanların ehtiyacları var ki, öz dinlərini möcüzəli göstərsinlər. Əslində din sehrli olmalıdır, dini ağılla dərk etməyə çalışmaq lazım deyil. Dinə gərək vurulasan, bağlanasan, sevəsən, ovsunlanasan, məntiqi izahat axtarmayasan. Bizimkilər bunu bacarmırlar. Hər kəs gedib dinini yaşamalıdır, təkamül təliminə, nisbiliknəzəriyyəsinə qarışmamalıdır. Mən dinə içdən bağlı olan, ona aşiq olan insanların yanında heç vaxt İslamın əleyhinə bir kəlmə də danışmıram. Amma kimsə durub mənə sübut etməyə çalışanda ki, təkamül təlimi yalandır, insan palçıqdan yaranıb və ona ruh üfürülüb, buna reaksiya vermək lazım gəlir.Təkamül təlimi yalan deyil, dünyanın 100 elm ocağından 100-ü də təkamülü tədris edir, növlərin necə formalaşmasını öyrədir. -Amma məncə, Darvinin təlimində qüsurlar da var…-Elmin dindən fərqli gözəl cəhəti budur ki, o özü-özünü tənzimləyib inkişaf etdirir. Misal üçün, mənə görə, bütün dövrlərin ən nəhəng alimi Albert Eynşteyndir. Fəqət… Eynşteynin Nils Borla Kvant mexanikası ilə bağlı məşhur mübahisələri var. Nils Bor Kopenhagen interpretasiyasının tərəfdarı idi, Eynşteyn isə bunu qəbul etmirdi. Kopenhagen interpretasiyası bildirirdi ki, reallıq mütləq deyil, reallığı onu müşahidə edənin düşüncəsi formalaşdırır. Eynşteyn isə deyirdi ki, bu, düzgün deyil, onda belə çıxır ki, siçan hər dəfə kainata baxanda oradakı reallığı dəyişə bilər?!Bu gün Nils Borun müdafiə etdiyi yanaşma qələbə çalıb, onunla mübahisədə Eynşteyn məğlubdur. Amma bu, qətiyyən bu o demək deyil ki, Eynşteyn dahi olmayıb. Gözəllik ondadır ki, Eynşteynin səhvləri belə, bu gün bizi düşünməyə və düzgün cavablar tapmağa sövq edir. Eynşteynin fikrinin üstündə böyük fəlsəfi təlimlər bərqərardır. Elm belə bir şeydir. Elmdə hətta səhvlər də gətirib düzə çıxardır. Dində isə bir səhv olanda o, əsrlərlə qalır, insanların həyatını korlayır, cəmiyyətləri, insanları bədbəxt edir. Elm isə özü-özünü nizamlayır. Səhv olsa belə, yenə də gətirib həqiqətə çıxır. Necə? Misal üçün “işıq nədir” sualına cavab vermək üçün, 20-ci əsrin əvvəllərinə qədər bir nəzəriyyə var idiki, bütün kainatı “efir” adında gözəgörünməz, qeydə alına bilməyən bir maddə doldurur. Səs havanın dalğalanması olduğu kimi, işıq da efirin dalğalanmasıdır. Demək olar ki, alimlərin əksəriyyəti bunu qəbul edirdi. Amma Eynşteynin çalışmalarından sonra  məlum oldu ki, efir-filan yoxdur. Amma “efir” sözü bu günə qədər də qalıb: deyirik ki, radio, televiziya efiri. Halbuki,“efir” deyilən bir mühit yoxdur. Görürsünüz, səhv elmi yanaşma özü də gətirib axırda düzə çıxarır. Elmin gözəl və mükəmməl tərəfi budur. Elm buna görə qorxulu deyil. Elmi nəzəriyyə səhv olsa belə, sonda gətirib bizi düz nəticəyə çıxaracaq. -Dediyinizdən Darvin nəzəriyyəsinin səhv olması nəticəsinə gəlmək olarmı?- Qətiyyən. Bizdə Darvinin məsələsi ona görə çox qabardılır ki, daha çox insanın necə yaranmasının üzərində dayanırıq. Halbuki, Darvinin əsərinin adı “Növlərin mənşəyi” idi. Darvin gedib görür ki, bir adada bir quşun 3 növü yaşayır. Dənizəyaxın hissədəki populyasiya bir cür, meşənin içərisində və dağdakı populyasiyalar isə başqa cürdür. Darvin sual edirdi: “Doğurdan da bunu Allah yaradıbsa, bir adaüçün eyni növdən olan üç cür quş dizayn edib? Yoxsa, yaşam şərtləri eyni növdən başqa populyasiyaların çıxmasına səbəb olub?”Təkamül nəzəriyyəsi növlərin mənşəyini izah edir. Bu cür yanaşılsa, hər kəs başa düşər ki, təkamül olduqca gözəl, eleqant bir elmi nəzəriyyədir. Sadəcə olaraq, bizdə “təkamül” dedikdə ancaq insanın meymundan yaranmasını başa düşürlər. Təkamül bu deyil axı. Söhbət təkcə insandan getmir. Misal üçün, ilanın 3 min növü var. İndi düşünmək olarmı ki, Allah bu 3 min növ ilanı bir-bir yaradıb?! Yoxsa ilanların ümumi bir əcdadı olub və sonradan hərəsi öz düşdüyü şəraitə uyğun olaraq, bir cür formalaşıb? Yaşam şərtləri yeni növlərin meydana çıxmasına səbəb olur. Təkamülün qısaca izahı budur. İndi çoxları deyir ki, meymun niyə insana çevrilmir? Birincisi heç kim demir ki, insan meymunun çevrilməsi nəticəsində yaranıb. İnsan – insanaqədərki canlıdan yaranıb. Adını nə qoyuruqsa-qoyaq, fərqi yoxdur. Şərait olmasa, növlərdə dəyişkənlik də olmur. Bizə ən çox bunu deyirlər ki, filan göbələk 100 milyon ildir dəyişmir, filan milçək 50 milyon ildir dəyişmir. Vəssalam, bununla da deyirlər ki, Təkamül Nəzəriyyəsi çürüdüldü. Təkamül çürüməyib, bütün olanların izahı var ki, növ nə zaman başqa növə çevrilə bilir. -Yəni, elə növ var ki, onlar yaşadığı populyasiyalarda təbii şərtlər sabiq qaldığına görə, dəyişilmirlər? -Bəli. Məsələn, okeanın dibində, işığın düşmədiyi dərin su qatlarında yaşayan balıq növləri var ki, 100 milyon ildir ki, dəyişməyib. Çünki həyat şəraitində heç bir dəyişiklik olmayıb. Buna görə də, genlər ətraf mühitin dəyişikliyinə reaksiya vermək məcburiyyətində qalmayıb. Halbuki, həmin balığın nəsilləri, suyun daha işıqlı, planktonla daha bol hissələrinə getdikcə, onlar dəyişiliblər, yeni növlərə başlanğıc veriblər. Təkamül budur. Burada fantastik nə var ki?! Dindarlar bu təlimə yalan deyirlər. Amma “Allah insanı palçıqdan yaratdı və sonra ona ruh üfürdü” izahatı doğrudur. Halbuki, bunun heç bir sübutu yoxdur və bu mifi elmi nəzəriyyə kimi qəbul etmək olmaz. Bunu qəbul etməyi istəmək vicdansızlıqdır. -Ancaq canlılarda gözün necə formalaşması təkamülün nəticəsi ola bilərdimi? Bu suala necə cavab verəcəksiniz?-Göz kreatsionistlərin, anti-təkamülçülərin ən çox “ilişdiyi” məsələlərdən biridir. Onlar deyirlər ki, bu cür mürəkkəb optik sistem ilahi bir planlama olmadan necə yaranabilərdi? Birincisi, göz indiki kimi mürəkkəb şəkildə yaranmayıb. İbtidai canlıların – məsələn, infuzorların,-  bədənində işığa həssas hüceyrələr var. Bu, göz deyil, lakin işıqla qaranlığı bir-birindən ayıra bilir. Biz infuzor tərliyə baxanda gözün əcdadının nə olduğunu anlaya bilirik. Dəridə olan işığa həssas hüceyrələr gözün əcdadıdır. Bu, ən ibtidai, ən primitiv gözdür. Hər canlının öz yaşam tərzinə uyğun olaraq həmin hüceyrələr inkişaf ediblər. İkincisi isə, insanın gözündə qəribə yanlışlıq var. İşığa həssas hüceyrələrdən çıxan sinirlər hüceyrələrin arxa tərəfində yox, üzərindədirlər. -Oxucuların anlaması üçün bir az sadə izah edin. -Elə bilin ki, siz bir divara işıq panelləri döşəmisiniz. Hər paneldən məftil çıxır. Məntiqlə, divarı deşib, o məftilləri divarın arxasından çıxarmalısınız. Amma təsəvvür edin ki, məftilləri panelin üstünə qoymusunuz. Gözün içərisində də belə bir qüsur var. Gözdə işığa həssas hüceyrələrdən çıxan sinirlər  onun içində cəmlənir və bir nöqtədən gözün xaricinə çıxırlar. Bu, “kor nöqtə”dir. Gözümüzün həmin hissəsi görmür. Halbuki, göz şüurlu bir dizaynın nəticəsi olsaydı, məntiqlə bu daha düzgün olardı ki, sinirlər arxa divardan çölə çıxsınlar və “kor nöqtə” də olmasın. Bu da onu göstərir ki, göz təkamülün gedişində yaranan optik biocihazdır. Sadəcə olaraq, hansısa proses düzgün getmədiyinə görə, belə alınıb. Düzdür, bunun niyə belə olmasının hələ elmi cavabı yoxdur. Amma nə zamansa olacaq. -Vüsal bəy, artıq dərəcədə rica edirəm, bu sualıma dəqiq cavab verin. Təkamülü sübut edən ara növlər varmı?-Təkamülü sübut edən ara növlər həddindən artıq çoxdur. Getdikcə də tapılır. Bu cür elmi araşdırmalar Qərbin nüfuzli elmi jurnallarında dərc olunur. Bizdə onlarn heç biri oxunmur. Bizdə Harun Yahyanın öz bildiyi kimi, təhrif edib, öz marağına uyun yazdığı səfeh-səfeh kitabları oxuyurlar. Bu, işin bir tərəfidir. İkinci bir bədbəxtlik odur ki, bizdə təkamülü müdafiə edənlər jurnalistlər, şairlər və digər sahənin adamlarıdır. Bioloqlar isə çıxıb deyirlər ki, insan palçıqdan yaranıb. Guya bunlar alimdir. Bir bioloq, bir həkim necə ola bilər ki, təkamülə inanmasın?! Bu, absurddur. Təəssüf ki, bizdə təkamüllə məşğul olan əsl bioloqlar yoxdur. Varsalar belə, bunu deməyə qorxurlar. -Səhv etmirəmsə, tez-tez efirlərdə görünən Tibb Universitetinin müəllimi, həkim Rəşid Mahmudov ateistlərin heç zaman savadlı olmayacağını demişdi. -Mənim o adamın savadına çox ciddi bir şübhəm var. Bu adam elmin nə olduğunu bilmir. Dini mifləri qəbul edən insan alim ola bilməz. Bu sözümün arxasında dayanıram. O fikir elmidir ki, onun yalan olduğunu təkzib etmək mümkün olsun. Mümkün deyilsə, bu, qeyri-elmidir. Ona görə də, “Allah varmı, ya da yoxmu”, “İnsanı Allahmı yaradıb” kimi suallar avtomatik olaraq elmi cavabı olmayan suallardır. Çünki bunları yoxlamağın elmi metodu yoxdur. Nəyinsə elmi metodu yoxdursa, onun haqqında danışmağa dəyməz. -Keçək, fərqli suallara. Bildiyimə görə, ananız dindardır. Sizin bu cür fikirlərinizdən narahatlıq keçirmir?-Anam dindardır. Əslində atam da guya, dindardır. Yəqin ki, narahatdırlar. Amma onlar öz həyatını, mən də öz həyatımı yaşayıram. Onların özlərinin düşüncələri var. Onlar Allaha inanırlar, doğurdan da cəhənnəmdə yanacaqlarından qorxurlar. Əslində mənim valideynlərimə görə narahat olmağım daha real və məntiqlidir. Çünki olmayan qorxularla yaşayırlar. Onlar da öz həqiqətinə görə, mənə görə narahatdırlar. Yəni narahatlıq qarşılıqlıdır. -Övladlarınızın necə biri olmasını istərdiniz?-Mən istəmirəm ki, övladlarım dinin beyinlərə hakim olduğu cəmiyyətdə yaşasın. Mən istəmirəm ki, 3-5 yaşında uşağıma “Allah var, cəhənnəmdə bizə əzab verəcək” kimi şeylər aşılasınlar. Mən istəmirəm ki, qızım məktəbi qurtaran kimi qorxudan çadra örtsün. Bunların baş verməməsi üçün biz meydanda olmağa məcburuq. Din çox sürətlə, israrlı şəkildə sosial münasibətlərə, siyasətə qarışır. Ortada sekulyar düşüncəli insanlar olmayacaqsa, gələcəkdə böyük fəsadlara gətirib çıxara bilər. Mən öz qızımı savadlı insan kimi böyütməyə çalışacağam. Ona Təkamül Təlimini də, kainatı elmi olaraq tanıdan digər nəzəriyyələri də, dini də olduğu kimi, heç birini pisləmədən və tərifləmədən başa salacağam. 17-18 yaşına çatandan sonra dinə meyillənsə, ona mane olmayacağam. Təki, o, hər şeyi bilsin, dünyagörüşü geniş olsun. Sonra seçimini özü edər. Yoxsa, 3 yaşındakı qızın başını bağlamaq, əlinə Quran vermək, ona kəlmeyi-şəhadət dedizdirmək mənəvi barbarlıqdır. Bu, artıq mənəviyyat da deyil, onun tam əksinədir. -Mən düşünürəm ki, Rafiq Tağı öldürüləndən, Ağalar Məmmədov ölkədən gedəndən sonra Azərbaycanda ateizm zəifləyib. -Mən elə düşünmürəm. Əksinə, Azərbaycanda ateizm genişlənib. Dindarlar isə azalır. 10 il əvvəl oruc tutanlar, namaz qılanlar, dini həyat tərzini seçənlər daha çox idi. İndi inanmayanlar daha çoxdur, inananlar da daha liberaldır. Bu da yaxşı haldır. Ən pis dindar radikal və aqressiv dindardır. Onlar artıq cəmiyyət üçünitirilib. Mən maşını yolun qırağında saxlayıb, düşüb namaz qılan insandan qorxuram. Dükanı bağlayıb, qəzet sərib namaz qılanlar məni narahat edir. Çünki ondan hər şey gözləmək olar. (modern.az)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler