Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Men ölümden qorxan adam deyilem, qorxsaydım, bura gelmezdim”

19 Haziran 2016

12:04 pm


19/06/2016 [16:03]: xeber –
Dəyərli Zülfüqar bəy, Əbülfəz Elçibəyin doğum günü münasibəti ilə saytınızda maraqlı xatirələr oxucuculara çatdırılır. Mənim də onunla bağlı çoxlu xatirələrim var. Onlardan birini Sizə göndərirəm. Məsləhət bilsəniz, verərsiniz. Qeyd edim ki, bu xatirə Bəyin 65 illik yubleyi münasibəti ilə çap olunan xüsusi almanaxda dərc olunmuşdur. Təşəkkür edirəm.Elçibəy Xudafərində Əbülfəz bəyi 70- ci llərdən tanımışam. 1972- ci lldə indiki ADPU- nin filologiya fakültəsində oxuyanda ilk dəfə onun adını həmin vaxt BDU- də dərs deyən görkəmli alimlərimiz, əslən Cəbrayıldan olan Tofiq Hacıyevdən, Kamil Vəli Nərimanoğluda, Rafiq Quliyevdən və şair Vaqif Cəbrayılzadədən eşitmişdim. Biz tələbələr bəzən dərsdən qaçıb onun və B. Vahabzadənin mühazirələrində iştirak edər, mənəvi təlabatımızı ödəyər, tələbələr arasında təbliğat aparardıq.Daha yaxın tanışlığımız Azərbaycanda milli – azadlıq hərəkatının vüsət aldığı dövrə təsadüf edir. Mən həmin vaxt AXC Cəbrayıl RŞ- sinə və onun müdafiə komitəsinə rəhbərlik etməklə yanaşı AXC Ali Məclisinin üzvü idim.20 Yanvar 1990- cı il hadisələrindən sonra iki cəbhədaşım Xanış Mehdiyev və Məhəmməd Quliyevlə birlikdə DTK-nın Moskvadan gəlmiş zabitləri tərəfindən həbs edilərək Rusiyaya aparıldıq. Həbsdən azad olduqdan dərhal sonra Bəylə görüşdüm və Rusiyanın həbsxanalarında saxlanılan azərbaycanlılar haqda ona məlumat verdim və onu Cəbrayıla dəvət etdim.1991- ci ilin fevralın 25-də BƏY gözlənilmədən Cəbrayıla gəldi. Bu, çox təhlükəli idi. Rayonda fövqalədə vəziyyət davam edirdi, AXC RŞ-nin fəaliyyəti qadağan edilmişdi, sovet ordusunun xüsüsi təyinatlıları rayona nəzarət edirdi. Bütün hakimiyyət komendant polkovnik Yelovskinin əlində idi. Eyni zamanda cəbhəçilər xüsusi nəzarət altında idi, gizli fəaliyyət göstərirdik. Həm də rayon DQMV- nin Hadrut rayonun 15 kəndi ilə həmsərhəd idi, erməni yaraqlıları da sovet əsgərlərindən istifadə edərək ara – sıra kəndlərimizə basqınlar edirdi. Camaatın əlində olan ov tüfəngləri belə yığılmışdı və düşmən qarşısında əliyalın qalmışdı. Sovet əsgərləri isə erməni basqınlarına göz yumur, hətta onlara hər cür kömək göstərirdilər. Belə bir vəziyyətdə, özü də bizə xəbər vermədən rayona gəlməsi bizi təəccübləndirdi. Bəyi indi mühacirət həyatı yaşayan sürücüsü Xəlil, mühafizəçisi İlqar Salmanoğlu və İsa Qənbər müşayət edirdi. İlqar mənim əmioğlum sayılırdı. Çox çıxılmaz vəziyyətdə idik. Dərhal  1990 – cı il 20 yanvar hadisələrindən sonra gizlətdiyimiz bəzi silahları döyüş təcrübəsi olan 10 nəfərdən ibarət qrupa verdik. Onlar Bəyin və İsa Qənbərin həyatları üçün cavabdeh idilər. Qərara aldıq ki , qonaqları İlqarın və mənim doğma kəndim Doşulu kəndində Ərşad əmimin evində yerləşdirək. Həmin kənd Hadrut rayonu ilə həmsərhəd idi və onların burda olmağı diqqəti o qədər də cəlb edə bilməzdi. Kənd eyni zamanda çox səfalı bir yerdə yerləşirdi. Əbülfəz bəyin rayonda olması çox məxfi saxlanılırdı. Hər bir hadisə baş verə bilərdi. Qonaqları yerləşdirib çörək yedikdən sonra Əbülfəz bəy dedi:- Bura mənim çox xoşuma gəldi. Özümü Kələkidəki kimi hiss edirəm. Görürəm ki, uşaqlar da silahlıdır. Bu, lazım deyildi. Sizə problem ola bilər. Mən ölümdən qorxan adam deyiləm. Qorxsaydım, bura gəlməzdim. Bura gəlməkdə mənim iki məqsədim var. Burda bir dəfə olmuşam. Kamil Vəliyevin toyunda. Ancaq o vaxt gəzmək mümkün olmadı. Bu torpaq Mehdi Mehdizadə, Verdizadə, Əşrəf Hüseynov, Tofiq Hacıyev, Sabir Əhmədov, Kamil Vəliyev, Rafiq Quliyev, Vaqif Çəbrayılzadə, Sərdar Əsəd, Sabir Süleymanov və onlarla dəyərli ziyalı verib bu millətə. Bax onları yetişdirən torpaqla, bu yurdun mərd oğulları ilə və eyni zamanda sərhəd kəndlərimizdəki vəziyyəti öz gözlərimlə görmək istəyirəm. İkinci məqsədim Xudafərin körpülərini ziyarət etmək istəyirəm.Bir neçə gün kəndləri gəzdi, adamlarla görüşdü. Hamıya onları tarıxçi alim kimi başqa adla təqdim edirdik. Dördüncü gün dedi:- Xudafərinə səfər nə yerdə qaldı? Deyəsən, yaddan çıxıb?Hər vəclə onu bu səfərdən imtina etməyə çalışdıq, hətta İsa bəy də çox çalışdı. Çox israrlı idi. Bu işdə bizə ancaq DTK- nin Cəbrayıl şöbəsinin rəisi Aydın Şəmiyev kömək edə bilərdi. Allah rəhmət etsin, yaxşı adam idi. Aydın müəllimlə görüşdük. Məsələni danışdım. Əvvəl Bəyin Cəbrayıda olduğuna inanmadı, elə bildi zarafat edirəm. İnananda isə gülə – gülə :- Hə, deyəsən, yaxşı işləmirik ,- dedi. Özü şərqşünas idi, Bəydən bir- iki kurs aşağı oxusa da tanıdığını və hörmət etdiyini bildirdi. Qərara gəldik ki, Aydın müəllim sərhədçilərə Bəyi və İsa Qənbəri tarixçi alimlər kimi təqdim etsin.Fevralın 28- də güclü qoruma altında Xüdafərinə bir neçə maşınla yola düşdük. Aydın müəllim bizimlə olduğundan heç bir postda bizi saxlamadılar. Xudafərinə çatdıq. Aydın müəllim Qumlaq sərhəd dəstəsinin komandiri ilə söhbət edib qayıtdı və bildirdi ki, bizi buraxacaqlar, ancaq körpüyə Əbülfəz bəylə İsa bəy keçə biləcək.Razılaşdıq .Sərhəd darvazaları açıldı. Onlar körpüyə tərəf gedib ora qalxdılar. Biz qıraqdan durub baxırdıq. Bir azdan İsa bəy qayıdıb dedi:- Tək qalmaq istəyir. Mane olmayaq.Hamının diqqəti onda idi. Bir müddət körpüdə addımladı. Əlini gözünün üstünə qoyub Cənubi Azərbaycan tərəfə baxdı. Sonra iri addımlarla körpüdən düşüb çaya tərəf enib ayaqqabılarını çıxarıb ayağını çaya saldı, üzünü yudu. Birdən hönkürtü eşitdik. Ağlayırdı. Göz yaşları Arazın suyuna qarışırdı. Çox təsirli səhnə idi. Aydın müəllim ona yaxınlaşmaq istəyəndə İsa bəy qoymadı (bu anları Bəy ömrünü son günlərində Gülhanədə yatarkən xatırlamış və yüksək rütbəli bir türk genarala danışmışdı)Geri qayıdanda Xüdafərindən Doşulu kəndinə qədər olan 60- 70 km məsafəni Bəy bir kəlmə də danışmadı. Ertəsi gün Bakıya qayıdarkən dedi:- Əlisoy, həyatım boyu yaşamadığım hisləri yaşadım. Buna görə sizə təşəkkür edirəm. Biz böyük, uzun bir yola çıxmışıq. Bu yolda çox şey itirə bilərik, ancaq qazancımız bütov, demokratik bir Azərbaycan olacaq. Bir zaman bu tikanlı məftillər olmayacaq. Ola bilər mən, sən o günləri görməcəyik, amma balalarımız və nəvələrimiz görəcək. Vaxt gələcək Şah İsmayıl Xətayinin keçdıyi körpüdən onlar da keçəcək. Allah bu yolda hamımıza kömək olsun!Həmin səfərdən sonra Əbülfəz bəyi bir insan və siyasi lider kimi yenidən kəşf etdim. İndi yaşım keçir. Allahdan arzu edirəm ki, işğalda olan torpaqları azad edək, Bəyin arzuladığı Azərbaycanı qura bilək. Bax o vaxt Bəyin və şəhidlərimizin ruhu şad olacaq! AXC Cəbrayıl rayon söbəsinin sabiq sədri, Qarabağ müharibəsi veteranı Vaqif Əlisoy.




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler