Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Mifologiyasını tanı, Qaqauzları tanı…

10 Ağustos 2016

7:36 am


10/08/2016 [11:34]: xeber –
(Qənirə Paşayeva ilə addım-addım Qaqauz Yeri)4-cü Yazı Xristian dini inancını daşıyan qaqauz türklərinin çox maraqlı mifologiyası var. Qədimdə qaqauzlar göy üzünü yer üzərində kristal bir qübbə şəklində qəbul edib, uca Allahın bu qübbə üstündə bütün əzizlər əhatəsində yaşadığına inanarlarmış. Günəşi ana-babası olan canlı varlıq bilərlərmiş. Məhz onların sayəsində Günəşin yer üzünü gəzib-dolaşdığına inanarlarmış. Onlar üçün ulduzlar göyün bəzəyi imiş və saylarının yer üzünün insanları qədər olduğuna, hər insanın bir ulduzu olduğuna inanırlarmış. Başçıların, böyük mənsəb sahiblərinin ulduzunu daha parlaq, daha böyük bilərlərmiş. Göy gurultusu onlar üçün Əziz İlyanın arabasının səsi, gurultunun möhkəmliyi isə İlyanın qəzəblənməsinə işarə kimi qəbul edilirmiş. Onlara görə, rüzgarın qızğınlığı nəsə bir cinayətin baş verdiyinə işarədir. Yerin bir sarı öküzün buynuzları arasında dayandığını deyərlərmiş. Qartala atəş açmağı günah sayarlar. Leyləyi, durnanı ilk görən qızlar saçlarının uzanacağına sevinərlər. Bayquş bəxtsizlik nişanəsidi. Kiçik uşaqların süd dişləri düşəndə bir qaba qoyub çağırarlar: “Qarğa, qarğa, bu sənə sümük diş hədiyyəsidi, əvəzində sağlam  diş ver”. Hər hansı fərə toyuğun xoruz kimi banlamasından təlaşa düşər, bədbəxtlik baş verəcəyini deyərlər. İçində bala ola biləcəyindən şübhələndikləri yumurtanı sındırmazlar. Su qurbağasını öldürməyi günah sayarlar. Hörümçək öldürənin günahını ağır sayarlar. İlanı şeytan yuvası kimi daş-qalaq edərlər. Sağsağanı şeytanın qardaşı bilərlər.Qaqauz söyləmələri ilə Oğuz söyləmələri arasında qosqoca bir bağlantı var.Məşhur “aşıq-aşıq” oyunları var ki, başlamamışdan öncə “kursaaa” deyə haray çəkərlər. “Omada” (daşlı oyun) icra edərkən söylərlər ki, “fıldır fıç, qaldır, qıç, qırx üç, qırx dörd… əlli, adı bəlli…”İndi bizim gündəlik həyatımızda sıx-sıx işlətdiyimiz Allah, cənnət, cəhənnəm, şeytan, hacı, qurban, halal, haram sözləri Ortodoks Xristian qaqauzlar tərəfindən eynilə işlənməkdədir. Türk xalq ədəbiyyatının bir çox nümunələri həm Qaqauziyada, həm də Anadoluda eynidir. Qaqauzlar “axşam”, bizlər “axşam”, biz “toyuq”, qaqauzlar “tauk” deyir. “Bağırmaq” yerinə “barmaq”, “çağırmaq” əvəzinə “çarmaq” işlədərlər. “Seyr”ə “Sir” deyərlər. Bu bənzərliklər saya-hesaba gəlməz. Bizim məşhur Koroğlu türküləri qaqauzlarda çox yayğındır. Eləcə də ortaq mahnılarımız…  Bu unudulmaz türkülər doğma həniri, əsintisi ilə çəkib aparır fikrimizi. Gözümüzü açıb yumunca görürük  Qaydara yetişmişik… Duz-çörək ətirli, salxım üzümü ilə məşhur olan Qaydara. DUZ-ÇÖRƏKLİ, DOST ÜRƏKLİ QAYDAR Qaydarla bağlı unudulmaz xatirələrimi dönüb-dönüb yenidən yaşayıram. Burda müsafirlər duzla-çörəklə, mahnıyla qutlanır, qarşılanırlar:                  Dərə boyu bumuydur,                 Suyu dadlı sumuydur.                 Suyundan qaymaq olmaz,                 Gözələ doymaq olmaz… Doyulmayan bir gözəllik, doğmalıq gördüm Qaydarda. Elə bil özcə doğmalarım qarşıladı məni. Vaxtın, zamanın o çağı idi ki, bu yerlərin adnan deyilən üzüm bağları salxım sallamışdı dost gəlişinə. Yetişmiş salxımlar can dərmanıydı. Qaydar duz-çörəklə qarşıladı bizi.  Qaqauz gəncləri çaldılar, oxudular, birlikdə rəqs etdik…  Açdı boxçasını kənd muzeyləri. Gördüyüm hər xalça bir tarix idi. Hər yaylıq anamın yaylığı kimi. Xalçaçı qızlara qoşulub, xalça toxumaq bir başqa aləm idi. Üzərində Qaqauz Yeri olan xalçanı mənə hədiyyə edən qaqauz qızları bacım kimiydi. Kənd muzeyinin direktoru dönüb-dönüb də bizləri niyə belə çox istəməsinin səbəbini söyləyir mənə: “Bilirsinizmi, mənim adım Bakudu… Sizin paytaxtınızın adı da belədi. Qan qardaşlığımız da var, ad doğmalığımız da…”Oxuduqları mahnılara fikir verirəm: Bu baxçada üç çiçək var,Hey, yarım, üç çiçək.Biri lalə, biri sünbül,Hey, yarım, biri gül.Lalə, sünbül sizin olsun,Hey, yarım, gül bizim. Eynən bizdə də belə oxunur: Meyvələrdən üç meyvə var,Üçü də, balam, yeməli.Biri alma, biri heyva, biri nar.Alma sənin, heyva da sənin,Nar mənim, balam, nar mənim… Mahnıları, adət-ənənələri ilə, toxuma xalıları, yaylıqları, naxışlı işləmələri ilə doğmadı bu yerlər mənə. Hər kəndin özəl tarixi, adət-ənənələri, əl işləri ilə bağlı ayrıca tanıtım kitabları var. İndi Qaydara olan o unudulmaz səfərim zamanı mənə hədiyyə olaraq bağışlanan kitabı vərəqləyə-vərəqləyə gözlərim önünə oyunlarımızı xatırladan oyunlarını, əllərinin duz-çörəyini, dillərinin doğma, eyni ruhdan gələn nəğmələrini gətirirəm.Səfər çərçivəsində Qaydarda maraqlı və önəmli görüşlərimiz oldu. Qaydar bölgəsinin rəhbəri Kiosya İlya Georgiyeviç ilə olan görüş zamanı o bölgə barədə geniş bilgilər verərək, qardaş Azərbaycanla münasibətlərin daha da inkişafında çox maraqlı olduqlarını vurğuladı. Qaqauz Yerinin bölgələri ilə Azərbaycanın bölgələri arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu deyən Qaydar bölgəsinin rəhbəri öz tərəflərindən bu istiqamətdə çalışmaları daha da artıracaqlarını qeyd etdi. Görüş zamanı  ölkəmiz, özəlliklə də  Ermənistanın işğalçılıq siyasəti və Xocalı soyqırımı ilə bağlı  geniş bilgilər verib, yerli sakinlərlə, xüsusilə gənclərlə geniş fikir mübadiləsi apardıq.Bu yerlərin hər köyü bir muzey boxçası kimidir. Əvvəlcədən də qeyd etdiyimiz kimi, demək olar ki, hər addımbaşı tarixi, mədəniyyəti, adət-ənənələri yaşadan muzeylərə rast gəlmək olar. O cümlədən musiqiyə dərin bağlılıq var bu yerlərdə. Qonaqları musiqi ilə qarşılamağı sevirlər… Qaqauz Yerində çox sevilən, qaqauzların tarixindən bugününə gələn yolu özündə əks etdirən, bir sözlə qaqauzları tanımağa bələdçilik edən “Coltay” sənədli filminə maraqla baxırıq tarix muzeyində.  Elə bil öz tarixi filmimizə baxdıq. Hər şey o qədər doğma və yaxın idi ki… UNUDA BİLMƏDİYİMİZ AVDARMA… Qaqauz Yerinə yolunuz düşsə, Avdarmanı ziyarəti də unutmayın. Avdarmada  Böyük  Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış “Memorial” abidəni, 1946-1947-ci illərdə baş vermiş böyük aclıq və  repressiya qurbanlarının xatirəsinə ucaldılmış abidələri,  Avdarma bölgəsinin 600 ildən artıq  zəngin tarixini  özündə yaşadan “Tatarskiy rodnik” (Tatar çeşməsi) adlı abidəni,  Avdarmanın quruluş tarixini özündə əks etdirən qədim muzeyi ziyarətlə başlayırıq bu gözəl bölgəni tanımağa. Yerli sakinlər bizi xüsusi bir doğmalıqla qarşılayırlar. Maraqlı söhbətlər edir, istedadlı gənclərin əl işlərinin nümayiş olunduğu mərkəzi ziyarət edirik. Burada da gənclərlə Azərbaycanla bağlı maraqlı fikir mübadiləsi aparıb, bir-birimizi daha  yaxından tanımanın, öyrənmənin və sahiblənmənin vacibliyindən danışırıq. İndi bu xatirələri qələmə ala-ala gözəlliklər məskəni Avdarmada Şəhidlər Xiyabanını ziyarət etdiyimiz anlarda keçirdiyim hissləri yenidən yaşayıram. Yüz illərlə tarixi olan  Avdarma ilə bağlı maraqlı məlumatlar verib, bu yerlərin məşhur hekayətlərini danışır bizə bölgə rəhbəri və muzeyin direktoru. Bənzərsiz, xüsusi gözəlliyə malik təbiəti olan Avdarmanın zəngin tarix-etnoqrafiya muzeyini də ziyarət etdik. Əl işləri, xalıların zərif naxışları, toxuma nümunələri çox zəngin, qədim bir mədəniyyətin abidələri olaraq qorunmaqdadı. Hər kəndin tarixi bir kitaba mövzu olub. Yazıb araya-ərsəyə gətiriblər. Gözəl bir örnəkdi. Tarixi yaşatmağın yolunun yazıdan, kitabdan keçdiyini yaxşı bilirlər Avdarmada. Bizə də bu gözəl bölgə ilə bağlı kitabı hədiyyə edirlər. Biz də ölkəmiz, tariximiz, mədəniyyətimiz, Qarabağ həqiqətləri ilə bağlı kitabları, sənədli filmləri muzey rəhbərliyinə təqdim edərək Avdarma gənclərinin oxuyub-öyrənəcəyinə ümidvar olduğumuzu bildiririk. Bölgə rəhbəri  Kasım İvan Semyonoviç ilə görüş zamanı da elə bu mövzular diqqət mərkəzində olur. Qardaş Azərbaycanla münasibətlərin  bütün istiqamətlərdə daha da inkişafında çox maraqlı olduqlarını, bölgələrimiz arasında əməkdaşlığın genişlənməsi üçün böyük imkanlar olduğunu bildirən K.İ. Semyonoviç Azərbaycanın inkişafına hər zaman sevindiklərini xüsusi qeyd etdi. Avdarma bölgəsinin rəhbərinə ölkəmizlə bağlı, özəlliklə də  Ermənistanın işğalçılıq siyasəti barədə  danışaraq, dedik  ki,  dünyanın harasında yaşamasından asılı olmayaraq  türk kökənli bütün insanlar Ermənistanın bu addımlarına laqeyd, seyrçi qalmamalı, buna qarşı öz etiraz səsini ucaltmalı, Xocalı  soyqırımının  tanınması, bu dəhşətli cinayəti törədənlərin ədalət qarşısında cavab verməsi üçün səylərini artırmalıdırlar. Görüşün  sonunda Avdarma bölgəsinin rəhbəri K.İ. Semyonoviçə rəhbərlik etdiyim “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyi tərəfindən hazırlanan və  ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri soyqırımları özündə əks etdirən “Azərbaycan həqiqətləri” filmlər kataloqunu, Azərbaycan həqiqətlərinə, Qarabağ problemi və Xocalı soyqırımına dair  kitabları,  filmlər  və eyni zamanda Azərbaycan  mədəniyyətinə dair materialları da bağışlayıb onu ölkəmizə dəvət etdik. Azərbaycanı çox sevdiyini deyən K.İ. Semyonoviç dəvəti qəbul edərək vətənimizi yaxından görməkdən məmnun olacağını bildirdi. (Davamı var)


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler