Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Peyğemberleri yalan hesab etmek absurddu”

22 Haziran 2016

8:28 pm


23/06/2016 [00:25]: xeber –
Jurnalist Vüsal Məmmədovun saytlardan birinə verdiyi müsahibə cəmiyyətdə birmənalı qarşılanmayıb. O, bildirib ki, peyğəmbərlərin çoxu yalan danışıb. Fələsəfə üzrə elmlər doktoru, ilahiyyatçı Əkrəm Həsənov sayt -a açıqlama verərək Vüsal Məmmədovun fikirlərinə münasibət bildirib: “Mən Vüsal Məmmədovun müsahibəsini oxudum. Deməzdim ki, dedikləri ilə razılaşmıram. Ya da deməzdim ki, dedikləri dinimizə ziddir. Sadəcə dinə fərqli baxış sərgiləyib. Bu da normal haldır. Hər kəsin özünün düşdüyü mühitə uyğun dinə, inanca zaman-zaman fərqli yanaşmaları olur. Bu gün bir sözü, fikri bəyan edən, sabah başqa bir fikir söyləyə bilər. Buna aid dinimizdən də örnəklər vermək mümkündür. Misal üçün, Həzrəti Ömər (Allah ondan razı olsun) Peyğəmbərin ilk dəfə dəvətini eşidəndə onunla görüşmək, onu öldürmək istəyini bildirir. Lakin, Peyğəmbərlə görüşdükdən sonra onda tamamilə fərqli fikirlər yaranır. Hətta Peyğəmbəri görməzdən əvvəl ona gələn vəhyin ona böyük təsiri olur. Əvvəlki fikirlərini dəyişir. Dinə, inanca, Peyğəmbərə qarşı onda güclü sevgi yaranır. Ondan sonra ömrünün sonuna qədər bu yolda qalır, Peyğəmbərə kömək edir və Onun ardıcılı olduğu üçün düşmənləri tərəfindən öldürülür. Bu səbəblə hansısa dini baxışını sonradan dəyişən şəxsin peyğəmbərlərə yalan istinad etməsi dinimizə görə düzgün olmasa da müasir dövrümüz üçün normal haldır. Çünki, indi saysız-hesabsız fikir axınları vardır və Vüsal Məmmədov da hansısa bir fikir axınınına sahibdir və həmin fikrini bəyan edir. Dinimiz ona görə gözəldir ki, insanların bütün fikirlərinə normal yanaşır. Buna baxmayaraq islam dini öz prinsiplərini də bildirir. İslam dininə görə peyğəmbərlər seçilmiş şəxslərdir. Onlar günahlardan uzaq olurlar. Onlara xüsusi vəhy gəlir. Ancaq bu o demək deyildir ki, onlar bəşər səviyəsini aşırlar. Onlar da digər insanlar kimi olur. Yeyir, içir, bazarda gəzir, qadınlarla yaxınlıq edir, günah edir. Yəqin ki, siz hind filosofu Oshonu oxumusuz. O da bildirir ki, ilk dəfə Allaha üsyanı Adəm başladı. İnsan günah etdikcə formalaşır. Adəm Peyğəmbərdən sonuncu peyğəmbərə qədər bütün peyğəmbərlər insan olublar və onların çoxlu xətaları, səhvləri olub. Bir hədisdə də bunu Məhəmməd peyğəmbər bizə bildirir. Qiyamət günü dirilmə hadisəsini danışanda bütün peyğəmbərlərin hər birininin özünə aid günahı olduğunu bildirir. İnsanlar şəfaət üçün ilk dəfə Adəm peyğəmbərin yanına gəlirlər. Ancaq Adəm peyğəmbər özünün günah etdiyini bildirir. Çünki, ilk dəfə Allahın qadağan etdiyi ağacdan yemişdi. Daha sonra digər Peyğəmbərin yanına gedirlər. Elə bir Peyğəmbər olmur ki, onun günahı olmasın. Məhəmməd peyğəmbərin də dünyəvi cəhətdən xətaları çox olub. Hətta bunlardan bir neçəsi Qurani Kərimdə bildirilir. Misal üçün kor gələndə üzünü çevirir, Allah onun bu səhvini düzəldir. Bütün bunları Quranın tərcüməsini oxuduqda qarşımıza çıxır. Bu səbəblə Peyğəmbərlərin səhv etməsi normal haldır. Ancaq əsas nəticəsdir. Nəticədə tövbə edib bağışlanma istəyənlərin günahlarını Allah təala bağışlayır. Peyğəmbərlər də günahları bağışlanmış şəxslərdir. Ancaq peyğəmbərlərə yalan istinad etmək dinimizin mətnləri ilə uzlaşmır. Çünki, Allah təala Peyğəmbərlərin doğru sözlü olduqlarını bildirir. Həmçinin Allah təala peyğəmbərlərə düşmənçilik edənlərə belə buyurur: “Hər kim Allaha, onun mələklərinə və peyğəmbərlərinə, Cəbrailə və Mikailə düşməndirsə, şübhəsiz, Allah da (belə) kafirlərə düşməndir” (Bəqərə 98). “Onlardan əvvəlkilər də (ümmətlər, tayfalar da Allahın peyğəmbərinə qarşı) tələ qururdular. Bütün hiylələrin (məkrlərin) cəzasını ancaq Allah verəcəkdir. (Allah) hər kəsin (dünyada) nə qazandığını (bütün yaxşı və pis əməllərini) bilir. Kafirlər axirət yurdunun (o dünyanın gözəl aqibətini) kimin olacağını biləcəklər!” (Rəd surəsi 42). Bundan başqa Qurani Kərimdə peyğəmbərləri yalan hesab edənlər haqqında saysız hesabsız ayələr vardır. Həmin ayələri qeyd etmirik. Allah təala Qurani Kərimdə peyğəmbərlərin adını çəkəndə onlara salam verərək adlarını çəkir. Həmçinin sonuncu Peyğəmbərin adı çəkiləndə salam verilir. Məhəmməd peyğəmbər özü də adı çəkiləndə özünə salam göndərilməsini vacib ibadət hesab edib. Müsəlmanlar gündə beş dəfə qıldıqları namazlarda peyğəmbərlərə və sonuncu Peyğəmbər Məhəmmədə və onun ailəsinə salam göndərirlər. Salam da Allah tərəfindən dəyərli bilinib, sevilib seçilən şəxslərə göndərilir. Əgər onlar yalançı olsaydılar Allah Təala bunu bildirərdi. Çünki, Allah Təala bir ayədə buyurur ki, əgər Peyğəmbər hansısa bir sözü bizim adımızdan yalan demiş olsaydı onun şah damarını kəsərdik. Xülasə olaraq peyğəmbərləri yalan hesab etmək absurddur. Onların yalan danışdıqlarını iddia etmək vəhyin gəlməsini yalan hesab etməkdir. Bir sözlə belə bir söz şəriətdə qəbul olunmur. Ancaq bu gün müasir dövrümüzdə insanlar azad fikirlərə sahibdirlər və onlar din haqqında, Allah haqqında, peyğəmbər haqqında istidklərini deməkdə özlərini sərbəst hesab edirlər. Ölkəmiz tolerant və multukultural ölkə olduğu üçün belə fikirlərin yayılması da normal qarşılanır”.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler