Musavat.az
Musavat.az




Müsavat » Xeberler» Xeber

“Körpüleri yandırmaq lazım deyil”

22 Ağustos 2016

1:56 pm


22/08/2016 [17:54]: xeber –
sayt BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəylinin partiyanın mətbuat xidmətinə müsahibəsini təqdim edir:- Elçin bəy, son günlər Türkiyə-Rusiya əlaqələrinin normallaşması fonunda Ankaranın ənənəvi müttəfiqləri, o cümlədən ABŞ-la mübasibətlərində gərginliyin yaşandığı müşahidə olunur. Nə baş verir? Sizcə Türkiyə-ABŞ münasibətlərində yaranmış çat hansı nəticələrə gətirib çıxara bilər?- Öncə qeyd edim ki, biz Türkiyə-Rusiya münasibətlərinin normallaşmasının tərəfdarıyıq. BAXCP Rusiyaya məxsus hərbi təyyarə vurulanda bunun yanlış bir qərar olduğu barədə açıq şəkildə mövqe sərgiləyən azsaylı siyasi təşkilatlardan biri və bəlkə də birincisi idi. Təyyarə olayından sonra partiyamızın sədri, millət vəkili Qüdrət Həsənquliyevin açıqlamalarına diqqət yetirsəniz, proseslərin necə dəqiq qiymətləndirildiyinin şahidi ola bilərsiniz. Maraqlıdır ki, həmin dövrdə emosional bəyanatlarla çıxış edənlər, hərbi təyyarənin vurulmasını tarixi hadisə kimi qiymətləndirənlər, indi Rusiya-Türkiyə münasibətlərinin inkişaf perspektivləri barədə bəlağətli açıqlamalar verirlər. Biz isə hər zaman olduğu kimi öz yerimizdə və mövqeyimizdəyik. Nə 5 addım irəliyə, nə də 10 addım geriyə atılmırıq. Prosesləri soyuqqanlı şəkildə dəyərləndirib nəticə çıxarırıq və zaman da çıxardığımız nəticələrin doğruluğunu sübuta yetirir. Bu baxımdan, yenə də hesab edirik ki, Rusiyaya məxsus təyyarənin vurulması və hadisədən sonra verilən emosional bəyanatlar nə qədər yanlış idisə, ABŞ-la münasibətləri qırılma nöqtəsinə gətirib çıxara biləcək davranışlar da bir o qədər yanlışdır. Türkiyənin xarici  siyasətində qısa bir zaman kəsiyində nəzərə çarpan kəskin ləngərləmələr qardaş ölkəyə yaxşı heç nə vəd etmir. ABŞ dünyanın super gücüdür və bu reallığın qısa bir zaman ərzində dəyişə biləcəyi də inandırıcı deyil. İndiki məqamda rəsmi Ankaranın nə istədiyi aydın deyil. Qiyam yatırıldı, nəticələrin aradan qaldırılması isriqamətində səylər göstərilir. Amma bu səylərin yeni kataklizmlərə yol aça biləcək davranışlarla müşahidə olunması bizim qənaətimizə görə uğurlu yanaşma deyil. Kimsəyə sirr deyil ki, qiyamı hazırlayanların əsas məqsədi Türkiyəni xaosa sürükləməkdən ibarət idi. Bu mənzərə zaman keçdikcə daha aydın görünür. O zaman yeni kataklizmlərə yol aça biləcək addımların atılmasına nə ehtiyac var? Türkiyəni haldan-hala salmaq, daim gərginlik içərisində saxlamaq kimə və nəyə lazımdır? Nə siyasətdə, nə də şəxsi münasibətlərdə körpüləri yandırmaq lazım deyil. Sonra elə bir situasiya yarana bilər ki, üzərindən keçmək məcburiyyətində qala bilərsən. Necə ki, Rusiya ilə bağlı məsələlərdə bunun şahidi olduq. Bu baxımdan Türkiyə-ABŞ münasibətlərinin gərginləşməsinin də doğru olmadığını düşünürük. Qiyama uğursuz cəhddən asılıb qalmaq lazım deyil. Belə hadisələrin baş verməməsi üçün yanlışlardan nəticə çıxarmaq, Türkiyənin ənənəvi müttəfiqləri və tərəfdaşları ilə münasibətlərinin normallaşması istiqamətində ölkənin potensialına və imkanlarına uyğun davranışlar sərgiləmək lazımdır.  – ABŞ-ın vitse prezidentinin Türkiyəyə səfəri münasibətlərin normallaşmasına zəmin yarada bilərmi?- Co Baydenin səfəri kritik xarakter daşıyır və qənaətimə görə, bu səfərdən sonra Türkiyə-ABŞ münasibətlərində ciddi bir tənzimlənmə mərhələsi başlaya bilər. Ankaranın Türkiyənin ənənəvi siyasətində 180 dərəcəlik dəyişiklik etməsi mümkün deyil. Bunun çox ağır nəticələrə yol aça biləcəyi şübhə doğurmur. İndiki halda Türkiyənin regionda maraqların uzlaşdırıcısı rolunda çıxış etməsi daha məqsədəuyğun olardı. – Elçin bəy, BAXCP referdumda iştirak üçün təşəbbüs qurupu yaratmadı. Partiyanın son proseslərdə fəal iştirak etməməsinin səbəbi nədir?- Partiyamızın ölkəmizin siyasi həyatında fəal iştirak etmədiyini düşünmürəm. Əksinə, BAXCP bu gün ölkənin siyasi həyatında və beynəlxalq aləmdə baş verən bütün proseslərə çevik və dəqiq reaksiya verir, ictimaiyyətin diqqətini milli maraqlarımız üçün əhəmiyyət kəsb edən hadisələrə yönləndirməyi bacarır. Təşəbbüs qrupunun yaradılmaması ilə bağlı BAXCP sədri partiyanın mövqeyini açıqlayıb. Bunu təkrarlamağa ehtiyac duymuram. Onu da qeyd edim ki, referdumla bağlı ilk qiymətləndirmə də partiyamızın lideri tərəfindən dilə gətirilib. İndiki şəraitdə ölkənin təhlükəsizliyi, milli maraqlarımızın qorunması, ərazi bütövlüyümüzün təmin olunması bizim üçün də prioritet məsələlərdir. Dünyada və regionda baş verən çağırışlara cavab vermək üçün atılan bütün addımları müsbət dəyərləndiririk və bu məsələlərlə bağlı mövqeyimizi də açıq şəkildə ifadə edirik.- Partiyadakı fəaliyyətiniz necədir? Son zamanlar partiya funksioneri kimi fəaliyyətinizin qabarıq şəkildə nəzərə çarpmamasının səbəbi nədir?- Biz Azərbaycanın siyasi mühitində, xüsusilə də müxalifət düşərgəsində kök salmış ənənəvi partiya funksioneri anlayışından çox uzaqıq. Bu özünütəcridə gətirib çıxarır. Bütün partiyalar, o cümlədən BAXCP cəmiyyətin bir parçasıdır və cəmiyyətlə iç-içə olmalıdır. Əgər BAXCP-də mənim daha geniş miqyasda fəaliyyət göstərməyim üçün imkan yaradılırsa, yaradıcılıq imkanlarımı, potensialımı gerçəkləşdirməyimə hər hansı bir “siyasi partiya marağı” bəhanəsi ilə məhdudiyyətlər qoyulmursa, bunu yanlız alqışlamaq lazımdır. Deməli qarşılıqlı etimad və sayğı var. Mənim partiyamızın liderinə və əqidə yoldaşlarıma etimadım və sayğım sonsuzdur, onların da mənə. Bizi 15 ildir bir arada saxlayan, bütün çətinliklərdən alnıaçıq, üzüağ çıxmağımıza zəmin yaradan, bütün qarayaxma və böhtanlara qarşı sabit bir mövqe sərgiləməyimizə imkan verən də elə bu qarşılıqlı etimad və sayğıdır. Biz bir-birimizin uğurlarına sevinməyi, uğursuzluqlarımıza isə üzülməyi bacaran adamlarıq. İllərdir siyasətdəyik… Çox şey qazanmışıq, çox şey də itirmişik. Amma insanlığımızı itirməmişik. Siyasət gəldigedərdi. İnsanlıq və dostluq isə əbədi anlayışlardır. Siyasət adamları öz davranışları ilə həm də nümunə olmalıdırlar. Bizim partiyanın konsepsiyası da elə bundan ibarətdir. Əslində çox sadədir. Amma kiçik dostluqları qoruya bilməyənlər böyük amallar uğrunda mübarizə apara bilməzlər. Sualımıza görə təşəkkür edirəm. Çünki mənim üçün vacib olan bir sıra məqamlara ilk və son dəfə aydınlıq gətirmək imkanı qazandım.  O ki, qaldı partiya funksioneri kimi fəaliyyətimə, biz hamımız Azərbaycanın müqəddəs İstiqlalına xitmət edirik. BAXCP-nin sədrindən başlamış sıravı üzvlərinədək. Və bu yolda hər addımda siyasi partiya mənsubluğumuzu xatırlatmaq kimi bir əndişəmiz və narahatlığımız yoxdu. Məşhur bir el məsəlində deyildiyi kimi: “Şah da bilir Şirvan türkdü”. Yəni özümüzü millətimizin və dövlətimizin yanında olanlardan, millətimizin və dövlətimizin yanında olanları da özümüzdən bilirik. 


mənbə : moderator.az



Şərh yazılmayıb.

Şərh yaz.








           
MARAQLI
Maraqlı
- Sitemap - musavat son xeberler Son Xeberler - Son Xəbərlər, yeni musavat, müsavat, musavat qezeti xeberler