Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Naxçıvanda çörek inqilabı – Muxtar Respublikadan daha bir ibretamiz nümune…

06 Ağustos 2016

8:08 pm


07/08/2016 [00:05]: xeber –
Sovet dönəmində Səməd Vurğunun “çörək bol olarsa basılmaz vətən” harayı şəhərdə də, kənddə də dillər əzbəri idi. Ötən əsrin 30-cu illərinin, sonradan Böyük Vətən Müharibəsi adlanın İkinci Cahan Savaşının gətirdiyi aclıq və səfalət insan oğlunun gözlərini elə qorxutmuşdu ki, hamının ən vazkeçilməz alqışı “Allah heç kimi çörəklə imtahana çəkməsin”lə tamamlanardı. Əslində insanlar haqlı idilər. Çünki “ilan vuran ala çatıdan qorxar” deyimində olduğu kimi insanların gözləri qorxmuşdu. Amma elə bir zaman gəldi ki, bir zamanlar “Quran”a bərabər tutularaq and içdiyimiz çörəyi ot-alaf əvəzinə mal-qaraya, donuza yedizdirdilər. Elə o vaxtdan çörəyin xeyiri-bərəkəti də, dadı-duzu da qaçdı. Xeyir-bərəkətdən söz düşmüşkən, 90-cı illərin əvvəlində yenidən çörək qıtlığı və insanlara hətta bəzi iddialara görə jmıx yedizdirilməsi olaylarını nəzərə almasaq müstəqillik dönəmimizdə heç vaxt çörək qıtlığı yaşamadıq. Öz tarlalarımızda istədiyimiz məhsulu ala bilməsək də ehtiyacımızdan artıq idxal hesabına nə dükan-bazarda, nə süfrəmizdə çörək imtahanı vermədik. Amma ötə ilin sonlarında və bu ilin soyuq qış günlərində az qala ölkədə çörək böhranı yaşanacaqdı və devalvasiyanın şoku ilk olaraq idxaldan asılı olan taxılı vurduğundan birdən – birə qiymətlər ceyranın belinə qalxanda ərzaq ehtiyacının az qala yarısını çörək hesabına birtəhər yola verən vətəndaş meydanlara töküldü. Hökumət dərhal əl-ayağa düşdü və qiymətləri qaydasına sala, insanların qızışmış emosiyasını söndürə bildilər.Amma bu dəfə hökumət daha bicbala tərpəndi və necə deyərlər, qışın oğlan çağında qiymət artımının törədə biləcəyi fəsadları hesablayaraq növbəti bahalaşmanı yayın tən ortasına saldılar, badımcanın kisəsinin 1 manata, pomidorun yeşiyinin 5-6 manata olan vaxtında biçarə kasıbın qəflət yuxusunda xumarlandığı bir dönəmdə Tarif Şurası adlanan cəllad baltasının itilənmiş tiyəsini millətin genefonduna sapladılar. Çörəyin qiyməti 25 faiz qaldırıldı və insanlar da məhz badımcan və pomidor məsələsinə görə sanki bu artımı ailə büdcələrində hələ ki, hiss etmədilər. Amma elə ki, badımcan və pomidor sovrulacaq və yetim kasıb gücü kartofa və çörəyə vermək zorunda qalacaq, o zaman vay o həsrətə ki, acından qılınca çapanların hərəsi əlinə bir çomaq alıb küçəyə çıxsın… Amma Azərbaycanda Naxçıvan adlı bir yavru məmləkət də var ki, blokada sınağına görə az qala Leninqradın mühasirə qəhrəmanlarına gözdağı verməkdədir. Bu torpağın övladları nə qışın nəfəskəsən sazağına boyun əydi, nə işıqsızlığa, qazsızlığa. Bir yandan da erməni həyasızlığına qarşı müqavimət göstərmək zərurəti bu torpağın məmə deyənindən pəpə yeyəninə hər kəsin iliyinə-qanına sirayət elədiyindən hamı yenə də Səməd Vurğunun təbirincə desək, “Bilsin ana torpaq, eşitsin Vətən, müsəlləh əsgərəm mən də bu gündən” deyərək Naxçıvanı dimdik ayaqda saxlamağı bacardılar. Nəinki bacardılar, artıq illərdi Naxçıvan Bakıya, Şəkiyə, Lənkərana, Gəncəyə örnək olub. Kiçik torpaqdan böyük torpağa “qızıl qaydalar”, “nümunəvi təcrübələr” ixrac olunmağa başlayır. Necə ki, vaxtilə Naxçıvanı Azərbaycan siyasətinin laboratoriyası adlandırırdılar, indi də insan oğluna “bəh-bəh” dedirdən adətlər yavru vətəndən Ana Vətənə ayaq açır. Elə sonuncu dəfə yumurtadan yun qırxmaq bacarığını mükəmməl mənimsəmiş kəmfürsətləri belə heyrətləndirən bank dəllalları milyonlarca vətəndaşı soyğunçu bank faizlərinə görə məhşər ayağına çəkəndə Naxçıvan bir nümunə gəstərərək “Naxçıvanbank”dan kredit götürənlərin hamısının kreditlərini köhnə məzənnə ilə qaytaracaqlarıyla bağlı tarixi qərar verdi. Təbii ki, Bakıdakı bank bossları bu qərardan pərtliklərini büruzə verməmək üçün ucuz bəhanələr gətirdilər. Amma həqiqət kal armud kimi onların boğazlarına tıxanmışdı və insanlar daha bir “Naxçıvan nümunəsi”nə şahidlik etdilər. Bu gün də daha bir Naxçıvan nümunəsi görməkdəyik. Azərbaycanın bir parçası olan Naxçıvanda çörəyin qiyməti qaldırılmadı. Ona görə yox ki, Naxçıvan bütün taxıl tələbatını öz hesabına ödəyir. Sərt və taxılçılıq üçün əlverişsiz iqlimli Naxçıvanda buna nail olmaq bəlkə də nə zamansa mümkün olacaq, amma bu gün bu ehtiyacların xeyli hissəsi idxal hesabına qarşılanır. Elə isə niyə təbii devalvasiya tələbləri idxal olunan məhsulun qiymətlərini qaldırsa da çörəyin qiymətinə təsir etmir? Olmaya Naxçıvanda Tarif Şurası olmadığına görəmi? Xeyr, cənablar. Ona görə ki, Naxçıvanda idarəetmə başdan-başa asanlaşdırılıb deyə üzücü bürokratiya, əndazəyə sığmayan korrupsiya ehtirası, məmur özbaşınalığı demək olar ki, yox dərəcəsindədir. Obrazlı ifadə etsək, Naxçıvanda çörək çörəkçiyə verildiyindən qiymətlərin artırılması ehtiyacı hiss edilməyib. Edilsə belə, bunu vətəndaşın cibindən Seyid Əhməd əli ilə qarşılamaq əvəzinə bu günədək 5 qəpik qazanan sahibkarın indi iki qəpik qazanca “Allah bərəkət versin” deməsilə kompensasiya edirlər. Beləcə nə şiş yanır, nə kabab, nə təndirdə kündə küt gedir, nə də xeyir-bərəkət qeybə çəkilir. Bunu məgər Bakıda etmək olmazmı? Suala “OLMAZ” cavabı üçün fikirləşməyə saniyə də xərcləməyin. Niyəsini hamımız bilirik, amma nə yazmağın xeyri yox, nə deməyin. Bu bir alın yazısı sanki…


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler