Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Özge qadın gözleri çeken ressam erleri barede ne düşünür xanımlar?!”

23 Haziran 2016

8:32 pm


24/06/2016 [00:29]: xeber –
Bir müddətdir ki, tanınmış publisist-jurnalist Vahid Qazinin yenicə çapdan çıxmış “Çöl Qala” povestinin sayt saytı tərəfindən hissə-hissə təqdimatına başlamışıq. Təqdim etmək bizim, mühakimə yürütməksə dəyərli oxucularımızın missiyası. Bəri başdan bu povesti oxuduğunuza görə peşman olmayacağınıza, əksinə, xeyli duyğusal anlar, mənəvi rahatlıq qazanacağınıza zəmanət veririk… Qeyd edək ki, kitabı şəhərin kitab mağazalarından da ala bilərsiniz…Əvvəlini bu linkdən oxuya bilərsiniz— moderator.az/news/141428.htmlVII Bölüm. Tamamlanmış yarımçıq portret(Davamı)Onlar həyatımın bir parçasına elə çevriliblər ki, yazışmalarını oxuduğum müddətcə başqa heç bir iş görə, heç nə haqda düşünə bilmirəm. Sanki rejissor kimi çəkəcəyim filmin ssenarisini oxuyuram. Oxuduqca da bəzi yerləri dəyişmək, başqa cür yazmaq istəyirəm. Amma heç nəyi dəyişə bilmirəm – qələm mənim əlimdə olsa da, ssenarini iradəmdən kənar qüvvə yazır, tale yazırmış kimi. Mən hadisələri arxamca sürümək istərkən özüm onun dalına düşmüşəm.***Qadın: Səndən xəbər çıxmadı axı! Gəlmisən?.. Telefonun da bağlıdır. Mənə zəng vur!***Bax, bəyəndiyin ağ paltarı ütüləmişəm. Görüşümüzə hazırlaşıram, əzizim. Bilirsən sənə nə qədər deyəcəklərim var?! Bir ömürlük! Səbrin çatar mənim ömür söhbətimi dinləməyə? Onu tək sənə danışacam, gizli heç nə qalmayacaq. Təki dinləyənin olsun, danışmağa nə var ki… Ürəyimdəki bütün düyünləri qoyacam sən açasan. Bacımla ərimin xəyanəti hələ son deyil. Sənə ən böyük sirrimi də söyləyəcəm. Görək buna nə deyəcəksən! Səni Tanrı yox, mən yaratmışam deyəndə hədəfə vurdun. Kimsən, hardan gəlmisən, realmısan, ya xəyalmısan? Bilirsən, “Sənə ehtiyacım yoxdur” sözlərini yalan yazırdım – sənə heç vaxt olmayan kimi ehtiyacım var! Mənə bircə kəlmə yaz!***Allahım, məni yenəmi sevdiklərimlə sınağa çəkirsən? Hələ çoxmu sürəcək bu sınağın? Olmaya o da bu təyyarədədir? …Qurbanım olum, mənə bir söz yaz! Yoox! Sən saytların yazdığı bu qəzada ola bilməzsən!!!***Bilirəm, özün bilə-bilə mənsiz getdin. Qabaqca getdin ki, gedib ocaq qalayasan, oraları isidəsən, mən gələndə üşüməyim… Yox, ora soyuq deyil axı, orda həmişə bahardır…***Bir aydır yoxsan… Məni yıxdın! Yazmışdın ki, “ürəyin istəyəndə düşüb gedərsən, qorxma, məndən yıxılmaq mümkün deyil”. Amma yıxdın, səndən də yıxıldım, özü də çox pis yıxıldım. Yas məclisinə getmədim. Həmin günlər səndən bərk incimişdim. Hirsliydim. Çıxıb getdiyinə görə yox, mənsiz getdiyinə görə. Birgə qurduğumuz dünyamıza tək getdiyinə görə. Amma eşitdim, məclisin izdihamlı keçib. Səni sevən çox imiş. Qəzetlər yazdı, televiziyaların söhbəti sən oldun – təyyarə qəzasında ölən tək azərbaycanlı…Yazmışdın ki, o şəklə ilk sən baxacaqsan, nə oldu bəs? O gün özümü toparlayıb sizə getdim. Xanımına “jurnalistəm” dedim, yaradıcılığınla maraqlandığımı dedim. Gözəl xanımın varmış. Sizdə olduğum bir saat sənlə keçirilmiş bir ömür kimi oldu. Sənin çox rəsmini gördüm, ancaq son çəkdiyin yox idi.***Yazışmalarımızı dönə-dönə oxuyuram. Bir dəfə də mənə müraciətdə “Sən” sözünü kiçik hərflə yazmayıbmışsan, məndən fərqli olaraq… Sən nə qədər böyükmüşsən!***Telefonumda mənə yazdığın mesajları oxuyuram. Ayrı-ayrı vaxtlarda, ovqatlarda yazılıb. Mənsə çox vaxt onlara laqeyd olmuşam. Soyuq ürəklə oxumuşam! Yazdıqlarının çoxunu silmişəm. Elə peşmanam ki… Bax, bu, ilk aylarımızın sms-ləridir. Bizim dünyamızın divarlarına yazıram, oxuyasan, xatırlayasan, …günahımdan keçəsən.***“Sənə yaman öyrəşmişəm. Səncə, bu normal haldı, ya anormal?” “Bəlkə mən bu suala cavab verməyim…” “Yaxşı, bəs bu haldan sonrakı mərhələnin adı nədi?” “Ağrı çəkmək, dünyanın ən ləzzətli ağrısını çəkmək, o qədər ləzzətli ki, zamanın dayanmasını istəyirsən”. “Buna hazırsanmı?” “Əvvəlkini hələ də keçə bilmirəm, yenisi məni yıxar”. “Ürəyin istəyəndə düşüb gedərsən, qorxma, məndən yıxılmaq mümkün deyil”.***“Şəklini məndən yaxşı çəkən olsa, özümü ataram Qız Qalasından. Təsəvvür eləyirsən, bundan sonra onun adı da dəyişər, daha Qız Qalası yox, Oğlan Qalası deyərlər, ya da Rəssam Qalası… Minillik bir adı dəyişmək üçün özünü atmağa dəyməzmi?”*** “Öldün, getdin,Bağışla, ağlaya bilməyəcəm sənə…Bilirsənmi neçə ağac kəsilibGözlərimin önündə,Qayalardan atılanNeçə şəlalə intiharı görmüşəm?Özüm də bilmirəm,Neçə ulduz basdırmışam göylərdə,Neçə insanın umudunun meyitiniBuza qoymuşam qəlbimdə?…Bağışla, çoxdur ölənlərim,Sənə ağlaya bilməyəcəm…” ***“Termometrə bənzədirəm ağıllı qadını. Onunla şüurun istənilən qatında, qəlbin hər cür halında danışa bilirsən. 30, 40 dərəcə istidə, yaxud 20, 30 dərəcə şaxtada yaşaya bildiyin kimi. Beləsi bütün səviyyələrdə, mövzularda söhbətə hazır, açıq olur”.***“…Mən həyat qalamın darvazalarını qasırğa tək yerindən qoparan adamlara güvənə bilmərəm”. “Bəlkə qalasız, darvazasız həyat daha gözəldir. Bir də ki, nə bilirsən həqiqət hardadır?” “Ətrafımdakıları və özümü hər zaman güvəndə saxlamağı xoşlayıram. Bunu düzənlikdə necə etmək olar?” “Dünyanın ən böyük fatehi Çingiz xan dünyanın ən qüdrətli və güvənli imperiyasını düzənlikdə yaradıb. Bir dənə də qala tikməyib, darvaza asmayıb. Bilirsən nəylə? İradəsi və ədalətiylə!”***“Sənlə mənə aydın olmayan bir məkana düşürəm, orada özümü çox rahat hiss edirəm. O məkan bu dünyada deyil, başqa yerdədi, mənim bilmədiyim, heç min il sonra da ağlıma gəlməyəcək yerdədi. Bu yerin adı nədi? Bilmirəm! Mən sənə inanıram. Sadəcə, sənin umudlarını doğrultmamaq qorxum var. Bəlkə də o üzdən sənə inamsız görünürəm”.***Rəssamın telefonla göndərdiyi hələ bir xeyli mesaj da vardı. Onları da mətnə əlavə edib-etməməyə qərar verə bilmirdim. Sonra onlara bir də baxacam.***Əzizim, bu qədər olanlardan sonra yenə Allahdan sevgi dolu bir ürək istəyirəm. Sənin yanına bir ürək dolusu sevgiylə gəlim deyə. Qoy bütün boşluqlarımı sevgi doldursun. Saf, məsum, həsrəti ürək göynədən, hər gecəsi intizar dolu, sabahları yollara baxan lal baxışlarla ötüşən, öpüşünü düşünəndə dodaqlarımı əsdirən, varlığı ilə mənim də var olmamı mənə xatırladan, bütün vücudumu bürüyən bir sevgi! Öz yaratdığımız dünyanı istəyirəm!***Bu gün yenə məktublarını oxuyurdum. Onları çap eləmişəm. Daha kompüterdən oxumuram. Yatağım sözlərin yazılmış vərəqlərlə dolur gecələr, onlara sarılıb yatıram. Qoxunu alıram onlardan. Sənin qoxunu duymadım heç… Bilsən özümü nə qədər lənətləyirəm buna görə… Bir udumluq qoxun üçün canımı verərəm indi. Vərəqlər bədənimə yapışır. Üzümə, gözümə, dodaqlarıma, sinəmə, qollarıma, ayaqlarıma, …hər yerimə. Səni dərimlə duyuram. Qucaqlayıb bağrıma basıram. Yatağımda dikəlib dizlərimi qucaqlayıram. Göz yaşlarım yanağımdan üzü aşağı süzülür, dodağım duz dadır, çənəmdən sinəmə damcılayır, döşümün üstündəki vərəqə düşür. Bilirsən hansı sözlərinə? “Ehhh, Qadın! Sən hardan biləsən mənim həyəcanımı, mənim duyğularımı, mənim ehtirasımı, həyat eşqimi, mənim SEVGİmi. Bu anımda sən TANRIMsan… Amma bunun sənin indiki anına, halına dəxli yoxdu… Bu mənim anımdı, mənim halımdı”.***Kövrək adam deyiləm. Xarakterim belədi. Hər sentimental söz mənə təsir eləməz. Amma boynuma alıram, bu sözlərdən pis oldum, gözüm yaşardı. Ona yazığım gəldiyindən deyil, öz halıma acıdığımdan ağladım elə bil. Bir anlıq elə zənn elədim ki, bu sözləri mənə yazır. Dəli bir istək keçdi könlümdən. İstədim Rəssamın adından ona yazam. Könlünü alam, ovudam. Yaza bilərdim. Kod oğurlayıb birinin yazılarını oxuyan, onun sevgilisinə də tamah salar, hələ başqa nə alçaqlıq desən eləyər. Bütün bu şəbəkə olayından bəri ilk kəs düşüncələrimə görə xəcalət çəkdim.***Bu gün sərginin açılışı oldu. Yoxluğunun bir ili tamam olan gün. Dostların təşkil eləmişdilər, sağ olsunlar. Yaxşı dostların varmış. Nazirlər, deputatlar, xeyli tanınmış adam gəlmişdi. Tiflisdən rəssam dostun da gəlmişdi. Səni futbola saxlaya bilmədiyi üçün özünü az qala lənətləyirdi. Çox təsirli çıxış elədi. Xanımına heyran qaldım. Hər gələn tamaşaçıya əziz adamı kimi elə baxırdı ki… Elə bil onlardan sənin iyini çəkirdi. Səninlə fəxr elədiyi rəsmlərə baxışından duyulurdu. Xəfif təbəssümü, məsum gözləri onun gözəlliyini daha da artırırdı. Mən o şəkli, mənim şəklimi gördüm. Elə bil bədənimdən cərəyan keçdi. İldırım vurubmuş kimi donub qaldım bir müddət. Salonun baş divarından tək asmışdılar. Ən çox tamaşaçı da elə onun qabağına yığılmışdı. İndi bildim sən bunu niyə həm yarımçıq, həm də bitmiş sayırmışsan. Tabloda yalnız bir cüt göz var… Onlar mənim gözlərimdir! Bilirsən, altından nə yazmışdılar? “Tamamlanmayan naməlum qadın portreti”. Az qalırdım qışqıram: “Yox, tamamlanıb. Mənəm! O, məni elə beləcə görüb, onunçün mən beləyəm!..” Amma deyə bilmədim. Tamaşaçıların hərəsi bir söz deyirdi: “Yeni işdir. Yəqin səfərdən sonra tamamlayacaqmış”, “Qəribədir, rəsm tamamlanmayıb, amma gözlər tam çəkilib”, “Görəsən, bu qadın kimdir?”, “Allah bilir!” Gözlərim isə sənin bu söhbəti dinləyə-dinləyə rəsmə baxan xanımında idi. İlahi, o necə də gözəldi, başını dik tutmağı necə də bacarırdı! Görəsən, bu gözlərə baxıb nə düşünürdü? Özgə qadın gözləri çəkən rəssam ərləri barədə nə düşünür xanımlar?! Mənə elə gəldi ki, o məni tanıdı. Evinə gələn “jurnalist” kimi yox, tablodakı gözlərin yiyəsi kimi tanıdı. O qədər adam içində gözü məni alanda donub qaldı, sonra çevrilib rəsmə bir də baxdı. Qəribə vəziyyət alındı. O da, mən də bilmədik neyləyək, hər ikimizin başı qabağa əyildi, amma bu, salam vermək deyildi. Yaxşı ki, kimsə ona yaxınlaşdı, arxaya çevrildi. Dərhal yox oldum. Sizə getdiyim günü lənətləyirəm. Böyük səhv idi. …Görən tanıdımı? Bir gözlə adamı tanımaq beləmi asandı? Bəs niyə elə baxdı mənə?Belə bir gözəlin sevdiyi adam sevgisini niyə başqa yerdə axtarsın? Bəlkə qiyamətəcən açılmayacaq insan sirlərindən biri də budur, nə biləsən?! Amma mən bu gün anladım! Bunu mənə sən anlatdın. Sənin axtardığın qadın sevgisi deyildi. Biz özgənin yaratdığı dünyada yaşayırıq. Fərq etməz o dünya necə yaranıb, Allahın “Ol!” əmrindən, ya elmin dediyi Böyük Partlayışdan! Bizə öz dünyamız lazımdır. HƏR KƏS ÖZÜNÜ KİRAYƏNİŞİN SANDIĞI ÖZGƏ DÜNYADAN YENİ DÜNYAYA, ÖZÜNÜN YARATDIĞI, SAHİBİ OLDUĞU DÜNYAYA CAN ATIR. Öz dünyasını yarada bilən insanlığın sirrini açmış kimidir. Sən bunu yarada bildin. Biz bunu birlikdə yaratdıq. ***Bu gün yenə sərgidəydim. Dünən də, srağagün də getmişdim. Hər gün gedirəm. Xanımın olmayan vaxtda gedirəm. Hələ bir müddət davam edəcək. Sonra İstanbula, Moskvaya aparacaqlar. Nə qədər burdadır, hər gün gedəcəm. Hər dəfəsində səni bir başqa yandan görmək, kəşf eləmək üçün.Elə bil rəsmlərin bir portretin mozaik parçalarıdır. Onları topalayıb puzldakı kimi hər hissəni öz yerinə qoysan, bütöv şəkil alacaqsan. Mən də sənin bu şəkillərini hissə-hissə düzdüm xəyalımda. Böyük bir portret alındı. Bu, sənin rəsmin idi. Rəsmlərin sənin varlığının əksidir. Mən səni gördüm. Qəlbini duydum. Sənin gözlərinlə baxdım rənglərə. Sən adi gözlə baxmırsan, sənin gördüyün rəngləri biz görmürük. Sən rəngin o üzünü, bətnini görürsən. Çəkdiyin insanın dərisi necə nəfəs alır, duyursan. Saçın necə uzandığını hiss edirsən. İnsanın içindən üzünə axan kədərin, sevincin yolunu bilirsən. Kədəri, ağrını, əzabı, sevinci, sevgini biz dağı, daşı, ağacı gördüyümüz kimi görürsən.***Qəza iyunun birində baş vermişdi. Qadının qəzadan sonra yazdığı on bir mesaj arasında zaman məsafəsi müxtəlif idi. Bu müddətdə ilk üç mesaj qəzadan sonrakı birinci ayda yazılıb. Növbəti dörd mesaj isə sərgiyədək yazılanlardı. Axırıncı məktublar sərgi dövründə, sonuncu, rus dilində “Yoxluq” şeiri isə bir ay əvvəl qoyulmuşdu.***Əzizim, mənsiz orda günün necə keçir? Darıxmamısan? Darıxma! Deyəsən, az qalıb, tezliklə gələcəm yanına. Bunu həkimin gözündən oxudum bu gün. Heç iki il qabaq sağalmaz bir xəstəliyə tutulduğumu deyəndə gözləri belə ümidsiz deyildi, səsi belə titrəməmişdi. Anladım ki, sayılı günlərim qalıb. Amma qorxum yoxdur, vallah yoxdur. Əksinə, sevgilisiylə görüşə aparası qatara bilet alan sərnişin kimiyəm. Birdə ki, burda yaşamaqdan yorulmuşam. Gəlirəm yanına. Qarşıla məni, əzizim! İnanıram sənə, Allah haqqı inanıram. ***İki həftədir yataqdayam. Axır ki, düşdüm yatağa. Bu gün yenə həkim gəlmişdi. Xoşum gəlir ondan, kişi adamdır. Xəstəliyimi əvvəl gündən üzümə demişdi, özü də gülə-gülə, heç nə olmayıbmış kimi. Deyəsən, o da bu dünyada kirayənişin yaşayanlardandır, …bizim kimi. Evdəkilər əməliyyat üçün İstanbula aparmağa təkid edirlər. Həkim etiraz eləmir, amma duyuram ki, sadəcə onların son ümidini qırmaq istəmir.Getməyəcəm, qoymayacam aparsınlar! Özü də onların yanına! Təsəvvür edirsən?! Qardaşımın bacımla telefonda danışığını qulağım çaldı. Yalvarırmış, deyirmiş ki, İstanbula gətirin onu. Həkimə göstərəcəkmiş, özü baxacaqmış mənə. Bəs üzümə necə baxacaqmış görən? Mən sənin yanına gələcəm. Səni burda çox gözlətdim, orda da gözləmənə qıymaram. Gəlirəm! Həmişə sən mənə şeir göndərirdin. İndi mən yollayım. Bunu bu dünyada kirayənişin kimi yaşamış bir şair yazıb – Aydın Əfəndi.Если ктоменя спросит –скажи его нет.Скажи – он на Работе.Скажи его нет, –пригласили на Прощальный обед.Скажи его нет, –на редкий спектакль достал он билет.Скажи его нет, –он вышел застать до начала Рассвет.Если ктоменя спросит –скажи его нет.Он вернется через тысячи лет. Ardı var…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler