Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Muxtar Kazımoğlu: “Ədebi mehkemelere reğmen,Cavid Cavid olaraq qalırdı”

03 Kasım 2016

7:56 pm


03/11/2016 [23:53]: xeber –
Məlum olduğu kimi, ötən ay bir sıra ədəbiyyat adamları tərəfindən Hüseyn Cavid ayı kimi qeyd edildi. Xüsusilə Cavid ədəbi məclisinin keçirdiyi tədbirlər oktyabr ayına öz damğasını vurdu. Keçirilən belə tədbirlərdən biri də 20 oktyabrdı Beynəlxalq Mətbuat Mərkəzində tanınmış şair-yazıçı və alim Nizami Muradoğlunun “Hüseyn Cavid” mənzum dramının müzakirəsinə həsr olunmuşdu.Müzakirələrdə bir sıra alimlərin əsərlə bağlı məruzələri dinlənilmişdir. Ən yadda qalan çıxış isə AMEA -nın müxbir üzvü, filologiya elmləri doktoru, profesor, AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğluna aid idi.Muxtar Kazımoğlunun çıxışının mətnini təqdim edirik:“Əziz dostlar!Nizami Muradoğlunun “Hüseyn Cavid” dramı ilə bağlı demək istədiklərimin birincisi bundan ibarətdir ki, müzakirəsinə, təqdimatına toplaşdığımız bu əsərdə repressiya dövrünün ab-havası səciyyəvi səhnələrlə əks olunub. O dövrün ən mürəkkəb məsələlərindən biri ədəbiyyatda artıq öz sözü, öz mövqeyi olan, nisbətən təcrübəli və yaşlı sənətkarları sovet platformasına cəlb etmək idi. Bu məqsədlə həmin yazıçılara müəyyən şərait yaradılırdı.Konkret olaraq Hüseyn Caviddən danışsaq, qeyd edə bilərik ki, Cavidə xüsusi təqaüd verilirdi, Cavidin pyesləri nəinki Azərbaycanda, Qafqazın ayrı-ayrı respublikalarında, o cümlədən Orta Asiyada tamaşaya qoyulurdu. Bu faktlar sırasına xüsusi Cavid axşamının keçirilməsi, Cavidin Almaniyaya müalicəyə göndərilməsi faktlarını da əlavə etmək olar. Amma yaradılan bu şərait Hüseyn Cavidi o vaxtacan keçib gəldiyi sənət yolundan döndərə bilmədi. Lenindən, Stalindən əsərlər yazılan bir vaxtda Hüseyn Cavid Məhəmməd peyğəmbərdən, Əmir Teymurdan dramlar yazdı. Sovet ideologiyasını, Sovet hökumətinin ədəbiyyat siyasətini qəbul etməyən Cavid repressiyaya uğrayan ilk sənətkarlardan biri oldu.Xalq arasında çox geniş şöhrət qazanan, ədəbi ictimaiyyət tərəfindən çox böyük nüfuz sahibi kimi qəbul edilən Cavidi, eləcə də repressiyaya məruz qalan digər sənətkarları həbs etməmişdən qabaq gözdənsalma kampaniyası aparmaq lazım idi. Belə kampaniyanın ən çirkin vasitələrindən biri ədəbi məhkəmələr təşkil etmək idi. “Kommunist” qəzetinin təşkilatçılığı və başçılığı altında klublarda, mədəniyyət evlərində, teatr binalarında çoxlu sayda adamın iştirakı ilə keçirilən həmin ədəbi məhkəmələrdə hansı əsərlər mühakimə olunurdu? Cəlil Məmmədquluzadənin “Ölülər”, Hüseyn Cavidin “Şeyx Sənan”, “Şeyda”, Cəfər Cabbarlının “Aydın”, “Od gəlini” əsərləri.1937-ci il repressiyasına qədər Cəlil Məmmədquluzadə və Cəfər Cabbarlı artıq vəfat etmişdi. Sağ qalan Hüseyn Cavidin isə sovet platformasına heç cür yaxın gəlməyən bir sənətkar kimi nişan verilməsində ədəbi məhkəmələrlə yanaşı, ədəbi tənqid də mənfi rol oynamaqda davam edirdi. Ədəbi tənqid Hüseyn Cavidi “burjua yazıçısı” adlandırırdı, onu sovet həqiqətlərini qələmə almamaqda, xalq kütlələrinin başa düşmədiyi bir dildə yazmaqda, qəhrəmanlarını Azərbaycandan yox, başqa ölkələrdən almaqda günahlandırırdı. Hüseyn Cavid isə Hüseyn Cavid olaraq qalırdı – öz düşündüyünü, öz məsləkinə, əqidəsinə uyğun olanı yazırdı.Sözümün canı odur ki, sovet ədəbi mühitinin tələbləri qarşısında Hüseyn Cavidin öz mövqeyini dəyişməməsi, üslubuna və mövzularına sadiq qalması dramda Nizami Muradoğlunu düşündürən əsas məsələlərdən biridir. Nizami Muradoğlunu bir müəllif kimi narahat edən başqa bir məsələ cavan yazıçıların Hüseyn Cavidə, onun ədəbi mövqeyinə münasibəti məsələsidir.Şübhə yoxdur ki, cavan yazıçılar: Səməd Vurğun, Mikayıl Müşfiq, Süleyman Rüstəm, Rəsul Rza sovet platformasını dərhal qəbul etmişdilər, sovet quruluşunu tərənnüm edən əsərlər yazmışdılar və yazırdılar. Cavan yazıçıların “proletkultçuluq” deyilən ideologiya ilə “anlaşılmazlığı” nadir hallarda baş verirdi.Belə nadir hallardan biri Mikayıl Müşfiqin “səni istəmir proletar” kimi cəfəng (və son dərəcə zərərli) şüar müqabilində özünün məşhur “Oxu, tar” şeirini yazmasıdır. Görünür, bu cür “anlaşılmazlıq” məqamları Mikayıl Müşfiqin də Hüseyn Cavid və Əhməd Cavadla eyni vaxtda həbs edilməsinin başlıca səbəbi olub.O ki qaldı həbs edilməyən cavanlara, bu yazıçıların vəziyyəti heç də yaxşı deyildi.Onlar həbs edilən qələm yoldaşlarının əleyhinə çıxışlar etmək, yazılar yazmaq, ifadələr vermək məcburiyyətində idilər. Təqdirəlayiq cəhətdir ki, Nizami Muradoğlu onları ittiham etmək yox, başa düşmək, onların taleyindəki bu acınacaqlı məqamı məhz ürəkağrıdan bir məqam kimi oxucu və tamaşaçıya çatdırmaq yolunu tutur.“Hüseyn Cavid” mənzum dramının maraqlı və təsirli səhnələrindən danışarkən həbsxana həyatını əks etdirən səhnələri xüsusi qeyd etmək lazım gəlir. Bu səhnələrdə Nizami Muradoğlu Hüseyn Cavid, Əhməd Cavad və Mikayıl Müşfiqin timsalında yazıçı şəxsiyyəti məsələsini diqqət mərkəzinə çəkir. Müəllif təsirli detallarla göstərir ki, həbsxana şəraiti, həbsxanadakı müxtəlif təzyiq vasitələri sənətkar şəxsiyyətinin bütövlüyünü poza bilmir.Nizami Muradoğlu şair olmaqla bərabər, həm də tədqiqatçı-alimdir. O, bir ədəbiyyatşünas kimi folklorun və yazılı ədəbiyyatın müxtəlif məsələlərini ardıcıl olaraq araşdırır və bu araşdırmalarını məqalələr, monoqrafiyalar şəklində çap etdirir. Şübhə yoxdur ki, onun bədii yaradıcılığına elmi araşdırmalarının müsbət təsiri vardır. Azərbaycan ədəbiyyatına, o cümlədən Hüseyn Cavid irsinə yaxından bələd olması Nizami Muradoğluna bu əsəri yazmağa yaxından kömək edib.Elmi araşdırmaların bu əsərin yazılmasına müsbət təsirini və yaxın köməyini mən, ilk növbədə, obyektiv müəllif mövqeyinə nail olmaqda, yaxın dövrün hadisələrinə birtərəfli yanaşmamaqda görürəm.Nizami Muradoğluna yeni-yeni yaradıcılıq uğurları arzulayıram”.


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler