Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Peterburqda kritik Qarabağ müzakireleri – barışa, yoxsa savaşa doğru…

21 Haziran 2016

6:08 am


21/06/2016 [10:05]: xeber –
Dünən – iyunun 20-də Rusiyanın Sank-Peterburq şəhərində prezidentlərin Qarabağ sammiti keçirilib. Rusiya lideri Vladimir Putinin təşəbbüsü ilə həmin gün onunla Azərbaycan və Ermənistan prezidentləri arasında əvvəlcə ikitərəfli, sonra isə üçtərəfli formatda müzakirələr aparılıb. Rusiyanın şimal paytaxtında Qarabağa dair keçirilən budəfəki, sayca 5-ci olan görüş əhəmiyyətinə görə əvvəlkilərdən xeyli dərəcədə fərqlənirdi. Bu da münaqişə ətrafında aprel döyüşlərinin yekunundan qaynaqlanan kritik durumla, daha doğrusu, Azərbaycanın xeyrinə dəyişmiş yeni status-kvo ilə bağlı idi. Məsələ ondadır ki, bundan qabaqkı Vyana danışıqlarının ciddi nəticə olmadan yekunlaşması konflikt zonasındakı situasiyaya əlavə mənfi çalarlar qatıb, müharibə risklərini daha da artırıb. Görüş ərəfəsi həmçinin Azərbaycanın genişmiqyaslı hərbi təlimlərə başlaması Qarabağa dair növbəti danışıqların önəmini artıran və sülh anlaşmasını tezləşdirməyi zəruri edən xəbərdarlıq siqnalları idi.*     *    * Bu üzdən Peterburq zirvəsi ilə bağlı proqnoz və təxminlər həm ümidverici, həm də diametral zidd şəkildə bədbin olmaqla, daha çox ehtiyatlı nikbinlik xarakteri daşıyırdı. Hətta belə fikirlər səslənməkdə idi ki, prezidentlərin Peterburqdakı 5-ci görüşü sonuncu da ola bilər, çünki 5 günlük müharibədə böyük qələbəni dadan Azərbaycan xalqının işğalçıya qarşı dözüm limit artıq bitib. Bu və digər səbəblərdən Azərbaycanın həm rəsmi, həm də ictimai səviyyədə Rusiya və onun liderindən konkret gözləntisi bu idi ki, Moskva artıq çoxdan “dondurulmuş münaqişə” olmaqdan çıxan problemin həllinə öz real töhfəsini, nəhayət, verəcək; əks halda, müharibə qaçılmaz olacaq. Əksər siyasi şərhçilərə görə də Sankt-Peterburq sammiti Qarabağ məsələsində bir əsas suala aydınlıq gətirəcəyi ilə önəm kəsb edirdi: bundan sonra problemin həlli hansı səmtdə gedəcək – hərb, yoxsa sülh (mərhələli həll) variantı üstünlük qazanacaq? Qısası, məsələdə hamı tərəfindən açar rolu etiraf edilən Rusiya müharibənin tətiyinin çəkilməsinə əngəlləyəcək irəliləyişə kömək edəcəkmı, Ermənistanı işğal elədiyi ərazilərdən çıxmağa nəhayət, inandıracaqmı?***“Prezident İlham Əliyev və Serj Sərkisyan arasında baş tutacaq görüş tərəflər arasında etibarın yaranmasına kömək edəcək və Qarabağ münaqişəsi üzrə çərçivə sazişi üzərində işləməyə şərait yaradacaq”. Bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri, Ceyms Uorlik görüş günü özünün twitter mikrobloqunda yazıb. Nüfuzlu “Kommersant” nəşri də eyni gündə yazırdı ki, Rusiya təkcə vəziyyəti nəzarətdə saxlamayacaq, həm də Qarabağ üzrə hansısa çərçivə razılaşması istiqamətində addımlar atılmasına çalışacaq: “Bu razılaşma özündə atəşkəs rejimini möhkəmləndirmək və nizamasalmanın ”Yol xəritəsi”ni birləşdirir. Hesab etmək olar ki, Sankt- Peterburqda Dağlıq Qarabağ üzrə böyük diplomatik seans keçiriləcək”(publika.az).Nəşr hesab edir ki, Peterburq görüşü Rusiyanın münaqişəni nizama salmaq üçün ikinci ən böyük cəhdi olacaq: “5 il əvvəl – 2011-ci ilin iyun ayında İlham Əliyev və Serj Sərkisyan ovaxtkı prezident Dmitri Medvedyevin vasitəçiliyi ilə Kazanda görüşdülər. Kazanda mümkün güzəştlər ətrafında razılığa gəlinsə də, bu istiqamətdə addımlar atılmadı. 5 il sonra nəzərə çarpan dəyişikliklər hiss olunur. Status-kvo olduqca kövrəkdir və regionda tərəflərin hərbi ritorikası artıb”. “Kommersant” Azərbaycan ordusunun genişmiqyaslı hərbi təlimlərə başlamasına da toxunaraq qeyd edib ki, rəsmi Bakı bununla reallığı nümayiş etdirmək istəyir.Öz növbəsində tanınmış rusiyalı politoloq Sergey Markedonov qəzetə açıqlamasında münaqişə ilə bağlı sürətli irəliləyişin mümkünsüz olduğunu söyləyib: “Münaqişənin dondurulmuş vəziyyətdə qalması, beləliklə, Ermənistan və Azərbaycan arasında seçim etməmək Rusiyanın maraqlarına uyğundur. Bu baxımdan, ciddi irəliləyiş gözləmirəm”. Yeri gəlmişkən, belə mövqeni bölüşən xarici və yerli analitiklər heç də az deyildi…Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə isə Peterburq görüşündə əsas hədəf “Dağlıq Qarabağda hərbi əməliyyatların bərpasından sığortalanmaq” olacaq. Görüş öncəsi o, “danışıqların çətin olacağını” da söyləyib. Sankt-Peterburqdakı Qarabağ sammiti münaqişə ətrafında belə bir ziddiyyətli ab-hava, kövrək ümidlər və təxminlər fonuna təsadüf edirdi…Dünən Rusiyanın ikinci paytaxtında əvvəlcə Rusiya və Ermənistan prezidentləri Konstantinovski sarayında bir araya gəliblər. Müzakirələrim açıq hissəsində Serj Sərkisyan Qarabağ məsələsində diqqət və səylərinə görə Vladimir Putinə minnətdarlıq edib. “Qarabağa dair bizim mövqeyimiz hamıya məlumdur. Biz istəyirik ki, problem müstəsna olaraq sülh yolu ilə həllini tapsın. Əfsus ki, yalnız bir tərəfin istəyi ilə belə konfliktlər yoluna qoyulmur. Gözəl olardı ki, biz öncə əldə olunan anlaşmalar əsasında bu gün qabağa gedə biləydik” – Sərkisyan deyib. Putin isə ona bu yöndə səylərin davam etdiriləcəyini vəd edib.Daha sonra Rusiya lideri eyni ünvanda azərbaycanlı həmkarı ilə görüşüb. İlham Əliyev görüşdə Qarabağ məsələsində status-kvonun artıq qəbuledilməz olduğunu və erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu bildirib. “Ümid var ki, Qarabağ danışıqlarına konstruktiv dinamika vermək mümkün olacaq” – Azərbaycanın dövlət başçısı vurğulayıb.Maraqlıdır ki, Əliyev-Putin görüşü zamanı iqtisadi məsələlər də müzakirə edilib (APA). “Bu gün müzakirə edəcəyimiz problem bəllidir. Bu, bizə çoxdan qalan Qarabağ problemidir. Lakin mən görüşümüzdən istifadə edib ikitərəfli münasibətlərimiz haqqında danışmaq istəyirəm. Bizə məlum olan səbəblərdən təəssüf ki, ticarət dövriyyəmizin aşağı düşməsini müşahidə edirik”, – deyə V.Putin qeyd edib.Rusiya prezidenti bildirib ki, hər iki lider bunun səbəbini bilir: “Ticarət dövriyyəsinin aşağı düşməsinə səbəb enerji daşıyıcılarının qiymətinin ucuzlaşması və eləcə də milli valyutaların məzənnəsi arasındakı fərqdir”. Prezidentlər ikitərəfli əməkdaşlığın humanitar perspektivlərini də müzakirə ediblər: “Bilirik ki, Azərbaycanda rus dilinin öyrənilməsinə necə həssas yanaşılır. Bizim ali məktəblərin filiallarının necə uğurla fəaliyyət göstərdiyini bilirik. Bütün bunları yüksək qiymətləndiririk. Ümid edirəm ki, belə işlər bundan sonra da bütün istiqamətlərdə davam etdiriləcək”. İlham Əliyev rusiyalı həmkarını Peterburq İqtisadi Forumunun uğurlu keçməsi münasibətilə təbrik edib və Azərbaycanın bu forumda fəal iştirak etdiyini söyləyib. Rusiya-Azərbaycan ticarət dövriyyəsindən zəifləməsindən danışan ölkə başçısı bunun müvəqqəti xarakter daşıdığını qeyd edib: “Biz ticarət dövriyyəsinin bərpa olunmasının yollarını və möhkəmləndirilməsini axtarırıq. Hesab edirəm ki, bu, baş verəcək. Bundan başqa bizim enerji sahəsində qarşılıqlı aktiv fəaliyyətimiz var. Nəqliyyat əməkdaşlığında da yaxşı perspektivlərimiz var”. İ.Əliyev Vladimir Putini Azərbaycanda görmək arzusunda olduğunu da diqqətə çatdırıb.Bundan bir qədər sonra isə Rusiya, Azərbaycan və Ermənistan prezidentlərinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı üçtərəfli görüşü başlayıb. Görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və Minsk Qrupunun həmsədrləri də iştirak ediblər.Görüşdən sonra prezidentlərin birgə bəyanatı yayıldı. “Rusiya, Azərbaycan və Ermənistan prezidentləri Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müntəzəm olaraq üçtərəfli görüşləri davam etdirmək barədə razılığa gəliblər”.APA-nın Rusiya bürosunun məlumatına görə, bu barədə prezidentlərin Sankt-Peterburq sammitinin yekunları ilə bağlı qəbul olunan birgə bəyanatında bildirilib.“Prezidentlər Dağlıq Qarabağ problemi ilə bağlı müntəzəm əlaqələrinin əhəmiyyətli olduğunu, ATƏT-in Minsk Qrupunun işinə tamamlama olaraq bu formatda əlaqələrini davam etdirmək barədə razılığa gəliblər. Prezidentlər Qarabağ münaqişəsinin nizamlanmasında inkişafına şərait yaratmağa icazə verən bir sıra məsələlərdə qarşılıqlı anlaşmanın əldə olunduğunu ifadə ediblər”, – deyə bəyanatda qeyd olunub.Birgə bəyanatda həmsədrlərin prezidentlərin görüşünün yekun hissəsinə qatıldıqları vurğulanıb.“Görüş konstruktiv şəkildə keçirilib. Azərbaycan tərəfi görüşün nəticələrini müsbət qiymətləndirir”.Bunu isə APA-ya açıqlamasında Sankt-Peterburqda Rusiya prezidenti Vladimir Putinin iştirakı ilə keçirilmiş Ermənistan və Azərbaycan prezidentlərinin görüşü ilə bağlı Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirib. “İnanırıq ki, görüş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə dair danışıqlar prosesində tezliklə irəliləyişə nail olmaq  üçün imkanlar yaradacaq”, – deyə o vurğulayıb.***Əlavə edək ki, qapalı görüşlərdə Qarabağ mövzusunda müzakirə edilən məsələlərin detalları barədə ətraflı bilgi verilmir. Bir şey dəqiqidir ki, bu danışıqlar “barışa, yoxsa savaşa davam” dilemmasına aydınlıq gətirməlidir. Əgər Ermənistan yenə də öz işğalçılıq siyasətinə Rusiyanın  dəstəyini əldə edəcəksə, o zamana Peterburq görüşü, prezidentlərin sonuncu görüşü də ola bilər. Yada salaq ki, görüşdən cəmi iki gün qabaq İlham Əliyev QMİ-dəki iftar süfrəsindəki çıxışı zamanı bunları demişdi: “Aprel döyüşləri Ermənistan rəhbərliyinə yaxşı dərs, vasitəçilərə, dünya ictimaiyyətinə isə siqnal oldu. Əgər kimsə fikirləşir ki, biz növbəti 20 il də mənasız danışıqlar aparacağıq, səhv edir. Biz mənasız danışıqlar aparmaq fikrində deyilik. İmitasiya naminə danışıqlar da aparmayacağıq”.(musavat)




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler