Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Nişanlısına deyib ki, bu belkede sonuncu görüşümüz oldu…” – Şehid anası…

05 Kasım 2016

8:16 pm


06/11/2016 [00:15]: xeber –
Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən biri də müddətdən artıq çavuş Murad Vaqif oğlu Məmmədovdu. Murad şəhid pokovnik-leytenant Raqub Orucovun əsgəri olub. Komandir və əsgəri birlikdə həlak olaraq aprelin 5-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn ediliblər. Biz sayt olaraq torpaqlarımızın azadlığı uğrunda şirin canından keçən bütün şəhidlərimizin ruhunun qismən də olsa rahatlıq tapması üçün hər dəfə bir şəhid qapısını döyürük. Bu dəfə Murad Məmmədovun ailəsi ilə görüşmək üçün Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə yollandıq. Bizi şəhidimizin atası Vaqif müəllim, şəhidimizin anası Sevil ana, Babası Qasım kişi qarşılayaraq evə dəvət etdilər. Söhbətimizə şəhidimizin atası Vaqif müəllimlə başladıq.Şəhid atası Vaqif müəllim:“Murad evin sonbeşiyi idi…”“Muradgil ailədə iki qardaş və iki bacıdılar. Murad evin sonbeşiyi idi. Biz Biləsuvar rayonundanıq. Sonra böyük oğlum Rahim hərbçi olduğuna görə qəsəbədəki hərbi hissədə işə başladığı üçün biz də oğlumuzun yanına gəldik. Murad Biləsuvar rayon 4 saylı orta məktəbini bitirdikdən sonra 2008-ci ildə hərbi xidmətə yollandı. Hərbi xidmətini əsgər olaraq Qazaxın Kəmərli kəndində etdi. Əsgəri xidmətini başa vurduqdan sonra evə qayıtdı. Bir müddət Rusiyada yaşayan qızımın yanında işləməyə başladı. Sonra Rusiya Federasiyasından geri qayıtdı və yenidən müddətdən artıq hərbi qulluqçu kimi hərbiyə qayıtdı. “Mənə dedi ki, anama, babama de ki, hər şey yaxşıdı…”İlk olaraq sürücülük etdi. Cəlilabad rayon Göytəpə qəsəbəsindəki N saylı hərbi hissədə işləyirdi. Sonra isə Xüsusi Təyinatlı dəstəyə yazılaraq kurs keçdi. Murad üç il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi. Muradla martın 28-də və apelin 3-də telefonla danışdım. Mənə dedi ki, anama, babama de ki, hər şey yaxşıdı. Narahat olmasınlar. Aprelin 3-də danışanda mənə müharibə barədə heç nə demədi. Aprelin 4-də mənə xəbər gəldi ki, Murad şəhid olub. Komandiri Raqub Orucov ilə birlikdə aprelin 5-də Sumqayıt şəhər Şəhidlər Xiyabanında dəfn etdik”. (Kövrəlir)Şəhidimizin anası Sevil ana Muradın yoxluğundan sonra xəstəlik tapıb. Hər bir ana kimi onun da arzuları varmış. Hadisəni eşidəndə özündən gedən ananı yalnız üç gün sonra həkimlər komadan ayılda biliblər. Söhbətimizə şəhid anası qoşulur:Şəhid anası Sevil ana:“Martın 15-də Murad sevdiyi qızı da götürüb evə qonaq gətirdi…”“Martın 8-də Murad məzuniyyətə gəldi. Martın 22-də hərbi hissəyə qayıtmalı idi. Biz də elə nəzərdə tutduq ki, martın 21-də Muradın nişanını edək və martın 22-də hərbi hissəyə qayıtsın. Hər şey alıb hazırladıq. Martın 15-də Murad sevdiyi qızı da götürüb evə qonaq gətirdi. Birlikdə stol açdıq, ailəmiz də təzə gəlini ilə tanış oldu. Sonra Murada zəng gəldi və mənə yaxınlaşıb dedi ki, ana, məni hərbi hissəyə geri çağırdılar. İnanmadım, dedim bəlkə özü getmək istəyir. İndiyə kimi inana bilmirəm. Martın 16-da Murad hərbi hissəyə qayıtdı. “Martın 15-də nişanlısını bizdən evə aparıb ötürəndə nişanlısına deyib ki…”Martın 20-də Muradın sevdiyi qıza nişan apardıq. Bir həftə sonra Murad zəng vurdu və hal-əhval tutduq. Dedim ki, Murad nişanlınla danışdın? Nişanını apardıq. Aprelin 17-də sən gələndə bir də səninlə gedərik. Dedi yox, ana, sənin özünlə danışmaq istəyirəm. Ana, mənə nə arzulayırsan-dedi. (Ağlayır) Dedim ki, ana qurban, nə arzun varsa, hamısına çatasan. Bu gün biz sənə görə ayaq üstəyik. Başqa mənə bir söz demədi. Heç ağlıma gəlmirdi ki, Murad şəhid olar. Müharibə barədə heç ağlımıza da gəlmirdi. Murad bunu hiss edibmiş. Martın 15-də nişanlısını bizdən evə aparıb ötürəndə nişanlısına deyib ki, bəlkə bu bizim sonuncu görüşümüz oldu. Bunu mənə nişanlısı sonra dedi”. (Ağlayır)Aprelin 3-də gəlinimiz mənə zəng vurub dedi ki, Muraddan nə xəbər var? Dedim ki, yaxşıdı. Sən demə, Muradın şəhid olmasını hamı bilir, biz isə yox. Sonra heç nə demədi. Aprelin 4-də evdə uzanmışdıq. Gecə gördüm ki, gəlinim deyir ki: “Allah yalan olsun, Allah yalan olsun”. Dedim ki, nə olub? Gəlinim dedi ki, heç ana, namazda deyirdim. Gecə oğlum Rahim evə gəldi. Dedim ki, Rahim nə olub? Dedi ki, ana, Murad yaralanıb. Ondan sonra heç nə yadımda deyil. Mən şoka düşdüyüm üçün üç gün sonra özümə gəldim”. (Ağlayır)Muradın nənəsi Mənzər nənə 2002-ci ildə dünyasını dəyişib. Babası Qasım kişi deyir ki, Murad onların sevimli nəvəsi olub. Murad həmişə yaşlı babasına, nənəsinə baş çəkər, onlara əl tutarmış. Babası Qasım kişi:“Murad bir il yarım Qazaxda cəbhə xəttində xidmət etdi. Bu vaxt ərzində ona güllə dəymədi. Amma gəldi indi şəhid oldu. Məzuniyyətə gələndə onu tanımamışdım. Görünür onda çox əziyyət çəkirdi. Murad yaxşı hazırlaşmışdı. Hərbçi kimi çox şeydən xəbəri var idi. Bir evdə yaşayırdıq. Mənə çox ürəyi yanırdı. Görünür qismət beləymiş”. (Kövrəlir) Muradın böyük qardaşı Rahim də Silahlı Qüvvələrimizin giziridi. Artqı 17-ildir ki, qulluq edən gizir aprel döyüşlərinin də fəal iştirakçısıdı. Söhbətimizə Rahim ilə davam edirik: Şəhidin qardaşı Rahim:“Muraddan sonra üzümüz gülmür…”“Mənə atam zəng vurub dedi ki, evə gəl. Mən onda hiss etdim ki, Murada nəsə olub. Onda mən cəbhəyə gedirdim və atam çağırandan sonra geri qayıtdım. Muraddan sonra üzümüz gülmür. Anamın üzünə baxa bilmirəm. Bu gün Muradın bizim üstümüzdə çox haqqı var. Murad qardaşıma olduğuna görə demirəm, çox cəsur uşaq idi” (Kövrəlir)Şəhidimizin qardaşı oğlu İbrahim və qardaşı qızı Fidan da əmiləri Muraddan sonra çox çətinlik çəkirlər. Onlar gizir Rahimin oğlu və qızıdı. Milli rəqsə gedən bacı-qardaş əmilərinin şəhid olmasından sonra rəqsə getmirlər. İbrahim deyir ki, mən rəqsi əmimin toyuna görə öyrənirdim. İndi əmim yoxdursa, neynirəm ki, rəqsi öyrənirəm. Fidan əmisi Murada şeirlər yazır. Artıq onun bir dəftər əmisi Murad haqqında şeirləri var. Nənəsinə təsəlli verir həmin şeirlərlə. Sonda şəhidimizin ailəsinə səbr, şəhidimizə isə Allahdan rəhmət diləyib oradan ayrılırıq. Şəhid ailəsi atdığımız bu addıma görə bizə minnətdarlıq etdi. Amma minnətdarlığa gərək yox, biz sayt olaraq torpaq uğrunda şirin canından keçmiş hər bir Şəhidimizi rəhmətlə anmağı, onların döyüş yolunu məmləkət insanına çatdırmağı özümüzün mənəvi borcumuz hesab edirik. Əziz Şəhidlərimizin ruhları azacıq rahatlıq tapırsa, nə xoş bizlərə…Vasif Əlihüseyn 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler