Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

M.Ə.Resulzadenin ve N.Nerimanovun İmam Hüseyn haqqında fikirleri – Layihe

04 Ekim 2016

9:36 am


04/10/2016 [13:35]: xeber –
Oktyabrın 3-dən müsəlman dünyasında Məhərrəmlik ayı başlayıb. Orta əsrlərdən bəri Azərbaycanda da keçirilən Məhərrəmlik ayı, xüsusilə onun bir sıra ayinləri ilə bağlı zaman-zaman ziddiyyətli fikirlər mövcud olub. Bu gün də bu müzakirələr davam edir. Bunu nəzərə alan sayt saytı Məhərrəmlik ayı ilə bağlı Azərbaycanın klassiklərinin, görkəmli mütəfəkkirlərinin vaxtilə qələmə aldığı fikirləri silsilə şəkildə təqdim edəcək. Ay ərzində davam edən layihəmizi AMEA Fəlsəfə İnstitutunun aparıcı  elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərovla birlikdə gerçəkləşdirəcəyik. “Şəhadət yolunun fəlsəfi-mənəvi mahiyyəti” adlı ilk yazıda Məhəmməd Əmin Rəsulzadənin və Nəriman Nərimanovun İmam Hüseyn (ə) haqqında düşüncələrini təqdim edirik:”İslam ölkələrində geniş yayılmaş mərasimlərdən biri də müsəlmanların məhərrəmlik ayında qeyd etdikləri Kərbala faciəsi və yaxud Aşura günüdür. İslam tarixinə azdan-çoxdan bələd olan hər bir kəs bilir ki, məhərrəmlik, Kərbala faciəsi və yaxud Aşura günü dedikdə, Məhəmməd peyğəmbərin (s.) sevimli nəvələrindən Həzrət İmam Hüseynin və onun tərəfdarlarının əməvilər sulaləsindən xəlifə Yezid ibn Müaviyə tərəfindən şəhid edilməsi nəzərdə tutulur. Artıq 13 əsrdir ki, bir çox islam ölkələrində məhərrəmlik ayı matəm günləri kimi qeyd edilir. Şübhəsiz, İmam Hüseynin (ə) müsəlmanlar üçün yüksək mənəvi-əxlaqi dəyərə sahib olmasının ən önəmli cəhəti, onun tutduğu şəhadət yolu-əqidə idi. Elə bir yol ki, burada nə var-dövlət, nə hakimiyyət, nə də buna oxşar hər hansı bir məram və məqsəd yox idi. Bu yolda sadəcə olaraq doğrululuq, etibarlılıq, imanlılıq və Allaha sədaqət var idi. Fikrimizcə, İmam Hüseyn «bu yol – şəhadət yoludur!» dedikdə də, məhz yuxarıda qeyd etdiklərimizi nəzərdə tutmuşdur.Bu baxımdan İmam Hüseyn (ə.) yalnız islam dini uğrunda şəhid olan bir peyğəmbər övladı deyil, o həm də konkret bir yolu seçən və həmin yol-əqidə uğrunda şəhid olan bir mütəfəkkir idi. Onun «şəhadət yolu» adlandırdığı əqidənin əsasında haqsızlığa, ədalətsizliyə, zoraklığa qarşı dayanmaq, bir növ fiziki gücə qarşı əqidə-iman gücünü ortaya qoymaq idi. Bu mənada İmam Hüseyn Kərbala döyüşündə fiziki cəhətdən məğlub olsa da, mənəvi baxımdan birmənalı şəkildə rəqiblərinə qalib gəlmişdi. Məhz bunun nəticəsidir ki, 13 əsrdir milyonlarla müsəlmanlar Aşura günün xüsusilə qeyd edir və İmam Hüseynə olan sevgilərini ifadə etməyə çalışırlar. Çünki İmam Hüseynin (ə.) həmin dövrdə düşmənlərinə qarşı ləyaqətləi və şərəfli davranışı, son nəfəsinə qədər tutduğu yolu – əqidəsini üstün tutması tarixdə nadir görünən hadislərdəndir. Əslində İmam Hüseyn bununla da islamın sonrakı tarixində yeni və önəmli bir mərhələnin əsasını qoydu. Bu yeni mərəhələ ondan ibarət idi ki, müsəlmanın tutduğu əqidə, iman var-dövlətdən, hakimiyyətdən qat-qat üstündür. İmam Hüseyn (ə) ideyanın hər bir şeydən üstün olduğunu şəhadətə qovuşmaqla sübut etdi. Bununla da islam dünyasında İmam Hüseynin (ə) timsalında ideya və şəxsiyyət bütövlüyü formialaşdı. Zaman-zaman bir çoxları müsbət mənada məhz İmam Hüseynin (ə) yolu ilə getməyə və onun kimi mömin və əqidəli müsəlman olmağa çalışdılar.Çox təəssüflər olsun ki, bununla yanaşı zaman-zaman müsəlmanlar arasında İmam Hüseynin (ə) şəhadətliyini doğru anlamayan, yaxud da bilərəkdən onun yolunu başqa mənalar yozanlar da tapılmışdır. Şübhəsiz, belələri hələ də sıralamızda vardır. Bizə elə gəlir ki, İmam Hüseynin (ə) şəhadət yolunun doğru anlaşılması baxımından Azərbaycan-türk mütəfəkkirəlri arasında Məhəmməd Əmin Rəsulzadə və Nəriman Nərimanovun dəyərli fikirləri öyrənmək çox maraqlı olardı.İmam Hüseynə (ə) din mücahidi kimi yüksək qiymət verən M.Ə.Rəsulzadə islam tarixində onun şəhadətin mühüm yerə malik olduğu qeyd etmişdir. Onun fikrincə, müsəlmanlar İmam Hüseynin tutduğu əqidəni anlamalı və o yolu davam etdirməlidirlər. Bu baxımdan Aşura günü bəzi müsəlmanların fanatikliyə yol verməsinə dözməyən M.Ə.Rəsulzadə həmin günün mahiyyətini başa düşüb, ondan düzgün nəticə çıxarmağı tövsiyə etmişdir: «Hüseyni məzlum bilib də halına ağladığımız halda hər qism bəla və müsibətləri ancaq ağlamaq və yalnız ağlamaq təriqi ilə istiqbal etmək məzlumiyyətinə öyrənən bizlər, imamın bu böyük ruhu ilə aşina olub ona imtisal etmək xəyalında heç olmuyoruz. Bəlkə də bu hal Kərbəla şəhidini qəbrində də rahatsız etməkdədir. Din, fikir, elm və millət naminə şəhid və məzlum olanlar bəşəriyyət tarixi ilə, islamiyyət tarixində çoxdur. Bunlar həmişə və hər bir millət arasında təqdim olunar və adları ehtiramla anılar. Bu kimilər haqqında göstərilən ən böyük ehtiram, onların böyüklüklərinə imtisal etməkdən ibarətdir. Əqidə, amal və məsləki yolunda ölümünə razı olub da nəfsini fəda edən kim olursa-olsun böyükdür. Və bu böyüklük təqlidəşayan və təhsinə müstəhəqqdir! Aşura günü bizə böylə bir əxlaq tərbiyəsi vermək iqtidar və səlahiyyətində ikən, eyvah ki, biz onu başqa dürlü qandıq, hər şeydə olduğu kimi burada da narəftə bir yola düşdük». Rəsulzadə daha sonra haqlı olaraq yazırdı: «Hüseyn əleyhissəlam inandığı və etiqad elədiyi fikri üstündə ölməyincə, özünün əbədi bir rəhmətə nail ola bilməyəcəyini göstərmiş ikən, biz «mən – mənə, o – ona, o – o yana» timsalından dörd əlli yapışıb səadətdarini üç-dörd qətrə göz yaşı müqabilində veriləcək qədər ucuz bir şey sandıq».M.Əmin İmam Hüseyni ağlamaqla heç bir nəticə əldə olunmaycağına inanırdı. Bu baxımdan o, müsəlmanları ağlamaqdan əl çəkib əsil həqiqətləri dərk etməyə çağrırdı: «Çünki ağlamaq dini vaqelərdə, ruh və imanın nəzahət və istirahəti üçün lazımi bir şey isə də, dünya işlərində fayda gətirməz. Təbiət olduqca qəddar və birhəmdir. O, göz yaşlarına zərrə qədəri əhəmiyyət verməz. O, gülməyə, ağlamağa qarşı laqeyddir. Hələ ağlamaqdan bir az da zəhləsi gedər. Çünki ağlamaq acizlik əlamətidir. Acizlərin isə təbiət ən birinci düşəmnidir. Qüvvətli olanları saxlar, zəif olanları əzər-budur onun rəftarı. Siz gəlin də bu xasiyyətindən ötrü ona kəcmədar deyiniz. Fəqət bu onun getdiyi bir doğru yoldur. Tazə ilimizdə köhnəsindəki itirdiklərimizi təlafi etmək istəyirsək, gələn məhərrəmə qədər ağlanacaq hallardan bir az olsun, özümüzü xilas etmək am-alında isək, fələyin «kəcmədar» olduğuun anlayalım və böylə bir zalimə qələbə çala bilmək üçün insani boşaldan göz yaşından deyil, fikir istiqaməti və əqidə səbati ilə əməlpərvərlikdən kömək gözləyəlim. Böyük Aşuranın müəzzəm şəhidinə imtisal eədrək ruhi-qəhrəmanlığını dərk edəlim ki, ən böyük əcri də ancaq bundan ala biləriz!».Bizə elə gəlir ki, Nəriman Nərimanov da M.Ə.Rəsulzadə kimi, İmam Hüseynin əqidəsini, şəhadət yolunu öyrənməyi daha vacib hesab etmişdir. Nərimanov yazırdı: «Nə qədər ki, bu dindar kütlənin inkişaf səviyyəsini yüksəltmək yolu ilə onun bu matəm günlərinə mömin olan, lakin özünə işgəncələrdə iştirak etməyən hər hansı ziyalı müsəlman kimi yanaşmalarına nail olmamısınız, elə də olacaqdır. Min illərdir ki, bədəbəxt,  avam müsəlman kütləsi (şiə məzhəbli) Məhəmmədin ən sevimli nəvəsi imam Hüseynin işəgəncəli ölümü günü matəm yürüşü keçirir və ən dəhşətli şəraitdə düşmənlərin əlinə keçən Hüseyn və onun ailəsinə məhəbət və rəğbət əlamtəi olaraq əsil dindar avam ünsürlər bu və ya digər yolla bu hadisələrə öz münasibətini bildirirlər. Bu,  öz gücsüzlüyünü bilərək Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ amaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etmiş adamın həyatından bütöv bir faciədir». Nərimanov hesab edirdi ki, İmam Hüseyn nə qədər İslam yolunda şəhid olsa da, eyni zamanda o, bir əqidə adamıdır deməli, əqidə uğrunda da şəhid olmuşdur. Onun fikrincə, bu baxımdan İmam Hüseynin (ə) az bir adamla böyük bir qoşuna qarşı mübarizə aparması imanın, əqidənin gücündən irəli gəlmişdir. Nərimanovun fikrinə görə, az bir adamla böyük bir qoşuna qarşı mübarizə aparan bir şəxsiyyəti qorxaq kimi adlandırmaq ədalətsizlikdir: «Qorxaq o deyil ki, yetmiş nəfər pis silahlanmış adamla on dəfə artıq qüvvətli olan düşmənlə döyüşür, odur ki, sol qrupdan qorxub işin əsil vəziyyətini bildirmir və bununla da partiya üzvlərini aldıdır, onları fəhlə-kəndli respublikasında qızıl əsgər güllərindən qanı tökülən fəhlələrə qarşı silahlandırır. Qorxaq odur ki, vəzifəsindən ötrü alçaqcasına yalan danışır, lakin imam Hüseyn tabe olsun və öz vicdanını satsın deyə Yezid bütöv bir vilayəti idarə etməyi ona təklif edirdi. O bunu etmədi: həlak oldu».Göründüyü kimi, 20-ci əsr Azərbaycan fəlsəfə və ictimai fikir tarixində, eyni zamanda Azərbaycan dövlətçiliyinin yaranmasında və inkişafında mühüm rol oynamış M.Ə.Rəsulzadə və N.Nərimanov kimi dahi şəxsiyyətlər belə, müsəlmanların Aşura günü İmam Hüseyni (ə) ağlayıb, başlarını yarıb qanlarını tökməkdənsə, onun əqidəsini və şəhadət yolunu öyrənməyi vacib hesab etmişlər. Əgər hər bir müsəlman İmam Hüseyn (ə) əqidəsindən və şəhadət yolundan xəbər tutarsa, onu ağlayaraq və yaxud da başını yarıb qan tökərək deyil, onun tutduğu haqq yolu əməlində davam etdirməklə ona olan sevgisini ifadə edəcəyini anlaycaqdır. Davamı var…”Layihənin müəllifi: Rumiyyə


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler