Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

NATO-nun kritik sammiti ve Qarabağ – Əsas gözlenti…

06 Temmuz 2016

4:16 pm


06/07/2016 [20:15]: xeber –
İki gün sonra – iyulun 8-də Varşavada NATO-nun növbəti sammiti keçiriləcək. Budəfəki sammit əvvəlkilərindən bir özəlliyi ilə məxsusi fərqlənir. O da toplantının alyansla Rusiya arasında münasibətlərin heç vaxt olmadığı qədər gərgin dönəmə təsadüf etməsi ilə bağlıdır. Gözlənilir ki, Şimali Atlantika bloku məhz Varşava sammitində az qala hər yerdə ona “əzələ göstərən” (bu arada Rusiya Kalininqrad bölgəsinə böyük həcmdə hərbi qüvvələr cəmləşdirməkdədir) Moskvaya nəhayət, öz sərt sifətini göstərəcək, Rusiyaya qarşı konkret strategiya elan edəcək. Moskva həm də ondan ehtiyat edir ki, NATO öz sıralarını Baltikyanı ölkələrin ardınca daha bir postsovet ölkəsi – Gürcüstan hesabına genişləndirə bilər – hərçənd belə bir gözlənti üçün əsaslar güclü sayılmır. Bununla belə, siyasi müşahidəçilər zirvə toplantısında sürpriz qərarları, fors-major vəziyyətləri də istisna etmirlər. Bütün parametrlərə və standartlara görə NATO-ya üzvlüyə tam hazır olan Gürcüstanın alyansa götürülməsi isə Cənubu Qafqazda yeni bir situasiya demək olacaq və təbii ki, qonşu Azərbaycanda da təsirsiz ötüşməyəcək. Şübhə yox ki, ABŞ dövlət katibi Con Kerrinin bu gün başlayan Gürcüstan səfəri vəziyyətin deyilən istiqamətdə mümkün inkişafından dolayı ortaya çıxacaq nəticələr və Rusiya amili ilə əlaqədardır. Bəllidir ki, Kerri Gürcüstandan sonra Azərbaycana və Ermənistana getməyi planlaşdırmır. İyulun 7-də o, Kiyevə, oradan da Varşavaya gedəcək. Demək, səfər müstəsna olaraq rəsmi Tiflisə və Kiyevə Amerikanın – NATO-nun aparıcı dövlətinin həm də sammit öncəsi siyasi dəstəyi, Kremlə isə mesajı anlamına gəlir. *****Məsələ ondadır ki, 2008-ci ildəki “5 günlük müharibə”dən sonra qərbyönlü Gürcüstana kömək edə bilməyən Qərb, ilk növbədə də ABŞ özü üçün artıq ibrət dərsi götürüb. Təsadüfi deyil ki, həmin dramatik hadisələrin acı yekunu olaraq, paytaxt Tiflisin cəmi 100 km-də qərar tutmuş Rusiya işğalçı qoşunlarının təhdilərini ciddiyə alan ABŞ iki il qabaq Gürcüstanı və Ukraynanı özünün NATO-dan kənar müttəfiqlıri elan edib. Ötən il isə Tiflisdə alyansın təlim mərkəzi açılıb və ardınca Gürcüstanda, Qara dənizdə alyansın görünməmiş hərbi təlimləri keçirilib, qonşu ölkəyə ABŞ-ın yüzlərlə müasir tankı və başqa hərbi zirehli texnikası gətirilib, nəhayət, Vazianidə NATO-nun faktiki, hərbi bazası yaradılıb. Üstəlik, bölgədə Türkiyə-Azərbaycan-Gürcüstan hərbi alyansının konturları formalaşmaqdadır.Baş verənlər əlbəttə ki, Moskvada qıcıq və neqativ reaksiyalar doğurur. Lakin Moskva indi bəyanatlardan uzağa gedə bilmir. Çünki NATO-nun “nəfəsini” Güney Qafqazda da öz “kürəyi arxasında” hiss etməyə başlayıb.Şəksiz ki, Gürcüstanın NATO-ya üzvlüyü alyansla Rusiya arasında münasibətlərə daha kritik məzmun verəcək. Moskva bununla bağlı profilaktik xəbərdarlığı artıq edib. Çünki Rusiya Güney Qafqazı bölgəsini müstəsna olaraq özünün həyati maraqlar zonası hesab edir. Bu, da ən əvvəl o deməkdir ki, regiondakı münaqişələrin, o cümlədən Qarabağ probleminin həllində Moskva öz dominant rolunu heç kimlə ilə bölüşmək niyyətində deyil.*****Bu arada nüfuzlu rus politoloqunun dilindən belə bir ehtimal səslənib ki, Kreml payızda Gürcüstanda keçiriləcək parlament seçkilərində (ölkə parlamentli respublika olduğu üçün bu seçkilərin əhəmiyyəti böyükdür) rusiyapərəst qüvvələrin qələbəsi üçün hər şeyə, hətta hərbi müdaxiləyə gedə bilər. Gürcüstanın NATO-ya üzvlüyü əlbəttə ki, belə planları poza bilər. O halda Rusiya çətin ki, Gürcüstana qarşı hərbi xarakterli addımlara getsin. Bu, onsuz da sanksiyaların ağır yükü altında olan Moskvadan ötrü siyasi intihar demək olardı. Hər halda bayırda indi 2008-ci il deyil. Ən əsası, NATO üzvü Gürcüstana hücum avtomatik şəkildə NATO-ya hücum hesab ediləcək. Biz hələ onu demirik ki, bunun ardınca Abxaziya və Cənubi Osetiya oradakı işğalçı Rusiya qüvvələri ilə birgə NATO-nun məsuliyyət zonasına düşəcək, Rusiya ilə NATO arasında daha bir qaynar çəkişmə nöqtəsi peyda olacaq. Moskva sözsüz ki, həm də bundan – iki separatçı bölgəyə görə nə vaxtsa NATO ilə toqquşa biləcəyindən narahatdır. *****Gürcüstanın geridönməz şəkildə Qərb (NATO) təhlükəsizlik sisteminə daxil olması isə onun Rusiya üçün həmişəlik itirilməsi demək olacaq. Eyni zamanda Azərbaycanın şimal qonşumuz üçün önəmi bir o qədər artacaq. Azərbaycanın əsas problemi isə bəllidir – Qarabağ. Bu xüsusda istisna deyil ki, Kreml Dağlıq Qarabağ məsələsində öz açar rolundan istifadə edib bölgənin ən böyük ölkəsi kimi heç olmasa, Azərbaycanı itirməmək naminə Qarabağ məsələsində hansısa real addım atsın. Söhbət ölkəmizin Avrasiya layihələrinə qoşulması, Qarabağa Rusiya sülhməramlılarının gətirilməsi üçün Bakının əsas şərtini reallaşdırmaqdan gedir. Bu fonda Moskva-Ankara münasibətlərinin də yeni keyfiyyət fazasına keçəcəyi istisna deyil. Maraqlıdır ki, Sergey Lavrovun son İrəvan səfəri çərçivəsində Qarabağa dair Kremlin həll planında ilk dəfə olaraq Moskvanın Türkiyə amilini nəzərə aldığı, qardaş ölkəni prosesə qoşmaq istədiyi haqda informasiyalar yayılıb… Gürcüstanın NATO-ya üzvlüyünün beləcə, Qarabağ məsələsi ətrafında da yeni situasiyaya rəvac verəcəyi real görünür. Bu situasiya Kremlin Qərblə münasibətlərini gərginləşdirsə də, onu Bakı və Ankaraya yaxınlaşdıra bilər. 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler