Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Peyğemberin qebri kimin hedefindedir: Vehhabi zehniyyetinin, yoxsa beynelxalq neft maraqlarının?

05 Temmuz 2016

9:16 pm


06/07/2016 [01:14]: xeber –
 Dünən Məscidi- Nəbəvi önündə törədilən terror hadisəsi barədə ilk rəsmi açıqlama verildi.Strateq.az-ın bildirdiyinə görə, Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyi hücumda 4 təhlükəsizlik əməkdaşının öldürüldüyünü, 5-nin isə yaralandığını bildirib. Yaralıların səhhətinin ağır olduğu barədə təsdiqlənməmiş məlumatlar dolaşır.Rəsmi açıqlamadakı itkilər barədə verilən rəqəmlər ilk baxışdan terrorçuların arzuladıqları nəticəni ala bilmədiklərindən xəbər verir. Belə ki, terrorun axşam azanından dərhal sonra törədilməsi böyük can itkisinə hesablandığını göstərir. Çünki Ramazanın son günləri məscid və digər ibadətgahların ən qələbəlik dövrünə təsadüf edir. Xüsusilə, axşam azanından sonra bir çox dindarların iftarlarını açıb namaz qılmaq üçün müqəddəs məkanlara axışdıqları sirr deyil. Peyğəmbər məscidi isə möminlərin ən çox tələsdikləri məkanların başında gəlir.Əvvəla, ona görə ki, İslam peyğəmbərinin nübuvvət dövrünün böyük hissəsi Məscidi-Nəbəvidə keçib. Bu məscid sadəcə İslam tarixində şəxsən peyğəmbər tərəfindən inşa edilən ilk ibadət yeri də deyil, həm də Rəsuli-Əkrəmin həyatının Mədinə çağlarının keçirdiyi bütün məkanları özündə cəmləşdirir (Peyğəmbərin yaşadığı, gəzdiyi, vəfat etdiyi, dəfn olunduğu bütün məkanlar Məscidi-Nəvəbidə yerləşir). Bu baxımdan Məscidi-Nəbəvi bir məsciddən daha çox, İslamın ibtidai tarixinin yaşandığı məkanlar üzərində qurulan kompleksdir. İslami əqidədə sünnət böyük əhəmiyyət kəsb etdiyindən, özəlliklə müqəddəs günlərdə dindarların böyük əksəriyyəti peyğəmbər yaşantısını özündə əks etdirən, onun ayaq izlərini daşıyan məkanlara axışırlar.İkincisi, ona görə ki,  Məhəmməd peyğəmbərin hədislərində ən çox öyülən müqəddəs məkanlardan biri də Məscidi-Nəbəvidir. Hədislərdə müsəlmanların ziyarət etmələri tövsiyə olunan ibadət yeri kimi 3 məscidin – Məscidi-Haramın, Məscidi-Əqsanın və Məscidi-Nəbəvinin adı çəkilir və bu 3 müqəddəs məkandan başqa hər hansı məscidi ziyarət üçün səfərə çıxmaq anlamsız hesab olunur. Nədən ki, məscid məsciddir. Yaxındakı bir məscidi gözardı edib uzaqdakını ziyarət üçün səfərə çıxmaq eyni müqəddəsliyi ehtiva edən məkanlar arasında ayrıseçkilik salmaq anlamına gəldiyindən, bu hədislərin məntiqini anlamaq çətin deyil.İslam əqidəsində hədislərdə keçən 3 məscidin yeri isə tamamilə başqadır. Məscidi-Haram və Məscidi-Əqsa müsəlmanların qibləsi, Məscidi-Nəbəvi isə İslamin ibtidai tarixiylə bağlı olduğu üçün bu ilahi imtiyazı qazanmış məkanlardır. Odur ki, müsəlmanların ziyarət üçün təşviq olunduqları bu 3 məkana müqəddəs günlərdə axın etməsi başadüşüləndir.Terror aktının tam iftar saatında planlaşdırılması hadisənin zaman baxımından da təsadüfən seçilmədiyindən xəbər verir. Bu dərəcədə hərtərəfli düşünülmüş partlayış zamanı sayı 10-a belə çatmayan itkinin verilməsi əslində terrorun qarşısının gec də olsa alınması anlamına gəlir. Qurbanların əsasən təhlükəsizlik xidmətinin əməkdaşları olması da bu versiyanı qüvvətləndirir. Görünən budur ki, hadisəni törədən terrorçular təhlükəsizlik xidmətinin yaratdığı maneəylə qarşılaşmış və hədəfə tam çatmadan bombanın fitilini çəkmişlər. Nəticədə özləriylə yanaşı, ətraflarını saran təhlükəsizlik əməkdaşlarını da öldürmüşlər.Törədilməsi planlaşdırılan partlayışın hədəfi də maraqlıdır. Məlumatların analizindən belə görünür ki, terrorçular Məscidi-Nəbəviyə Məhəmməd peyğəmbərin qəbri istiqamətindən yaxınlaşıblar. Hadisənin baş verdiyi məkanla bu müqəddəs məzar arasındakı məsafə sadəcə 500 metrmiş və arada heç bir divar yoxmuş. Başqa sözlə, terrorçular təhlükəsizlik əməkdaşlarını keçsəydilər, peyğəmbərin məzarını rahatlıqla partlada bilərdilər.Bu şəkil Məscidi-Nəbəvinin ilk halının təsviridir Yuxarıda da qeyd etdiyimiz kimi, Məscidi-Nəbəvi sadəcə peyğəmbərin inşa etdiyi məsciddən ibarət deyil, məscidin ilk yerləşdiyi məkandan 100 dəfə böyük ərazi üzərində inşa edilən kompleksdir.  Bu ibadətgahın indiki ərazisi peyğəmbərin yaşadığı dövrdəki Mədinənin tamamını əhatə edir. Tarixi faktlar da bu məlumatı təsdiqləyir. Məlumdur ki, peyğəmbər Aişənin evində dünyasını dəyişib və vəfat etdiyi yerdə torpağa verilib. Həmin ev isə ilk məsciddən xeyli aralıda – hətta o dövrdəki Mədinədən kənarda yerləşirdi, indisə Məscidi-Nəbəvinin içərisində qalır. Deməli, Məscidi Nəbəvi həqiqətən də əvvəlki Mədinəni tam əhatə edəcək qədər genişləndirilib. Terrorçuların bu genişləndirilmiş məkana məhz peyğəmbərin qəbri istiqamətindən yaxınlaşması əsl hədəf barədə ipucu verir.Sual oluna bilər: peyğəmbərin qəbri niyə hədəfdədir?Əslində bu müqəddəs qəbir yeni hədəf də deyil. İslam peyğəmbərinin vəfatından sonra müsəlmanların onu xatırladan bir çox məkanları müqəddəsləşdirilməsi zaman-zaman ciddi mübahisələrə yol açıb. Hətta, səhv etmirəmsə, xəlifə Ömərin zamanında peyğəmbərin söykəndiyi bir ağac ziyarət yerinə çevrildiyindən kəsilmişdi. Həmin dövrdə qəbrə toxunulmamasının səbəbi bəlkə də onun Aişənin evində yerləşməsi olub. Daha sonra xəlifə Əbu-Bəkirin və Ömərin də peyğəmbərin yanında dəfn olunması və müsəlmanlar arasında ixtilaf yarada bilməsi ehtimalı, görünür, məzarın qorunmasında misilsiz rol oynayıb.Şəkildə: Məscidi-Nəbəvidəki müqəddəs qəbir Məzarlara qarşı əks mövqeyilə seçilən vəhhabi təriqətinin ortaya çıxmasından sonra isə peyğəmbərin məzarı daha çox dağıdılma təhlükəsiylə üz-üz qalıb. Qəbirləri ziyarəti Allaha şərik qoşmaq kimi qəbul edən vəhhabi düşüncəsinin ilk dəfə 1919-cı ildə peyğəmbərin məzarını hədəf seçdiyi bilinir. Mübahisə doğuran bir məlumata görə, ilk ciddi insidentin qarşısını Atatürk alıb. 1919-cı ildə məzarı sökmək istəyən Səudiyyə kralına Atatürkün belə bir teleqram vurduğu bildirilir:“Səudiyyə kralının diqqətinə!!Tərəfimizə çatan xəbərlərə görə, Allahın sevimli və xüsusi qulu, elçisi, peyğəmbər əfəndimiz Hz. Məhəmməd Mustafanın qəbirini yıxıb yerini dəyişdirəcəksən. O məzarın tək daşına toxunsan,  Qurtuluş savaşını buraxar, ordularımla aşağı enərəm.26 İyun 1919, MUSTAFA KAMAL ATATÜRK(Prezident Administrasiyasi, Atatürk Xüsusi Arxivi)”.Atatürkün həqiqətən belə bir teleqram vurub-vurmadığı barədə mübahisələr olsa da, 2 il bundan əvvəl Səudiyyə krallığının yenidən bu eşqə düşməsi dünya mətbuatında gündəmin əsas mövzusuna çevrilmişdi. İddianın qaynağı isə İngiltərənin ən məşhur mətbu orqanlarından olan “İndependent” idi. Qəzetin məlumatına görə, Səudiyyə krallığı Məscidi-Nəbəvini böyütmək adı altında peyğəmbərin məzarını dağıtmaq, sümüklərini Baqi qəbristanlığında heç kimin tapa bilməyəcəyi bir yerə dəfn etmək istəyirdi.Şəkldə: Məscidi-Nəbəvinin arxasındakı Baqi qəbristanlığıMaraqlıdır ki, 2014-cü ilin sentyabr ayında yayınlanan və bütün müsəlman dünyasında ciddi rezonans yaradan bu xəbərə Səudiyyə krallığı heç bir reaksiya vermədi. Üstəlik, xəbər yayılandan az sonra peyğəmbərin qəbri ətrafında buldozerlər görünməyə başladı və bu müqəddəs məzarın ətrafındakı tikililər dağıdıldı. Versiyalara görə, müsəlman xalqların ciddi təpkisindən çəkinən krallıq daha da irəliyə getmədi və başlanan işə təmir görüntüsü verildi.Bununla belə, son terror hadisəsinin Səudiyyə krallığının arzusuyla həyata keçirildiyini demək də insafsızlıq olardı. Terrorun tam hədəfinə çatmadan Səudiyyə təhlükəsizlik xidməti tərəfindən önlənə bilməsi hadisənin arxasında rəsmi Riyadın dayanmadığından xəbər verir.O halda digər bir sual ortaya çıxır: bəs, peyğəmbərin qəbrinə hücum kimin marağına uyğundur?Bu suala qısaca belə cavab vermək olar – islam dünyasında daha böyük məzhəb müharibələri çıxarmaq istəyənlərin!Məscidi-Nəbəvidəki hadisədən bir neçə saat əvvəl krallığın ən çox şiələr yaşadığı ərazi sayılan Katib şəhərindəki məsciddə də terror hadisəsinin törədilməsi bu iddianı doğrulayır.Baxmayaraq ki, peyğəmbərin məzarı, həm də sünnilər tərəfindən müqəddəs məkan hesab olunur, onun dağıdılmasına ən ciddi reaksiyanın şiələrdən gələcəyi təxmin olunur. Nədən ki, özlərini əhli-sünnət kimi təqdim edən vəhhabilər ərəb neftinin gətirdiyi sərvətlər hesabına düşüncələrini sünnü dünyasına həzm etdirə biliblər. Sünni dünyası müqəddəs məkanlara qarşı həyata keçirilən dağıdıcı aksiyalara qarşı olsalar da, son zamanlar yayılan məzhəbçi axımların təsiri altında qalaraq, belə məqamlarda susmağı daha məqsədəuyğun görürlər.Əqidələrində müqəddəslərin qəbirlərini ziyarət ənənəsi olan şiələrin isə belə məsələlərə səbrlə yanaşması ehtimalı azdır. Son zamanlar İran rəsmilərinin əsas hədəflərindən birinin müqəddəs qəbirləri qorumaq olduğunu bildirməsi də gələcəkdə gözlənilən məhzəb müharibələrinin daha geniş vüsət alacağının xəbərçisidir.Sözügedən terror hadisəsinin konkret olaraq kim tərəfindən törədilməsini müəyyənləşdirmək isə asan deyil. Bu işdə ABŞ-ın da, Rusiyanın da barmağı ola bilər.Zənnimizcə, bu hadisə Rusiyaya daha çox sərf edir. Nədən ki, bir neçə ay bundan əvvəl Rusiyanın neft hasilatını azaltması təklifinə OPEC müsbət cavab verməmişdi. Ən çox etiraz edən isə Səudiyyə Ərəbistanı olmuş və rəsmi Riyad nəinki hasilatı azaltmayacağını, əksinə 25% artıracağını bəyan etmişdi. Bu isə neft bazarında təklifin tələbi üstələməsi, dolayısyla qiymətlərin daha da ucuzlaşması mənasına gəlirdi. Bir neçə gün bundan əvvəl Kanadanın neft bölgəsində meşə yanğınını söndürə bilməsi qlobal bazara gündəlik 800 milyon məhsulun yenidən çıxarılması deməkdir ki, bu da qiymətlərə mənfi təsir göstərə bilər.Belə bir şəraitdə Səudiyyə Ərəbistanının neft ehtiyatlarının 80%-dən artığının yerləşdiyi şiə bölgəsində məzhəb savaşına rəvac verilməsi rəsmi Riyadın istəyinin xilafına hasilatın azaldılmasının önünün açılması deməkdir. Hədəflər arasında Məscidi-Nəbəviylə yanaşı, krallığın neft və şiə bölgəsi hesab olunan Katib şəhərinin seçilməsi bu baxımdan təsadüfə oxşamır… Heydər OğuzStrateq.azHeydər Oğuz – yazarın arxivi




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler