Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Natiq Ceferlinin Tahir Süleymanovla sehv düşen yeri

13 Ağustos 2016

11:20 am


13/08/2016 [15:19]: xeber –
Lap çoxdan, internetin hələ yayğınlaşmadığı zamanlarda hansısa jurnaldan bir məlumat oxumuşdum. Məlumatın məğzi belə idi ki, bir fizik idarə etdiyi avtomobillə qırmızı işıqda yolu keçir, yol polisi onu saxlayır və cərimə tətbiq etmək istəyir. Lakin fizik yol polisini inandırır ki, o, əslində qırmızı işıqda deyil, yaşıl işıqda keçib. Çünki işıq filan-filan şərtlər altında qırmızı deyil, yaşıl rəngdə görünür. İndi məqsədim sizlərə fotonlardan, işığın dalğa aralığından danışmaq deyil. Yadımda qalan odur ki, həmin fizik sürücü avtomobilini saxlamış yol polisinə bir balaca kəf gəlmişdi, yəni qırmızının yaşıl görməsi üçün o, işıqforun qarşısından yüngül maşınının əsla hərəkət edə bilməyəcəyi bir sürətlə keçməli idi. Bu məlumat niyə yadıma düşdü? Ona görə yadıma düşdü ki, son üç-dörd gündə ənənəvi və yeni medianın trendi Tahir Süleymanov adlı bir deputat nişanı gəzdirən idi. Deputat nişanı gəzdirən, həm də neçə-neçə çağırış boyunca gəzdirən, əvəzində bir dəfə ağzını açıb parlamentdə danışmayan, lap düzünü bilmək istəyirsinizsə, belə bir Milli Məclis üzvünün varlığından xalqımızın Elza Seyidcahanın sayəsində xəbər tutduğu həmin Tahir Süleymanovun topdağıtmaz qəsrinin görüntüləri çəkilmiş və ona çox sadə bir sual verilmişdi: bu sarayı hansı pulla tikmisiniz? Heç kimə sirr deyil ki, Tahir Süleymanov deputat maaşı ilə elə bir əzəmətli qəsrin heç çöl divarlarını hördürə bilməz. Üstəlik o, “Milli Məclisin deputatının statusu haqqında” qanunu pozaraq bizneslə məşğul olur, taxıl və un monopolistidir. Ona “monopolist” deyən də mən deyiləm, deputat həmkarı Fəzail Ağamalıdır və “Ana vətən” partiyası sədrinin birinci devalvasiyadan sonra unun qiymətini qaldıran Tahir Süleymanova “xalqı çörəklə imtahana çəkmə” deyə çağırış etməsi hər kəsin yadında, xatirindədir. Hə, o məlumat, – yəni lap başda yazdığım- ona görə yadıma düşdü ki, öz-özümə sual etdim: görəsən, illiuziyalara meyilli insan gözləri hansı halda “Tahir Süleymanov” ismi-şərifini “Natiq Cəfərli” kimi oxuya bilər? Əks halda, Natiq Cəfərli istehsalçı deyil, idxalatçı, ixracatçı deyil, monopolist deyil, maxinator deyil- Tahir Süleymanov kimi qanunsuz fəaliyyəti göz qabağında olan kəslər dura-dura onu niyə apar-topar həbsə atsınlar? Məgər Topqapı sarayını andıran qəsrinin bir daşının hesabatını verə bilmədiyi halda “adamın evi olar” deyərək camaatı borclu çıxaran, uşaqlığı, yeniyetməliyi, gəncliyi sovet dövründə keçdiyi halda “azan səsi ilə böyümüşəm” deyə ağ yalan danışan Natiq C əfərli idi? Ümumiyyətlə, adam tutmaq, xüsusən ictimai-siyasi çəkisi olan adamları maşına basıb prokurorluğa aparmaq, ayaqüstü bir məhkəmə təşkil edib dama, qazamata göndərmək nədən bunca asandır bizim məmləkətdə? Natiq Cəfərli hətta haqqında açılmış cinayət işi yüz faiz doğru, yüz faiz qərəzssiz, yüz faiz ictimai maraqlara uyğun olmuş olsa belə, hara qaçacaqdı (zatən ölkədən çıxışı da məhdudlaşdırılıb), tutulmadan mühakimə oluna bilməzdimi? Mənim Natiq Cəfərli ilə heç bir şəxsi tanışlığım, əlaqəm yoxdur, xitab etdiyi auditoriya da illərcədir məni söyməklə məşğuldur, ancaq virtual müşahidələrimə görə, son dərəcə savadlı iqtisadçı, son dərəcə pis siyasətçidir. Dəfələrlə onunla mübahisə eləmişəm. İqtisadiyyatdan yalnızca elementar bilgilərim olduğu halda, onu daha yaxşı bildiyim mövzulara çəkib, bir az da məntiqi sillogizmlərdən faydalanıb o mübahisələrdən qalib kimi ayrıldığımı xatırlayanların olduğuna inanıram. Vəkilinin verdiyi açıqlamalardan anladığım budur ki, hüquq-mühafizə orqanlarının masasında bir “QHT işi” varmış, xaricdən alınan qrantların müəyyən bir məbləği də Natiq Cəfərlinin ayağındaymış. Olsun! Əgər məsələ həmin vəsaitdən dövlətə çatacaq vergilərin ödənməməsidirsə, qarşısında Vergilər Nazirliyi tələb qoysun, o da ödəsin, daha həbs etmək nəyə lazım? Guya kim bilmir ki, Natiq Cəfərlinin timsalında müxalif bir ekspertin həbsi Azərbaycana qarşı beynəlxalq təşkilatların hesabatlarında tənqidləri artıracaq? Guya kim bilmir ki, həmin hesabatlar erməni lobbisinin əlində “kozır”a dönəcək? İlin-günün bu vaxtında, təxminən bir ay sonra referendum kimi taleyüklü bir səsvermə düzənlənəcəyi zaman kəsimində niyə kimlərinsə əlinə belə bir bəhanə veririk? Məsələ Natiq Cəfərlini susdurmaq, onun devalvasiya və korrupsiya əleyhinə rəylərinin cəmiyyətdə yayılmasının qarşısını almaqdırsa, məsələyə əks rakursdan baxmaq daha yaxşı olar. Hanı bu hakimiyyətin iqtisadçı deputatları? Hanı bu dövlətin Strateji Araşdırmalar Mərkəzinin ekonomistləri? Uzun illərdən sonra Natiq Cəfərliyə və digər müxalif ekspertlərə opponentlik eləmək üçün keçmiş maliyyə naziri Fikrət Yusifov önə çıxarıldı- sanki müasir bir bilgisayarın qabağına kolxoz mühasiblərinin istifadə etdiyi rəngi getmiş “çökkə” qoyuldu. Məsələ, bilgisayarda, “çökkə”də də deyil bəzən. Kimi və necə inandırmaq olar ki, dollarla olan və insanları faktiki olaraq intihar həddinə çatdıran kreditlərlə bağlı vətəndaşa dəstək olmağa pul tapmayan, ancaq Formula-1 yarışlarına yüzmilyonlar xərcləyən bir hökumət haqlıdır?Kimi və necə inandırmaq olar ki, Artur Rəsizadə kimi təfəkküründən naftalin qoxusu gələn bir Baş nazirlə innovativ gəncliyin, kreativ yeni nəslin sosial-iqtisadi təşəbbüslərinin reallaşmasına şərait yaratmaq mümkündür? Ümumiyyətlə, intellekti, təşəbbüskarlığı, planları olan insanlar özünü harada və necə reallaşdırmalıdır?- məncə ən əsas sual budur! Natiq Cəfərlinin timsalında savadlı və dünyəvi bir adam özünü harada reallaşdırmalıdır? Hansı işə dəvət olundu? Hansı məsuliyyət həvalə edildi? Hansı proqramın hazırlanmasına və icrasına çağırıldı? “Dilini dinc qoyan” yüzlərlə, minlərlə savadlı və dünyəvi kadr var, guya onlara dövlət qurumlarında, iş dünyasında, media sektorunda və vətəndaş cəmiyyəti institutlarında “yaşıl işıq”mı yandırılıb? Bir ölkənin deputatına Elza Seyidcahan, icra başçısına Tolik meydan oxuyur və cəmiyyətin nəzərində hər ikisi haqlı görünürsə, mərkəzi hakimiyyətin üzərinə düşən o icra başçılarını topdan yola salmaq, o parlamenti buraxmaqdır. Bir ölkənin şəhidinin ailəsi mətbuata çıxdıqdan sonra səsləndirdiyi problem bircə günə həllini tapırsa, tutulası adam həmin problemi yaradan və mətbuata çıxana qədər həll etməyən məmur, vəzifə sahibidir. Bir ölkədə vətəndaş LƏYAQƏTini təhsil, ƏDALƏT duyğusunu məhkəmə sistemi yaradır. Və… bilginin insanlara bilgisizlikdən daha çox əziyyət vermədiyi cəmiyyətlərdə fiziklər yol polisini işıqforda qırmızı yox, yaşıl işıq yandığına inandıra bilir… Gəlin, bu dünyaya bir az savadla baxaq və savadlı adamları qoruyaq! Hansı düşərgədə olursa-olsun, Azərbaycanımızı irəli məhz savadlı adamlar aparacaq!..Taleh Şahsuvarlı, Tezis.az saytının Baş redaktoru


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler