Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Menimle evlenmek üçün dinini deyişdi”  – Xalq şairinin ABŞ-dakı qızı

22 Haziran 2016

11:56 am


22/06/2016 [15:55]: xeber –

sayt-ın
“Qürbətdəki məşhurlar” layihəsinin bu dəfəki qonağı Xalq şairi Fikrət Qocanın Amerika
Birləşmiş Ştatlarında (ABŞ) yaşayan qızı Günay Qocayeva oldu.

– Günay xanım, qürbət həyatını nə zaman seçdiniz və
necə oldu ki, ABŞ-a getdiniz?

– Düzünü desəm,
qürbət həyatını seçməyim gözlənilməz oldu. Heç ağlıma da gətirməzdim ki, mən
ABŞ-a gedib, orada qalacağam. Amma onu da deyim ki, Amerika mənim uşaqlıq arzum
olum. Anam da hər zaman yadıma salır ki, sən uşaq vaxtından Amerikaya getməyi xəyal
edirdin. Bağda olanda başımızın üstündən keçən təyyarələrə baxardım və
barmağımı təyyarələrə uzadıb deyərdim ki, mən o təyyarələrdən birində Amerikaya
uçacağam. ABŞ-ın klassik filmlərini çox sevərdim, Amerikanın qışı, təbiəti çox
xoşuma gələrdi və hər zaman da özümü orada təsəvvür edirdim. Arzu edirdim ki,
bir gün mənim də orada belə bir evim, bağçam olacaq, ABŞ-da qışı keçirəcəm.

Həyat elə gətirdi
ki, mən həyat yoldaşım Corcla (Cebrum George) tanış oldum. Tanış olduqdan sonra
mən ona dinimizdən, adət-ənənələrimizdən danışdım, hər şeyi başa saldım. O da məni
yaxından tanıdı, adətlərimizi öyrəndi, Bakıya gəlib bizim adətlərə uyğun
atamdan evlənməyimiz üçün razılıq aldı. 2004-cü ilin aprel ayında da məni klassik
filmlərdə görüb xəyal etdiyim ABŞ-a qovuşdurdu. Buna görə də ona hər zaman təşəkkürümü
bildirirəm. Ona həm də mənə olan qayğısına, sevgisinə, arzularımın bir hissəsini
gerçəkləşdirdiyinə görə minnətdaram.

– Demək ki, Günay xanım ABŞ-a gəlin köçdü. İstərdim
səmimi etiraf edəsiniz, sevdiniz deyə əcnəbi vətəndaşla ailə həyatı qurdunuz,
yoxsa ki, uşaqlıq arzunuzu gerçəkləşdirmək üçün bu izdivaca razılıq verdiniz?

– Elə olmuş
olsaydı, həqiqəti söyləyərdim, mən heç vaxt gerçəyi deməkdən çəkinmirəm, yalanı
xoşlamıram. Bunu ətrafımdakı qohumlarım, tanışlarım da bilir. Əslində mən özüm
ABŞ-a getmək, orada işləmək, həyat qurmaq haqqında düşünürdüm. Amma ağlıma gəlməzdi
ki, Amerika vətəndaşı ilə tanış olaram. Bu, təbii ki, Allahın qismətidir.
Onunla tanış olanda ürəyimə çox yatdı, mənə öz millətimizi xatırlatdı. İndinin
özündə də bizə kim qonaq gəlirsə, deyir ki, bu insanda amerikalı əlaməti
yoxdur, azərbaycanlıya oxşayır. Onu da deyim ki, mən xarici gözəlliyə o qədər
önəm vermirəm, bir söz var ki, kişi meymundan bir az göyçək olsa da olar, eybi
yoxdur. Əsas xasiyyəti, xarakteri, iç dünyası, daxili gözəl olsun və mənim də
bu insanın məhz bu keyfiyyətləri xoşuma gəldi. Çox mehriban, qayğıkeş insandır
və mən də elə bu xasiyyətlərinə görə onu sevdim. Sevdim deyərkən, dəli-divanə
oldum, Leyli oldum, çöllərə düşdüm, yox, elə bir şey olmadı, sadəcə olaraq onu
insan kimi bəyəndim. Həm də yaşımın o vaxtı idi ki, artıq ailə həyatı
qurmalıydım, valideynlərim də bunu istəyirdilər. Deyirdilər ki, nə vaxtsa çıxıb
xaricə gedəcəksənsə, təkbaşına getmə, ailə qur və həyat yoldaşınla bərabər get.
Bu evlilikdən sonra həm valideynlərimin, həm də mənim arzularım gerçəkləşdi.
Allah bu qisməti qarşıma çıxartdı ki, həm öz arzularım gerçəkləşsin, həm də
valideynlərim məndən narahat qalmasın.

Bir şeyi də
deyim ki, həyat yoldaşım Corcun bizim millətə, dinimizə böyük məhəbbəti var və
bu da məndə ruh yüksəkliyi yaradır. Mənimlə evlənərkən namaz qıldığımı bilirdi
və mən də ona dedim ki, mənə Allahın kəbini də lazımdır, kəbin olmadan ərə gedə
bilmərəm. Hətta qeyd etdim ki, Allahı o qədər sevirəm ki, onun kəbini mənimçün
dövlət kəbinindən də vacibdir. Xristian olduğu üçün də bizim kəbin kəsdirməyimiz
mümkün deyildi. Corc buna görə İslamı qəbul etdi, müsəlman oldu.  

– Belə anlaşıldı ki, bu izdivacda Corcun sevgisi
daha güclü oldu?

– İnsan ürəkdən
sevməsəydi, bu addımı atmazdı, onun sevgisini çox dəyərləndirirəm. Mən ABŞ-da
çox şeylər gördüm, burada qadınlar öz həyat yoldaşına Azərbaycan qadınları kimi
münasibət göstərmirlər. Bunlarda münasibətlər çox kobud alınır. Ona görə də qohumları
yoldaşıma tez-tez deyirlər ki, biz də Azərbaycandan evlənmək istərdik. Onlar mənim
yoldaşıma münasibətimi görürlər və belə bir azərbaycanlı xanımın həyat yoldaşı
olmasını arzulayırlar.

– Günay xanım xarici vətəndaşla ailə qurmaqla
yanaşı həm də bir xristianı müsəlman elədi. Yaşadığınız şəhərdə necə, sizi
tanıyandan sonra İslamı sevənlər, qəbul edənlər olubmu?

– Həyal yoldaşımın
əmisi oğlu və bacısı oğlu da İslam dinini qəbul eləyib. Bir rəfiqəm var, xristiandır.
Mən hər sözümdən sonra inşaallah deyirəm, rəfiqəmlə yoldaşımın qohumu o
inşaallah sözünü elə ürəklə təkrar edirlər ki. Bu sözü sevməkdən əlavə inanaraq
təkrar edirlər. Öz dillərində danışıb hansısa işlə bağlı plan qursalar da belə
inşaallah deyirlər.

Burada
yaşayandan bəri millətimizə məxsus bütün gözəllikləri təbliğ etdim. Məni
tanıyan insan millətimi də, dinimi də, bayrağımı da, Vətənimi də tanıdı. Burada
yaşayan azərbaycanlı tələbələr var idi ki, onları öz balam kimi ağuşuma aldım. Hansı
azərbaycanlı tələbəni görüb tanıyırımsa, onlara ana qayğısı göstərirəm, ABŞ-da
ikinci anaları oluram. Çünki onlar da burada oxumaqla yanaşı ölkəmizi gözəl təbliğ
edirlər. Sərdar Bağırzadə, İmmi Cəlilova burada təhsil alıb Bakıya qayıtdılar.
İndi burada iki balam qalıb, biri öz oğlum Pərvizdir, o biri də Həci balamdır. Həci
balam da burada tələbə olub, indi də mühəndis işləyir. Qapım millətimin üzünə
açıqdır, millətimi çox sevirəm, heç vaxt da heç kimin ayağına vermərəm.

– Demək, Azərbaycanı, azərbaycanlılığı da özünüzlə
ABŞ-a aparmısınız…

– Amerikada
yaşamağı uşaqlıqdan xəyal etsəm də, ölkəmi, millətimi çox sevirəm. Burada
yaşamaq istəməyim o demək deyil ki, Vətənimdən xoşum gəlmir, Vətənimi tərk etmək
istəyirəm. Vətənim həmişə ürəyimdədir, Azərbaycanımı da özümlə bərabər bura gətirmişəm.
Burada balaca bir Azərbaycan yaratmışam.

– ABŞ-da diliylə, diniylə, adətiylə tam bir azərbaycanlı
kimi qalmağı bacarmaq çətin deyilmi?

– Çox çətindir
əlbəttə ki. Burada hər kəs bal içində yaşamır, çətinliklər də olur, əziyyətlər
də. Heç nə birdən qurulmur, hər şeyi yavaş-yavaş qurmağı bacarmalısan, güclü
olmalısan. Mənə elə gəlir ki, bu ölkəyə gələndən sonra daha da güclü olmuşam.
Burada həyatın çətinliyini görə-görə gücləndim. Bakıda Fikrət Qocanın ailəsində
olduğum üçün hara gedirdimsə, hər şey hazır olurdu. Mənsə hər şeyə özüm nail
olmaq, güclü olmaq istəyirdim, düşünürdüm ki, sərbəst yaşamağı bacarmalıyam. Bakının
adət-ənənələrinə görə isə valideynlərim məni onlardan ayrı yaşamağa
qoymazdılar, heç mən də orada ola-ola onlardan ayrı düşə bilməzdim. Şükürlər
olsun ki, mən ABŞ-a gəldim, sərbəst yaşamağı da bacardım.

Bəzi simalar
var ki, insan onları heç vaxt görməyi arzulamaz, amma o silamaları da gördüm. Demək
olmaz ki, Amerika ideal bir ölkədir. Düzdür, insanlara, kimsəsizlərə,
heyvanlara yardımlar edirlər. Ancaq başqa millətlərə münasibətləri fərqlidir, elə
insanlara rast gəlmişəm ki, bəlkə mənim ləhcəmi, dərimin rəngini, başqa bir ölkədən
olmağımı xoşlamayıblar. Mən onlara rast gəldikcə, o simaları gördükcə, o
yollardan keçə-keçə gücləndim və onlara öz qüvvətimi göstərdim. İndi sevinirəm
ki, mən o kələ-kötür yollardan keçmişəm və Allahın izni, köməkliyi ilə bu gözəl
günə gəlib çıxmışam.

– Yaxşı ki, çətinlikləri geridə qoymağa gücünüz
yetib və bu gün biz nikbin bir xanımla həmsöhbətik. İndi də bir qədər oğlunuz
barəsində danışmağınızı istərdik. Oğlunuzu bir azərbaycanlı kimi böyüdə
bilirsinizmi?

– Təbii ki,
oğlum azərbaycanlı kimi böyüdürəm, heç imkan vermərəm ki, amerkalılar kimi
böyüsün. Buradakı uşaqların yarıdan çoxu tərbiyyə, mədəniyyət, ünsiyyət sarıdan
kasıbdır, çox kobuddurlar. Şükürlər olsun ki, oğlum onlar kimi deyil, o da mənim
kimi millətpərəstdir.

– Eşitdiyimə görə, yaşadığınız ərazidə balaca bir cənnət
var. Həmin cənnətin cəlalından danışa bilərsinizmi?

– Yaşadığım ərazidə balaca bir cənnət var, düzdür, deyirlər ki, Allahın
cənnətinin yerini heç nə verə bilməz. Ancaq bura da bizim bu dünyadakı balaca cənnətimizdir.
2005-ci ildə aldığımız bu evi ona görə seçdim ki, evin ətrafında çox gözəl mənzərə
var idi. Burada gözəl göl, müxtəlif heyvanlar, quşlar var ki, onları həddindən çox
sevirəm. Belə bir evim olmasını həmişə arzulayırdım, şükürlər olsun ki, Allah
bu arzumu da gerçəkləşdirdi.

Özüm üçün
burada balaca bağça yaratmışam, rəngarən güllər əkmişəm. Burada arı quşları
var, o quşların qidalandığı gülləri almışam ki, hər səhər arı quşlarını görüm.
Hər səhər qəribə səsləri ilə məni yuxudan oyatsınlar. Buranın səhərini çox
sevirəm, səhərlər durub eyvana çıxıram, oturub xeyli düşünürəm, xəyallara dalıram.

Çox xoşbəxtəm!
Tanrı mənə çəkdiyim bütün çətinliklərin qarşılığını verdi, bizə çox pul xərcləmədən
belə bir ev qismətimiz oldu. İndi də bu gözəlliyin ətrafında xoşbəxt yaşayırıq.
ABŞ-da xoşbxət olmaq o qədər də çətin deyil, burada insanların balaca da olsa, öz
evlərinin, öz künclərinin olması onları daha xoşbəxt edir.

– “Xoşbəxtəm” sözünü elə ürəkdən dediniz ki,
sevinciniz Bakıda da duyuldu. Ömrünüzün sonuna qədər beləcə “xoşbəxtəm” deməyinizi
arzu edirəm.

– Çox sağ
olun, təşəkkür edirəm. Sizi də evimizə qonaq dəvət edirəm, gəlin buranın gözəlliyini
öz gözlərinizlə görün. Əminəm ki, yaratdığım balaca Azərbaycanı siz də sevəcəksiniz.

– Dəvət üçün çox sağ olun. Ora yolu düşən hər kəs qonaqpərvərliyinizdən
ağızdolusu danışır…

– Allah
onların da canını sağ eləsin, sizi də qorusun. Allah Vətənimi, millətimi
qorusun. Azərbaycanım, azərbaycanlılarım hər zaman, hər gün dualarımdadır.

– Amerikalılara milli mətbəximizi nə qədər sevdirə
bilmisiniz?

– Millətimizin
qonaqpərvərliyi çox dəyərli xüsusiyətimizdir. Azərbaycanlılar qədər qonaqpərvər
millət yoxdur. Amerika insanı bişirib-düşürməyi bacarmır, donmuş yeməkləri
isidib yeməklə qidalanırlar. Mən əhatəmdəki insanlara qonaqpərvərliyi aşılamağı
bacarmışam. Bizim yeməkləri sevdirmişəm, plovu, bozbaşı, küftəni, kababı, toyuq
cığırtmasını, qoyun ətindən hazırlanmış müxtəlif yeməkləri çox xoşlayırlar, dolmanı
o qədər də sevmirlər. Səhərlər pomidor yumurta yeməyi çox sevirlər. Oğlum üçün
bozbaş, küftə, yoldaşım üçün tez-tez kotlet bişirirəm.

– Günay xanım, şeirlə aranız necədir? Atanız kimi
siz də şeir yazırsınızmı?

– Şeiri çox
sevirəm, xüsusən də atamın şeirlərini, amma şeir yazmıram. Xobbi kimi hərdən
mahnı bəstələyirəm, ancaq özümə bəstəkar demirəm.

– Azərbaycana gəlib, gedirsinizmi?

– Sonuncu dəfə
2012-ci ildə gəlmişdim, o zaman ağır avtomobil qəzasına düşdüm. Üzümün sol tərəfi
sıradan çıxmışdı. Şükür ki, indi yaxşıyam, ancaq hava dəyişəndə fəsadları hiss
olunur. Həmin vaxtdan sonra müəyyən işlərə, oğlumun məktəbinə görə Azərbaycana
gedə bilməmişik.

– Azərbaycan üçün, burdakı əzizləriniz üçün
darıxmırsınızmı?

– Yaralı
yerimə toxundunuz… Azərbaycan üçün elə darıxıram ki, burnumun ucu göynəyir…
Allaha şükürlər olsun ki, valideyinlərim gəlib burada mənə dəydilər. Onların
bura gəlməyini çox istəyirdim, şükür ki, gəldilər. Gələn il mütləq Azərbaycana
gəlməyi düşünürük. Atamı, anamı görüb onları bağrıma basmaq, doyunca qucaqlamaq
istəyirəm…

– ABŞ-da yaşamağa can atan azərbaycanlı gənclərə nələri məsləhət
görərdiniz?

– Onlara deyərdim
ki, Amerikaya can atırsınızsa, oxumağa, təhsilinizi artırmağa gəlin. Azərbaycandan
qaçıb ABŞ-da dərhal yüksəkliyə qalxmaq asan deyil. Bunun üçün də mütləq bacarıq
lazımdır. ABŞ-da yaşamaq üçün mütləq əlindən bir iş gəlməlidir. Əgər Azərbaycandan
kimsə ABŞ-a gələcəksə, gəlib burada Azərbaycanı doğru-düzgün təmsil etməyi
bacarmalıdır. ABŞ-da hər şey yaxşı olacaq, kef olacaq, asan olacaq deyənlər
yanılırlar, heç nə bal kimi olmur. Hər kəs əziyyət çəkərək nəyəsə nail olur.
ABŞ yaşamağı bacaranların ölkəsidir, yaşamağı bacarmayanlar üçün hər yerdə,
xüsusən də ABŞ daha çətindir.

Bir məsələni də
qeyd edim ki, hansı ölkəyə gedirsinizsə gedin, həmin ölkədə ikinci dərəcəli
insan olacaqsınız. Kim olursunuzsa olun, lap Amerika vətəndaşı olsanız belə, ikinci
dərəcəli vətəndaş münasibəti görəcəksiniz. Gönüqalın ünsürlər sizə tez-tez
ikinci dərəcəli insan olduğunuzu xatırladacaq…

– Nə vaxtsa Azərbaycana qayıdıb, burada yaşamaq
arzunuz varmı? Yoxsa ki, oradakı balaca cənnətinizlə kifayətlənə bilirsiniz?

– Təbii ki,
belə bir arzum var, ancaq həyat yoldaşımı da vətənindən ayıra bilmərəm. O da vətənindən
ötrü darıxır, ayrı ölkələrdə bir-birimizdən ayrı yaşamaq da mümkün deyil. Yaşamaq
üçün olmasa da, müəyyən müddətə, ara-sıra Azərbaycana gəlib, orada qalmaq arzum
var. Burada yaratdığım balaca Azərbaycan Vətənimin, heç bir millət də millətimin
yerini verə bilməz. Azərbaycanıma qurban olum!

– O zaman sizinlə vətəndə görüşmək arzusuyla
sağollaşırıq.

 

P.S. İyun
ayının 23-ü Günay xanımın doğum günüdür. Söhbətimizi məhz onun doğum günü ərəfəsinə
saldıq ki, bu da bizim Günay xanıma kiçik də olsa doğum günü hədiyyəmiz olsun. Təbrik
edirik sizi, Günay xanım! Qərib eldə öhdənizə götürdüyünüz missiyanı uğurla
davam etdirməyinizi arzu edirik. Tanrı sizi qorusun!

 

Rumiyyə MİRASLAN

 

 

 

 

 

 

 




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler