Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

Korrupsiyasız adalar…

12 Temmuz 2016

8:28 pm


13/07/2016 [00:26]: xeber –
Korrupsiya sözü son illər siyasi leksikonumuzun vazkeçilməzlərindən birinə çevrilib. Təbii, biz fərd və millət olaraq rüşvətin nə olduğunu çox əla bilirik, bir tərəfdən onu “əl çirki” adlandırsaq da şəninə minlərlə şeir vəsf etməyi də unutmamışıq. Vaxtilə vətənsiz Bəhmən Vətənoğlu deyirdi ki, “günahkarın arxasında bir qala, günahsıza şahmar ilan olan pul”. Bəli, adını nə qoyursan qoy, pula hərislik, pul xəstəliyi son yüz illikdə insan oğlunun asanlıqla vaz keçə bilmədiyi bir mərəz kimi mənəviyyatı, ləyaqəti, namusu əməllicə sınağa çəkib. Pulun sənədləşdirilərək özününkiləşdirilıməsi elminin adını isə ötən əsrdə “korrupsiya” qoyublar. Yəni para aşiqləri ilanı “Seyid Əhməd” əli ilə tutduqları kimi pulu da çırpışdırmağın elə müasir yollarını axtarıb tapıblar ki, adamın matı-mutu quruyur. Amma etiraf edilməlidir ki, bu mərəz xeyli sayda adamın ruhunu da incidib, hətta lap atasına da od vurub. Ölkədə korrupsiyaya müharibə elan edildiyini dünyanın kor gözlərinə soxmaq üçün başbilənlərimiz çeşidli antikorrupsiya tədbirlərinə əl atıblar. Amma nə yazıq ki, hələ də korrupsiyasız hökumət, şəffaf cəmiyyət yarada bilməmişik, nəinki yarada bilməmişik, heç yaxın illərdə də belə bir xobəxtliyi toy-bayram edəcəyimiz də gözlənilmir…Amma təbii ki, ümidsizlik burulğanında çabaladığımızı iddia edəcək qədər bədbinliyə gərək yoxdu, ən azından ilin-günün belə qarmaqarışıq və xaotik dönəmində, itin yiyəsini, yiyəsinin itini tanımadığı məmləkətdə korrupsiya adlı bəlanın həndəvərinə yaxın düşə bilmədiyi ayrı-ayrı vəzifə sahiblərindən və qurumlardan danışmaq olar. Yeri gəlmişkən, dünən Azərbaycan Dövlət İqtisad Universitetində yay imtahan sessiyasının başa çatmasına həsr olunmuş mətbuat konfransına da dəvət alarkən sayt əməkdaşlarından birini göndərmədim, özüm şəxsən iştirak etməyi qərara aldım. Bilirsiniz nəyə görə? Məhz çiyninə ağır və məsuliyyətli yük götürərək əmin addımlarla rəhbərlik etdiyi, zaman-zazman üzərinə mənhus yarlıqlar yapışdırılmış bir qocaman təhsil ocağını inkişaf relsləri üzərinə qoymağı bacaran, bu inkişafın lokomotivi funksiyasını icra edən rektor Ədalət Muradova dəstəyimi ifadə etməyi özümə borc bildiyim üçün. Tədbirdə xeyli maraqlı fikirlər də eşitdim, artıq ilkin nəticələrin qənaətbəxş olması barədə təhlillər onu deməyə əsas verirdi ki, doğrudan da səmimi istək olsa çox şey etmək olar. Necə deyərlər, çobanın istəyi olsa təkədən də pendir tutmaq mümkündür… Həmin mətbuat konfransında Konstitusiya Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyevin İqtisad Universitetini “korrupsiyasız ada” adlandırması diqqətimi dərhal elə cəlb etdi ki, söz alıb fikrimi bildirdim, bu təhsil ocağının yeganə ada olmadığını, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin də artıq qara zolaqdan çıxdığını bildirdim. Onu da qeyd etdim ki, ola bilsin, Əliməmməd bəyin və mənim bu qiymətləndirməm digər universitet rəhbərlərinin xoşuna gəlməyəcək, amma hələlik bu iki universitetlə bağlı istər təhsil ictimaiyyətində, istərsə də bütövlükdə cəmiyyətdə nikbin ovqat ifadə edilir və bunu açıq şəkildə bildirməmək haqsızlıq olardı. Elə oradaca arzu etdim ki, kaş bu adaların sayı tezliklə arta, əvvəl yarımadaya və sonradan təhsil materikinə çevrilə, universitetlərimizin sorağı nəinki regionun, dünyanın ən sayseçmə təhsil ocaqlarının yanından gələ. Yeri gəlmişkən, bir neçə gün öncə dünya şöhrətli Nobel mükafatçısı Məhəmməd Yunisin İqtisad Universitetindəki çıxışını da dinləmişdim və onun Ədalət Muradovun müşavirlik təklifinə razılğını bildirməsindən də məmnun qalmışdım. Təkcə ona görə yox ki, bir Nobel mükafatçısı bundan sonra İqtisad Universitetinin adını yüksək kürsülərdə hallandıracaqdı, həm də ona görə ki, artıq nüfuzlu elm adamları adlarının bir zamanlar “pul təsərrüfatı” adlandırılan bu elm məbədi ilə yanaşı çəkilməsindən zərrəcə ehtiyyat etmirlər, bu məbədə etibar edirlər. Etibar olan yerdə isə murada çatmaq əlçatmaz da deyil…




Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler